2020-2021-ci illərin
bədii publisistikası
Azərbaycanın
ədəbi-bədii və ictimai-siyasi fikir tarixində
publisistikanın əhəmiyyətli yer tutmasını milli
mühitin gerçəkləri, çoxsaylı sənət
və mədəniyyət nümunələri, faktları,
jurnalistikaya dair zəngin arxiv sənədləri əsaslı
şəkildə təsdiqləməkdədir.
"Azərbaycan
publisistikasının öz missiyasını və
funksiyasını necə yerinə yetirdiyini "Ədəbiyyat
qəzeti"nin saylarında dərc olunmuş
çoxsaylı - həm mövzu, həm ideya-məzmun cəhətdən
əlvan yaradıcılıq nümunələri də əks
etdirir. Həmin yazılarda dövrün istimai-siyasi hadisələri
təhlil olunur, ədəbi-tarixi problemlərə münasibət
göstərilir. "Ədəbiyat qəzeti"ndə
çıxış edən ədib və publisistlərin bu
janrın gündən-günə artan tələblərinə
uyğun bir səviyyədə yaradıcılıq məharəti
sərgiləməsi, onların publisist
yaradıcılığı təcrübəsinin öyrənilməsi
vacib nəticələrdən biridir.
Ədəbi
dünyamızın salnaməçisi sayılan "Ədəbiyyat
qəzeti" dərc olunduğu illər ərzində milli-mənəvi
dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirməyə
və gələcək nəsillərə ötürməyə
çalışmışdır. Sosial-didaktik problemlər məhz
elm-sənət xadimlərimizin qəzet polemikalarında həllini
tapa bilmişdir.
"Ədəbiyyat
qəzeti" bu gün müstəqillik
dövrümüzün ədəbi panoramını
yaradır, milli-ədəbi prosesə orijinal töhfələr
verir. Azərbaycanın strateji mövqe və maraqlarına,
tarixi ümid və arzularına layiqli xidmət nümunəsi
göstərir. Bu, tarix yaradan və tarixə yazılan xidmət,
ədəbi və əbədi xidmətdir. Qəzetdə Xalq
yazıçılarımızdan Anar, Elçin, Sabir Rüstəmxanlı,
Elmira Axundova, akademiklərdən İsa Həbibbəyli, Teymur
Kərimli, Nizami Cəfərov, tənqidçi-ədəbiyyatşünaslardan
Azər Turan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Cavanşir
Yusifli, Rüstəm Kamal, Elnarə Akimova kimi imzası məşhur
müəlliflər tez-tez çıxış edir.
"Ədəbiyyat
qəzeti" söz, mətbu azadlığını layiqincə
qiymətləndirəcək həyatın bütün sahələrinə
nüfuz edir, ən müxtəlif sosial-siyasi, tarixi, mədəni,
mənəvi-əxlaqi və başqa problemlərlə
bağlı düşüncələrin geniş-siyasi, elmi və
bədii publisistika formalarında ifadəsinə meydan verir. Məsələn,
elmi-publisistika janrında yazılar silsiləsində akademik
İsa Həbibbəylinin ədəbiyyatın dövrləşmə
konsepsiyası və ədəbi proses mövzusundakı məqalələri
diqqəti xüsusilə cəlb edir. Bu silsilədə yer alan
"Qələmin səsi"ndən xalqın sözünə"
(16.07.2020), "Gerçək ədəbiyyatın
özünütəsdiqi" (20.12.2020), "Dədə
Qorqud dünyasına giriş" (09.12.2020),
"Bütövlük və genişlik" (20.10.2020) və
s. adlı yazılarda mühüm tarixi hadisələrin,
ictimai mühitin ədəbiyyata təsiri və bu kontekstdə
ədəbiyyat tarixinin dövrləşdirilməsi prinsiplərinə
yenidən baxılmasının zəruriliyi məsələsindən
bəhs olunur.
"Ədəbiyyat
qəzeti"ndə təkcə keçən il onlarca müəllifin
publisist məqaləsi dərc edilmişdir. Onlardan Nizami Cəfərovun
"Ana, getdim, salamat qal!" (S.Vurğunun "Ananın
öyüdü" şeiri haqqında (25 iyul 2020), Azər
Turanın "Milli mətbuat, Ayasofyada namaz və Tovuz hadisələri"
(25 iyul 2020), Esmira Fuad Şükürovanın "Behcətabad
xatirəsi" - bir gecəlik intizarın yaratdığı
eşq dastanı" (18 sentyabr 2020), Pərvanə Məmmədlinin
"Cənubda ədəbi proses" (5 noyabr 2020) və s.
adlı məqalələrini uğurlu elmi-publisist
araşdırmalarının nəticəsi kimi qeyd etmək
istərdik.
Vətən
müharibəsi dövründə "Ədəbiyyat qəzeti"ndə
bir-birindən dəyərli şeirlər, poemalar, hekayələr,
pyeslər təqdim olundu. İlqar Fəhminin "Balaca
kişilər" poeması (12 noyabr 2020), Elxan Zalın
"Qarabağda Səlcuq şikəstəsi" (4 noyabr
2020), Qulu Ağsəsin hələ savaşdan öncə və
sırf estetik planda yaratdığı "Şuşa"
(23 noyabr 2020) şeirindən sonra qələbə günlərində
yazdığı "Ağdam" şeirini də bu
sıraya əlavə etmək olar.
Rüstəm
Kamalın "Müharibə savaşımız və
sözümüz" (7 noyabr 2020), Cavanşir Yusiflinin
"Müharibə və ədəbiyyat davası" (4
noyabr 2020), Mətanət Vahidin "Qalib ölkənin vətəndaşı
olmaq" (19 noyabr 2020), Tehran Əlişanoğlunun
"Qalibiyyət və ədəbiyyatın dərsləri"
(15 oktyabr 2020), Vaqif Yusiflinin "Poeziya susmur... Vətən əsgərdən
başlayır" (Tənqidçinin publisistik qeydləri)
(11 noyabr 2020), Elnarə Akimovanın "Yalnız Qarabağ
uğrunda" (10 oktyabr 2020), "Şuşada Azan səsi"
(16 sentyabr 2020), "Atıldı dağlardan zəfər
topları" (16 sentyabr 2020) tənqidi yazılarının
predmetini ancaq müharibə mətnləri, Qarabağda, Gəncədə
baş verən proseslərin analizi təşkil etdi.
"Ədəbiyyat
qəzeti"nin Baş redaktoru Azər Turan moderator.az
saytına verdiyi müsahibəsində qeyd edir: "Ulduz"
jurnalı "Ədəbiyyat qəzeti" ilə birgə qəzetin
şöbə müdiri, filologiya elmləri doktoru Elnarə
Akimovanın ön sözü və tərtibatçılığı
ilə "Poeziyada Vətən" adlı özəl
sayını təqdim etdi. Ədəbiyyat tariximizin son yüz
ilində ilk dəfədir ki, Qarabağ bu şəkildə Azərbaycan
ədəbiyyatına daxil oldu. "Ədəbiyyat qəzeti"
qalib əsgərin, qalib Azərbaycanın obrazının
yaradılmasında iştirak etdi. Bu nümunələrlə
ilk dəfədir ki, ədəbiyyatımızda Ali Baş
Komandanın obrazı yaradıldı. Qəzetin ilk sayından
başlayaraq, manşetdən tutmuş, son səhifəsinə
qədər müharibənin dinamikası göz önündə
sərgiləndi. Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə
hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə
dövrünün ən mükəmməl örnəklərini
qazandırdı. Onsuz da qəzetdə daim əsas ideya, məfkurə
xəttinə çevirən türkçülük istiqaməti
müharibənin ən həlledici, ən kəskin dönəmlərində
strateji olaraq bu mövqeni möhkəmləndirən, ideoloji
dürüstlüyü meyar seçən mətnlərlə
meydana qoyuldu".
Azər
Turanın rəhbərlik etdiyi "Ədəbiyyat qəzeti"nin
"Nizami Gəncəvi İli" 2021-ci il 9 oktyabr tarixli
Xüsusi buraxılışı nizamişünaslıq
elminin inkişafında tamamilə fərqli hadisədir.
İlk dəfədir ki, bir qəzet bütünlüklə
Nizami Gəncəviyə həsr olunub. Bu buraxılışda
Nizaminin müasirləri olmuş şairlərin əsərlərindən
tərcümələr vardır. Eyni zamanda bu gün
nizamişünaslıq istiqamətində görülən
işlərə aid icmallar, yeni xəbərlər, Nizami ilə
bağlı bu gün prosesin necə getməsi öz əksini
tapıb.
Akademik
İsa Həbibbəyli xüsusi buraxılışın
hazırlanmasının zərurəti və əhəmiyyətindən
söz açıb: ""Ədəbiyyat qəzeti"nin
Nizami Gəncəvi ilinə həsr olunmuş 9 oktyabr saylı
buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm.
Biz bu xüsusi buraxılış vasitəsilə
nizamişünaslıqda gedən prosesləri izləyə
bilirik. Bu yalnız elmi məqalələr təqdim edən
xüsusi buraxılış deyil. Yalnız tərcümələr
meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində
bütün yönləri ilə təqdim edir. Burada, həmçinin
bu gün nizamişünaslıqda görülən işlərə
aid xəbərlər əksini tapıb. Bu gün də proses
necə gedir, hansı tədbirlər keçirilir, bu barədə
məlumat alırıq. 2021-ci ildə Azərbaycan
nizamişünaslığının hansı səviyyədə
olduğu, hansı axtarışlar apardığı,
hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə,
bu qəzet onu əks etdirə bilir" (26.10.2021).
Oxuculara təqdim
edilmiş çoxsaylı publisist
yaradıcılığı nümunələrinin təhlili
göstərir ki, publisistika bu gün də həyatla nəfəs
alır və ədəbi-ictimai prosesin ön xəttində
mövqe tutmağa səy göstərir. Bu da
yaşadığımız dövrün
"ovqatını" müəyyən edən dünyəvi
hadisələrin yenə kifayət qədər mürəkkəb
olması və ölkəmizdə gedən proseslərin
dinamiklik və çoxşaxəlilik (quruculuq,
islahatçılıq, inteqrasiya və s.) kimi xüsusiyyətləri
ilə əlaqədardır.
Publisistik
yazılara ümumi bir nəzər saldıqda
görürük ki, burada əsas leytmotiv sənətlə həyatın
əlaqələrinin möhkəmləndirilməsi, müstəqil
dövlət quruculuğu prosesində ədəbiyyatın
rolunun artırılması, mədəni inteqrasiya proseslərində
iştirakın fəallaşdırılması məsələləridir.
Ümumilikdə
götürdükdə, qəzetin dərc etdiyi publisist
materialların mövzu rəngarəngliyi, məzmun
çaları belə deməyə əsas verir ki, müasir bədii
publisist təfəkkür ayrı-ayrı fakt, hadisə əsasında,
sözün qüdrətinə, publisist təfəkkürə
güvənməklə toxunulan problemin həllinə cəhd
göstərir və "Ədəbiyyat qəzeti"nin
publisistika materialları müasir publisistika
yaradıcılığı, mövzu-problematika təkamülü,
ideya-məzmun xüsusiyyətləri, sənətkarlıq
axtarışları haqqında təsəvvür yaratmağa
imkan verir.
"525-ci
qəzet" həyat axarını operativ surətdə
informasiyalaşdırmaqla yanaşı, cəmiyyəti
düşündürən ən müxtəlif problemlərlə
bağlı publisist düşüncələrin geniş -
siyasi, elmi və bədii publisistika formalarında ifadəsinə
meydan verir. Qəzet buna həm peşəkar redaksiya kollektivi formalaşdırmaqla,
həm də nüfuzlu söz, qələm sahibləri ilə
sıx əməkdaşlıq əlaqələri yaratmaqla
nail ola bilir. Xüsusən də qəzetin Xalq
yazıçılarımızdan Anar, Elçin, akademiklərimizdən
İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov,
professorlarımızdan Vilayət Quliyev, Qulu Məhərrəmli,
tənqidçi-ədəbiyyatşünaslarımızdan
Vaqif Yusifli, yazıçı-publisistlərimizdən Elmira
Axundova, Sadıq Elcanlı və b. kimi imzası məşhur
seçmə müəllifləri öz ətafına
toplayıb onların müəyyən mövzu-problemlər
üzrə silsilə məqalələrini dərc etməsi
publisist fəallığa sövq etmə vasitəsi kimi diqqəti
çəkməyə bilmir.
Çap
olunan qəzetlər içərisində "Kredo" da
öz dəst-xətti ilə seçilir. Bu gün
"Kredo" mətbuat aləmindəki problemlərlə
çiyin-çiyinə dayanaraq dözüm, iradə və cəsarət
nümayiş etdirir. Onun səhifələrində Azərbaycanın
mədəni quruculuğunun, sosial həyatının hər
sahəsinin izi var. "Kredo"da nəinki Azərbaycanın
ictimai fəaliyyəti, sənət adamlarının ərsəyə
gətirdiyi dərin məzmunlu əsərlər,
xalqımızın ictimai-siyasi-mədəni həyatında
baş verən yeniliklər, dövlətçiliyimizin
inkişafı yolunda aparılan məqsədyönlü
işlər, elm-sənət yolunda əldə edilən
yeniliklər, Azərbaycan gəncliyinin dünəni,
bugünü unudulmaz sənət adamlarının,
böyük alimlərin, filosofların, tarixin müxtəlif məqamlarında
yetişmiş tarixi şəxsiyyətlərin, repressiya
qurbanlarının acınacaqlı, faciəli taleyi, xalq ədəbiyyatının
inkişafında misilsiz rol oynayan sənətkarların,
aşıqların, ozanların, dahi sənət
adamlarının, ən böyük tarixi abidələrimizin,
dil-dövlət, dilimizin inkişafında - Azərbaycan dilinin
dövlət dili kimi inkişafında gedən müxtəlif
dövrlərdəki hadisələri özündə əks
etdirən yazılarla zəngindir.
Ümumiyyətlə,
qəzetin oxuculara təqdim etdiyi publisist yazılardan əksəriyyətinin
qayəsini Qarabağ döyüşü - Qarabağ həqiqətlərinin
ölkə ictimaiyyətinə və dünyaya
çatdırılması prosesi təşkil edir. Professor
Nizami Məmmədovun (Tağısoy) "8 Noyabr
Şuşamız azadlıq, Səbuhi şəhidlik zirvəsində
qərar tutdu" (10 dekabr 2020), Sevindik Nəsiboğlunun
"Şuşa fatehi - Zəfərin oğlu" (07 aprel 2020),
Ülvi Aydının "Qarabağ Azərbaycandır",
Əi Rza Xələflinin "Üzü Qarabağa" (23
avqust 2020), Nazim Məmmədovun "Aprel döyüşləri
və onun tarixi əhəmiyyəti", Gülnar Səmanın
"Ürəyindən vurulan şəhid" (29 oktyabr 2020)
və s. yazılar qəzetin səhifələrində öz əksini
tapmışdır.
"Hədəf
Nəşrləri"nin təsis etdiyi, ədəbiyyat və
sənət dərgisi olan "Ustad" jurnalının
2020-ci il 33-cü sayı dərc olunub. "Ustad"
jurnalı çoxsaylı mətbu nəşrlər
sırasında yenilərdən hesab edilsə də, öz dəst-xəttini
dəqiq təyin edə bilmişdir.
Jurnalda
müxtəlif maraqlı layihələr, yeni müəlliflər
yer alıb. Şəmil Sadiqin "Ədəbiyyat dərslərinin
tədrisində yenilik vacibdir", Asif Rüstəmlinin
"Ədəbiyyat İnstitutunun beş aylıq sələfi",
Niyazi Mehdinin "Hessenin bir deyiminin ucundan tutub gedəndə… Semantikasız
dünya", Maral Baharın Füzulinin şeirlərinə həsr
etdiyi "Küləklər şəhəri Bakıdan
eşq və iztirab şairinə səyahət"
yazıları oxunaqlığı, zəruri məqamlara diqqət
çəkmə gücü ilə seçilir.
Azərbaycan
publisistikasının öz vəzifəsini və
funksiyasını necə yerinə yetirdiyini "Xəzan"
jurnalının saylarında dərc olunmuş coxsaylı
ideya-məzmun cəhətdən əlvan yaradıcılıq
nümunələrində əks etdirir.
"Xəzan"
23 fevral 2016-cı ildən etibarən Azərbaycan nəşriyyat
evində dərc olunan ədəbi-bədii jurnaldır.
Jurnalın təsisçisi və baş redaktoru Əli bəy
Azəridir. O, bir nasir və qələm adamı kimi, orijinal dəst-xəttə,
özünəməxsus yaradıcılıq üslubuna malik
ziyalılarımızdandır. Müharibə
veteranıdır. "Xəzan" jurnalı artıq
neçə illərdir ki, Azərbaycan oxucusuna Azərbaycan ədəbi-ictimai
mühitinə kifayət qədər ardıçıl,
professional səviyyədə yazılar təqdim edir. Son iki
ildə jurnalda Şahməmməd Dağlaroğlu, Elçin
Kamal, Göyərçin Kərimi, Aslan Quliyev, Fərhad
Ramizoğlu, Rəhman Bayram, Zaur Ustac, Məhəmməd
Əli, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Budaq Təhməz
və b. kimi imzası məşhur müəlliflər tez-tez
çıxış edir. Bu müəlliflərin jurnalda
çap olunan əsərlərində yüksək vətənpərvərlik
və ziyalılıq hissləri ilk baxışdan duyulur.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi
və publisistika şöbəsi, elmi işçisi Dilbər
Rzayevanın "Bəhlul" satirik jurnalında "Molla Nəsrəddin"
ənənələri" məqaləsi ciddi
araşdırmanın məhsuludur və təqdirəlayiq
haldır. Bu sahədə aparılan araşdırmalar
müasir ədəbi proseslərə bir nümunədir.
Göyərçin Kəriminin "Ümidi söz olan
şair" məqaləsi (Fikrət Sadıq
yaradıcılığına həsr olunub), Zaur Ustacın
"Hərb mövzulu yazılar" sərlövhəli
yazıda müharibə mövzusunda yazılmış əsərlərdə
müəlliflərin yol verdiyi nöqsanlardan söhbət
açılır. (Aprel-may, say - 33, 2021).
"Ulduz"
jurnalında publisist fəallığına sövq edən
yeni, maraqlı formalar diqqəti cəlb edir. "Ulduz"
jurnalının 2021-ci il üçün işıq
üzü görən ilk sayı "Ədəbiyyat qəzeti"
ilə birgə layihənin əsasında hasilə gələn,
poeziyamızda vətən, Qarabağ mövzusuna həsr
olunmuş "Xüsusi buraxılış"dır.
Şeirlərin tərtibatçısı və "Poeziyada
Vətən" adlı ön sözün müəllifi
filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi
Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə
şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi
şəhidlərinin xatirəsinə ithafdır.
"Azərbaycan"
jurnalında dərc olunmuş publisistik materialların
ideya-estetik xüsusiyyətləri, üslub zənginliyi,
azadlıq uğrunda mübarizə əhval-ruhiyyəsi,
Qarabağda və onun ətrafında baş verən hadisələri
təfərrüatı ilə işıqlandırmaq meyili onu
göstərir ki, bu jurnal bədii-publisist salnaməsini
yaratmağa çalışır, publisistikamızın elmi,
ictimai-siyasi mühakimə gücünü artırır, ədəbiyyatımızda
yeni forma və üslublar yaradır, bütün bunları
diqqətlə və əhatəli surətdə
araşdırmaq, heç şübhəsiz ki, müasir ədəbi
prosesin tədqiqi vəzifələrini genişləndirəcək
və ümumən, ədəbiyyatşünaslıq elmimizin
inkişafına öz töhfəsini verəcəkdir"
[9.s.14].
Musa
Yaqubun son illərdə qələmə aldığı
şeirlər, Anarın "Azad bir quşdum" adlı
ikiseriyalı bədii filmin ədəbi ssenarisi, Zahid
Sarıtorpağın "Köhnə mücrüyə
elegiya", Azər Abdullanın "Çat", Səyyad
Aranın "Başdaşı" romanları, Nurəddin Ədiloğlunun
"Bumeranq" povesti, Aydın Tağıyevin
"İsrailin Suru hekayəsi", Sevinc Nuruqızının
hekayələri, uşaq ədəbiyyatına dair Qəşəm
Nəcəfzadənin "Yeni uşaq söhbəti", Elnarə
Akimovanın "Uşaq ədəbiyyatının yeni qəhrəmanları"
məqalələri, "Tənqid və ədəbiyyatşünaslıq"
bölümündə yer alan Qorxmaz Quliyev, Südabə
Ağabalayeva, Vaqif Yusifli və İntiqam Qasımzadənin
müəllif yazıları "Azərbaycan"
jurnalında çap olunan maraqlı nümunələrdəndir.
İyul-avqust
nömrəsi yazıçı Sabir Əhmədlinin 90 illiyinə
həsr olunmuşdu. Elnarə Akimovanın "Sabir Əhmədli
- yaralarına sığınıb yaşayan adam" adlı
yazısı jurnalın ən maraqlı yazılarından
oldu.
Beləliklə,
yuxarıda adları çəkilmiş qəzet və
jurnalların hər birinin nəzəri-estetik keyfiyyəti və
ictimai-mədəni təyinatı əsas
götürülmüş, ümumiyyətlə milli
publisistik fikrin inkişaf tarixində və müstəqillik
dövründə jurnal publisistikasının ideya-estetik prinsiplərini
müəyyənləşdirir, yeni dövrdə onun mövzu
dairəsini, ideya-bədii istiqamətləri
işıqlandırılmışdır.
Vüqar ƏHMƏD
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.26.