Çağdaş Azərbaycan şeirində

modernist estetikalar  

 

2019-cu ilin ədəbi yekunlarına həsr olunmuş məruzəsini professor Rüstəm Kamal bu sözlərlə tamamlayırdı: "Şeir şəkillərinin kasadlığının bir səbəbi sərbəst şeirin total müdaxiləsidir". Doğrudanmı, şeir şəkillərimiz kasaddır? Doğrudanmı, ənənəvi şeir məkanımıza və ərazilərimizə sərbəst şeirin total müdaxiləsi baş verib? Elə isə gəlişən estetikaların fonunda Musa Yaqub "Sən mənimləsən" şeirini sərbəst şeirin hansı total müdaxiləsinə rəğmən yarada bilmişdi? Bəs yeni poetexnologiyalar? Rüstəm Kamal məruzəsini "Şeir cəbhəsində nisbi sakitlikdir" adlandırıb. Məsələyə bir də həmin rakursdan baxmaq ehtiyacı duydum. Nisbi sakitlikdir, amma cərəyanların, dalğaların bir-birini əvəzləməsi də səngimək bilmir... Onsuz da Azərbaycanda ənənəvi şeir hər zaman dominant olub. Modernizm estetikasını paylaşan şeirlər, necə?

Qulu Ağsəsin "Şuşa" şeirindən başlamaq istəyirəm. Baxmayaraq ki, bu şeir 2019-cu ilin payına düşür. Amma ədəbi tənqidin diqqətindən kənarda qalması təəccüb doğurur. Halbuki bədii mətn olaraq o, haqqında bəhs etmək üçün xeyli əsas verirdi. Qulu Ağsəsin ilk baxışda akvarel boyalarla yaratdığı "Şuşa" şeiri poeziyamızda tarixi bir keçid mərhələsini estetik rakursda şəkilləndirir, müxtəlif səmtlərə istiqamətlənmiş ədəbi təmayüllərin məhz bu keçid mərhələsində qovuşuğunu yaradırdı. Yeni estetikaların çarpazlaşması effektini doğuran şeir yaddaşımızdakı Şuşanın mənzərəsini sakrallaşdıra bilirdi. Postimpressionist təəssüratla yazılmış "Şuşa" bir sıra mənalarda başlanğıc oldu:

 

Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri taykeş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

Kim idi qalxan o boyda dağı? -

yağışdan sallanıb enirdi qonağı.

...Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin.

 

Şuşanın 2020-ci ildə işğaldan azad olunduğunu nəzərə alsaq, Qulu Ağsəsin "Şuşa" şeiri haqq edir deyək ki, Azərbaycan poeziyasının 2020-ci ildə açılmış yeni poetik məkanına doğru ilk addımı bu şeir reallaşdırdı. Hərçənd bu şeirdə qisasa çağırış motivləri, ənənəvi həsrətlər, göz yaşları yox idi, amma "Özün dağ başına qoyan şəhərin // ayağın xan kəndi yuyurdu" misraları ilə və sürrealist ovqatla başlayan "Şuşa" "adamları tay-tuş olan" şəhərin klassik mentalitetini, "kolda-kosda tələf olan qurd-quşu gül qoxuyurdu" misrasıyla onun flora unikallığını ifadə edirdi. 19 misralıq şeirin misralararası bağlantılarında yuxarıda dediyim kimi, izmlərin çarpazlaşması - məsələn, "Kim idi qalxan o boyda dağı? - // yağışdan sallanıb enirdi qonağı" kimi sürreal lövhələr və təəssüratlar nəhayət, "Dağın dizləri əsdi bir may səhəri // gözünün yaşı // ayağının suyuna qarışdı şəhərin" sonluğunda fokuslanırdı. Şuşa həm də insanlaşırdı. Yenə də deyirəm, Qulu Ağsəsin postimpressionist yanaşması Şuşanın mükəmməl obrazını yaratmışdı və şeir işğala məruz qalmış Şuşanın poetik təsnifatını uğurla verirdi.

Qəribədir, müharibə öncəsi poeziyamızda sanki mistik ruzgarlar əsir, metafizik ürpərtilər hiss olunurdu.

Savaş ərəfəsində Salam Sarvan "Qocalar üçün tarix dərsi" şeirini yazdı. Savaşdan az öncə Salamın ənənəvi metafizik suallarına keyfiyyətcə yeni suallar əlavə olunmuşdu: "Ey bizim əsrimizin gözəllik salonları, // savaşda Janna Darkın saç düzümü necəydi? // Beyrəyin köynəyinin vardı yuyulmaq haqqı?".

 

Döşünə döymədilər qürrələnən igidlər,

döydülər qaragözlü atlarının döşünə...

Dünyanı anlamaqçün bax o topal Teymurun

axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

...Göy üzü ərşə qalxan əzablarla doludu.

Yer kəsilib atılmış əzalarla doludu...

Bəs oğlum Tural hanı... Qazılıq dağındadı,

gün gələr enər ordan Qazilik dağın tutar.

 

O günlərdə Şəhriyar del Gerani də "Söndür günəşi, ol böyüyən səhranı adla..." adlı bir şeir yazdı və "Unutma ki, eşqin qabaqda Kərbəlası var" misrası ilə tamamlanan şeirini Kərbəla faciəsindən bir gecə əvvəl günəşin (məşəllərin) "söndürüldüyü" məqamda xatırlanan: "İnnə lillahi və innə ileyhi raciun" - yəni "Biz Allaha aidik və qayıdışımız da onadır" ayəsi ilə başlayırdı. "Qurani-Kərim"ə və Nitsşenin "Zərdüşt belə dedi" əsərinə ("Səhra böyüyür") göndərmə edən Şəhriyar ən yeni poeziyamızda Kərbəla arxetipi yaradırdı. Vətən müharibəsi öncəsi Kərbəla arxetipinə ədəbiyyatın ehtiyacı qaçılmaz idi və bu mənada "Söndür günəşi, ol böyüyən səhranı adla...", əslində, səhranı adlamaq, Qarabağa yüksəlmək üçün mistik bir çağırış təsiri bağışlayırdı. Sonra səhranı adlamaq zamanı gəldi və İkinci Qarabağ savaşı başladı.

Bu yerdə İkinci Dünya müharibəsi ilə İkinci Qarabağ savaşı və poeziya mövzusunda ötəri də olsa, müqayisəli nüanslara toxunmaq istəyirəm. 1941-ci ildə İkinci Dünya müharibəsinin başlandığı gün, yəni iyunun 22-də Səməd Vurğun "Vətənin keşiyində" şeirini yazmış və şeir bir gün sonra - iyunun 23-də "Kommunist" qəzetində dərc olunmuşdu: "Bilsin ana torpaq, eşitsin vətən // Müsəlləh əsgərəm mən də bu gündən".

Tədqiqatçılar bu şeiri təkcə Səməd Vurğunun deyil, ümumən, müharibə dövrü poeziyamızın manifesti adlandırıb. Bəs İkinci Qarabağ müharibəsində Azərbaycan poeziyasının belə bir manifesti yazıldımı? Məncə, İkinci Qarabağ savaşımızın manifest səciyyəli şeiri İlqar Fəhminin "Balaca kişilər"idir. Şeir müharibənin başlandığı həftə "Ədəbiyyat qəzeti"ndə çap olundu. Doğrudur, şeirə reaksiyalar fərqli oldu, xüsusən, balaca kişilərə şübhə ilə yanaşanlara İlqar Fəhminin ünvanladığı "Kişilər qalmayıb daha" kəlməsin // De, hansı fahişə, oğraşdı deyən?" qəbilindən açıq təhqiramiz və vulqar ifadələr birmənalı qarşılanmadı, iradlar bəzən çox sərt səsləndi. Mən isə o sözlərə irad tutanları savaş dövrü poeziyasında, məhz belə mövzularda bu kimi ifadələrin mümkünlüyünə inandırmaq üçün Mehmet Akifin "Tüpürün" şeirini xatırladırdım: "Tüpürün milləti alçaqcasına vuran zərbələrə // Tüpürün onlara alqış dağıdan qəhbələrə". Düşünürəm ki, bütün hallarda - istər poetik-estetik rakursuna, istərsə də milli-ideoloji mündəricəsinə görə "Balaca kişilər" İkinci Qarabağ müharibəsi dönəmində Azərbaycan poeziyasının manifest şeiri kimi qəbul edilə bilərdi. 44 gün ərzində üç minə yaxın şəhid verib qazanacağımız savaşın poetik aurasını İlqar Fəhminin həmin şeiri yaratdı. "Balaca kişilər" savaşa səfərbər olan gənclərin əhval-ruhiyyəsi ilə adekvat idi. Təbii ki, İkinci Qarabağ savaşı öz xarakterinə görə əmrvaqi, oldu-bitdi üslubunda gerçəkləşdiyi üçün "Balaca kişilər"in səngərdəki balaca kişilərə - əsgərə çatması mümkün deyildi. Olmasa belə, bu əsər səngərdəki əsgərin poetik obrazını yarada bilmişdi. Qarabağı məhz bu şeirdəki uşaqlar azad etdi. Qənaətimə görə, Vətən müharibəmizin bədii salnaməsini İlqar Fəhminin "Balaca kişilər" əsəri verir.

Zəfər ərəfəsində Ülvi Bahadır "Şəhidlərə", Zəfərdən sonra isə Sərdar Amin şəhidlərimizin istəkli xatirəsinə rekviyem içərikli "Bir dəqiqə sükut... Gəmi siqnalı..." şeirlərini yazdılar. Bu şeirləri xüsusi fərqləndirməyimin səbəbi var. Çünki onlar kifayət qədər həssas bir mövzunu necə şeirləşdirməyin örnəyini verir. Biri şəhid olanların, digəri sağ qalanların şeiridir. Bu şeirlər ikisi bir yerdə mənə Yahya Kamalın "Möhac türküsü"  şeirini xatırlatdı. Amma əlbəttə, ritm və ölçü baxımından deyil, gerçək və metafizik dünyaların qovuşuğunu ifadə etdikləri üçün. Yahya Kamalın xatırlatdığım şeirində iki ahəng, iki varlıq - Can və Ruh birləşir, Canın başladığını Ruh davam etdirirdi.

Ülvi Bahadır şəhidlik məqamını "Tanrı ilə dağların birləşdiyi yerdə..." nişan verir.

 

Tanrı ilə dağların birləşdiyi yerdə...

Oyanır duman baxışlı bir müdrik...

- Nə yaman qırmızı imiş röyalar?..

Günəş, qucaqla məni

Mən masmavi özgürlüklər görmək istəyirəm

aydınlığın kövrək zümzüməsində...

Bir səs ki, ovuclarımda gülümsəyir...

Bir nəfəs ki, dağ çiçəklərinə layla deyir...

Və Tanrı ilə dağların birləşdiyi yerdə...

...hər səhər bir duman baxışlı

müdrik oyanır qollarında istilik...

Qulaqlarında aydınlığın kövrək zümzüməsi.

 

Sərdar Amin isə təbii ki, Yahya Kamalın şəhidlik və cənnət fəlsəfəsini Səməd Vurğunun intonasiyasında ifadə edir:

 

Keçsə aylar, illər, keçsə nə qədər

Bu gündən dünyanın sonuna qədər

Gecənin bağrında dan döyünəndə

Üfüqlər sürməyi don geyinəndə

Ulduztək görünüb gözdən itəcək

İki min yeddi yüz səksən üç ürək...

 

İkinci Qarabağ savaşının ilk günlərində yazılan ilk nümunələrdən biri Rəşad Nağı Mustafanın "Müharibə başlayıb... Nəbatat bağındayam" şeiri oldu. Şeirdə müsəlləh əsgər olmaqdan söhbət getmirdi. Amma buna rəğmən, Azərbaycan şairi müharibəni sözün həqiqi mənasında poeziya ilə, estet duyğularla qarşılayırdı. "Müharibə başlayıb... Nəbatat bağındayam" duyğusal bir şeir idi və inanıram ki, Azərbaycan gəncliyinin ruh halını dəqiq ifadə edirdi:

 

Müharibə başlayıb... Nəbatat bağındayam.

Hava yaman soyuqdu, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda

Gör e, adam adında ağaclar var həyatda

Ağacların üstündən yıxılan balacalar

                        böyüyür, igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən vətən səninçün nədi?

Bax, indi dediklərim hamısı bəhanədi:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa ora mənə vətəndi.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndi.

Mən də mütləq öləcəm, elə Eldar şamı da,

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm

Məni bərk qucaqlama, axı atan deyiləm

Məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var

ürəyin gözəldisə...

 

İkinci Qarabağ savaşından sonra Elxan Zal ülküçü şeirlərini "Ordu Günü" (2021) kitabında topladı. Savaş poeziyasına "Ordu Günü" kitabındakı şeirlərlə poetik biçim verən Elxan Zal həm də çağdaş milli şeirin özünəməxsus poetik ritmini yaratmış şairdir. Əslində, Böyük Çölün estetikasını, havasını milli poeziyamıza Elxan Zal Qaraxanlı gətirmişdir. Yolu Tanrı dağından başlanan, Azərbaycan şeirinin üfüqlərini Göy Türklər zamanına qədər apara bilən Elxan Qaraxanlıların ruhunu çağdaş Azərbaycanın ədəbi iqlimi ilə qaynayıb-qarışdırmış şairlərimizdəndir. İndi yazdıqları 30 il əvvəl yazdıqlarının davamıdır və məncə, Elxan müstəqillik dövrü Azərbaycan poeziyasının ən seçkin şairlərindən biridir. Bir yandan daha qədim şeir ölçüsünü yaradıcılığında ehya etdi, digər tərəfdən, modern dünya şeirində var olan ədəbi cərəyanları milli ruha təslim etdirməyi bacardı. Hələ 20 il əvvəl Elxan postmodern "Yaquar yerişli zaman"ı türk poeziyasının antik qəlibində ifadə etmişdi:

 

Quşlar hava çalmıyor,

Saata sığınıb takt.

Caynaq çəkir üstümə

Yaquar yerişli vaxt.

 

Bu otuz il müddətində Qaraxanlı savaş gələnəkli qədim şeir dilini və ölçüsünü, hətta paradiqmalarını da müstəqillik dövrü Azərbaycan poeziyasına aşıladı:

 

Ruhumuz cəngə varanda,

Ad üstünə ad gələcək.

Qan iyini alan kimi

Ağzımıza dad gələcək.

 

2019-un 19 oktyabrında "Ədəbiyyat qəzeti"ndə Elxanın "Nə bu yurd Kolizey meydanı deyil, nə də biz qladiatoruq..." ümumi başlığı ilə yeni silsiləsini dərc etmişdik. Hələ İkinci Qarabağ savaşı başlamamışdı. "Savaş ayələri"nin müəllifi Turan atlarına səslənirdi:

 

Hey turan atları, turan atları,

Öndə qalalar var bürcü-bürcü.

Könlündən fatehlik keçirsə

Qızıl qandır xərci.

 

 

Cəng mələyi qan istəyir,

Nə deyək?

Bu torpaqlar bizimdirsə

Bədəlini ödəyək.

 

Düz bir il sonra İkinci Qarabağ savaşı günlərində Elxan Zal Qaraxanlı "Qarabağda yeni tarix yazılır" silsilə şeirlərini qələmə aldı və bu şeirlər də "Ədəbiyyat qəzeti"nin 17 oktyabr 2020-ci il tarixli sayında dərc olundu:

 

Tufan keçdi, qar əridi,

Yollarını açdı yaylaq.

Xan qızının türbəsinə

Apar məni qızıl daylaq.

 

***

 

Qəzəlin nisbətən yeni və sərbəst qəlibə salınması İlqar Fəhminin "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Modern əruz" qəzəlində reallaşdı:

 

Sevgi sənə ildırım,

zəlzələ.

Sakit axan çay kimi

sevməyi öyrənmədin

sən hələ.

 

İlqar Fəhmi qəzəli modernləşdirsə də, Arif Buzovnalının irfanla zəngin olan qəzəlləri son illərdə həm də milli-siyasi amillərlə nəfəs aldı. İşğal dönəmində Qarabağın dilindən qınayıcı qəzəl yazan Arif Buzovnalı ötən il Şuşada Vaqif günlərinin tribunasında Zəngəzuru əruz ölçüsündə, daha doğrusu, belə demək mümkünsə, əruzun sərbəstində danışdırdı:

 

Gözün aydın, Şuşa, sən azadsan,

Ana yurdun qucağında sevilən övladsan.

Mənsə, səndən Vətənin ətrin alan Zəngəzuram,

Düz yüz il gözləri yollarda qalan Zəngəzuram.

 

Əruzda belə sərbəst yenilikləri türk poeziyasına simvolizm və dekadent dalğasını gətirən Cənab Şəhabəddin, Tevfiq Fikrət, yaxud daha sonrakı illərdə "Səhəndiyyə" yazan Şəhriyar etmişdi. İndi də bunu milli poeziyamızda İlqar Fəhmi və Arif Buzovnalı edir.

Murad Köhnəqala isə 2021-də neoqəzəl yazdı və biz Muradın hər zaman eksperimentçi olan ovqatına sayqıyla həmin neoqəzəli də "Ədəbiyyat qəzeti"ndə dərc etdik:

 

Şübhələrdən diksinib

            qulağımı şəkləməm, çünki mən

Şübhələr içindəki ol yəqində gizlənmişəm.

 

Mənim halımdan narahat deyil

            daşdan baxan əziz anam,

Çün, vaqifdir halıma,

            kədər içindəki ipəkdə gizlənmişəm.

 

Sayman Aruzun Boz qurd, Turan, Savalan, Azərbaycan metaforalı qəzəlləri ilə əruzun milli həyəcanın qəlibinə dönüşməsi yeni hadisə deyil, bunu bir zamanlar Boz Qurdsuz, Turansız, amma Təbrizlə, Savalanla "eşq-aşiq" anlayışını "Vətən-şair" məfhumu ilə qoşalaşdıran Süleyman Rüstəm, ondan da əvvəl Məhəmməd Hadi etmişdi. "Ey vətən, ey pəriyi-vicdanım, // Səni sevmək deyilmi imanım" (M. Hadi) "Ey nazlı Vətən! Yox elə bir şey bu həyatda // Səndən əziz olsun mənə, səndən gözəl olsun" (S.Rüstəm). İndi bu missiyanı qəzəlin ictimai həyatımızda, Azərbaycan insanının ruhi yapısında öz təsir imkanlarını saxladığı müddətdə Sayman Aruz yerinə yetirir və bu, çox önəmlidir. Sayman Aruz qəzəl yaradıcılığında kifayət qədər gərəkli bir iş görür:

 

Türklüyümdür ki, mənə qeyrət olubdur həmişə,

Məni Boz qurd eləyən qeyrətimə eşq olsun!

 

Lənət olsun elimi min yerə bölmüş "ayıya",

Turan adlı o ulu dövlətimə eşq olsun!

 

Azərbaycanımın tam və bütövləşməsiçün

Varsa bir zərrə əgər, xidmətimə eşq olsun!

 

Türk adı harda gəlir namus ilə yan-yanadır,

Şərəf ilə yayılan şöhrətimə eşq olsun!

 

Bakıdan Təbrizəcən boylanıram bayraq ilə,

Bayrağımla ucalan qamətimə eşq olsun!

 

Çağdaş Azərbaycan poeziyasında metafizik içərikli şeirin başlıca yaradıcılarından biri Xanəmirdir. Türk şeirində Sezai Karakoçun etdiyini Azərbaycanda Xanəmir edir. Eynən Sezai Karakoçda olduğu kimi, Azərbaycan şeirinin modern məkanındakı irfani anlamların yeni izharı, qapalılığın, gizliliyin və ən başlıcası, din duyğusunun dərinləşməsi Xanəmirin yaradıcılığında gerçəkləşdi. Xanəmirin 2019-cu ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Gəlmişik" şeiri nə üçünsə 2019-cu ilin ədəbi yekunlarının müzakirəsində xatırlanmadı, poeziya barədə icmallarda yada salınmadı. Amma xatırlanmalıydı. Elə şeirlər və elə şairlər vardır ki, onların iştirakı olmadan çağdaş poeziyamızın poetik enerjisini, mənəvi ərazilərini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Yəni bu şeirdən və ümumən Xanəmirin şeirlərindən, yaradıcılığında təzahür edən dərviş estetikasının mahiyyətindən sərf-nəzər edib XXI yüzil Azərbaycan şeirinin hüdudlarını tanımaq çətin olacaq:  

 

Səfimiz sıralandı süfrəmiz çörəkləndi,

göylər cihad hayqırdı mələklər yaraqlandı,

abdallar yarı qanıb aşiqlər havalandı,

sandılar biz ölmüşük sən demə, sağ gəlmişik.

 

Sollar yanğın içində, sağlar çoxdan savulmuş,

dərvişlərin nəfsindən xərabələr qov almış,

Adəmlə Həvva nənə indi cənnətdən çıxmış

üstümüzdə günah çox dinə çılpaq gəlmişik.

 

***

 

Din və poeziya məqamına toxunmuşkən Rəbiqə Nazimqızının şeirləri haqda danışmağa ehtiyac duyuram. Rəbiqə Nazimqızının "Peyğəmbərlər" silsiləsi Azərbaycan şeirində yeni dalğanın ifadəsi oldu. Çoxdandır ki, ədəbiyyatımızdan kənara çəkilən Peyğəmbərlər - İbrahim, Saleh, Musa, İsa modern şeirimizə Rəbiqənin yaradıcılığı ilə qayıtdı. Amma onlar bu dəfə teoloji aspektdə deyil, ekzistensial aspektdə qayıtdılar. Rəbiqə Nazimqızı səmavi kitablardakı mətnləri fərqli motivlərlə yazdığı silsiləyə tərəddüdə yol vermədən, çox asudə və rahat şəkildə interpretasiya edir. Məsələn, "Musa Peyğəmbərə" şeirindəki kimi:

 

Bundan sonra qırx il də yaşayaram sərgərdan,

yenə qalib çıxaram bütün davalarımdan.

Ümidim yarıb keçər tərəddüd dənizini,

sinəm üstə saxlaram ayağının izini.

Küsdürərsən, gedərəm çıxaram Tur dağına,

dan yeri ağaranda səs gələr otağına,

yayın bu istisində sənin buz yatağına

göndərərəm yuxumu,

alarsan qucağına mənli xatirələri

yatarsan şirin-şirin.

 

Anna Axmatovanın poeziyasını çağırışdıran "Peyğəmbərlər" silsiləsi Azərbaycanda yeni təmayüllü poeziya aktıdır, hələ üstəlik, burda dekadent ruh da, şeirlərin altyapısında intuisiya dalğası da var, elə buna görə də o, ədəbiyyat nəzəriyyəçilərimiz tərəfindən diqqətə alınmalı və tədqiq olunmalıdır...

Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlələr" (2021) kitabında dərc olunmuş "Əvvəlinci ayın şeirləri" silsiləsində yeni düşüncə dalğası Tanrını dərkə yönəlib. Yeddi fraqmentdən ibarət olan silsilə təsəvvüf içəriklidir, zikr halında yazıldığı aşkardır və Tanrını dərkin yeddi yolunu əks etdirir. Tənqidçi Elnarə Akimovanın qənaətinə görə, "fraqmentlər poeziyamızda Tanrı barədə ən yeni düşüncə dalğasıdır. Şeirdə ruhsal axış baş verir və Səlim Babullaoğlu Tanrı barədə sözlərlə deyil, sükutla danışır". Tənqidçi haqlıdır. Babullaoğlu "Əvvəlinci ayın şeirləri"ni sükutun dilində yazıb. Şeir başdan-başa sükutla təlqindir. Sükut təsəvvüfdə təslimiyyətdirsə, haldırsa, hal əhlinin sükutu da Tanrını idrak etmənin tək yoludur. Səlim həmin sükutu yazır. Hal diliylə yazır. Şeir Tanrını dərk etməyin həyati misallarını verir... Və qəribədir ki, fraqmentlərdə Səlimin ənənəvi intonasiyası dəyişmir və sükut pozulmur... Səlim Babullaoğlunun poetikası şeirin metafizik qatını mübhəmləşdirmir.

Babullaoğlu fraqment deyir, amma bütöv bir insan ömrünü yazır və təsəvvüf anlamlarının, ən başlıcası da sükut metaforasının çağdaş izahını verir. Burda həm Berqmanın sükutu sayrışır, həm də Mövlananın...

 

Sükuta sövq edən səbəblər barədə düşünürəm:

sözün çoxluğu, mənanın yoxluğudur;

                        əlbəttə ki, içimdə.

Bu dildən və dilsizlikdən peşmanam:

eyni əlifbayla qeydə alıram

                        sükutumu da, nitqimi də.

 

Sözlərlə deyil, sənin barəndə

            sükutla danışmaq daha az qorxudur.

Budur, yenə eşqin susqun dəryasından

            bir bulud qalxır, məna buludu,

fanilik vadisində söz ağacını sulayır.

O ağacın kölgəsində oturmuşam,

bilirsən ki, yorğunam, susamışam:

şükür və vəsf meyvəsini

            dadmadan gedə bilmərəm.

Bilirəm, "hər kim ki, sənin haqqında

            danışır, sussa yaxşıdır".

Mən danışmaq istəyirəm. Necə?!

 

Qərb şeirini - təmayülləri, izmləri, fərdləri ilə dərindən bilən Səlim Babullaoğlunun poetikasının özəllikləri çoxdur... Səlimin şeirləri Azərbaycan poeziyasında yola çevrilməkdədir...

İndi bir az da cəsarət edib deyim ki, bəlkə yeni nəsil Azərbaycan şairlərinin şeirlərindən modern dünya poeziyasının da öyrənə biləcəyi nələrsə var... Şeirimiz dünya şeirindən heç bir halda geri qalmır...

2020-ci ildə Qismət Rüstəmovun "Qumru əlifbası" şeirlər kitabı nəşr olundu. Bu kitabdakı şeirləri çağdaş Azərbaycan poeziyasının estetik əyarı da adlandırmaq olar. Düşüncə baxımından ənənəvi buxovlardan sərf-nəzər etmiş Qismət birmənalı şəkildə modernist şairdir. Şeirlərinin kürəsəl içəriyi və harmoniyası göz oxşayır. Qismət həyatın hər üzünü şeirləşdirməyi bacaran - hər şeir ədəbiyyat olmur, amma hər şey şeir ola bilər düsturu ilə yazan şairimizdir. Yeni poetexnologiyalar Qismətin şeir yaradıcılığında daim işləkdir. Avropa poeziyasının bütün səsləri Qismətin şeirində polifoniya təşkil edir. "Qumru əlifbası" şeirində olduğu kimi:

 

Qumruların Dəfnədən dən gözləyən çağında,

Ata-bala gəzişirdik yenə Cavid bağında.

Yerdən göyə bəstələnən fəvvarənin suları,

Yaman məsud eləyirdi Dəfnəni, qumruları.

Düşünürdüm, yaz günəşi təbəssümlə alışır,

Onda gördüm alagözlüm bir qumruyla danışır.

Mən onlara gendən baxdım,

            aralıdan gəzdim bir az,

Qumrularla uşaqların sözünü kəsmək olmaz!

Kim deyib ki, quş dilini bircə Süleyman bilir,

Uşaqlıqda bu lisanı, məncə, hər insan bilir.

 

"Qumru əlifbası" uşaq şeiridirmi, yoxsa böyüklər üçündür? Əslində, Avropada belə şeirləri orta məktəblərin aşağı siniflərində tədris edirlər. Çünki uşaqların estetik dünyagörüşünün formalaşdırılması baxımından mühüm olan belə şeirlərin doğurduğu intibalar çoxdur... "Mən onlara gendən baxdım, aralıdan gəzdim bir az, // Qumrularla uşaqların sözünü kəsmək olmaz! // Kim deyib ki, quş dilini bircə Süleyman bilir, // Uşaqlıqda bu lisanı, məncə, hər insan bilir". Həm də assosiativ şeirdir. Cavid bağı, yerdən göyə bəstələnən fəvvarə, bu bəstədən məsud olan alagözlü Dəfnə və qumru quşu, yaz günəşinin alışan təbəssümü, quş dilini bilən Süleyman. Həm də quş dilini təkcə Süleyman bilmir, onu uşaqlar da bilir... Belə bir Dəfnə bir azdan böyüyüb qız məktəbindəki Gülbaharla eyni estet məkanı bölüşəcək... Yüz il əvvəl Gülbaharın, yüz il sonra Dəfnənin yaşadığı Bakı hər halıyla bütün mədəni Parislərə adekvatdır. Həm duyğuların estetikası, həm də poetika baxımından... Burda həssas bir məqamı da yada salmaq istəyirəm. Dəfnədən qabaq qumru ilə Vaqif Səmədoğlu danışmışdı, qumruya çoxlu suallar vermişdi: "Saat neçədir, qumru, // Sən qonduğun budaqda?..". Söhbət təkcə quş dilini bilməkdən, yəni Süleyman olmaqdan getmir, poeziyada təbiətlə insanın bütövləşməsindən gedir... Parisdə bunu sürrealist Jak Prevert edirdi.

Bizdə yeni poetik hərəkatlar, yeni dalğalar yaransa da, çox təəssüf ki, onlara ad verilmir. Məsələn, Fərid Hüseynin intonasiyası, təşbehləri, ifadə tərzi Səlim Babullaoğlunun poeziyası ilə çox yaxındır. Yaradıcılıqlarında eyni estetikanı paylaşırlar. İkisi də eyni dalğanın şairidir. Fəridin poetik manifestasiyası belədir: "Usandım lirik olmaqdan, // özümü başqası vasitəsilə tanımaqdan, // indi ancaq özüylə danışan adamlardır dərd ortağım. // Qağayının, yağışın, gülün, bülbülün, // islanan saçların üzünə bağlıdır şeir otağım". Bu ki, Birinci Yeni estetikasıdır. Deməli, Fərid şeirin Orhan Vəli səfindədir. Bu estetikanın təmsilçiləri lirik olmaqdan usanmasalar da, hələ yaradıcılıqlarının ilk mərhələsində şairanədən imtina etmişdilər, amma o böyük imtinanın içində Orhan Vəli Süleyman əfəndinin taleyini danışır, hətta onun səngi-məzarına epitafiya yazırdı. Yaxud Dalğaçı Mahmudun obrazını yaradırdı. Elə Orhan Vəlidə də Fəridin dediyi mənada yağış yox idi, islanan saçlar yox idi, amma gecələr göyləri rəngləyən Dalğaçı Mahmud, onun dalğası - zarafatı və sehrli fırçası var idi. Yəni Orhan Vəlinin poetikası var idi. Dalğaçı Mahmuddan sonra hansı şair göyləri yenidən rəngləmək istər? Orhan Vəli şairanədən imtina etmişdi. Amma şairanəni daha poetik bir vəsiləylə əvəz edərək imtina etmişdi. Lirik olmaqdan usanmaq olar. Amma şeir dilinin ədasından imtina etmək mümkün deyil. Bu mənada "İstanbulu dinliyorum" şeirində İstanbuldan gələn səslər Yahya Kamal İstanbulunun şairanə və şahanə səsi deyil, bu səslərin içində quş səsindən küfr dolu sözlərə qədər, çəkic səsindən tər qoxusuna qədər hər şey var. Amma həm də: "Beyaz bir ay doğuyor fıstıkların arkasından"...

Fərid dünyanı - şeyləri, əşyaları, hətta təbiəti özünün adlandırdığı kimi təlaş aynasında görür və bu ona intellektual şeirin "Səmərqənd "divanı", "Bitməz gün" kimi dəyərli örnəklərini yazdırır. Fəridin vizionu fərdi və fərqlidir.

Səxavət Sahilin şeirləri üzərində dayanmaq istəyirəm. Səxavətin şeirlərinə yansıyan obrazlar da, rənglər də simvolizmi çağırışdırır: "Toran çökür // Günəş "boğulur" təpənin arxasında, // öz kölgəsini yorğan kimi // başına çəkir ağaclar. // Buludsuz səmada // nar dənəsi kimi qızarır ulduzlar // bir azdan şeh düşəcək, // hələ yuyunmağı var // yaşıl yarpaqların". Bu şeiri bütövlükdə də sitat vermək mümkündür. Çünki bütün misralarında hədsiz estetik miqyas var. Şeir həm də dekadent şeirdir. "Bəlkə sabah olmadı?" sualı ilə müşayiət olunur. Qorxu və qaranlığın, süd rəngli Ay işığının gümüşü rəngə boyadığı narın və gümüşü kölgənin assosiasiyası... Səxavət də Əhməd Haşimdə olduğu kimi, Tarançının sözləri ilə desəm, "təbiətin obyektiv, soyuq və ruhsuz təsviri yerinə bir həssasiyyətin prizmasından keçmiş oynaq və parıltılı bir xəyal gətirir və peyzajın insanın bir ruh halı olmasını" təmin edir. Haşim suyun üzünə Ayın rəsmini çəkirdi. Səxavət isə Ayın süd rəngli işığıyla söylədiyi nəğməsindən danışır: "Ay nəğmə deyir // Buludlar dağılıb // yağış ara verib, // yaşıl nar kollarına // Ay nəğmə deyir // süd rəngli işığıyla. // Külək də susub, // yarpaqlar qımıldanmır // budaqlar təmkinlidi, // bircə Ay oxuyur. // Pozulur kənd yolunun // Ay işıqlı sükutu, // kimsə keçir // kölgəsi yol yoldaşı, // addımları yuxulu".

Bu şeir mənə ilk oxuduğumda Haşimin "Batan Ayın kənarında sətirlər" şeirindəki estetikanı xatırlatdı. Səxavətin şeirinə günəşin deyil, Ayın yansıması, mübhəmliyin işıq salması dediyim kimi sırf sənət hadisəsidir.

Bir halda ki, söhbət Aydan və nardan gedir, dünyanı çoxdan tərk etsə də şeirləri ədəbi prosesə yalnız son illərdə qoşulan (və qovuşan) Faiq İsmayılovu xatırlatmadan keçə bilməyəcəm. Qəribədir, Faiq də hələ 1982-83-cü illərdə indiki yaşıdları ilə eyni estetikanı bölüşürdü. Yazılarımın birində onu çağdaş Azərbaycan poeziyasının ilk modernistlərindən biri adlandırmışdım. Onun da şeirlərində işıq və kölgənin müxtəlif predmetlərə yansıması, emanasiyası baş verirdi: "Bir mənəm, // Bir də divarda qara kölgəm // Deyirəm, nə yaxşı tək deyiləm". Yaxud Faiqin "Nar" şeiri. Günəş və Ayın nur və şəfəq kontrastında Nar:

 

Ay işığında

Narın qırmızı çiçəkləri

Ulduzlardan gözəldi.

Daha heç nə düşünmürəm,

Unutdum payızda oxuduğum

O qəmli nəğmələri.

Sən də sus, pünhan böcək,

Mən susantək...

Günəş şirədir başdan-ayağa,

arıların qanadları yanmasa

Uçarlar düz günəşə.

Budaqdan asılıb

Günəşdən şirə çəkir

"mələs", "gülöyşə".

 

Görünür, şairlik həm də ruhibirlikdir. "Ay işığında narın qırmızı çiçəkləri ulduzlardan daha gözəldir" deyən Faiqin şeirlərindən dönə-dönə keçən bəyaz Ay metaforası Ramil Əhmədin "Ay" şeirini oxuyarkən də yadıma düşdü. Ramil yazır:

 

Yalquzaq bu şəhərdə,

Bircə qonşum var - Ay.

Hər axşam ona baxdıqca

Düşünürəm Aya baxan adamları.

 

"İndi" dediyimiz

durmadan keçmiş olan

Bu zaman dilimində

Nə etdiyini düşünürəm.

Bilirəm sən də Aya baxırsan

səbəbsiz darıxırsan...

 

Bu isə 40 il əvvəl Faiqin yazdığı "Ay" şeiridir:

 

Dayanıb Aya baxıram,

Ayın on dördüncü günüdü.

Ay yaman gözəldi.

Dayanıb çiynimin üstündə

Mənimtək sakit-sakit

Nar kolları da Aya baxır.

Bəlkə sən də bu an

Söykənib qapıya,

Aya baxırsan.

...hicran məni sıxır,

Səni bilmirəm.

 

İki il öncə "Ədəbiyyat qəzeti"nin üç sayında Könül Arifin şeirlərini dərc etmişdik. Təəssüf ki, Könül xanımın həmin şeirləri ədəbiyyatşünasların diqqətindən kənarda qaldı. Amma gənc Azərbaycan şairəsinin poetik təxəyyülü elə bir ana obrazı yaratmışdı ki, həm bu, həm də bir sıra başqa mənalarda diqqətdən kənarda qalmamalıydı. Könül Arif poeziyanın təxəyyül, ilham, söz və s. bütün spektrlərini işlək hala gətirərək müharibə faciəsini belə şeirləşdirirdi:

 

Bir qadın vardı -

Havalıydı.

Axşamlar oğrun-oğrun

Zəmidəki müqəvvaya

Yemək aparırdı.

Demə,

Müqəvvanın çiyninə

İtkin oğlunun pencəyi salınmışdı.

 

Qadını görcək zəmidəki qarğalar

Qoynuna sıxıb yavrularını

Elə hey

Üzüyuxarı baxırdı.

Ağlayırdı qarğalar qadına,

Qarğa dilində

Ağlayırdı...

 

Sükut edirdi sünbüllər hər axşamçağı,

Qucurdu zəmi torpağı

Sinəsinə düşüb unudulan

Əzik-üzük buğdaları...

 

Ötürürdü küləklər bir-birinə,

Öpürdü küləklər cümlə-cümlə

Ana laylasını:

 

"Bu tikəni də ye, balam,

Ye ki, rahat yatasan.

Ağlayır, bax, qarğalar -

Hamısı da acdı ha,

Ye! Qalmasın onlara...".

 

Müstəqillik dövrü Azərbaycan poeziyasına, xüsusən son dövr poeziyamıza İkinci Yenidən, hətta ondan sonrakı çağdaş türk poeziyasından çox dalğalar axın etdi və edir. Nümunə üçün "Adı dua olan sevgilim" şeiri üzərində dayanmaq istəyirəm... "Yedi rekat günah kıldım bedeninde // Dizlerinde yedi zikir secdeye vardım" misralarından yansıyan yaşantılar bizim çağdaş, ən gənc şeirimizə necə adladı, niyə adladı və s. ədəbi tənqidin aydınlıq gətirməli olduğu suallardır. Məncə, buna hansı şairin hansı şairdənsə təsirlənmə məsələsi kimi yanaşmamalıyıq. Bu şüuraltı yaxınlıq, ruhi doğmalıq və irtibatdır ki, yeni şeirlərdə motivasiya olunur. Aydınlıq üçün 2000-ci illərin əvvəllərində və 2020-ci illərdə yaranan bir neçə şeiri qiyaslandırmaq yerinə düşər:

Savaşdan öncə "Ədəbiyyat qəzeti"ndə Emin Pirinin "Venesiyadan məktublar" silsiləsindən şeirlərini dərc etmişdik. Sevgi və duyğusallıq öz yerində, erotik yanaşmaları da estetik düzən içindəydi və Emin Piri bu baxımdan Azərbaycan poeziyasına yeni şeirin dəyərli örnəklərini, özü də cəsarətlə qazandırırdı:

 

Sevgi namazını qılaram səndə

canamazım olar sinən

göbəyin mən möminin möhürü

səcdə edərəm,

3 deyil, 333 kərə

öpdüm,

öpdüm...

İlahi, amin!

 

Bu gün Emin Piri sevgi namazı qılırsa və yazdığı şeiri "Namaz" adlandırırsa, 2003-cü ildə Şərif Ağayar da Vətən namazı qılırdı və o da şeirini "Namaz" adlandırırdı. Birinin qibləsi qadın, digərinin qibləsi Şuşa olan bu "Namaz"ları müqayisə etmək istəməzdim. Emin Pirinin də, Şərifin də "Namaz"ı vətən sevgisi və poeziya nəzəriyyəsi baxımından danışmağa geniş imkanlar verir. Şərif namaz mətnini zahirən dekonstruksiya etsə də, onu postmodernləşdirsə də əslində, buna təsəvvüfün imkan verdiyi dərəcədə yeni təfsir kimi yanaşmaq olar. Həm də şeirin milli-məfkurəvi ağırlığı, siqləti vardı, Şuşa ədəbiyyatımızda ilk dəfə bu şeirin timsalında qutsal anlam kəsb edir, Vətən etiqadımızın qibləsinə çevrilirdi və məncə, "Namaz" şeiri sonralar nasir kimi özünü təsdiq edən Şərif Ağayarın bütün yaradıcılığının manifestinə və yazıçı Şərifin kredosuna çevrildi...

Çağdaş Azərbaycan şeirinin öndə gələn isimlərindən biri Ramil Əhmədin yeni yazdığı "Söykənmişəm səsinə" şeirində də azan, səcdə, rüku, dua, hətta fəth metaforaları sayrışır: "Gözlərin azanımdır - // Gündə min yol məni sevgiyə çağıran... // Könlüm sənə səcdədə, // Qəlbim qəlbinə sonsuz bir rüku...". Ramil sevgi şeiri deyil, sevgi ayini yaradır. Sevgini rituala çevrir. Onun da şeirində adı dua olan sevgili var, amma bura gül qoxuyan gülüş də qarışır və şeirin düşüncə arealı genişlənir. Hətta desəm, şeirin məhvərində, hətta ilk misrasından son misrasına qədər təsəvvüf ətri saçılır:

 

Adın dodağımda dua kimi səsləndi,

Yaxşı olmağıma bəsdir bir "necəsən"in,

Gül qoxudu gülməyin...

 

Söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri

bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri

bir-bir bağrıma basmaq,

Hər kiçik zərrə qədəriylə sevmək səni.

Qaldırdım bütün bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim duamı

Çatdırsın səni mənə verənə

aləmlərin rəbbinə...

 

Yenə də sevgi "Namaz"ına qayıdıram. Məbədin, qadının və vətənin hibridindən oluşan poetik obraz ən müxtəlif dalğalarla daha əvvəllərdən, klassikadan, Məhəmməd Füzulidən gəlir. Daha çox isə təbii ki, İkinci Yenidən, tutaq ki, Cemal Süreyadan gəlir: "İnan Selimiyenin minareleri gibisin // Her seferinde başka yoldan çıkılır nirvanaya". Amma İkinci Yeni, indiki halda Cemal Süreya bunu müstəqim və natural şəkildə etmirdi. Düşüncə improvizəsinə imkan yaradırdı, bəzən zahirən erotik olanın mübhəmində, içəriyində tamam başqa təsəvvürlər ifadə olunurdu və İkinci Yeni poeziyasının özəlliyi də elə bundan ibarət idi...

Bu baxımdan Ulucay Akifin "Vətən"i yaxşı mənada Cemal Süreyanın "Ölkə"si ilə assosiasiya edir:

 

Mənimçün

sevdiklərimin qucağıdır vətən,

bir şəhərlik yerin varsa əgər,

bərk-bərk qucaqla məni,

qucaqla ki,

vətəndaşlıq dilənim səndən.

Amma bil ki,

bu bədən özü bir ölkədir elə,

başdan-ayağa, ayaqdan-başa.

bədənimin paytaxtı olan qəlbimdə

özünə bir saray qur,

sonsuzadək yaşa.

 

Əllərimdən başlayır bu ölkənin sərhədi,

ayaqlarımda bitir,

sən də ayaqyalın gəz üstümdə,

sinəmdə min bir gül bitir.

 

İstəsən içəri keç,

bu dünyanı mənim gözlərimdən izləyək,

ruhumuz sevişsin hər gün,

bədənimizi hamıdan gizləyək...

 

Yuxarıda qeyd etdim ki, Emin Pirinin də "Namaz"ı poeziya nəzəriyyəsi baxımından danışmağa geniş imkanlar verir. Eminin kifayət qədər vulqar təsvirlərlə yazdığı şeiri ədəbiyyatdırmı? Postmodernizm baxımından, bəli, ədəbiyyatdır.

Məsələ burasındadır ki, ənənəvi obraz və anlayışın, arxetiplərin, indiki halda namaz və sevginin belə sərbəst interpretasiyası ilə müəllif artıq kosmosun deyil, xaosun ifadəsinə çevrilən postmodernist estetikanın ərazilərinə daxil olur. Orda isə ənənəvi müqəddəsliklər yoxdur.

Arzu Əsədin "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Şizofrenik" poemasını bu məqamda xatırlatmaq yerinə düşər. Arzunun bu poeması gözlənilməz bir əsər idi, amma "hər şeyin hər şeylə birləşdiyi, hər şeyin hər şeyə calandığı həyatın" qaydasız, nizamsız metamorfoz oyunlarından bəhs edən "Şizofrenik" də, nədənsə, layiq olduğu diqqətdən kənarda qaldı.

Arzu şəxsiyyətin transformasiyasını, metamorfozu belə səciyyələndirirdi:

 

Bir məcnundum eşq yolunda,

Bir sufiydim sakr halında.

İndi məni öyrənirlər

Şizoanaliz sakralında.

 

Yaxud:

 

 ...Açıldıqca qat-qat zaman,

Hər qatında bir reallıq

İrreallıq, sürreallıq

İndi də hiperreallıq

 

 - deyə postmodernizmdən, yəni xilas yolunu həyatın total şizofrenləşməsində görən postmodern estetikadan imtina edir və "Daha insana sığmır, insan potensialı" antitezisini irəli sürərək yeni postinsan obrazı təklif edən bədii-fəlsəfi estetikaya keçid edir...

Elşən Mehdi, Aqşin Evrən, Eminquey, Ulucay Akif, Rəvan Cavid, Ümid Nəccari, Fuad Cəfərli, El Roman, Faiq Hüseynbəyli, Tural Turan... Bu siyahını hara qədər uzatmaq olar, bilmirəm. Amma yeni Azərbaycan şeirinin indiki siması bu imzaların iştirakı olmadan təsəvvür edilə bilməz.

Aqşin Evrənin "Şah Təhmasibə məktub"undakı dərin pasifizminin rişələri düşüncə şəbəkəsi baxımından Yunus Əmrənin humanizminə, yaxud Eminqueyin "Sevdim səni, öpdüm səni, qucaqladım..." şeirində poetik estetika səviyyəsinə yüksəltdiyi bədbinliyinin kökləri Şopenhauerin pessimizminə qədər uzanır. Elşən Mehdinin "Yola salan yoxdu Xudaverdini" şeirindəki Xudaverdi Orhan Vəlinin "Kitabeyi səngi-məzar"ındakı Süleyman əfəndi kimi tənhadır, melanxolikdir. Rəvan Cavidin bir az tanrıtanımaz və daha çox məsum, günahsız duyğularının poeziyası da eləcə pessimistdir... El Romanın "Caniyeva Göyərçin"i müharibənin poetik qanlı obrazını işarə və rəqəmlərlə "laxtalandırıb" oxucu şüurunda abstraksiya edir və müharibənin real, amansız və hüznlü mənzərəsini təqdim edir. Bu barədə tənqidçi Elnarə Akimova layiqli bir təhlil yazısı ilə çıxış etdiyindən geniş təfərrüata varmıram. Sadəcə qeyd etmək istəyirəm ki, ən gənc poeziyamızın bu qeyri-adi halı (həm də yüksək ədəbiyyat halı) çağdaş dünya poeziyası ilə müqayisəli, qarşılaşdırmalı ədəbiyyatın predmeti olmaq səviyyəsindədir...

 

***

 

Haqqında söhbət açdığım dövrdə diqqəti cəlb edən ədəbi faktlardan biri də Əli Şirin Şükürlünün "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş şeirləridir. Şükürlü ədəbi suprematizm adlandırdığı yeni bir cərəyan yaradıb, bu cərəyanın həm nəzəri təsnifatını, həm də bədii örnəklərini "Ədəbiyyat qəzeti"ndə təqdim edir. Ədəbi suprematizmi şərh edən Şükürlüyə görə, intellektual təmayüllü bədii mətnlər yaradarkən elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfi düşüncə vasitəsilə mətnlərə gətirilməsi texnikası informasiya - fəlsəfi düşüncə - bədii təfəkkür komponentlərinin şərtləndirdiyi ardıcıllıqla həyata keçirilir. Əli Şirin Şükürlü həmin ardıcıllığı, "V şəklində uçuş - azadlığın fəlsəfəsi" şeirində təqdim edir:

 

Qadın həbsxanası...

Tikanlı məftilə qonan quş

birdən pırr edib uçdu

məhbus qadınların gözləri qarşısında

qəfil uçuşun arxasınca yüyürdü baxışlar.

Doğrusu, mən nə məhbus qadınları,

də onların baxışlarını gördüm.

Mən həbsxana divarının yanından ötərkən

bir quşun ürküb tikanlı məftildən

aralandığının şahidi oldum

            qəfil uçuşun arxasınca

yüyürən baxışlar barədə düşündüm qeyri-ixtiyari:

elə şeylər var o qədər aşkar ki, şübhə doğurmaz.

Sonra ayaq saxlayıb,

V şəkilli uçuşları seyr etdim bir qədər: V V V...

hər biri ayrılıqda

bir uçağı xatırladar səmada həm də.

 

 

azadlığın əsl fəlsəfəsini anladım:

azadlıq vərdiş imiş, demə,

hər yaranmışda olmayan bacarıq -

başqa heç nə.

Məsələn, quşların uçmaq vərdişi kimi.

 

Yaxud "Belə söylərdi Zərdüşt" şeirində Şükürlü Zərdüştün qürubunu müşahidə edir: "Şər yoxdu, Şər - Xeyirin yoxa çıxdığı məqamdı: // elə söylərdi Zərdüşt təəccüb və heyrət içində, // baxıb yalnız əyləncə və təmtəraq əsiri soydaşlarının // dəyişməyən iki min beş yüz illik oxşarlığına...".

Qeydlərimi Qulu Ağsəsin "Şuşa" şeiri ilə başlamışdım, "Şuşam" şeiri ilə də tamamlamaq istəyirəm. Onu da qeyd edim ki, Qulu Ağsəs öz şair missiyasına, xarakterinə və təbiətinə bu mərhələdə də sadiq qaldı, az yazdı. Şuşa ilə bağlı iki şeir - "Şuşa" və "Şuşam", sonra "Ağdam" və "Qarabağın qəzası" şeirlərini yazdı və Qarabağ içərikli poeziyamıza özünün və ümumən, poeziyamızın möhürünü vurmağı bacardı...

Şuşa üçün son kədərli tarixdə - 2020-nin 8 mayında yaratdığı əlçatmaz "Şuşa"dan fərqli olaraq, bir il sonra Şuşa üçün ilk fərəhli 8 mayda yazdığı "Şuşam" şeirində Qulu Ağsəs dediyim həmin o insanlaşmış Şuşa ilə danışırdı:

 

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

vaxtdı,

yad səslərdən yağır qulağına...

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına -

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..

 

28 illik işğal və həsrətin xülasəsini bundan da qeyri-adi poetik cizgilərlə necə ifadə etmək olardı, bilmirəm...

 

***

 

Savaşdan sonra modern poeziya yenidən öz məhvərinə, belə demək mümkünsə, 2021-də deyil, 2022-də qayıtdı. Aqşin Yeniseyin Səlim Babullaoğluna, Kamal Abdullaya, Salam Sarvana, Səttar Bəhlulzadəyə həsr etdiyi "Kərgədanın orijinalı" silsilə şeirlərini nəzərdə tuturam. Bu poetik silsilə çağdaş Azərbaycan poeziyasının estetik enerjisini sərgiləmək baxımından çox önəmlidir. Aqşin Yenisey təqdim etdiyi silsiləni, bəlkə də, bilərəkdən "Qodot gəldi" adlı şeirlə başlayır ki, oxucunu absurd mündəricəyə hazırlasın. Axı Qodot gəlməyəcək... Bu şeirlərlə Aqşin ucsuz-bucaqsız portretlərini yaratdıqları ilə yanaşı, yeni poeziyamızın obrazını da sərgiləyir. Bu şeirlər savaşdan çıxan poeziyanın intellektuala dönüşü üçün uğurlu başlanğıcdır...

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.16-19.