Azərbaycan uşaq poeziyası - 2020-2021

 

2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarix oldu.

Baş verən siyasi tarixi əhəmiyyətli hadisələrə rəğmən, hər il olduğu kimi, bu son iki ildə ədəbi prosesdə uşaq poeziyası öz inkişaf dinamikasını qoruyub saxladı, cərəyan edən hadisələrə qarşı biganə qalmayan şair yazıçılar əsasən vətənpərvərliyin təbliği, zəfərimizin intişarı məzmunlu poetik nümunələrlə mətbuatda, qəzet jurnallarda çıxış etdilər.

Bütün ömrünü uşaq ədəbiyyatının çiçəklənməsinə, qol-budaq atmasına həsr etmiş daim bu sahədə ədəbi prosesdə fəal iştirak edən, ölkənin ictimai-siyasi həyatında hökm sürən hər bir tarixi hadisəyə həssas yanaşan Zahid Xəlil Qarabağ savaşı zamanı da öz şeirləri ilə arxa cəbhədə vuruşdu, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın bədii obrazını ədəbiyyatımıza gətirdi. Şairin 2021-ci ildə işıq üzü görən "Dəmir yumruq" kitabı elə bu hadisələrə həsr olunmuşdur. Kitabda şəhid generalımız Polad Həşimovdan digər igidlərimizin qəhrəmanlıqlarından bəhs edilir. Prezident, Ali Komandan İlham Əliyevin müharibə ərəfəsində tez-tez istifadə etdiyi "Dəmir yumruq" ifadəsi Azərbaycan xalqının, türklərin birliyinin simvoludur. Müharibə zamanı qardaş türk xalqının bizə göstərdiyi ilgi, yardım, dəstək bir daha bütün dünyaya onu sübut etdi ki, biz tək deyilik. Əzəldən bəri biz bir millətik, daim düşmənə qarşı birləşərək mübarizə aparmalıyıq. Zahid Xəlil bu məsələlərə işıq tutaraq bütün türk millətini birliyə səsləyir. Şifahi xalq ədəbiyyatı janrlarından olan dastan ənənəsinə uyğun olaraq qələmə alınmış bu kitabda biz milli ruh, əzmkarlıq kimi hisslərin tərənnümünü görürük. Əsərdə Azərbaycanın ayrı-ayrı bölgələrinin təsviri uşaqların həmin coğrafi məkanlar haqqında geniş bilgi almasına şərait yaradır.

2021-ci ildə şeirlərdən ibarət çap olunan kitablardan biri Rafiq Yusifoğlunun "Zəfər dastanı" kitabı olmuşdur. Kitab müxtəlif məzmunlu poetik nümunələrdən ibarət olsa da, "Qələbəyə gedən yol" başlığı altında vətənpərvərlik, şəhidlik, qəhrəmanlıq mövzulu şeirlər burda üstünlük təşkil edir.

"Qələbə sevinci", "Təzə tarix yazırıq", "Zəfər müjdəsi", "Gözlərin aydın, Şuşa", "Zəfər yallısı", "Zəfər paradı", "Zəfər tarixi" şeirlərində qələbənin sevinci, xalqımızın bu zəfərdən doğan qürur, fəxarət hissinin bu şeirlərdə təcəssümü yer almışdır. Rafiq Yusifoğlu qələbə sevincini yaşayan insanların hisslərini, duyğularını canlı müşahidə etdiyindən hər şeyi real, canlı boyalarla əks etdirməyə nail olmuşdur.

Sevinc Nuruqızı 2020-2021-ci illərdəki ədəbi prosesdə bir-birindən maraqlı şeirləri ilə çıxış etmişdir. Onun 2020-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş şeirlərinə nəzər yetirəndə Vətən, Ana dili, təbiət s. kimi rəngarəng mövzularda yazmasının şahidi oluruq. "Ana dili" şeirində uşaqlara Ana dilimizə olan sevgi, hörmət aşılanır, bu dilin qorunmasının vacibliyi vurğulanır:

 

Mən dilimi əsrlərin sınağından

                        qorumuşam,

Mən dilimi yad ellərin qınağından

                        qorumuşam.

Qarabağım bu dilimlə əzizlənib,

Qara bağrım bu dilimlə təmizlənib.

Mən dilimi yad gözlərdən qorumuşam,

Mən dilimi yad sözlərdən qorumuşam.

 

"Elə payız gələni" şeirində müəllif ilin bu fəslinin əsas əlamətlərini kiçik yaşlı oxucularına onların anlayıb qavraya biləcəyi tərzdə, sadə təbii detallarla, sanki bir rəssam fırçasıyla təqdim etmişdir. Şeirdən bir parçaya diqqət yetirmək kifayətdir ki, təsəvvür yaransın:

 

Payız gəlib, günəşdən

Borc alıb sarı donu.

Küləklər gətiriblər

Qolları üstə onu.

 

Sevinc Nuruqızı payıza məxsus incəliyi, gözəlliyi böyük ustalıqla yaratmağa nail olmuşdur. Bu kiçik şeir parçasında həm payızın əlamətləri uşaqlara agah olur, həm onların estetik zövqü mükəmməl poetik təsvirlər vasitəsilə formalaşır.

Zahid Xəlil "Poladın arxasınca", Rafiq Yusifoğlu "Azərbaycan oğulları", "Ocağım, közüm vətən", "Vətən qürbət", Qəşəm İsabəyli "Ey türkün övladları", "Şir kimi vuruşuram", Məmməd Namaz "Çıxma vətən sözündən", "Vətənim", İsmayıl İmanzadə "Ana yurdum" b. şeirlərdə vətənpərvərlik, zəfər, qələbə mövzusu kimi motivlərə toxunmuşlar. Bundan başqa, dövri mətbuatda Asim Yadigarın, Tural Turanın, Vahid Əzizin, Ələsgər Əlizadənin, Nuranə Nurun, Rəfiqə Abbasovanın, İbrahim Yusifoğlunun, Fidan Əbdürrəhmanovanın, Ələmzər Əlizadənin, İnqilab İsaqın, Söhrab Tahirin başqalarının uşaqlar üçün yazdıqları bir-birindən maraqlı şeirləri dərc olunmuşdur.

Uşaq ədəbiyyatının inkişafında ədəbi tənqidin rolu danılmazdır. "Ədəbiyyat qəzeti"ndə uşaq ədəbiyyatının problemlərini, qarşıda duran vəzifələri, aktual məsələləri özündə cəmləşdirən məqalələrlə tez-tez çıxış edən akademik İsa Həbibbəyli, Elnarə Akimova bu sahədə büruzə verən nöqsanları, müsbət cəhətləri vurğulayır, uşaq ədəbiyyatını geniş aspektdən təhlil etməyə çalışırlar. Akademik İsa Həbibbəyli "Uşaq dünyasında ədəbiyyat uşaq ədəbiyyatı dünyası" adlı məqaləsində uşaq ədəbiyyatını düşündürən mühüm məqamlara toxunur, "Uşaqlar oxumalıdırlar", yaxud "Uşaqlar oxumaq istəyərdilər" uşaqlar üçün yazan müəlliflərin bu suallara cavab taparaq bədii əsərlər yaratmasını vacib hesab edir.

Elnarə Akimova "Uşaq ədəbiyyatı - məfkurə qaynağımız", "Uşaq ədəbiyyatının yeni qəhrəmanları: onları tanıyırıqmı?" b. məqalələrində bu ədəbiyyat sahəsində baş vermiş yenilikləri təhlil edir, müstəqillik dövrü uşaq ədəbiyyatının ideyasını, bədii estetik cəhətlərini, mövzu mündəricəsini tədqiqata cəlb edir. Qəşəm Nəcəfzadə, İlhamə Ağazadə, Səadət Bayramova, Mətanət Vahid başqalarının çağdaş uşaq ədəbiyyatının aktual problemlərinə güzgü tutan məqalələri bu sahədə müasir ədəbi prosesin əsas göstəricilərindən hesab edilə bilər.

"Göyərçin" jurnalının 2020-2021-ci illərdəki faəliyyətinə nəzər saldıqda həmişə olduğu kimi indi uşaqlar üçün məhsuldar bir jurnal olduğunu qətiyyətlə demək mümkündür.

Jurnalda diqqətimizi çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, burada hər ayda baş vermiş tarixi hadisələrə, təbiət təsvirlərinə uyğun şeir ya nəsr nümunəsi yer alır. Məsələn, 2020-ci ilin 2-ci nömrəsinin çapı fevral ayına təsadüf edir. Burada verilən Fikrət Sadığın "Qış", Məmməd Namazın "Külək", "Qar", Mirmehdi Seyidzadənin "Qış nəğmələri" şeirləri ilə yanaşı, Simax Şeydanın "Xocalıda" şeiri yer alır. Bu şeirdə Xocalı müsibətləri, baş verən dəhşətlər şair tərəfindən dərin kədər hissi ilə qləmə alınır.

"Göyərçin" jurnalının 2020-ci ilin mart sayında Mədinə Gülgünün, Mikayıl Rzaquluzadənin bahar bayramı, qadınlar gününə həsr olunmuş şeirləri yer almışdır. Hər iki müəllifin analara ithaf olunan şeirlərində qəhrəman igidlər yetişdirən qadınlar vəsf olunur.

Uşaq ədəbiyyatının intişarında yalnız uşaq mətbuatı deyil, dövri mətbuatın da rolu danılmazdır. "Ədəbiyyat qəzeti"nin, "Azərbaycan", "Ulduz" jurnallarının 2020-2021-ci ildə dərc olunmuş saylarına nəzər yetirdikdə görürük ki, onların səhifələrində tez-tez bu sahəyə aid məqalələr, uşaqlar üçün yazılmış şeirlər, hekayələr dərc olunur. "Ədəbiyyat qəzeti"nin 2020-ci ildə dərc olunmuş bir nömrəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş, bu nömrədə yalnız uşaq ədəbiyyatı nümunələri yer almışdır.

 

Gülnar QƏMBƏROVA

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.29.