Satira və zaman
Satirik gülüşü yaradan həyatın sosial-mənəvi
reallıqlarıdır. Tarixin bütün mərhələlərində
sənətkarla mühit, ictimai formasiya arasında münasibətlər,
baş verən hadisələrə şair, ədib
baxışı özünü tənqidi şeirlərdə,
satirik üslubda yazılan bədii nəsr nümunələrində
daha qabarıq şəkildə göstərmişdir. Tənqidi-satirik əsərlər xalqın
mövqeyindən çıxış etmiş, cəmiyyət
həyatının qayğılarından, insanların şərə
qarşı münasibətindən yaranmışdır.
2020-ci ilin ədəbi mənzərəsinə
nəzər saldıqda bu tendensiyanı aydın şəkildə
görmək mümkündür. Yazıçı Xeyrəddin
Qocanın satirik hekayələrində, şair Vüqar
Əhmədin, Məmməd Əvəzoğlunun, Xəyal
Zeynalın, Ağarza Elçinoğlunun, Əlibəy Məmmədlinin,
İlqar Boranoğlunun satirik şeirlərində həyat həqiqətləri,
real gerçəkliklər satirik gülüş fonunda təqdim
olunur. Həm nəsrdə, həm də satirik
poeziyada cəmiyyətimizdə
və bütün dünyada gedən
mühüm ictimai-siyasi, sosial, ədəbi-mədəni hadisələrə
fəal münasibət geniş şəkildə öz əksini
tapır.
Xeyrəddin
Qocanın il ərzində "Xalq qəzeti"
və "Ədəbiyyat qəzeti"ndə silsilə
satirik hekayələri dərc edilmişdir.
Yazıçının "Ədəbiyyat qəzeti"ndə
"Ən yaxşısı ölməmək",
"Koronavirus", "Yaltaqlardan vergi" (8 fevral 2020),
"Qızdırmadan ölürdüm", "Cəsarət
dərmanı", "Pis və yaxşı" (4 may 2020),
"Abırlı maşın" (4 iyul 2020), "Yeni ilə
gülə-gülə" başlığı altında
"Yeni il falı", "Özün bilən
yaxşıdır...", "Arvadı da söymək
olmaz..." (30 dekabr 2020), "Xalq qəzeti"ndə
"İlqovuşanın təbəssüm çələngi"
sərlövhəsi ilə (31 dekabr 2020) "Ağıllı
olmaqdansa...", "Xahiş", "Kişi
olsaydı", "Təzə poema", "Vəzifə",
"Müfəttişin payı..." adlı satirik hekayələri
dərc olunmuşdur. Xeyrəddin Qoca cəmiyyətdəki
neqativ halları, insan mənəviyyatındakı
boşluqları, cılızlıqları kiçikhəcmli,
lakonik hekayələr vasitəsilə oxucuya
çatdırır. Yazıçı
"Ən yaxşısı ölməmək" hekayəsində
vəzifəlilərə yaltaqlananları, yas mərasimlərindən
öz mənfəətləri üçün
yararlananları, dövlət idarələrində hökm
sürən məmur özbaşınalığını,
süründürməçilik, biganəlik, laqeydlik kimi mənfi
halları ifşa edir. O, Mirzə Cəlil üslubu
üçün xarakterik olan
bir məsələ daxilində dolayısı ilə bir
çox mətləblərə toxunmağa, haşiyə
çıxmağa və cəmiyyətdəki problemlərin
bir deyil, beş deyil, onlarca, yüzlərlə olduğunu nəzərə
çarpdırmağa və bu qeyri-müəyyənlik
içərisindən aydınlaşmaya, saflaşmaya
doğru istiqamətlənməyə
üstünlük verir. Bununla da, bəşəri
problemlərin həllinə yol açır. Xeyrəddin Qoca cəmiyyətimizdə və
bütövlükdə dünyada gedən proseslərə
daim fəal münasibət bildirir. Yazıçı
2019-cu ildən bütün bəşəriyyəti saran
koronavirus pandemiyasını da satirik
yaradıcılığının mövzusuna çevirə
bilmiş və bu problemə iki - "Koronavirus" və
"Qızdırmadan ölürdüm" adlı hekayə
həsr etmişdir. Müəllif zaman-zaman süni şəkildə
yaradılaraq xalqı kütləvi qırğına
sürükləyən, vaksinlərdən milyardlarla qazanc əldə
edən, bəşəriyyətin məhvi hesabına varlanan
harınlaşmış insan cəlladlarını
özünəməxsus şəkildə ifşa edir. Xeyrəddin
Qocanın "Ədəbiyyat qəzeti"ndə (30 dekabr
2020) "Yeni ilə gülə-gülə..."
başlığı altında "Yeni il falı",
"Özün bilən yaxşıdır...",
"Arvadı da söymək olmaz..." adlı hekayələri
çap olunmuşdur. Yazıçının
"Təzə poema" hekayəsi ideyaca Cəlil Məmmədquluzadənin
"Zırrama" hekayəsi ilə yaxından səsləşir.
Hekayədə yazıçı şöhrət xəstəliyinə
tutulanları, mənsəbpərəstləri, boş və mənasız
təriflərdən zövq alan,
özünü sənətkar adlandıran istedadsız
şair və yazıçıları tənqid obyektinə
çevirir. "Zırrama" hekayəsinin mənfi personajı
Qurbanqulu öz nəsil-nəcabəti, onların kimliyi,
keçmişi haqqında mənasız, gülünc və cəfəng
söhbətləri ilə ədibi (Mirzə Cəlili - G.B.)
cana doydurduğu kimi, "Təzə poema"nın
"qəhrəman"ı da söz yığınından
ibarət olan cızma-qaraları ilə
yazıçını bezdirir. O çalışır ki,
belə boşboğazlarla rastlaşmasın. Ədəbiyyatımız
üçün baş bəlasına çevrilən belə
mənsəb və şöhrət düşkünləri təəssüf
ki, cəmiyyətimizdə az deyil. Əsərin gözlənilməz və maraqlı
sonluğu onu novellaya bənzədir. Yazıçının
"Müfəttişin payı..." hekayəsində
dövlət idarələrinə yoxlamaya gedən müfəttişin
"qazandığı", əslində isə rüşvət
aldığı pulların ailə üzvləri arasında
bölüşdürülməsi tənqid hədəfinə
çevrilir.
Satirada sosial problemlər həmişə diqqət mərkəzində
olmuş və müxtəlif janrlı, satirik səpkili əsərlərin
mövzusuna çevrilmişdir. Bu baxımdan şair Vüqar Əhmədin
"Bircə maaş qalxmadı" satirik şeiri
dövrün nəbzini tutan əsər
kimi diqqəti cəlb edir. Şair gündən-günə
baş verən iqtisadi böhranı, bahalaşmanı,
xalqın maddi rifah halının
yaxşılaşdırılmasının əksinə
olaraq, ağır yaşam tərzində həyat sürməyə
məhkum olunmasını, sosial problemlərin daha da
artdığını şeirdə ironik bir tərzdə,
antitezalıq yaradan fikirlər və sözlər vasitəsilə
ifadə edir. Vüqar Əhmədin
dövrün, zamanın nəbzini tutan "Bircə maaş qalxmadı"
satirası sosial problemləri qabarıq şəkildə
gündəmə gətirən aktual əsər kimi əhəmiyyətlidir.
Şair Məmməd Əvəzoğlunun 2020-ci ildə
çapdan çıxan "Hanı o əvvəlki kənd
uşaqları" adlı şeirlər kitabına müəllifin
satirik və yumoristik səpkidə qələmə aldığı
59 şeiri daxil edilmişdir. Bayatı, qoşma, qəzəl, bəhri-təvil,
atmaca və başqa janrlarda yazılmış bu satirik əsərlərin
əsas mövzusunu Qarabağ probleminin həllinə mane olan
qüvvələrin ifşası, erməni şovinistlərinin
məkrli siyasəti, ictimai, fəlsəfi, sosial, mənəvi-əxlaqi
və başqa məsələlər təşkil edir. Azərbaycan
satirik poeziyasının zirvəsində dayanan, "Molla Nəsrəddin"
ədəbi məktəbinin görkəmli nümayəndəsi
Mirzə Ələkbər Sabirin zəngin
yaradıcılığından bəhrələnən Məmməd
Əvəzoğlu şairin satirik ədəbi irsinə
xüsusi önəm vermiş və bir neçə əsərini,
o cümlədən "Sabirə", "Fəhlə" və
başqa satiralarını nəzirə şəklində qələmə
almışdır. "Sabirə" satirasında müəllif
şairin məşhur "Mən yazdıqlarımın
mükafatını vicdanımdan alıram" aforizmini epiqraf
seçmişdir. Sabir satiralarından qırmızı xətlə
keçən vətən və millət təəssübkeşliyi,
milli kimlik, elm, təhsil və tərbiyə məsələləri,
erməni-müsəlman qarşıdurması, sosial problemlər,
ailə-məişət qayğıları və digər
önəmli məsələlər Məmməd Əvəzoğlu
satiralarında da xüsusi yer tutur.
Şair Xəyal Zeynalın satirik şeirləri "Biz
ki gün görmürük, bəs bu yazarlar hansı
günümüzə şeir yazırlar?!" epiqrafı ilə
dərc edilib.
Xəyal Zeynalın şeirlərində ictimai
satira ön plana keçir. Cəmiyyətdə baş verən özbaşınalıq, mənəm-mənəmlik,
insanlara həqarətlə baxanların biganəliyi, vətəndaşların
hüquqlarını pozan, onları mənəvi zərbələrə
məruz qoyan, cansız bir əşyaya çevirərək
istədiyi kimi rəftar edən harınlaşmış məmur
özbaşınalığı, yüksək vəzifə
sahiblərinin sadə insanlarla qeyri-səmimi münasibəti
bu satiraların əsas mahiyyətini açıb göstərir.
Satirada diqqət çəkən əsas məqamlardan biri də
ictimai-siyasi məzmunlu bir əsərin təkcə ölkə
daxilində deyil, həm də qlobal xarakter alaraq dünyada mövcud olan
çatışmazlıqları, eyib və qüsurları əhatə
etməsindədir. Xəyal Zeynalın satirik
poeziyasında dərin müşahidə qabiliyyəti,
sözü məqamında, yerində işlətmək
bacarığı, yüksək məna effekti yaratmaq
imkanları genişdir. Şair sözlə insanın
portretini və ya hər hansısa bir hadisənin təsvirini
yaradır və ona məcazi fon verir ki, bu
da birbaşa oxucunun hiss və duyğularını
tüğyana gətirir və düşünüb nəticə
çıxarmağa sövq edir. Məsələn,
"Görəndə əsəbdən gülürəm,
Allah, Yönsüz yönümüzə şeir
yazırlar" və yaxud "Sevinci kiflədib
qursağımızda, Haqlı kinimizə şeir
yazırlar" və s.
Gənc şair Ağarza Elçinoğlunun (Həsənquliyev)
2020-ci ildə çap edilən "Hər yanı xatirədir"
adlı şeirlər kitabında lirik şeirləri ilə
yanaşı, satirik şeirləri də yer alıb. Şair Sabirə
nəzirə şəklində qələmə
aldığı "Biz ki, varıq gör nə müsəlmanlarıq?!"
satirasında dövrün ictimai-siyasi və sosial hadisələrinə
satirik yöndən yanaşır, mövcud cəmiyyətdə
haqqın, ədalətin boğulduğunu, insanların mənəvi
azadlığına qarşı çıxan qüvvələrin
despotizmini kəskin ifşa edərək tənqid hədəfinə
çevirir.
2021-ci ilin satirik ədəbi mənzərəsində
Xeyrəddin Qocanın dövrün sosial bəlalarını,
cəmiyyətdə baş verən ictimai eyib və
qüsurları əks etdirən lakonok, yığcam və
dolğun məzmunlu felyetonları diqqəti cəlb edir. Yazıçının il ərzində
"Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi
"Arayış", "Qayda-qanunu sevmişəm...",
"Alın yazısı", "Hamı yazır...",
"Oğru nə qanır?!", "Guya mənim işim
var", "Tərcümə", "Fil", "Lenin
diridir, yoxsa ölü?", "Cəhənnəm istəyən
yoxdur" (10 iyul); "Hərənin öz yeri",
"Kasıb pul tapdı", "Toy nə üçündür?"
(30 oktyabr) felyetonları mövzu və ideya zənginliyi
ilə seçilir. Xeyrəddin
Qoca qəzetin 25 sentyabr 2021-ci il tarixli sayında yer alan
"Yuxu", "Həqiqət", "Gözlərim", "Gərək xeyrini biləsən...",
"Prokurorun söhbəti" felyetonlarına böyük
mollanəsrəddinçi şair Mirzə Ələkbər
Sabirin məşhur "Fisincan" şeirindən bir
parçanı epiqraf seçmişdir.
Yazıçının "Mizan-tərəzi vaxtı",
"Yorğan-döşəkdə qaldı...",
"Misralar kimindir?" və "Qorxuram" (25 dekabr)
felyetonlarında Azərbaycan dilini, mədəniyyətini,
musiqisini,
bütövlükdə milli-mənəvi dəyərlərimizi
bərbad hala salan istedadsızlar, biganə və saxtakar
insanlar tənqid hədəfinə çevrilir. Xeyrəddin
Qocanın "Qorxuram" felyetonu mövzu və ideya baxımından Sabirin
eyni rədifli satirasını xatırladır.
2021-ci ilin satirik nəsrində olduğu kimi, satirik
poeziyasında da dövrün nəbzi duyulur. Bu baxımdan
"Azərbaycan" jurnalında dərc edilən satirik
şeirlərdə insan və cəmiyyət, varlılarla
kasıblar arasındakı ictimai-sosial tarazlıqların
pozulması, haqq-ədalət prinsiplərinin pozulması,
yalan, böhtan və şərin insan mənəviyyatına
vurduğu mənəvi zərbələr kimi neqativ
halların ifşası dövrün real gerçəkliklərinin
bədii inikası təsiri bağışlayır.
Şair Ağasəfanın "Kiçiklərin
böyüklüyü", "Mən onlayn babayam...",
"Əzrayılın gəlişi" (¹4 ), Firuzə Məmmədlinin
"Üzdə", "Minnət", "Xeyri yox", Kəmaləddin
Qədimin "Əfəndim", "Nə var
yalançının evi kimidi..." (¹5)
şeirləri dərin müşahidəyə, böyük həyat
təcrübəsinə əsaslanan poeziya nümunələridir.
Ağasəfanın "Kiçiklərin
böyüklüyü" şeirində cəmiyyətin
varlı təbəqəsi kasıblarla
qarşılaşdırılır. Müqayisə
və paralellər əsasında onların hər birinin
özünəməxsus fərdi keyfiyyətləri üzə
çıxır. Şair haram yolla pul
qazananları, zəli kimi xalqın qanını soranları,
rüşvətlə sərvət toplayanları
"şeytanın dəyirmanına su tökən" bəd
əməllər daşıyıcısı kimi xarakterizə
edir.
Firuzə Məmmədlinin fəlsəfi
ağırlıqlı, həyatın sərt üzünü
reallıqla əks etdirən "Üzdə" şeiri
Ağasəfanın "Kiçiklərin
böyüklüyü" satirası ilə həmahənglik
yaradır.
Şeir dünyada
gedən mürəkkəb ictimai-siyasi proseslərə,
ölümə, kütləvi qırğınlara yol
açan silahlanmaya qarşı etiraz notası təsiri
bağışlayır.
Kəmaləddin Qədimin şeirlərində cəmiyyətdə
hökm sürən xaotik vəziyyət, nahaqqın haqqı
üstələməsi, ədalətsizlik, qanunsuzluq,
yalançılıq, riyakarlıq kimi mənfi halların
ifşası mühüm yer tutur. Şair satirik əsərlərində
insan xislətindəki naqislikləri ön plana çəkir,
pis əməllərlə məşğul olan, cəmiyyət
üçün bəlaya, dağıdıcı bir qüvvəyə
çevrilən, şər işlərlə həyatın
ritmini və ahəngini pozan mənfi personajları sərt ittihamla üz-üzə qoyur. Ümumiyyətlə, 2020-2021-ci illərin ədəbi
mənzərəsində satirik poeziya yenə də
üstünlüyünü saxlamaqdadır. Bunu il ərzində çap olunmuş şeir
kitablarında və dövri mətbuatda dərc edilmiş əsərlərdə
də müşahidə etmək olur. İkinci
sırada hekayə, novella və felyeton janrında qələmə
alınmış nəsr əsərləri qərarlaşıb.
Dramaturgiyada isə durğunluq hiss olunur, demək olar ki, satirik
əsərlərə təsadüf olunmur.
Gülbəniz BABAYEVA
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.31.