Pandemiya dövründə

alimlərimizin bədii yaradıcılığı

 

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan alimlərimizin bədii yaradıcılıq örnəklərinə diqqətlə nəzər salsaq görərik ki, bu gün cəmiyyəti narahat edən milli-mənəvi problemlər, son 30 ildə xalqımızın başına gətirilən sosial-ictimai fəlakətlər, mənfur düşmənlərimiz tərəfindən torpaqlarımızın 20 faizindən çoxunun işğalı və s. məsələlər daha çox diqqət mərkəzindədir.

2020-ci ildə 44 günlük II Qarabağ savaşında şanlı ordumuzun rəşadət və əzmkarlığı nəticəsində işğalda olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsi, 30 illik həsrətə son qoyulması, ordu-xalq və xalq-iqtidar birliyinin hər yerdə nümayiş etdirilməsi də alim-yazarlarımızın diqqətindən kənarda qalmamış, müxtəlif janrlı bədii əsərlərində bu və ya başqa şəkildə öz ifadəsini tapmışdır.

 

Poeziya

 

Ölkəmizin ümumi ədəbi həyatında olduğu kimi, alim-yazarlarımızın da bədii yaradıcılığında əsasən şeir üstünlük təşkil edir. Ədəbiyyatşünas alimlərin bəziləri gənclikdə qələmini şeirdə sınayır, bir çoxları isə, demək olar ki, şeir yaradıcılığını müntəzəm davam etdirir, ya da lirik poeziyaya olan sevgilərini ara-sıra qələmə aldıqları bədii örnəklərlə bu gün də nümayiş etdirirlər.

Maraqlıdır ki, alim-şairlər də dünyada və ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə vaxtında reaksiya verir, bütün həssas qələm adamlarını düşündürən vacib məsələlərə öz münasibətlərini bildirirlər.

Son dövrlərin yeni poetik nümunələri içərisində Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin vətənə və ana torpağa məhəbbət duyğularının, saf məhəbbətin səmimi ifadəsi olan şeirləri diqqət çəkir.   

Naxçıvan ədəbi mühitinin yetirməsi, hazırda institutumuzun əməkdaşı, tanınmış şair İbrahim Yusifoğlu imzası da oxuculara yaxşı tanışdır. Onun çox səmimi və təbii hisslərdən yoğrulmuş incə, lirik şeirləri uzun zaman unudulmur, həzin və kövrək pıçıltılar kimi yaddaşlarda yaşayır.

Filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəlinin də öz oxucuları vardır. Onun "Sevərmisən...", "Gərək deyil" və "Dünya bizdən ötdü daha..." başlıqlı lirik şeirlərində dünyanın hər üzünü görmüş incə qəlbli bir şairin romantik-fəlsəfi duyğularının əks olunduğunu görürük.

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın şəhidlərimizə həsr edilmiş şeirləri, eləcə də "Sonda torpaq olan həsrət" və "Nə tez gəldin?" kimi şeirlərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş igid oğullarımızın xatirəsi hörmətlə yad edilir, onların qurban getdiyi idealların daim qəlbimizdə yaşayacağına sarsılmaz inam ifadə olunur. 

Türk xalqları ədəbiyyatının elmi əməkdaşı, dosent Fəridə Hicran (Vəliyeva) "Dünya yenə dəyişir" və "Dəvənin vəsiyyəti" ünvanlı fəlsəfi və alleqorik məzmunlu şeirlərilə oxucularının görüşünə gəlib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Lütviyyə Əsgərzadənin romantik-emosional duyğularının bədii ifadəsi olan "Natanış şəhər", "Yenə", "Vətənim" və b. şeirləri maraqla oxunur. Özünəməxsus dili və üslubu olan bu şeirlər müəllifinin bədii yaradıcılığına ötəri bir həvəs kimi yanaşmadığını bir daha göstərir.

Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi Gülbəniz Babayevanın klassik üslubda yazdığı şeirləri həm mövzu-məzmun, həm də formal-stilistik baxımdan olduqca diqqətçəkəndir. Onun şeirlərində fəal vətəndaşlıq mövqeyi, haqqın-ədalətin qələbəsinə inam, eləcə də təmənnasız və fədakar məhəbbət motivləri üstünlük təşkil edir.

Filologiya üzrə fəlsəfə doktoru Təranə Məhəmmədqızının isə heca vəznli "Şuşam" və "Gəlib-gedər" adlı şeirlərində bir vaxtlar düşmən əsarətində olan torpaqlarımızın həssas şair qəlbində doğurduğu acı həsrət və nisgil duyğuları ön plandadır.

XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Əflatun Baxşəliyev könülləri oxşayan lirik şeirlərilə mətbuatda ardıcıl çıxış edir. Ömrünün müdriklik çağlarını yaşayan Əflatun müəllim yenə istək və arzularını həsrət qoxulu misralara çevirməkdən, hələ də sevdiyi gözəllərin dilini öyrənməkdən mənəvi zövq alır.

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu mətbuat xidmətinin rəhbəri, gənc şair Gülnar Səma öz şeirlərilə dövri mətbuatda müntəzəm çıxış edən gənc yazarlarımızdandır. Onun da təbiətə, insanlara və hadisələrə fərqli münasibəti, öz şairanə yanaşma tərzi vardır.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Qəndab Əliyeva da bədii yaradıcılığa ciddi maraq göstərən əməkdaşlarımızdandır. Onun "İşıqda kölgə", "Ətirli güllər", "Nə fayda" və b. şeirlərini misal göstərə bilərik. Qəndab "Ətirli güllər" adlı şeirlər kitabı ilə 2020-ci ildə oxucularının görüşünə gəlib.

 

Nəsr

 

Budəfəki toplumuzun nəsr bölməsi filologiya elmləri doktoru, professor Teymur Əhmədovun Xalq yazıçısı M.İbrahimovun xatirəsinə ithaf olunmuş "Əbədiyaşar palıd ağacı" hekayəsilə açılır.

Filologiya elmləri doktoru Elçin Mehrəliyevin "Bozdarın peşmanlığı", "Ağıllı çolpalar" və "Pirat" adlı qısa hekayələri oxunaqlı və olduqca maraqlıdır. Bu hekayələrdə kənd-kəsək həyatından və erməni daşnaklarının doğma yurd-yuvalarından didərgin saldıqları insanların sıxıntılı güzəranından bəhs edilir.

Tanınmış yazıçı-publisist Mənzər Niyarlının "Bir adamlıq qəbir" hekayəsini və "Vətəndən-vətənə" romanından bir parçanı da builki toplumuza daxil etmişik.

Filologiya elmləri doktoru Almaz Ülvi (Binnətovanın) "Ulu Herat, sənə elə aşiq oldum ku!.." adlı esse-povestinin oxucular tərəfindən maraqla qarşılanacağına inanırıq.

Filologiya üzrə elmlər doktoru, professor Akif İmanlını forma və məzmunca olduqca bitkin, dolğun və koloritli hekayələr müəllifi kimi də tanıyırıq. Onun 2021-ci ildə çıxmış "Necəsən, Qərənfil" adlı kitabında toplanmış hekayələri arasında "Başçıya məktub", "Qırxıncı vəzir", "Şair və hökmdar" və b. maraqlı nəsr örnəkləri vardır.

Filologiya üzrə elmlər doktoru, prof. Məmməd Əliyevin 2021-ci ildə avtobioqrafik məzmunlu iki romanı işıq üzü görmüşdür. "Həsrətin o üzü" və "Karvan köçər, ötər gedər sədası" adlı romanlarda ictimai-siyasi, sosial və elmi-ədəbi problemlər qabardılır, tarixi keçmişə hörmətlə yanaşma təbliğ olunur, insanların, özəlliklə, gənclərin taleyinə biganəlik və b. məsələlərə obyektiv münasibət bildirilir. Əsərlərin maraqlı dili, oxunaqlı üslubu, orijinal süjet və kompozisiyası diqqəti çəkir.

Filologiya üzrə fəlsəfə doktorları Solmaz Həyatovanın "Qürbətdə yaşayan məhəbbət" və Mahmizər Mehdibəyovanın "Taleyin töhfələri" adlı romanından bir parça da növbəti buraxılışımızda yer almışdır.

Filologiya elmləri doktoru Salidə Şərifova "Konfrans sevdası" və "Bu da yaşanılıb...", Mərziyyə Səlahəddinnin (Nəcəfova) "Qayıt, gəl", "Nəvələrin nənəsi" və "Cavabsız suallar" adlı kiçikhəcmli hekayələri də maraq doğurur.

Ədəbi tənqid şöbəsinin əməkdaşı, dosent Fidan Abdurəhmanova (Nizaməddinqızı) da nəsr yaradıcılığını davam etdirir. Onun uşaqlar üçün yazılmış "Günəşin ad günü", "Küsmək haqqım", "Uşaq evində karantin" və b. kiçik hekayələrinin də maraqla qarşılanacağına inanırıq. Yeri gəlmişkən, Fidanın, içində həmin hekayələrin də yer aldığı "Uşağın duası" adlı kitabı 2020-ci ildə nəfis şəkildə nəşr edilib.

 

Tərcümə

 

İnstitutumuzun əməkdaşları müxtəlif xarici dillərdən dünya klassiklərinin əsərlərini uğurla ana dilimizə çevirir, oxucularımızı yeni-yeni tərcümə örnəkləriylə tanış edirlər. Jurnalist-tərcüməçi Ülkər Hüseynova görkəmli dramaturqumuz M.F.Axundzadənin 1911-ci ildə Bakıda keçirilən 100 illik yubileyi münasibətilə "Kaspi" və "Bakinskiy listok" qəzetlərində nəşr olunmuş bir çox məqalə və resenziyaları tərcümə edərək çağdaş oxucuların və axundzadəşünasların ixtiyarına vermişdir. Burada, habelə Həmzət bəy Kabulov-Şirvanski (1884-1912), şahzadə Əmir Kazım Mirzə və Mehdi bəy Hacınski kimi bu gün çoxlarının tanımadığı ziyalıların M.F.Axundzadənin həyatı və sənəti haqqındakı fikirləri olduqca maraq doğurur.

Qədim dövr ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi Leyli Əliyeva özü şeir yazmaqla yanaşı, ingilis dilindən maraqlı bədii tərcümələr də edir.

Filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun ərəb dilindən dilimizə çevirdiyi Fələstin şairi Əli əl-Amirinin "Lövhə", eləcə də Oman şairi Hilal əl-Hicrinin "Həsrət" adlı kiçik şeirləri də orijinaldan yeni tərcümə faktları kimi qeyd olunmalıdır.

Filologiya elmləri doktoru Nizami Məmmədov (Tağısoy) da qardaş türk xalqlarının ədəbi nümunələrini ana dilimizə çevirmək işini ardıcıl davam etdirir.

Diqqəti çəkən bədii tərcümə örnəklərindən biri kimi dosent Xanım Zairovanın Rainer Maria Rilkenin almancadan etdiyi "Qəbirqazan" hekayəsini göstərə bilərik.

Filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovanın Tomas Hardinin "Kədərim nə qədər böyük" adlı şeirinin sətri tərcüməsi və eləcə də Uilyam Batler Yeytsdən çevirdiyi müdrik sitatlar bu günün oxucusu üçün yeni ədəbi örnəklər kimi yadda qalır.

Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli Kanadada yaşayıb-yaradan güneyli şair Rza Bərahəninin bir neçə şeirini Türkiyə türkcəsindən dilimizə uyğunlaşdırmışdır.

Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlovanın rus dilindən Y.A.Abramov və M.N.Deminin "100 dahiyanə kitab"ından etdiyi İrvin Şounun "Mən səni elə axtarırdım ki..." hekayəsi, Henrix İohann İbsenin "Per Gunt" əsəri və O.Balzakın məşhur "Bəşəri komediya"sı barəsində çox maraqlı fikirlərlə qarşılaşırıq.

Dünya ədəbiyyatı və komparativistika şöbəsinin əməkdaşı Mərcan Sofiyevanın tərcüməsində tanınmış ingilis şairi Robert Börnsün "Əlvida, Eliza" başlıqlı şeirini diqqətlə oxuyan hər kəs onun tərcümə olduğunu deməkdə bəlkə də çətinlik çəkər: "Eliza, bağışla, mən getməliyəm, Doğma sahilləri tərk etməliyəm". Bu sözləri eynilə Persi Şelli Bişinin "Payız. Ağı" və "Ozimandias" adlı şeirlərinə də şamil etmək olar.

 

Zəkulla BAYRAMLI

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.32.