2020-2021-ci illərdə Azərbaycanın
bölgələrində
yaranan ədəbiyyata bir baxış
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Ədəbi proses" məruzələri
sırasında bölgələrdəki ədəbiyyatın
sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən
başlanılıb. 2015 və 2016-cı illərdə
"Bölgələrdə ədəbi həyat"ı
Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov
"Bölgələrdə ədəbi həyatın daha bir
davamı" (2017) və "Bölgələrdə ədəbi
həyat - 2018" məqalələri ilə mövzunu
gündəmdə saxlayıb. 2019-cu ildə Azərbaycanın
bölgələrində yaranan ədəbiyyatı mən incələmişəm.
2020
və 2021-ci ilin əsas mövzularının ortaq
olmasını, Vətən müharibəsində qazanılan
zəfərin tərənnümünə daha çox yer
verilməsini nəzərə alaraq bu iki ili birlikdə
araşdırmaq daha məqsədəuyğundur. 2020-ci ilin ən
mühüm hadisələri Tovuz döyüşləri, Vətən
Müharibəsi və pandemiyadır. Bölgələrdə
yaşayan yazarlar da həmin mövzulara biganə
qalmamışlar. Rüfət Axundlunun "Amalı Zəfər
olanım" şeiri Tovuz döyüşlərinə,
"Zəfər Bizimdir" şeiri Vətən müharibəsinə
həsr olunub. Bölgələrdə yaşayan gənc
yazarlardan da Vətən müharibəsində vuruşanlar
oldu. Bunlara misal olaraq Oğuz Alpaslan, Həsən Kür,
Toğrul Kərimli, Eyvaz Eyyub, Emin Piri, Səbuhi Qurbanov, Elvin
İntiqamoğlu və başqalarını göstərə
bilərik. Qəbələdə yaşayan Cəlil Komradlının
oğlu Xeyirbəy Səfərçinov şəhidlik mərtəbəsini
fəth etdi. Aygün Sadiq "Vətənə çevrilən
dost" şeirini şəhid olmuş dostu, baş leytenant
Ülvi Məhərrəmovun xatirəsinə ithaf edib.
Vüsal Hicran və Sara Selcan şəhid şagirdlərinə
şeir yazıblar. Elvin İntiqamoğlu öz tağım
komandiri, şəhid baş leytenant Emil Əsədova şeir
ithaf edib.
Qələbənin
əsas təminatı Şuşanın azad olunması oldu. Bu
münasibətlə yazılmış Aygün Sadiqin
"Azad yurdum, can Şuşa!" şeiri xüsusilə
şeçilir. Eləcə də, Nargisin "Sən
Xarıbülbülsən!" əsəri də
Şuşanın əsas rəmzlərindən birinə
aiddir.
İqbal
Nəhmətin "Biz qələbə qazandıq"
marşı isə müharibənin zəfərlə nəticələnən
sonluğu haqqındadır.
Naxçıvanın
2020-ci ildəki ədəbi həyatı haqqında Elxan
Yurdoğlunun "2020-ci ildə poeziya: axtarışlar, tendensiyalar"
məqaləsi ətraflı təəssürat yaradır.
Bölgənin ədəbi prosesinin formalaşmasında
Naxçıvan Yazıçılar Birliyinin sədri,
şair Asim Yadigarın, Həsənəli Eyvazlının,
Adil Qasımovun, Əbülfəz Ülvinin, Gülay
Tahirlinin, Gülsadə İbrahimlinin və
başqalarının rolu böyükdür.
Naxçıvanda işləyən Şükür Qafarın
"Savaş zəfərlə bitdi" (2021) romanı
"Savaş hələ bitməyib" romanının
davamıdır, əsər Vətən müharibəsi
mövzusundadır. Naxçıvanlı şair İsa Həsənoğlunun
"Könül dəryası" 2012-ci ilin, "Söhbətcil
duyğular" kitabı 2016-cı ilin nəşridir.
Naxçıvanda
fəaliyyət göstərən Nargisin 2020-ci ildə iki
monoqrafiyası, "Beklenen dolunay" romanı, "Metakədər"
kitabı və "Sehrli fırça" nağıllar
kitabı, üç tərcümə kitabı
yayımlanıb. Nargisin "Xocalıdakı körpə"
əsərində düşmənin amansızlığına
etiraz güclüdür. Şeir yaradıcılığı
ilə birgə, Nargis "Dünyada tüğyan edən
koronavirus pandemiyası bütün nəzərləri 1947-ci
ildə Alber Kamünün yazdığı "Taun"
("Vəba") əsərinə yönəltdi" -
fikirləri yer alan məqaləsi ilə 2020-ci ilin aktual
mövzusuna tarixdən boylanmışdır.
Ölkəmizin
əsas mədəniyyət ocaqlarından olan Sumqayıtın
ədəbi inkişafında Namiq Mənanın, Ehtiram
İlhamın, Nisə Qədirlinin, Rafiq Yusifoğlunun, Zirəddin
Qafarlının, Əyyub Qiyasın, Ədalət Nicatın,
Nazilə Gültacın, Gülnarə Cəmaləddinin,
Əli Nəcəfxanlının, Namiq Dəlidağlının,
Süleyman Hüseynovun, Xatirə Fərəclinin, Əvəz
Mahmud Lələdağın, Nazir Rüstəmin, Almaz Bəyazidin,
İlhamə Məhəmmədqızının, Emin Pirinin,
Günel Eyvazlının, Çinarə Ömrayın və
digərlərinin payı var. Sumqayıtda fəaliyyət göstərən
Əli Kərim adına Poeziya Evinin müdiri İbrahim
İlyaslının 2020-ci il üçün göndərdiyi
hesabatdan məlum olur ki, aprel ayının 26-dan başlayaraq
Poeziya Evi "Hər gün bir yeni nəğmə, Hər
gün bir yeni ilham" adlı onlayn layihəyə start
vermişdir. 9 iyun tarixində X Beynəlxalq şairlər
günü İbrahim İlyaslının moderatorluğu ilə
baş tutmuşdur. Emin Pirinin "Müharibə gündəli"yi
isə döyüşdə iştirakının nəticəsi
olaraq yazılmışdır.
Sumqayıt
ədəbi mühitini təmsil edən Əşrəf Veysəllinin
də 2020-ci ildəki yaradıcılığı məhsuldarlığı
ilə seçilir. "Vətən, təbrik edirəm, təbrik
edirəm səni Qəlbindəki duyğunun, hissin qələbəsidir"
və ya "Əngin səmalarında bayrağımız
yellənən Ərgünəşin, Murovun, Kirsin qələbəsidir"
sətirləri olan şeirdə vətəndaş şairin
ürək çırpıntıları dilə gətirilir.
Vətən
Müharibəsi iştirakçısı olan, Sumqayıtda
yaşayan Elvin İntiqamoğlu 1996-cı ildə
Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində
anadan olmuşdur. Prezidentin müvafiq Sərəncamı ilə
"Füzulinin azad olunmasına görə" medalına
layiq görülüb. Elvinin "İkinci Qarabağ"
şeirlər silsiləsində "Müharibə xatirələri"
də vardır. "Mühasirə" şeiri ilə
müharibə mövzusunda yazılmış şeirlərə
yeni mövzu daxil edir.
Elvin
Əlizadə Zəngilandan olsa da, Sumqayıtda məskunlaşıb.
2018-ci ildən AYB-nin üzvüdür, 2020-ci ildə gənc
yazar kimi Prezident təqaüdünə, həmçinin Gənclər
və İdman Nazirliyinin "İlin gənci"
mükafatına layiq görülüb. Polad Həşimovun əziz
xatirəsinə həsr etdiyi şeirində ölməz
generalımızı tərənnüm edir.
Sumqayıtlı
yazarların içərisində 2021-ci ildə daha məhsuldarlığı
ilə seçilən müəlliflərdən biri Rafiq
Yusifoğludur. 2021-ci ildə onun "Xiffət" və
"Zəfər dastanı" kitabları çap
olunmuşdur. "Xiffət" 14 fəsildən ibarət olan
nəsr əsəridir və müəllifin ilk
romanıdır. "Zəfər dastanı" kitabında isə
əksəriyyəti 2019-2021-ci illərdə
yazılmış lirik şeirləri cəmlənmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin Qazax bölməsinə Qazax,
Ağstafa, Tovuz, Gədəbəy rayonları daxildir.
Filialın sədri Barat Vüsaldır. Həmin filialda Məzahir
Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, Məhəmməd
Astanbəyli, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu,
Mübariz Qaragözlü, Məzahir Yaqub, Bilal Qoca, Tamella
Poladlı kimi yazarlar cəmləşib. Uzun illər Qazaxda
yaşayıb fəaliyyət göstərən gənc yazar
Nuranə Təbrizin "Salam, Vətən" şeiri qalibiyyət
himni təsiri bağışlayır. Qazaxın Kəmərli
kəndində yaşayan Hürzad Əhmədlinin "O
gün gələcək" (2021) kitabında bir neçə
hekayə, poema və şeirləri yer almışdır.
Ağstafalı
şairlərdən Saqif Qaratorpağın,
yazıçılardan Əli Cəfəroğlunun
adını çəkə bilərik. Ağstafada yaşayan
Rüfət Axundlu Tovuz döyüşlərinə həsr
etdiyi şeirində yazır: "İgidlik ruhun, canında,
Namus, qeyrət var qanında. Zəfər, hünər
meydanında, Biri, on nəfər olanım".
Tovuzun
2020-ci ildəki ədəbi fəaliyyətindən söz
açarkən sovet dövründən bəri fəaliyyətdə
olan "Varislər" ədəbi məclisini xüsusi
vurğulamalıyıq. Tovuzun istedadlı şairlərinə
misal olaraq İsa Cavadoğlu, Qədir Hümbət,
Çingiz Qəribli, Marif Həsənoğlu, Novruz Mizani
Hafiz, Brilyant Atəş, Məhəmməd Mehdixanlı, Mehman
Rasimoğlu, Nəbi Hüseyni kimi şairlərini göstərə
bilərik.
Tovuzdan
olan, Vətən müharibəsinin
döyüşçülərindən biri Toğrul Kərimlinin
2012-ci ildə "Gəlməyən dostlar", 2013-cü ildə
"Ədalət sorağında" kitabı işıq
üzü görüb. Onun "Belə bacarırsan deyim
yerimi, Qırpıb gözlərini vur öldür məni"
misraları bir şair kimi də mükəmməl olduğunu
təsdiq edir.
Şəmkirli
ədəbiyyat nümayəndələrinə misal olaraq Məzahir
Hüseynzadə, Məhəmməd Turan, Tural Turan, Mətanət
Qüdsi və başqa şairlərin adını çəkə
bilərik. Şəmkirdən olan Tural Turanın 2017-ci ildə
işıq üzü görmüş "Tanrı qağaya
ismarış" kitabında "Qarabağ",
"Tanrıya istinadla", "Erməni kitabçı əli
ilə xoş-beş", "On min voltluq sevgi" kimi nəsr
əsəri ilə birgə şeirləri də toplanıb.
AYB-nin
Gəncə bölməsi Xəzangül xanımın sədrliyi
ilə 2020-2021-ci illərdə də öz fəaliyyətini
davam etdirmişdir. Gəncədə yaşayan şairlərdən
Bahadur Fərman, Çiçək Mahmudqızı, Gülnarə
Sadiq, Şəfa Vəli, Fərrux Rəhimli və digərləri
fərqli yaradıcılıq üslublarına görə fərqlənirlər.
İnqilab İsaqın "Savaş sevdası" (2020) kitabında
istənilən qədər poetik nümunələr tapmaq
mümkündür.
Seymur
Sönməz Paşayev Samuxda yaşayır. Onun 2016-cı ildə
"Mənim mənli günlərim" və 2020-ci ildə
"Bir addım həsrətim qalıb" kitabları
işıq üzü görüb.
Ölkəmizin
şimal bölgəsində yaşayan yazarlara misal olaraq Ramiz
Qusarçaylı, Aybəniz Əliyar və b. göstərə
bilərik. Qubada yaşayan Zakir Məmmədin "Dedim
sözü" (2007), "Haqqın calalı" (2009),
"Bağışla" (2012), "Üç hekayət"
(2016), "Vətənə aid" (2018), Mövlud Ağammədin
"Sən ömrümün bənövşəsi"
(2018), Səbuhi Hacıxanlının "Geriyə boylanan
yollar" (2015), "Mən qərib deyiləm" (2008) Murad
Muradovun "Bal köpüyü" (2018) kitabı
işıq üzü görüb.
AYB-nin
Şabran bölməsinə Aydın Tağıyev rəhbərlik
edir, onun "Alma oğurlayan divlər", "Buz heykəllər
əriyir", "Dan üzü ölən adam" hekayələri,
"Yuxuda qətl" povesti, "İspan çəkməsi"
romanı orijinal əsərlərdir. Vüsal Hicranoğlu
Xızı, Agah Xaçmazlı, Habil Rza Nur, Vüsal
Yurdoğlu Xaçmaz ədəbi mühitinin təmsilçiləridir.
Sara Selcan isə Hacıqabulda yaşayıb-yaradan şairlərdəndir.
AYB-nin
Şəki bölməsinə daxil olan müəlliflərə
Tural Adışirin, Zaur İlhamoğlu, Aygün Sadiq kimi gəncləri
göstərə bilərik. Balakəndən olan Aygün Sadiq
2019-cu ilin yekunlarına görə "Yazarlar" jurnalı
tərəfindən "Natəvan" mükafatına layiq
görülüb.
AYB-nin
Oğuz filialının rəhbəri Vüsal Oğuzdur. Həmin
bölgəyə aid yazarlardan Nargilə Rəhman (Qafarova)
"Xoşbəxtliyin ətri" (2019) kitabının müəllifidir.
Filialı təmsil edən yazıçılardan Pərviz
Əlyaroğlunun (Cəbrayılzadə) "50+1" hekayəsində
Elmi Araşdırmalar Mərkəzinin professoru, bütün
ömrünü insan beyninin anatomiyasını öyrənməyə
həsr etmiş, əllini çoxdan haqlamış alim olan
Robertin təcrübəsindən danışılır. Pərvizin
Şuşa döyüşləri mövzusunda
yazılmış "Mən Qarabağam!" hekayəsi
Şuşa döyüşlərinə ithaf olunub. Onun
"Tanrının əli" hekayəsində isə virus səbəbindən
insanların məhkum edildiyi acımasızlıqlara etiraz
edilir.
Qəbələdə
yaşayan şairlərdən Qərib Hüseynov, Qismət Məsimov
və Qoşqar Qaraçaylı imzaları seçilən
imzalardandır. Qəbələli şairimiz Cəlil
Komradlının "Ana dilim" kitabı 2019-cu ildə
çap olunub. Cəlil Komradlı oğlu Vətən
müharibəsində şəhid olduqdan sonra
övladının adını özünə təxəllüs
götürüb. 2021-ci ildə çap olunan "Vətən
sağ olsun" kitabı da Cəlil Xeyirbəy imzası ilə
işıq üzü görüb.
Qəbələnin
Qəmərvan kəndindən olan Hüseynov Qərib
Arifşah oğlunun "O bir əfsanə idi" (2020)
kitabı Milli Qəhrəmanımız, Tovuz döyüşlərinin
şəhidi, general Polad Həşimova həsr edilib. Kitab
eyniadlı bir poemadan ibarətdir.
Şamaxıdan
olan gənc yazrlardan Yusif Nazim Ərəbsoyun, Saatlıdan isə
Allahşükür Ağanın adlarını çəkə
bilərik. Salyanlı şair Ümid Sadə çox gənc
olmasına baxmayaraq istedadı ilə seçilir.
Salyan
rayonundan olan Həsən Kür könüllü olaraq Vətən
müharibəsində iştirak edib. 2019-cu ildə "Boyat dərdin
üstündə" və "Tikanlı məftillər"
adlı iki kitabı nəşr olunub. Cəbrayıl və
Qubadlı rayonlarında vuruşaraq 3 yanvar 2021-ci ildə
müharibədən qayıdıb. Salyandan olan Firuzə Orucun
isə "Adını "Sən" qoy" kitabı
2018-ci ildə çap olunub.
Sabirabadda
yaşayıb-yaradan Şahnaz Şahinin 2020-ci ildə
"Xocalının Sərvəri" adlı sənədli
povesti, 2021-ci ildə "Sabirabad Şəhidləri" və
"Zəfər Nəğmələri" kitabları nəşr
edilmişdir.
Elnur
Uğur Neftçala rayonunda yaşayıb-yaradır. "Unuda
bilməyəcəyəm" (2006), "Şəhid məzarı"
(2008), "Yuxuna gəlim" (2016), "Təkcə sən
bilirsən" 2018), "Yuvalar quşsuz olmasın" (2019)
kitablarının müəllifidir.
Cənub
bölgəsinə mənsub şairlərdən Ağamir
Cavadın, Tərlan Əbilovun adlarını çəkə
bilərik. İqbal Nəhmət isə Yardımlı rayonunun
Urakəran kəndindəndir. "Götür məni o yerə
ki..." (2003), "Külək, onu mənə gətir"
(2015), "Sözdən sonrakı sabah" (2018) kitabları
çap olunub.
Cəlilabadda
yaşayan şairlərdən Bilal Alarlı, Ədalət
Salman, Əlizadə Nuri, Xətat Kilimçi (Mir
Bağır), Bəhruz Xəlil kimi yetkin imzaları qeyd edə
bilərik. Cəlilabadlı Şakir Xanhüseynlinin 2000-ci ildə
"Gündüzlər küncə atılır gecə yanan
çıraqlar" kitabı nəşr olunub.
Kürdəmir
Regional Mədəniyyət İdarəsinin Xocavənd rayonu
üzrə baş məsləhətçisi, Prezident
mükafatçısı və təqaüdçüsü,
gənc şair Ramil Əhməd son illər işi ilə əlaqədar
bölgədə fəaliyyətini aktivləşdirib.
Kürdəmirdə yaşayan Tərlan Mazanovun "Zəfər
Qoxusu" adlı antologiyada 5 şeiri çap olunub. Tərlan
əsasən qəzəl, qoşma, gəraylı janrlarına
müraciət edir.
Beyləqanda
yaşayan Orxan Həsəni 2018-ci ildən etibarən dövri
mətbuatda bədii və publisistik mətnlərlə
çıxış edir. 2019-cu ildə isə "Metro
terminalının sevgisi", 2021-ci ildə isə Vətən
müharibəsindən bəhs edən "Vətən sizə
minnətdardır" və "Füzulinin dişi" hekayələr
kitabı çap olunmuşdur.
Ağdaş
rayonundan olan Zaur Məzahirin "Haqqın nişanəsi"
(2021) kitabında 2020-ci ilə aid hadisələrə kifayət
qədər yer verilib. "Gəncə terroru" şeirində
"Qətliam üstünə gəldi qətliam, O vaxt
Xocalıydı bu günsə Gəncə" söyləyərək
2020-ci ilin ən dəhşətli hadisəsinə münasibət
bildirmişdir. Kitabda Zaur Məzahirin Ali Baş Komandana həsr
etdiyi "Ağ atlı sərkərdənin dastanı"
poeması və təmsilləri də cəm olunub.
AYB-nin
Qarabağ bölməsinə daxil olan şairlər də
istedadı ilə seçilir. Ağcabədidə yaşayan
şairlərdən Gündüz Sevindik, Məhsəti Musa,
Cahandar Aybər, bərdəli şairlərdən Dədə
Telman, Şəhriyar Seyidoğlu və Ruslan Dostəlini
göstərə bilərik. Bərdədən olan Şəhriyar
Seyidoğlunun 2016-cı ildə "Mənim ürəyimdə
gizlənən qadın" kitabı çap olunub. Tahirə
İsaqızı isə Ağcabədi rayonunda yaşayır.
Üç kitab müəllifidir. AYB-nin üzvüdür.
"Tanrı cəzası" adlı detektiv ruhlu romanı
var.
2020-ci
ildən qaçqınlıq həyatına son qoyulan
yazarlarımız hələ ki müvəqqəti olaraq
müxtəlif bölgələrdə yaşamaqlarını
davam etdirirlər. Kəlbəcərli şairlərə
Savadsız Arzuman, Elməddin Nicat, Eyvaz Eyyub, Elşən
Əzim, Vüsal Hicran, Məhəbbət Kəlbəcərli,
Rəsul Murovdağlı kimi imzaları misal çəkmək
olar. Əslən Kəlbəcərdən olan Elşən
Əzimin "Pəncərə" hekayəsində "Sələmçi
Şəfi" kimi tanınan insanın evində kirayə
yaşayan Lalə müəllimin pandemiya dövründəki
həyat tərzi bədiiləşdirilib. Kəlbəcərdən
olsa da, Sumqayıtda məskunlaşan Namiq Dəlidağlının
"Otel otağından reportaj" kitabı 2017-ci ildə
çap olunub. Gəncədə məskunlaşan Vüsal
Hicranın "Dünən şəhid oldu mənim tələbəm
Mən də hamı kimi ağladım, yandım"
misraları ilə başlayan şeiri "Bilməzdim Tarixdən
2 alanlar Özləri nə vaxtsa Tarix yazarmış..."
misraları ilə tamamlanır.
Ötən
il AYB-nin Aran bölməsinin sədri Sərvaz
Hüseynoğlunun tərtib etdiyi “Bir ocaq başında - Aran ədəbi
toplusu” çap edilmişdir və burada bölgədə
yaşayıb-yaradan yazıçı və şairlərin əsərlərindən
seçmələr toplanmışdır.
Füzulinin
Seyidəhmədli kəndindən olan Elməddin Həbiboğlu
"Geçikmiş arzular" (2012), "Vətənin
daşına qoyun başımı" (2017) və "Təbəssüm"
(2020) kitablarının müəllifidir. Əslən
Füzulidən olan Səbuhi Qurbanov həm xüsusi təyinatlı,
həm də xüsusi istedadlı qazilərimizdəndir. Ali
Baş Komandanımız tərəfindən "Füzulinin
azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" və "Cəsur döyüşçü"
medallarına layiq görülən qazimiz həm də orijinal
şeirlər müəllifidir.
Beləliklə,
2020-2021-ci illərin həm dünya, həm də Azərbaycan
üçün keçməkeşli il olmasına baxmayaraq,
hər ilin özünəməxsusluqları bölgələrdə
yaranan ədəbiyyatda da təzahür etdi. Ümumilikdə
isə Vətən müharibəsi bu illərin ən əsas
mövzusu oldu.
Gülnar SƏMA
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.28-29.