Azərbaycan-Türk dünyası
arasında ədəbi əlaqələr
2020-2021-ci illərdə
Azərbaycan-türk
xalqları arasında ədəbi-mədəni əlaqələrin
inkişafı öncəki illərdə olduğu kimi,
2020-2021-ci illərdə də diqqəti cəlb edir.
2020-ci
il Azərbaycanın təkcə ədəbi-mədəni həyatında
deyil, ictimai-siyasi həyatında da önəmli hadisələrin
baş verdiyi xarakterik bir dövrdür. Ən başlıcası, 2020-ci il xalqımızın istiqlaliyyət uğrunda
mücadiləsinin Zəfəri kimi tarixə həkk
olunmuşdur.
Ötən
iki il ərzində sərt karantin günlərinin
tətbiq olunmasına baxmayaraq, ədəbi əlaqələrin
inkişafı üçün bir sıra səmərəli
addımlar atılmış, konfranslar, elmi disputlar
keçirilmişdir.
2020-ci
ilin fevralında Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda "Ə.Nəvai ədəbi və elmi irsinin
öyrənilməsi" mövzusunda beynəlxalq elmi konfrans
keçirilmiş, eyni zamanda Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin nəzdində
Ə.Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin
açılışı olmuşdur. 2021-ci ilin fevral
ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistan
Respublikasının Azərbaycandakı səfirliyi ilə
birlikdə "Nizami Gəncəvi və Əlişir Nəvai:
ənənə və novatorluq" mövzusunda və
"Zahirəddin Məhəmməd Babur və Azərbaycan"
mövzusunda beynəlxalq online konfranslar keçirilmişdir.
Cari ildə
Sərhat Kabaklı, İmdat Avşar və Yaqub Öməroğluya
Azərbaycan -Türkiyə ədəbi, elmi əlaqələrinin
inkişafına verdiyi töhfələrə görə
Ədəbiyyat İnstitutunun "Fəxri dostu" adı və
dosent Bəxtiyar Aslana "İlin alimi" mükafatı
verilmişdir. Dekabr ayında Ədəbiyyat
İnstitutunda "Türk Ədəbiyyatı Vəqfi və
Azərbaycan" mövzusunda elmi sessiya keçirilmişdir.
Qeyd edək
ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə
2020-ci il qazax şairi A.Kunanbayevin anadan
olmasının 175-ci ildönümü münasibətilə
"Abay Kunanbayev İli" elan olunmuşdur. Prof.Elman
Quliyevin hazırladığı və Ankarada çap edilən
"Abay Kunanbayev" əsəri bu baxımdan diqqəti cəlb
edir. Kitabda A.Kunanbayevin həyatı, lirikası, poema və
nəsr yaradıcılığı geniş
araşdırılmış, poeziyasının mövzu,
forma, dil, üslub, vəzn xüsusiyyətləri, həmçinin
xalq şeiri ənənələrinə
bağlılığı, realist təsvir
üsullarının zənginliyi, maarifçilik
ideyalarının təbliği və s. məsələlər
yer almışdır. Kitaba A.Kunanbayevin Azərbaycan
dilinə tərcümə olunmuş şeir, poema və nəsr
nümunələri daxil edilmişdir.
"Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının 2020-ci ilin 1-ci sayı Özbək ədəbiyyatına,
2-ci sayı isə A.Kunanbayevin yaradıcılığına
həsr olunmuşdur.
2020-2021-ci
illərdə Məmməd Əliyevin "A.Kunanbayevin 175 illik
həsr olunmuş yubileyi", "M.Auezov böyük
çöl mədəniyyəti", "Cəlaləddin
Rumi və onun "Məsnəvi"si haqqında",
"Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi" və
s. kimi məqalələri dərc olunmuşdur. 2020-ci ildə
Türk xalqları ədəbiyyatı şöbəsində
hazırlanan "Muxtar Auezov: Həyatı və
yaradıcılığı" (kollektiv - M.Əliyev, N.Məmmədov,
X.Hümmətova, T.Teymurov) adlı monoqrafiya işıq
üzü görmüşdür. Monoqrafiyada
qazax ədəbiyyatının görkəmli nümayəndəsi
M.Auezovun ömür yolu, ictimai fəaliyyəti və
yaradıcılığının əsas sahələri tədqiqat
obyektinə çevrilmişdir. Turan
Teymurovun "Muxtar Auezovun "Abay" romanında sənətkarlıq
məsələləri" adlı monoqrafiyası da 2020-ci
ildə çap olunmuşdur.
2021-ci ildə çap olunan dəyərli nəşrlərdən
biri də X.Hümmətovanın hazırladığı
"Yunus Əmrə. Salam
olsun" adlı divanıdır. Kitab XIII əsr
türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif
illərdə çap olunmuş divan nəşrlərindən
istifadə olunaraq tərtib olunub. Burada
şairin müxtəlif məzmunlu ilahiləri ilə
yanaşı, əxlaqi-fəlsəfi, dini- tərbiyəvi
baxışlarını əks etdirən öyüd-nəsihət
əsəri "Risalətün-Nüshiyyə" didaktik məsnəvisi
də yer almaqdadır. Qeyd edək ki, "Anma ve
Armağan Kitaplar" seriyasında X.Hümmətovanın
"Yunus Əmrənin "Risalətün-Nüshiyyə" məsnəvisində əxlaq
kodeksləri" kitab bölümü olaraq çap
olunmuşdur.
2021-ci ildə dərc olunan "Azərbaycandan baxarkən
modern türk yazıçısı Bəxtiyar Aslan"
(Kollektiv, Tərt.ed. və türk dilinə tərcümə
edən E.Babayeva) toplusunda isə müasir türk
yazıçısı B.Aslanın
yaradıcılığı, xüsusən də hekayələri
tədqiq edilmişdir.
Professor Əsgər Rəsulovun "Müasir türk
dilində xitab inversiyası" adlı məqaləsi diqqəti
cəlb edən dəyərli tədqiqatlardandır
("Türk filologiyası", 2021).
Türk dünyası ədəbi əlaqələrimizin
inkişafı müstəvisində fil.f.d. A.Turanın "Zəfər
paradı və Nihal Atsız", "Yusif Akçura
haqqında düşüncələr",
"Atatürkçü ədəbiyyat", "Nəvai -
Sultanın süd qardaşı", "Abdurrauf Fitrət
- küfrə deyil, modern ədəbiyyata..."
kimi tədqiqatları konseptuallığı ilə diqqəti
cəlb edir.
Fil.f.d.,
dos. M.Həsənlinin "Çingiz Aytmatov
fenomeni və Azərbaycan" monoqrafiyası (2020) Azərbaycan
- Qırğız ədəbi əlaqələrinə yeni
bir töhfədir.
Azərbaycan - Özbəkistan ədəbi əlaqələrinə
gəldikdə isə 2020-ci ildə akademik İ.Həbibbəylinin
redaktorluğu, f.e.d. A.Ülvi, Y.Qasımbəyli və
A.Azalpın tərcüməsi ilə "Əlişir Nəvai. Hikmətli sözlər
- Hikmatli so'zlar (Azərbaycan və özbək dillərində)"
kitabı nəşr olunmuşdur. A.Ülvinin
"Ə.Nəvainin əsri və nəsri (elmi-filoloji və
dini-təsəvvüfi əsərləri) monoqrafiyası da
işıq üzü görmüşdür. 2020-ci ildə
Daşkənddə "Xalid Səid Xocayev.
"Yeni əlifba yollarında əski xatirə və
duyğularım" memuarı (özbək və Azərbaycan
dillərində)
hazırlanaraq nəşr olunmuşdur (Nəşrə
hazırlayan: Prof.Həmidullah Baltobayev, 1929-cu il mətnini yenidən
nəşrə hazırlayanlar və redaktorları: fil.e.d. A.Ülvi və Y.Qasım).
Professor Ramiz Əskər dahi özbək şairi Ə.Nəvainin
580 illik yubileyi münasibətilə monoqrafiya, tərtibat və
tərcümə kitabları nəşr etmişdir. Onun 2020-ci ildə
"Əlişir Nəvai və onun xəmsəsi" və
"Özbək ədəbiyyatı tədqiqatları"
adlı kitabları nəşr olunmuşdur. Bundan
başqa, R.Əskər Nəvainin 5 cilddən ibarət xəmsəsini
orijinaldan dilimizə çevirmiş və nəşr
etmişdir. Nəvainin risalələrini də
iki kitab halında ("Əlişir Nəvai. Məhbub ül-qülub", "Əlişir Nəvai.
Beş risalə") çap etmişdir.
2021-ci ildə isə R.Əskərin "Əlişir Nəvai:
şəxsiyyəti və sənəti",
"Əlişir Nəvai. Seçilmiş əsərləri", "Əlişir
Nəvai. Əsərləri" kitabları
işıq üzü görmüşdür. 2022-ci ildə isə
"Əlişir Nəvainin lirikası" adlı
kitabını nəşr etmişdir. Qeyd edək ki,
Ramiz Əskər Özbəkistanın "Turan" Elmlər
Akademiyasının akademiki adına, Nəvai
şəhərinin Fəxri vətəndaşı adına
layiq görülmüş, 2021-ci ilin sonunda isə Beynəlxalq
Türk Akademiyasının "Əlişir Nəvai"
qızıl medalı ilə təltif edilmişdir.
2021-ci ildə akademik İ.Həbibbəyli və fil.f.d. İ.Osmanlının
həmmüəllifliyi ilə "Qabdulla Tukay və Azərbaycan"
kitabı nəşr olunmuşdur. Kitabda
tatar ədəbiyyatının görkəmli nümayəndəsi
Q.Tukayın Azərbaycan mətbuatı və ədəbiyyatı
ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə
nəşri və tədqiqi məsələlərindən bəhs
edilir. 2021-ci ildə tatar
yazıçı Rüstəm Qaliulinin Əkbər
Qoşalının ön sözü ilə hekayələr
kitabı işıq üzü görmüşdür.
Ötən il ərzində Ə.Qoşalının təşəbbüsü
ilə uyğur yazıçısı Əhmədcan
Əşirinin "İdikut" romanı, tatar dramaturqu Danil
Salixin "Dirilən adam" adlı pyesi, türkiyəli
şair Coşğun Qarabuludun "Hardan haraya" şeir
kitabı, Xasiyyət Rüstəmin "Leyli ağaclar"
kitabı nəşr olunmuşdur.
2021-ci ildə türkmən ədəbiyyatından isə
"Salar Baba Xaridari. Oğuznamə" (türkmən dilindən Azərbaycan
dilinə çevirən, ön sözün müəllifi və
nəşrə hazırlayan: İ.Osmanlı) kitabı nəşr
olunmuşdur.
Ədəbi əlaqələrə töhfə olan əsərlərdən
biri də Nizami Tağısoyun Qaraqalpaq ədəbiyyatının
görkəmli nümayəndəsi Hacıniyaz Kosıbaya həsr
olunmuş "Hacıniyaz" kitabıdır. Şairin
şeirləri Azərbaycan dilində ilk dəfə olaraq bu
kitabda oxuculara təqdim olunur. Şeirləri
N.Tağısoy və Ş.Məmmədova tərcümə
etmişdir.
Qaraqalpaq ədəbiyyatına
həsr olunan əsərlərdən biri də Şəbnəm
Məmmədovanın "Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri"
adlı monoqrafiyasıdır. Kitabda ilk dəfədir
ki, Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri
monoqrafik müstəvidə nəzərdən
keçirilmişdir.
Bunlarla yanaşı, qardaş Türkiyədə də
Azərbaycan ədəbiyyatıyla bağlı tədqiqatlar
aparılmışdır. Belə ki, Türkiyədə
nəşr olunan "Kardeş kalemler" jurnalının
xüsusi buraxılışı Azərbaycanın
böyük şairi N.Gəncəviyə həsr
olunmuşdur. "Türk ədəbiyyatı" dərgisinin
2021-ci il sentyabr buraxılışı da,
N.Gəncəviyə həsr olunmuşdur. Qeyd edək
ki, fil.f.d. Təhminə Bədəlova "Türk
dünyasına səslənən "Qardaş qələmlər"in
Nizami Gəncəvi sayı" və "Türk ədəbiyyatı"ndan
"Nizami Gəncəvi İlinə töhfə" adlı
məqalələrində jurnalların bu xüsusi
buraxılışlarından bəhs etmiş, bunu qardaş
Türkiyənin Nizami İlinə böyük töhfəsi
kimi dəyərləndirmişdir.
Türkiyədə dərc olunan "Temrin" jurnalının
"Azərbaycan şeirinin güclü və zərif səsi
Nurəngiz Gün" adlı mart sayı gözəl şairəmiz
Nurəngiz Günün əziz xatirəsinə həsr
olunmuşdur.
Burada Anar, İsa Həbibbəyli, Rafael Hüseynov, Teymur Kərimli,
Sabir Rüstəmxanlı, Jalə Əliyeva, İrfan Ünvər
Nəsrəddinoğlu, Xasiyyət Rüstəm, Osman Baş,
Gülsüm Cengiz və b. şairə haqqında
yazıları yer almışdır. Prof.
İ.Ünvər Nurəngiz xanımdan "Azərbaycanda bir
sənət günəşi" olaraq bəhs edir. Jurnalda şairəyə ithaf edilən şeirlər,
şair-yazıçı və alimlərin onun haqqında
görüşləri yer almışdır. 2020-ci ildə
"Nurəngiz Gün Beynəlxalq Şeir
Ödülü" müsabiqəsi elan edilmiş, Türkiyədən
Gülsüm Cengiz, Özbəkistandan Xasiyyət Rüstəm,
İtaliyadan Laura Qaravaqlian, Moldovadan Nikolay Spetaru, Monteneqrodan
Bojidar Proroçiç seçilmişlər.
Yekun olaraq deyə bilərik ki, 2020-2021-ci illərdə ədəbi
əlaqələr müstəvisində çoxsaylı
monoqrafiyalarla yanaşı, yüzlərlə məqalə qələmə
alınmış, alimlərimiz beynəlxalq elmi konfranslarda məruzə
etmişlər.
Ötən
iki il ərzində Azərbaycan-Türk
dünyası arasındakı ədəbi-mədəni əlaqələri
nəzərdən keçirdikdə, dünyanı
ağuşuna alan xəstəliyin bizdən də yan keçmədiyini,
karantin sisteminin möhkəmləndiyini, amma bütün
bunlara baxmayaraq ədəbi əlaqələrin, beynəlxalq
münasibətlərin daha çox online sistemə keçərək
böyük sürətlə inkişaf etdiyini
görürük. Pandemiyanın ilk aylarında
yaranan çaşqınlıq bir qədər durğunluq
yaratsa da, əksinə, bu məhdudiyyətləri, online sistemə
keçidi ədəbi əlaqələrin inkişafında
yeni və daha səmərəli bir mərhələ olaraq
xarakterizə edə bilərik. Bu məhdudiyyətlər
əslində vaxta qənaət edərək alimlərimizin
Amerika, İngiltərə, Almaniya və b. müxtəlif
ölkələrdə keçirilən beynəlxalq elmi
konfranslarda məruzə ilə çıxış etmələrinə
əlverişli şərait yaratmış oldu.
Eşqanə
Babayeva
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.30.