Azərbaycanın rusdilli

ədəbiyyatı - 2020-21

 

Rusdilli ədəbiyyatımızın nümayəndələrinin bir qismi bu gün müxtəlif ölkələrdə məskunlaşmış olsalar da, onların Azərbaycan mədəniyyətinə, tarixinə olan marağı, sevgisi tükənməzdir. Buna görə yaradıcılıqlarında xalqımızın tanınmış insanları, mədəniyyəti, tarixi haqqında mövzulara geniş yer verirlər. "Literaturnıy Azerbaydjan" jurnalının səhifələrində xaricdə yaşayan soydaşlarımızın əsərləri mütəmadi olaraq çap olunur. A.Jdanovun (Kalininqrad), K.Tarayevin (Novqorod) hekayələri əsasən avtobioqrafik səciyyə daşıyır. Doğma Bakının, şəhərin sakinlərinin əks olunduğu əsərlərdə ötən illər nostalgiya ilə anılır. İl ərzində dərgidə, həmçinin A.Kofmanın (ABŞ), A. Alaverdovanın (ABŞ) şeirlərinə də yer verilib.

Azərbaycan əsilli rusdilli yazıçılarımız ölkə hüdudlarından kənarda da çap olunurlar. Nəzərdən keçirilən illər ərzində A.Məmmədovun ("Dzgn v qorode N.", nomer 12, 2020), A.Məmmədovanın ("Starik reşil umeretğ", nomer 8, 2021) hekayələri "Drujba narodov" (Rusiya) jurnalında dərc edilmişdir.

Poeziyadan bəhs etdikdə, əsasən tanınmış imzalarla qarşılaşırıq. Bu sırada, Ə.Məlikov, T.Ağayev, M.Şəfiyev, N.Həsənzadə, L.Bağırova, T.Markova və bir çox başqa şairlərin adlarını çəkmək yerinə düşər.

Rusdilli ədəbiyyatımızın istedadlı simalarından olan Tofiq Ağayevin haykularında antitezadan doğan məna bitkinliyi, qısa sətirlərdəki ideyanın düşündürücülüyü, poetik sözün və fəlsəfi məzmunun vəhdətindən doğan cazibəsi əks olunub:

 

Saat mağazası

Burada həqiqət (dəqiqlik) yoxdur

Hər saat fərqli vaxt göstərir. 

Ölmüş müdriklər

Həyat dərsi verirlər

Kitablar oxuyuram.

 

Ötən ilin nəsr nümunələrinə nəzər saldıqda yazarların müxtəlif janrlara müraciət etdiyi, fərqli üslublardan istifadə edərək müasir həyatımızı daha dolğun ifadə etməyə çalışdıqları bəlli olur.

Müəllif tərəfindən qələmə alınan nağıllarda əsasən, folklora (mifə) xas məlum stereotiplər aradan qalxır, ənənəvi personajlar tam fərqli, əks xüsusiyyətlərin daşıyıcıları olaraq əks olunurlar. Müasir dünyanın problemlərindən nağıl dili ilə bəhs edən G.Tofiqqızının, Laçının böyüklər üçün nağıllar silsiləsi bu nümunələrdəndir. Əsasən fantastika janrında yazılmış əsərlərin müəllifi olan İ.Revvanın "Povodok" Kuin babanın nağılları sərlövhəsi altında çap olunmuş əsəri (2021) mistik realist üslubda yazılmış hekayə olaraq maraq doğurur. Pritçevarilik, mif-folklor motivlərinə müraciət nəsrimizdə yenidən gündəmə gəlməkdədir. Aydanın "Bessmıslenno iskatğ smısl" (2021) (birpərdəlik yumoristik tamaşa) pyesində Şeytan ilə Yaradanın qarşıdurması əks olunub. M.Dursunovun "Cənnətə aparan keşməkeşli yol" (2020) povestində keçid dövrünə xas xaos, şər qüvvələrin ustünlüyü nağılvari təhkiyə, qrotesk vasitəsilə əks olunur. Hadisələr Zoğallı kəndində, qapalı bir məkanda yaşanır. Əsərdə ölüm qorxusu, axirət əzabından can qurtararaq cənnətə düşməyə çalışan kənd camaatı canlandırılıb, şeytan, axirətə səyahət motivi, qaranlığa qərq olan kənd, içkiyə aludə olan insanlar, mifik (dualistik) dünya modelindən istifadə edilib. Müəllifin bu əsəri "Zoğallı camaatı" haqqında silsilə povestlər üçün zəmin olmuşdur, 2021-ci il ərzində yazar bu mövzuda daha iki povest qələmə almışdır.

Əsərlərini janr baxımından təsnif edən bir çox müəlliflərin çox zaman yanıldıqları ədəbiyyat tarixinin danılmaz faktıdır. Bu baxımdam, Temur Məmmədzadənin "Corvus Corax" (2021) hekayəsi fantastik hekayə olaraq təqdim edilsə də, əsərin məzmununa əsasən onu lirik-dramatik janra aid etmək daha doğru olar.

Ötən illər ərzində tarixi mövzuda yazılmış bir neçə əsər çap olunmuşdur. V.Mişin və Ş.Süleymanov "Tretğə drevneyşaə" romanı (2021), M.Səfərovun "Qonur ayı, boz qurd...", "...Parıltı dalğaları rəngləndirəcək..." (2021) povestləri bu cür nümunələrdəndir.

Roman və povestləri rus ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanan Afanasiy Məmmədov həm "Kinovarğ, ili Perezaqruzka v Tunise" povestində (əsər ilk dəfə Rusiyada "Drujba narodov" jurnalında 2015, 10-cu sayında nəşr edilib), həm də "Ənkelğ i pustıe xolmı" (2021) hekayəsində psixoloji-fəlsəfi üslubuna sadiqdir.

2019-cu ilin "Nəsimi İli" elan edilməsi şairin yaradıcılığına, şəxsiyyətinə olan marağın artmasına səbəb oldu. Samit Əliyevin "Soyulmuş dərisiylə" (2020) povestində kino sənətimizdə, ədəbiyyatımızda yetərincə canlandırılmış Teymurləng, Nəsimi obrazlarına müasir dövr müstəvisindən baxış yer alıb.

Yalnız Nəsminin taleyini deyil, onu əhatə edən cəhaləti göstərməyə çalışan müəllif şəhər-şəhər dolaşan, sərgərdan şairin taleyinə yeni yozum verməyə çalışmışdır. Bununla belə, postmodernizmin formal xüsusiyyətlərinə əməl olunsa da, müəllif mövzuya postmodern baxış nümayiş etdirə bilməmişdir. Tarixi mühit, dövrün ideyaları, din, təriqət və hakimiyyət qarşıdurmasının fəlsəfi kökləri çözülməmiş, fəlsəfi-mistik şair kimi tanınan Nəsiminin həyatının əsas qatları açılmamış qalmışdır.

Həmişə olduğu kimi, ədəbiyyat yenə də müasir mövzulara həssadır, belə ki, həyatımızı zəbt edən virus mövzusunda qələmə alınmış əsərlər sırasında T.Əlinin "Mirzə Xəzər və virus" povestini, G.Ağaməmmədovanın "Koronavirus xronikası", R.Mustafazadənin "Pandemiya", P.Hüseynovun "Kukla ustasının qeydləri" əsərlərini misal çəkmək olar.

Nəzərdən keçirilən illər ərzində İ.Peresadanın "Məryəm" povesti, T.Əlinin "Kariatida" kinopovesti, N.Rəsulzadənin, L.Bağırovanın, G.Ağaməmmədovanın və başqa bir çox müəlliflərin nəsr əsərləri çap olunmuşdur.

Rusdilli müəlliflərin yaradıcılığından bəhs edərkən tərcümə işini də unutmaq olmaz. Jurnalın səhifələrində Azərbaycan dilində qələmə alınmış bir çox əsərlər tərcümə edilərək çap olunur. Tərcümələr Marat Şəfiyev, Nicat Məmmədov, Alina Talıbova, İren Tasalova və başqa müəlliflər tərəfindən edilmişdir. Əyyub Qiyas ("Sonuncu büt") arzularımızın şəhəri, yaralarımıza məlhəm bildiyimiz Şuşanı uzun illərdən sonra təsvir edən ilk nasirlərimizdəndir. Bu səbəbdən, qələbəmiz gerçəkləşdikdən sonra "Literaturnıy Azerbaydjan" jurnalının əsəri rus dilində çap etməsi (roman ilk dəfə 2007-ci ildə Azərbaycan dilində nəşr olunub) anlaşılandır. Yaşadıqlarımız, şahidi olduqlarımız gerçəkliklər romanın yeni oxunuşunu labüdləşdirir.

Sosial şəbəkələr oxucu və müəllif arasındakı sərhədləri maksimum şəkildə qısaltmağa imkan verir. Bir çox müəlliflər müharibə dövründə, qələbə ərəfəsində yaşanan hadisələri həssaslıqla izləyərək bu mövzuda qələmə aldıqları əsərlərini "isti-isti" oxucuları ilə bölüşmüşlər. N.Məmmədzadənin qələbəmizdən bir neçə həftə öncə qələmə aldığı "Həmin gün uzaqda deyil... Qələbə günü" üç uşaqlıq dostundan bəhs edən miniatür-hekayəsi simvolik anlam kəsb edir. Həmin günlərdə S.Məmmədovun "30 il sonra" (18 noyabr 2020), N.Məmmədzadənin "Məni tək buraxma" (7 noyabr), A.Radionovun qələbəmizə həsr etdiyi "Arzunun sonu" və başqa əsərlər müəlliflər tərəfindən saytlarda yerləşdirilmişdir. Müharibə günlərində Leyla Bəyim "27 sentyabr" şeirini qələmə almış, Şuşaya şeir həsr edərək ("Şuşa") Cıdır düzündə səsləndirmişdir. Daha bir müəllifimiz Nailə Nadir də qələbəyə şeir ("Perevernutaə straniüa") həsr etmiş, bu mövzuda esse ("Əsgərə məktub"), hekayə ("V tvoey zemle" 2020) yazmışdır.

Yazıçı-şairə N.Məmmədzadənin "Baş tutmayan müsahibə" başlıqlı esselər silsiləsi İkinci Qarabağ müharibəsində şəhid olmuş əsgərlərimizin xatirəsinə həsr olunmuşdur. Sonradan esselər rus və ingilis dilinə tərcümə olunaraq ayrıca kitab şəklində ("Müharibənin səsi") (2021) çap olunmuşdur. Şəhid olmuş insanlarla qarşılaşma, ruhlarla görüş olaraq qələmə alınmış bu esselərdə yazar həyatı, arzuları yarıda qalmış insanlar haqqında bioqrafik məlumat verməyə deyil, daha çox onların hisslərini, düşüncələrini ifadə etməyə, bir sözlə, psixoloji portretini yaratmağa, bitmiş talelərə yeni həyat verməyə çalışmışdır. Kitabda 50-dən çox müsahibə yer almışdır.

Leyla Bəyimin "Mən də sevirəm" (2021) povestində dinamik təhkiyə strukturu - indi və keçmişin bir müstəvidə əks olunması, yaşanan gərgin psixoloji durumu əks etdirməyə imkan verir. Təhkiyənin tempi əsərin janr, üslub xüsusiyyətlərinə də təsirsiz ötüşmür: hekayədə dramatik, lirik, epik üslubun sintezi yer alır. Qələbə istəyi - insanın bütün varlığını saran bir hiss və buna nail olmaq üçün verməli olduğu qurbanın ağırlığı - dramatik bir durumu adlayan insanın həyatı məhz həmin dövr müstəvisindən əks olunur, təhkiyə bu an üzərində fokuslanır. Əsərin qeyri-adi tempi müharibədə sevdiyini itirən qadının nisgilini daha əyani şəkildə canlanmasına imkan verməklə yanaşı, "keçmiş ağrı və ya gələcəyin xiffəti ilə deyil, indiki zamanda xoşbəxt olan insanlar"ın canlandırılması üçün uğurlu vasitə olaraq çıxış edir.

Beləliklə, yola saldığımız ildə yaşadığımız zəfər sevinci ədəbiyyatımızda yeni şanlı səhifənin başlanğıcı oldu. Son illərdə ədəbiyyatımızda ayrı-ayrı insanların həyat hekayətlərinin təsvirinə daha çox yer verildiyi, tarixi hadisələrin əks olunduğu irihəcmli əsərlərin isə sayının az olduğu müşahidə olunur. Halbuki, yaxın tariximiz həm mövzu, həm də şəxsiyyət baxımından bu mövzuların işlənməsi üçün yetərincə material verir. Müasir dövrdə ayrı-ayrı qəhrəmanlarımız, Qarabağ mövzusunda yazılanlarla birgə bu mövzulara ümumiləşdirilmiş baxışın yer aldığı əsərlərin yaranması zəruridir.

 

Lalə HƏSƏNOVA

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.27.