Romanlarda mövzu, üslub rəngarəngliyi
və mətni dünya oxucusuna ünvanlama
istəyi
2020-2021-ci illərdə nəşr
edilən romanlar əsasında
Artıq xeyli müddətdir ki (ən azı, on ildən artıq!), Azərbaycan romanı artmaqda olan yazıçı və oxucu marağının dəyişməz obyektidir. Çünki hər iki tərəf romanla bağlı axtarışdadır. Nəticədə, yazıçıların daha yaxşı, daha təsirli, daha fərqli roman yazmaq, oxucuların isə daha maraqlı əsər (imza!) tapmaq axtarışı "roman yaradıcılığı" prosesini canlandırıb. Və oxucu marağını qarşılamaq istəyənlər romanın bir forma olaraq inkişafı, zənginləşməsi, məzmun etibarilə daha maraqlı olması, süjet quruluşu, struktur və texnoloji imkanlar baxımından apardıqları eksperimentlərin daha tutarlı alınması üçün çox fərqli üsullara əl atırlar. Bura müxtəlif üslublardan istifadəni, bəzən nəzəri bilik və qənaətlərin mətnə süni və yaxud məntiqli şəkildə tətbiqini (bunun alınıb-alınmaması başqa bir məsələdir!), bəzən hazır modellərdən yararlanmanı, dünya romançılığı praktikasında özünü təsdiq etmiş element, üslub, quruluş və priyomlardan istifadəni və s. də əlavə etsək, deyə bilərik ki, romanımızın dünya roman yaradıcılığı prosesi ilə ayaqlaşa bilməsi üçün az iş görülmür.
Son iki ilə baxdıqda isə müşahidələr onu deməyə əsas verir ki, romana axın (yazıçı gəlişi!) hələ də davam edir. Şeirlə, poeziya ilə, nəsrin daha kiçik formaları ilə məşğul olan yazıçılar arasında da, tamamilə fərqli sahədə çalışan mütəxəssislər arasında da "romançılıq" stixiyasına qapılanlar az deyil. Və yenə də hər il olduğu kimi, sevindirici məqamlarla da üzləşirik, təəssüf doğuran faktlarla da. Lakin dəyişməz qalan budur: roman "özünü aramaqda" və "yeni eksperimentlərə açıq olmaqda" davam edir və bu mərhələ, hələ ki yalnız imzalarla zənginləşməkdədir.
Nəşr edilən romanlarla bağlı ümumiləşdirmələr aparmazdan və detallı təhlillərə keçməzdən əvvəl statistikanı təqdim edək.
Ötən iki ildə yenə də diqqəti çəkən bir neçə müəllif oldu ki, seçdikləri üsluba, model-formaya, üslubun tələblərinə sadiq qalaraq, öz romanlarını yaratdılar. Bunlardan seçdiyi magik-realistik üslubda bir-birindən maraqlı əsərlər yazan Zahid Sarıtorpağın adını xüsusi çəkə bilərik ki, onun "Azərbaycan" jurnalında iki romanı nəşr edildi: "Köhnə mücrüyə elegiya" romanı (¹3-4) və "Qiyamət qaziləri" roman-pritçası (¹11). İkinci "özünəsadiq" imzalardan biri isə dəyişməzliyi və məhsuldarlığı ilə hər zamankı yerində duran Mübariz Cəfərli idi ki, onun da iki - "Zəncir" (¹1) və "Ərəfə" romanları (¹5) "Azərbaycan"da işıq üzü gördü. Bundan başqa, jurnalın səhifələrində Səyyad Aranın "Başdaşı" (¹2), Azər Abdullanın "Çat" (¹3-4), Varisin "Qızıl cib saatı" (¹10), Natiq Məmmədlinin "Ən gözəl günah" (¹1-2), Əyyub Qiyasın "Ölənə qədər" (¹3-4), Tahir Taisoğlunun "Asılqanbuynuzu" (¹6-7-8), Yaşar Bünyadın "Səməndər quşu" (¹10) romanları çap edildi.
Məlum olduğu kimi, yeni yazılan ciddi romanların böyük bir qismi, adətən, "Azərbaycan" jurnalı vasitəsilə ədəbi ictimaiyyətə təqdim edilir. Və bu mətbuat orqanı ciddi anlamda meyar hesab edilməkdədir (şəxsən mən bu qənaətimi təkrar-təkrar təsdiqləyə bilərəm). Adətən, çox az hallarda jurnaldan kənar qalaraq kitab halında nəşr edilən gerçək romanlarla qarşılaşırıq. Lakin ötən iki ildə elə
romanlar oldu ki, onların jurnal variantı təqdim edilmədi. Bu kitab-romanlardan Kamal
Abdullanın "Laokoon... Laokoon", Varisin
"Qırmızı ləçəklər", Azər
Qismətin "İlbizlər", Əyyub Qiyasın
"Havay tətilləri", İlqar Rəsulun
"Sara", Yunus Oğuzun "Uçurum", Kənan
Hacının "Hakimə açılan atəş",
Emin Əlihüseynlinin "Sonuncu Şirvanşah"
romanlarını qeyd etmək olar.
Natiq Məmmədlinin "Ən gözəl
günah" adı altında "Azərbaycan" jurnalında
(¹1-2) nəşr edilən romanı "Sev" adı ilə
kitab halında işıq üzü gördü. Bundan başqa, təkrar nəşrləri
oxuculara təqdim olunan romanlar oldu ki, bunların arasında əvvəllər
"Azərbaycan" jurnalında işıq üzü
görən Əjdər Olun "Lo", Seyran Səxavətin
"Daş evlər", Məmməd Orucun
"Köçürülmə" romanlarının
adlarını çəkmək olar. Bu
faktın özü də müasir cəmiyyətdə romana
olan maraq artımının göstəricisidir.
Son iki ildə sevindirici haldır ki, Azərbaycan
romanlarının xaricdə çap edilməsi faktı ilə
də əvvəlki illərlə müqayisədə daha
sıx-sıx qarşılaşdıq. Bu
kitabların əksəriyyəti qonşu ölkələrdə
çap edilsə də, hər halda, əhəmiyyətli
amildir. Onlardan Vaqif Sultanlının "Səhra
savaşı", Varisin "Qızıl cib saatı",
Vüsal Nurunun "Qaraqaşlı", Qalib Şəfahətin
"Sandıq" romanı ("Qarabağ
sandığı" adı ilə), Ceylan Mumoğlunun
"Qadının üç yaş dövrü", Yunus
Oğuzun "Ovçu" romanları Türkiyədə,
Mübariz Cəfərlinin "Zəncir" romanı Təbrizdə
nəşr edildi. Kamal Abdullanın
"Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi"
romanları Almaniyada işıq üzü gördü.
Ötən iki ildə Azərbaycanda nəşr edilən
romanlar arasında diqqət çəkən müəlliflərdən
Varisin adını xüsusilə qeyd etmək istərdik. Əvvəlki
yaradıcılığında daha çox bestsellerə
çevrilmiş əsərlər müəllifi kimi
tanınan, bu romanlarında publisistik ahəngin daha qabarıq
olduğu duyulan yazıçının istər "Azərbaycan"
jurnalında nəşr edilən "Qızıl cib
saatı", istərsə də "Qırmızı ləçəklər"
romanları ədəbiyyatımızda ciddi bir
romançı imzasının gəldiyinə, onun ciddi roman
yaradıcılığına keçdiyinə dəlalət
edir. İstər mövzu-problematika, istər
forma-model, istərsə də təhkiyə tipi bizə bunu
söyləməyə əsas verir. Onun bu
romanlara qədər yazdığı əsərlərdən
yalnız "Sonuncu mogikan" haqqında qənaətimiz buna
yaxın olub.
Ötən
iki ilin romanlarından əldə edilən qənaətləri
ümumiləşdirməli olsaq, ən çox diqqəti
çəkən xüsusiyyətin məhəlli - yerli, dar
çərçivədən çıxaraq hadisələri
məkan və zaman olaraq daha geniş müstəvilərə
daşımaq istəyinin hiss edilməsidir. Bu mətnlərdə
sevgi də, ünsiyyət də, problem də, müharibə
də daha qlobal aspektdə roman mövzusuna çevrilməyə
başlayır. Qloballaşan
dünyanın insanı və onun İnsani problemləri,
ağrıları, sevgisi Azərbaycan romanı
üçün artıq daha aktualdır. Məsələn,
Mübariz Cəfərlinin "Ərəfə" romanı,
yaxud Natiq Məmmədlinin "Sev" romanı buna misal ola bilər. Birincidə qlobal
dünyanın pandemiya bəlası, insanın tənhalıq
problemi araşdırılırsa, ikinci romanda iki hind gənc
arasındakı sevgi ilə Sarı Aşıq və
Yaxşı sevgisinin bir mətn daxilində təqdimatına
rast gəlirik. Ümumiyyətlə, son
dövr romanı üçün aktual olan zaman, məkan və
gedişat baxımından bir-birinə təmas etməyən,
lakin oxşar hadisələrin oxşar ağrısını
canlandıran iki süjetli inkişaf burada da mövcuddur.
Fərqli mədəniyyətlər, fərqli
dünyagörüşləri arasında bəzi məqamlarda
keçidlər, təmaslar baş versə də, bu detallar (məsələn,
hindli Səidin gözünə Sarı Aşığın
görünməsi, onun daxil olduğu süjetin öz
Yaxşısının olması, yaxud hər iki süjetdə
ümumi olan sakura - eşq çiçəyi, onun qoxusu və
s.) bəşəriyyət üçün bir çox məsələnin
eyni olduğunu xatırladır: gözəlliyin, sevginin,
zalımlığın, qəddarlığın, pisliyin dili,
dini, milliyyəti yoxdur. Dünyanın o
başında da olsa, bu başında da olsa, İnsan eyni
ağrılardan, eyni sevgilərdən və sevgi
qarşısında duran eyni maneələrdən adlamalı
olur (və ya adlaya bilmir, nəticədə isə bu sevgi, bu
böyüklük dillərdə dastana çevrilir!). Hərçənd roman ilk səhifələrdə
təsvir edilən məkan və qəhrəmanlar (adlar!)
baxımından yad təsir bağışlayır, fərqli
mədəniyyətlərin elementləri və xüsusiyyətləri
ilə (budda məbədi, sakura, rus, amerikalı və b.
insanların bir araya gətirilməsi və s.) oxucuda bir
çaşqınlıq yaradır, lakin müəllif nəticədə
öz məqsədinə çatır. Həmçinin
müəllifin öz tale hekayəti ilə roman süjetinə
daxil olması da özünün "roman içində
roman" effekti ilə maraqlı təsir
bağışlayır.
Başqa bir diqqət çəkən xüsusiyyət
mövzu və problematika məsələsində daha siyasi
davranmanın müşahidə edilməsidir. Artıq Qarabağ məsələsi,
erməni-türk problemi haqqında söhbət
açılan romanlarda belə daha ağıllı, siyasi
yanaşmanın varlığı müşahidə edilir ki,
bu, əvvəlki illərin "ağı ədəbiyyatı"ndan
çox fərqlidir (hərçənd Azər Abdullanın
"Çat" romanında bir qədər fərqli, tarixi
rakursdan yanaşma, erməni qızına aşiq olan Azadın
sevgisinin təsviri var, lakin bu barədə daha sonra!). Bu,
"qəhrəman romanları"dır, "siyasi gedişlərlə",
"düşməni öz silahından istifadə ilə
vuran" mətnlərdir: müəllif emosiyasından uzaq,
lakin təsvir edilən qəhrəmanın emosiyaları ilə
dolğun romanlar. Məsələn, Varisin
"Qızıl cib saatı" romanı.
Paralel süjetlər və fərqli zaman, müxtəlif
məkan-hadisələr gedişatının yanaşı xətlərlə
inkişafı bu roman üçün də aktualdır. İki
süjet xətti, iki zaman, iki hadisə müstəvisi daxilində
inkişaf daha çox postmodern roman strukturu üçün
aktuallıq kəsb etsə də, artıq hərəkət
trayektoriyasına fərqli roman tiplərini də daxil edib.
Fərqli olan budur ki, bu mətnlər postmodern
estetikaya deyil, ənənəvi roman estetikasına daha
yaxındır, amma eyni zamanda da onun xətti inkişaf prinsipinə
zidd qurğu ilə yazılıb.
Varisin "Qızıl cib saatı" romanı əvvəlcə
dili-təhkiyəsi ilə diqqəti çəkir. Əslində,
publisistik dili də çox rəvan olan Varis, digər
romanlarından fərqli olaraq, burada publisistik tondan gerçək
bir nəsr təhkiyəsinə adlayır. Roman iki süjet üzrə inkişaf edir.
Süjetin biri Qarabağ döyüşlərində əri
şəhid olmuş, atasının qisasını almaq
üçün 17 yaşında müharibəyə gedən
oğlu olan Əsli qadının yaşantıları,
özü ilə mücadiləsi, ümidi, erməni əsirə
qulluq edərək gah onun simasında öz oğlunu görməsi,
gah da onu oğlu ilə dəyişmək üçün son
ümid yeri bilməsi təsvir edilir. İkinci
süjet isə həqiqətləri təhrif etmək
üçün göndərilən, lakin həqiqətləri
etiraf edən erməninin yazdıqları və
yaşadıqları əsasında inkişaf etdirilir. Erməniyə öz balası kimi qayğı
göstərən ananın yaşantılarının,
duyğularının laddan-lada keçən dəyişimi
detallı ifadə edildiyi üçün oxucu gah onunla birlikdə
tərəddüdə düşür, gah da əminliklə
sonu gözləyir. İstanbul ermənisinin 1918-ci ilin
mart ayında ermənilərin Azərbaycanda törətdikləri
soyqırımı haqqında gördüklərini qələmə
alması və bu hadisələrin şahidi olaraq "iki od
arasında" qalması onunla Əslinin vəziyyətini eyni
paralelə gətirir. Belə bir maraqlı təzad
nöqtəsi tapmaqla və yaratmaqla yazıçı oxucunu
da dilemma qarşısında qoyur. Gah yumşaldır, gah
kəskin münasibət ladlarına salır, gah haqq
qazandırmağa vadar edir... Lakin erməni vəhşiliyini
erməninin öz dili ilə açması, tarixi faktlarla,
tarixi şəxslərin adları ilə ifşa etməsi (bu
faktlardan söz düşdükdə çox zəif də
olsa, bir publisistik yanaşma hiss edilir, lakin bu xüsusiyyət
tez də sönüb öləziyir) maraqlı və əsaslı
bir gedişdir. Roman haqqında məqalənin
tam halında daha geniş söhbət açılacaq, lakin
qeyd etmək istəyirəm ki, son iki ilin ən uğurlu
romanlarında biri məhz "Qızıl cib saatı"
romanıdır.
***
Zahid
Sarıtorpağın "Mücrü haqqında elegiya"
romanı onun magik realizm üslubunda qələmə
aldığı bir-birindən maraqlı "Kül",
"Qarğa marşrutu", "Dərdin sarı çəpkəni"
romanlarından sonra daha bir uğuru hesab edilə bilər. Roman
o dünyadan - ölümdən geri - diriləyə doğru
yol alan xatirələr, yaddaş,
ağrılar fonunda bir səyahət kimi qələmə
alınıb. Əslində, elə ilk cümlələrdən
başlayaraq oxucu müəmmalı, sirli, qarışıq,
sanki yuxuda yeriyirmiş kimi bir hiss yaradan "aura"nın içərisinə düşür. Bu
dünya ona tanış deyil. Bir duman, sir pərdəsi altındaymış kimi
görünür. Və yazıçı hər vasitə
ilə bu təəssüratın canlılığına
nail olur. İlk oxunuşda yalnız kiçik
işarələr, ştrixlər əsərin qəhrəmanının
həyatda yaşamayan, ölmüş biri olduğundan oxucunu
xəbərdar edir. Və bu ştrixlər,
işarələr ardıcıl deyil, səpələnmiş
təqdim edildiyindən bəzən "görəsən,
doğrumu anladım?" şübhəsi də yaradır.
Qəhrəman haqqında "Rusyətdə ölüb gələn..."
ştrixi, yaxud digər qəhrəmanın - Brilyantın
özü haqqında: "Ömründə bir dəfə
Bakıya gedəsən, özü də xalan
qızının toyuna. Səadət sarayının pilləkənindən
kəlləmayallaq yıxılasan, boynun qırıla, elə
ordaca qalasan... Özün cəhənnəm,
yazıq qızın da toyunu çevirəsən yasa. Belə şey olar?" işarəsi, gözlərdə
donub qalan çilçıraq görüntüsü, çəhrayı
rəng... bu mətləbi oxucuya çatdırmağa
hesablanmış ştrixlərdir. Halbuki
şəhəri dolaşan, həkimin epikrizinə görə
demensiya - unutqanlıq xəstəliyindən əziyyət
çəkdiyi qeyd edilən İshaqın xəstəliyi
hadisələrə ilk mərhələdə başqa rəng
verir. Yaddaşını itirən birinin "səyahəti"
kimi... Lakin qarşılaşdığı
pişik sevgili çörəkçi, onu görüb
qaçan, ona toxunmaq istəməyən gənclər və
s. qəhrəmanın "o dünyalı" obrazını
oxucuya daha yaxın gətirir. "Mən
bura niyə gəldiyimi bilmirdim. Ümumiyyətlə,
hara getdiyimi, kiminlə görüşməli olduğumu, əvəzində
kimə rast gəldiyimi başa düşmürdüm. Yaddaşım həmişəki kimi, elə bil, səssiz
bir dəniz dalğasıydı, gəlib sahilin daşından
sakitcə öpüb qayıdırdı geri". Bu fikirlərlə özünü anladan İshaq, əslində,
iki dünya arasındakı keçiddə ilişib qalan,
ölümünü qəbul edib o keçidi adlaya bilməyən
biridir. Sanki bütün "geri
dönüş" də onun bu həqiqəti qəbul etməsi
üçündür.
Zahid
Sarıtorpağın digər romanlarında olduğu kimi, bu
romanda da "oxucu yaddaşına vurulan yaralar, izlər"
var. Məsələn, elə "sərçələrə
nifrət" hissi, onun səbəbi olan hadisə, yaxud bir
detal olaraq içi su doldurulmuş, sərçələrin
cırdığı və mücrünün içərisində
gizlədilən içi hava dolu şar.
Mücrüdə olan və mücrü qırıldıqdan
sonra havaya qalxan bu şarın da öz simvolik mənası
var, mücrünün də həmçinin... Bu
cür simvolik detallar bu yazıçının, demək olar,
bütün əsərlərinə səpələnibdir.
Məsələn, mücrüyə yüklədiyi
"ürək" mənası (həyat verən, nəfəs
alan) ilə mücrü qırılanda
ondan qurtulub çıxan şar (hava, nəfəs, ah) bu
anlamda bir-birini dəqiq və hesablanmış bir şəkildə
tamamlayır. "O mücrüdəkindən xəbərin
var? - Nə mücrü? Mücrü nədi?
- Bax budu! Bunu deyirəm dəə! - Sinəmə bir yumruq
ilişdirdi. - Bilmirsən, bunun içində nə var? Bax bu
qabırğaların altındakını deyirəm eey, ondan
muğayat ol!". Ürək -
mücrü və o qırıldıqda içindən
çıxıb göyə yüksələn içi hava
dolu şar - ah! Bu
ştrix-koda daha bir açar da daxil edilir. İshaqın
sözləri ilə: "Allah, sən kömək ol..."
deyib gərnəşdim və gözləmədiyim halda, qəfil
fərqinə vardım ki, gecə-gündüz dilimdən
düşməyən "Allah" sözünün də
sonu "ah"la bitir...".
"Köhnə mücrüyə elegiya" romanı
müəllifin hər zamankı poetik, canlı, təbii və
axıcı təhkiyəsi ilə yadda qalır. İki
dünya arasında azmış insanın ölümü qəbul
etməsi üçün geriyə - yaddaşa
(başından aldığı zərbə,
çilçıraq və çəhrayı rəng!)
qayıdışı öz sirli-sehrli təəssüratı
ilə uzun zaman oxucunu təsirdə saxlaya bilir.
***
Mübariz
Cəfərlinin son illərdə nəşr edilən iki
romanından biri - "Ərəfə" romanı
tamamlanmamış, sonuna qədər yerinə
oturdulmamış xətlər, açıq qalan, cavablandırılmayan
suallar, sonu naməlum buraxılan hadisələr və s. ilə
yadda qalsa da, romanın sona qədər
yazılmadığını və ya hansısa hissələrinin
ixtisarla verildiyi təəssüratı yaransa da, roman bir
çox "zərbə"lərin dəqiqliyi,
qaldırılan problemlərin kəskinliyi, uzun zaman
yaddaşda qalacaq təsvirlərin və hadisələrin
mövcudluğu, aktuallığı ilə diqqət çəkir.
Bu roman da qloballaşan dünyanın qlobal
problemlərinə üz tutması ilə fərqlənir.
Roman müasir zamanla - pandemiya dövrünün
insanı ilə bağlıdır. Yazıçının
təsvirə məhz dəlixanadan, ağlını itirənlərin
mühitindən başlaması və onunla
"ağıllılar"ın "maskalı cəmiyyəti"
arasında paralel xətlər cızması təsadüfi
deyil. Bu yolla çox asan bir şəkildə
oxucunun diqqətini bəşəriyyət üçün hər
zaman aktual olan "dəlilik" probleminin dərinliklərinə
yönləndirməklə bərabər, ağıllı
olan (və ya özünü ağıllı hesab edən!)
zümrənin nə dərəcədə ağıllı
olduğunu sorğulayır (oxucunu da sorğulamağa vadar
edir). Məhz bu səbəbdən də "Ərəfə",
ilk növbədə, "ağıllıların"
mühiti ilə "dəlilərin" mühiti arasında
keçidlərlə yadda qalır. Sanki "bunların
hansı ağıllıdır?" sualı hər an baş qaldırıb boy vermək
üçün fürsət gözləyir. Bəzi
məqamda, hətta əsas qəhrəmanın (Baş həkimin)
dili ilə səsləndirilir də. Bu
romanda təsvir edilən iki dünya iki deyil, bir süjet xəttinin
inkişafında verilir.
İçəridəki (dəlixanadakı)
"azadlıq" ilk hissədəcə diqqəti cəlb
edir. "İkiləşən", "sən də elə
mənsən" deyərək oradakı (azad olmayan mühitdəki)
azadlığı dəyərləndirən qəhrəmanlar
onu həbsxanadakı "azadlıqla" müqayisəyə
qoyaraq birinciyə üstünlük verirlər. Bayırda yaşaya bilmək üçün
gönüqalın olmalıyıq..." dərki
günahı və real həyatın ağrılarını
daşıya bilməyənlərlə onu qəbul edib
yaşayan "gönüqalınları" üz-üzə
qoyur. O ağrıların bir
daşıyıcısı Mürsəldirsə, digəri də
Baş həkimdir. Biri öz ruhi xəstə
olacaq övladını körpə yaşında əlləri
ilə öldürən Axund, digəri isə ermənidən
olan oğlunun "ərə getməsi" yükünü
ürəyində daşıya-daşıya yaşayan (və
ya yaşaya bilməyən!!!) Baş həkimdir.
İlk hissədə diqqəti çəkən
bu dialoq sona qədər oxucunu izləyir. Hətta o dərəcədə
ki, başa düşürsən: istər ağıllı
ol, istərsə dəli, istər azadlıqda ol, istərsə
dörd divar arasında - əsas problem dəyişməyəcək.
Sən yenə də azad
olmadığını düşünəcəksən, hiss
edəcəksən. Sən yenə də
insanlardan - öz həmcinslərindən qaçmağa
çalışacaq və xilas yolunu bu qaçışda
görəcəksən.
İki dəlinin (ikiləşən insanın)
arasındakı bu dialoq Baş həkimin
qaçışının da səbəbidir. Halbuki o,
ağlı başında olan biridir. Amma
öz duyğularını və fikirlərini bir yerə
toplaya bilmədiyindən qaçış arzusundadır.
Onun düşüncələrinin, duyğularının təqdimi
və ifadəsi də "ağıllı" bir insanın
"itkinliyi"nin sübutudur. Romanda baş həkimin (tənha insanın) daşa,
ağaca, ota - təbiətə inamı, etibarı başqa məqamlarda
da ortaya çıxır. O, təkcə yaddaş
haqqında düşünəndə deyil, ölüm
haqqında düşünəndə belə, məhz təbiətlə
həmahəng ruhda olur. Daşa, ağaca,
quşa, kola çevrilmək istəyi ədəbiyyatımızda
hər zaman aktuallıq kəsb edən bir xətt olubdur.
Əslində, bütün çevrilmə istəklərində
olduğu kimi, bu çevrilmə istəyinin də əsasında
yenə də insanın azadlıq istəyi durur.
İnsan aAğac, daş, torpaq olaraq (yaddaşdan, onun
daşıdığı ağırlıqdan, acılardan,
problemlərdən qurtularaq) daha azad ola biləcəyini
düşünür.
Romanın
əsas ideyası məhz insan "ağlı" ilə,
"yaddaşı" ilə insan "tənhalığı"
arasındakı əlaqənin varlığının
sübutudur. İnsan nə qədər tənhadırsa,
ağlı bir o qədər zərbə altındadır.
İnsan nə qədər bu tənhalıq səbəbindən
ruhundakıları, düşüncəsindəkiləri
paylaşmaq imkanından məhrumdursa, yaddaşın
ağırlığı öz ardınca onun
dağılmasını, sınmasını gətirəcəkdir.
Əslində, müəllif bütün roman boyu kontrastda
olan, bir-birini təkzib edən "dərk etmə" və
"dəlilik" anlayışlarını eyni müstəvidə
yanaşı işlədir. Dəli olan, amma eyni
zamanda da danışdıqlarında müəyyən məntiq
qorunan insanların varlığındakı bu ziddiyyət (bu
fakta diqqət yetirmiş!) hər kəsi
düşündürür. Romanın ən
uğurluq məqamı da bu bəlkə hansısa məqamda hər
kəsi düşündürən bu problemə diqqət
yönləndirməsidir.
Müəllif bu kiçik romanında kiçik və
ilk baxışdan bir o qədər diqqət çəkməyən
ştrixlərlə çox böyük problemlərə
toxunub və bunu təsirli bir şəkildə edə bilibdir.
***
Yuxarıda qeyd edilən romanların hər biri
haqqında söhbət açılacaq. Lakin məruzənin
tam mətnində. "Ədəbiyyat qəzeti"
üçün hazırlanan qısaldılmış
variantını isə onunla tamamlamaq istəyirəm ki, son iki
ilin romanlarında üslub müxtəlifliyi,
mövzu-problematika rəngarəngliyi ilə yanaşı,
müəlliflərin bədii mətni dünya oxucusuna
ünvanlama istəyi də açıq-aydın
müşahidə edilib.
Nərgiz
Cabbarlı
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.20-21.