Ədəbi cərəyanlar müasir

ədəbi prosesdə: 2020-2021

 

Müasir Azərbaycan ədəbi prosesində müşahidə olunan əsas meyil və cərəyanlarla bağlı tədqiqat apararkən ilk qeyd edəcəyimiz məqam ədəbi prosesin bu aspektində polifonikliyin mövcudluğudur. Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, "Müasir Azərbaycan ədəbiyyatı çoxvektorlu, çoxsəsli ədəbiyyatdır... Bu gün Azərbaycan ədəbiyyatı müxtəlif bədii-estetik təmayüllərin təmsil olunduğu rəngarəng bir mənzərə yaradır". Məruzənin əhatə etdiyi dövr - 2020-2021-ci illər ölkə və dünya gündəmində yaddaqalan, gələcəyə doğru yönələn bir sıra dəyişimlərin əsasının qoyulduğu bir zaman kəsiyi kimi tarixdə öz yerini aldı. Qlobal aspektdə koronavirus pandemiyasının yaratdığı yeni realilər, ölkə miqyasında isə Qarabağ savaşının zəfərlə bitməsi həyatın bütün aspektləri kimi, ədəbiyyatda da öz əksini tapmışdır. Biz bu iki ilin bədii materiallarını mövzu, mündəricə baxımından deyil, ədəbi cərəyanların əksi baxımından tədqiqata cəlb edəcəyik. Çağdaş ədəbi gündəmdə olan bədii materiallara əsasən ədəbi prosesdə realizm, neorealizm, dekadentizm, postmodernizm, magik realizm, akademizm kimi cərəyanların var olduğunu söyləyə bilərik.

Realizmdən neorealizmə. 2020-2021-ci ilin ədəbi prosesində realizm cərəyanını Səyyad Aranın "Başdaşı", Səfər Alışarlının "Sifət möcüzələri", Yunus Oğuzun "Uçurum", Azər Abdullanın "Çat, Üç Əbülfəz, Allahla qayıdış", Vidadi Babanlının "Sabah ismarış" və b. əsərlər təmsil edir. Səfər Alışarlının süjeti koronavirus pandemiyası fonunda cərəyan edən "Sifət möcüzələri" povesti realizm cərəyanının spesifik xüsusiyyətlərini özündə ehtiva edir. Səfər Alışarlı yaradıcılığında zaman-zaman realist motivlər, tənqidi realist meyil, Mirzə Cəlil üslubu magik-mistik realizmə keçidin elementləri ilə qarışır. Bu povestdə də həmin tendensiya ilə qarşılaşırıq. Yunus Oğuzun "Uçurum" əsəri tarixi roman janrında qələmə alınsa da, bugünkü reallığı, ölkədə gedən narkomaniyaya qarşı mübarizəni açıq şəkildə, realist boyalarla əks etdirir. Bu əsəri də bəhs edilən dövrün realist əsərləri sırasına daxil edə bilərik.

Neorealizm aspektindən yazıçı Anarın "Təhminənin son sirri", Elçinin "Şanapipik", "Ağadadaşın kişi sözü", "Nadir İbadlı və onun son xəstəsi", "Dördüncü qapı" əsərləri diqqəti cəlb edir. Anarın "Təhminənin son sirri" hekayəsi ədəbi mühitdə rezonans doğurmuş, əsərlə bağlı müxtəlif spektrli fikirlər səsləndirilmişdir. "Ədəbiyyat qəzeti"nin 13 noyabr 2021-ci il tarixli sayında yayımlanmış "Hekayə diskurs kimi: Anar. "Təhminənin son sirri" məqalə-müzakirədə filologiya elmləri doktoru Elnarə Akimova, prof. Cavanşir Yusifli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu hekayə ilə bağlı fikirlərini oxucularla bölüşmüşlər. Anar və Elçin müstəqillik dövründə öz arxetipikləşməyə doğru gedən əsərlərinin, obrazlarının yeni, dekonstruktiv versiyasını yaradırlar.

Dekadentizm cərəyanı Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Qulu Ağsəs, Etimad Başkeçid, Vaqif Bəhmənli, Seyran Səxavət, Ramiz Rövşən, Rəsmiyyə Sabir kimi ədiblərimizin yaradıcılığında öz əksini tapır. 2020-2021-ci illərdə çap olunan Rüstəm Behrudinin "Mükəmməl yalan", Qulu Ağsəsin "4+4: rəqəmsal namə", "İkinci Dünya müharibəsində itkin düşənlərə", "Allah, nolar, əlini uzat, günəşi yandır", Vaqif Bəhmənlinin "Üç ciddi hekayə", "Gözmuncuğu", "Ev telefonum", "On yeddi "Koronavirus" nəğməsi", "Qorxulu nağıl", "Köhnə foto", "Qocalar məclisi" əsərləri dekadentizm elementlərinin ədəbiyyatımızda varlığını sürdürdüyünü sübut edir. 2020-ci ildə koronavirus pandemiyasının fonunda ədəbiyyatda dekantentizm ünsürləri intensiv şəkildə təzahür etməyə başladı. Vaqif Bəhmənli "Bəşəriyyət keçmişindən gülə-gülə ayrılır..." epiqrafı ilə qələmə aldığı "On yeddi koronavirus nəğməsi" şeirində koronavirusun "tərifini" verir. Qulu Ağsəsin mətnlərində koronavirusun gətirdiyi bəlalara münasibətdə çöküşlə yanaşı bir inam da közərir.

Postmodernizm. Tədqiqata cəlb edilən dövrdə İlqar Fəhminin "Ekspressiv pritça", "Yasamal samurayı", "Balaca kişilər", "Bazar günü", "İmperiya IV və peyğəmbər", "Çipləmə və ya Kimin göbələyi", Orxan Fikrətoğlunun "İlğım", "Müqəddəs Avreelin incili", "Pandemik mələk", Ömər Xəyyamın "Bizim analarımız, bizim atalarımız", Murad Köhnəqalanın "Neoqəzəl", "Başqa heç nə istəmirəm", "Şəlaləyə karantin məktubu", "Skleroz tənha", "Bu bir tələdi", Kənan Hacının "Sirr", "Estafet", "Hakimə açılan atəş", Elçin Hüseynbəylinin "Vida" əsərlərində postmodern ritorika milli-mədəni-etnik qatların simbiozunda meydana çıxaraq Azərbaycan postmdernizminin poetikasına yeni çalarlar gətirir. Kamal Abdullanın 2021-ci ildə işıq üzü görən "Laokoon... Laokoon..." romanı Azərbaycan postmodern roman estetikasında tam yeni etapdır. "Laokoon... Laokoon" postmodernlə metamodernin sərhədində dayanan sinkretik, polifonik roman kimi ədəbiyyatımızda doğulmaqda olan yeni cərəyanın müjdəçisi rolunda çıxış edir.

Magik realizm cərəyanını bəhs edilən dövrdə Mübariz Cəfərlinin "Zəncir", "Ərəfə", "Mən doğulanda", "Oyanma", Mövlud Süleymanlının "Ömürdən qıraqda", Zahid Sarıtorpağın "Qiyamət qaziləri", Mübariz Örənin "Homotetiya qanunu", "Minotavrın ölümü" əsərləri təmsil edir. Bəhs edilən yazarların yaradıcılığında cərəyanın milli versiyası dini pritçalara, irfani simvollara və folkor motivlərinə əsaslanaraq inkişaf edir. Zahid Sarıtorpağın poeziyası tədqiqatçıdan irfani rəmzləri, sufizmi dərindən bilməyi tələb edir. Yazarın nəsrində də irfani elementlər əks olunsa da, əsas vurğulanan məqamlar dünya mifoloji mətnləri ilə bağlıdır.

Azərbaycan ədəbi prosesində akademizm cərəyanının da ilkin elementləri izlənməkdədir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus", "Qoşa qanad", "Fizik lirika" layihələri buna bariz nümunədir. Ardıcıl olaraq nəşr olunan "Qoşa qanad" və "Plyus bədii yaradıcılıq" toplularında elmlə bədii təxəyyülün vəhdətindən yaranan ədəbi nümunələr akademizmlə bağlı aparılacaq gələcək elmi tədqiqatlar üçün faktiki baza rolunu oynayır. 2020-2021-ci illərdə qeyd edilən almanaxlarla yanaşı, akademik İsa Həbibbəylinin "Ədəbiyyat qəzeti"ndə çap olunan "XXI əsrin "Xəmsə"si" əsəri, akademik Rəfail Hüseynovun şeirləri, professor Məmməd Əliyevin "Həsrətin o üzü" romanı, professor Vüqar Əhmədin "Koroğlu" romanı, professor Məhərrəm Qasımlının "Əllərini uzat mənə" kitabları, bioloq Sadıq Qarayevin romanları da akademizm cərəyanını təmsil edir.

Akademik İsa Həbibbəyli elmi məqalələri ilə akademizm ədəbi cərəyanının konsepsiyasını formalaşdırmağa cəhd göstərdiyi kimi, bədii yazıları, xüsusilə intellektual şeirləri ilə bu ədəbi cərəyanın nümunəsini göstərir. "Fizika və lirika" layihəsinə rəhbərlik etməsi, "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin təşəbbüsçüsü-yaradıcısı olması, eyni adlı antologiyaları çap etdirməsi akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının yaradıcısı olduğunu söyləməyə əsas verir.

2020-2021-ci ilin ədəbi prosesində ədəbi cərəyanlarla bağlı yeni araşdırmalar və tendensiyaların yeri. 2020-2021-ci illərin ədəbi prosesində ədəbi cərəyanlarla bağlı elmi araşdırmalar, yeni yanaşmalar da mühüm yer tutur. 2020-ci ildə Türkiyədə "Bengü yayınları"nda (Ankara) işıq üzü görən "Türk dünyasında çeyrek asırlık edebi tecrübe: Milli ruh ve edebiyata yansıması" adlı dərs vəsaitinin Azərbaycanla bağlı bölməsinin müəllifi, akademik İsa Həbibbəyli müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tənqidi realizmdən modernizmə və neorealizmə keçid, magik realizm, postmodernizm, dekadentizm, akademizm kimi cərəyanlarla bağlı elmi qənaətlərini bölüşmüşdür. Akademikin 2021-ci ildə İtaliyada Sandro Teti (Roma) nəşriyyatında çap olunan "La letteratura Azerbaigiana di inizio novecento" ("XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı") monoqrafiyasında isə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında maarifçi realizm, tənqidi realizm və romantizm ədəbi cərəyanları ilə bağlı araşdırmaları dünya ədəbi-elmi mühitinə təqdim edilmişdir. 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Akademik İsa Həbibbəylinin ideya müəllifliyi və elmi redaktorluğu, fil.f.d. Elnarə Qaragözovanın tərtibçiliyi ilə "Ədəbi cərəyanlar Azərbaycan ədəbiyyatşünaslığında" adlı biblioqrafik göstərici hazırlanmağa başlamışdır. 2020-2021-ci illərdə akademik İsa Həbibbəylinin, fil.f.d. Elnarə Qaragözovanın, fil.f.d. Nərgiz İsmayılovanın, fil.f.d., Mehman Qaraxanoğlunun, fil.f.d. Aynur Beşkonakın, araşdırmaçı yazar Orhan Arasın və b. postmodernizmin müxtəlif aspektləri ilə bağlı ardıcıl araşdırmaları işıq üzü görmüşdür. "Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı"nda Kamal Abdullanın 2021-ci ildə işıq üzü görmüş postmodern "Laokoon... Laokoon..." romanının müzakirəsi keçirilmiş, qəzetin ardıcıl iki (23.04.2021; 30.04.2021) sayında romanla bağlı fil. e. d. Elnarə Akimovanın (moderator), Xalq şairi Ramiz Rövşənin, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, fil.f.d. Azər Turanın, fil.f.d. Mətanət Vahidin, fil.f.d. Maral Yaqubovanın, yazıçı Vaqif Nəsibin, şair-esseist Qismətin və fil.f.d. Nərgiz İsmayılovanın mülahizələri işıqlandırılmışdır. Ülvi Babayevin (Babasoy) "Türkiyə və Azərbaycan postmodernist nəsrində sosial funksiya probleminin bədii ifadəsi" mövzusunda fil.f.d. dissertasiyası (2021), fil.f.d. Elnarə Qaragözovanın "Postmodernizm" (2021) adlı məqalələr toplusu da postmodernizmlə bağlı iki ilin elmi mündəricəsinə daxildir. Realizm cərəyanının problemlərinin tədqiqi kontekstində akademik İsa Həbibbəylinin "Sənətkarın elmi pasportu seriyası"ndan çap olunan və M.P.Vaqifin Azərbaycan ədəbiyyatında erkən realizmin banisi olması fikrinin əsaslandırıldığı "Molla Pənah olan Vaqif" monoqrafiyası (Bakı, "Elm və təhsil" 2021) mühüm yer tutur. Akademikin "Molla Pənah Vaqif. Erkən realizm ədəbi cərəyanının yaradıcısı" məqaləsində də Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni mərhələ olduğu əsaslandırılmışdır. Tənqidi realizmlə bağlı elmi tədqiqatlar sırasında fil.f.d. Ramiz Qasımovun araşdırmaları xüsusilə diqqəti cəlb edir. Magik realizmlə bağlı bəhs edilən dövrdə Şahanə Müşfiqin "Elçinin "Baş" romanına magik realizm rakursundan baxış", Elnarə Qaragözovanın "Zahid Sarıtorpağın mətnindən süzülənlər" tədqiqatları işıq üzü görmüşdür. Modernizm cərəyanının müxtəlif aspektləri ilə bağlı Kənan Hacının "Modernizmdən kənarda qalan ədəbiyyat: [XX əsrin türk yazıçısı Əhməd Həmdi Tanpınarın "Aydakı qadın" romanı haqqında]", Dalğa Xatunoğlunun "Modern ədəbiyyatın yolu", Vahid Ömərovun "Azərbaycan mədəniyyətində modernizm" araşdırmaları, Əsğər Tahirzadənin 2020-ci ildə nəşr olunan "Modernizm və xəyali cəmiyyət" kitabı maraq doğurur. Romantizmlə bağlı tədqiqatlar sırasında Timuçin Əfəndiyevin "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" adlı sanballı monoqrafiyasını qeyd etmək kifayətdir.

Qənaətlər:

l İki ilin bədii və elmi mündəricəsinə nəzər saldıqda istər bədii, istərsə də elmi aspektdə neorealizm və  postmodernizm ədəbi cərəyanları ilə bağlı materialların daha çox olması diqqəti cəlb edir.

l Elmi tədqiqatlarda ədəbi prosesdə əks olunan cərəyanlarla yanaşı tarixən ədəbiyyatımızda mövcud olmuş cərəyanlarla bağlı tədqiqatlar da davam etməkdədir. 2020-2021-ci illərdə modernizm, erkən realizm, tənqidi realizm və romantizmlə bağlı işıq üzü görən araşdırmalar bu qəbildəndir.

l Neorealizm realizmin  inkişafının yeni mərhələsi olan ədəbi cərəyandır. Bu cərəyan əsasən ədəbi cameədə öz imzasını təsdiq etmiş, xalq  yazıçıları Anar və Elçinin yaradıcılığında ilkin rüşeymlər şəklində meydana çıxır.

l Ədəbi prosesin qeyd edilən dövründə romantizm cərəyanının yeni variantı olan postromantizmlə bağlı diqqətçəkən materiallara rast gəlinmir. Element şəklində müxtəlif cərəyanlara məxsus əsərlərdə izlənilir.

l Modernizm cərəyanı uzun zaman öncə öz yerini postmodernizmə versə də bu cərəyanın izləri 2020-2021-ci ilin ədəbi cərəyanları arasında intensiv inkişafı ilə seçilən, aparıcı mövqedə olan postmodernlə sinkretik şəkildə əks olunur. Bu sinkretiklik əsasən ədəbi cərəyanlara bələdliyi ilə seçilən müəlliflərin yaradıcılığında qabarıqdır. Bir daha əminliklə qeyd edə bilərik ki, Azərbaycan ədəbiyyatında modernizm cərəyanı tam başa çatmışdır. XXI əsr postmodernizm dövrüdür.

l 2020-2021-ci ilin ədəbi prosesində dekadentizm fraqmentar xarakter daşıyır. Bu cərəyanın fraqmentlərinin ədəbi prosesdə yenidən canlanmasına təkan verən əsas səbəb koronavirus pandemiyası ilə bağlı yaranan çöküş, apokalipsis tendensiyaları olmuşdur.

l Daha öncəki illərin ədəbi prosesində akademizmin ilkin cizgiləri izlənirdi. Bəhs edilən dövrün ədəbi mənzərəsində akademizm cərəyanına məxsus həmin cizgilərin dərinləşməyə başladığını müşahidə edirik.

 

Elnarə QARAGÖZOVA

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.24.