Anar tezisləri
Ədibin 84 yaşına ithaf
Yaşadıqca
bilirsən, hər il, hər ay, hər
gün də insan omrüdür. Bir daha ədəbiyyatımızın
Anar sevgisindən yazmaq istədim, əzəldən intəhasızlığa.
Bir qəfil elmi mübahisədən təkanlanıb
bu qeydlərə gətirən düşüncələrimi
mətbu bölüşmək istədim.
1.
Deyirsiniz, Anarın yaradıcılıq portreti "sovet
cildi"ndə deyil, burada, Müstəqillik dövrü ədəbiyyatında
yer almalıdır. Razılaşmıram.
Anar Azərbaycanda 60-cılar hərəkatının
ruporu, generatoru, memarı və lokomotividir. Onun ədəbiyyat
və tariximizdəki qəti yerini, rolunu, missiyasını
ordan alıb nəyinsə naminə müstəqilliyin
ayağına yazmaq yanlış olar, əbəsdir,
qeyri-elmidir.
2.
"60-cılar" bütün "sovet ədəbiyyatları"nda
var; hər birisində bir ayrı, hansında hansı kökdə-məxrəcdəsə,
hansı zəmində, necə, nə qədər.
Qaynaqlar:
çağdaşlıq tendensiyası, müasirlik notları
60-cılardan əvvəl 50-cilərdə də var, bunu təvazö
edib Anar özü də daim vurğulayır, hərəkatı
Zəmanə özü yaratdı deyir. Amma
axı Zəmanə 60-cıların idi, 60-cıların
payına düşmüşdü; hərəkatı məhz
60-cılar başlatdı, böyük əzmlə, iradə
gücünə, israr və müqavimətlə,
ardıcıl fəaliyyət hesabına tarixə yazdı.
Liderlik məqamı və missiyası Anarın
öhdəsinə düşmüşdü.
3. Bizdə
60-cılar hərəkatı nə zamandan başlanır,
konkret hansı məqamdan? Daim mübahisə
predmetidir.
Mənimcə,
vater-xətt 1960-cı il, gənc Anarın
"Keçən ilin son gecəsi"dir; zamanları bölən
hekayə. Burda Mirzə Cəlilə göndərmə
də var (yeni zamanların nigaranlığı), sosializm
zamanının atributları da (əmək insanının
halal həyatı); amma başlıca tema gənc nəslin həyatıdır,
o (gənc nəsil) öz istədiyi kimi yaşamağa
meyllidir və bunu edir də. 60-cılar
yeni dünyaduyumu, baxışlar sırası, həyat tərzidir;
hər cür "Kommunist" və sosrealist tənqidlərə
məhəl qoymadan, Anar "gəmisi" yelkən alıb
Ağ limanlara doğru üzməyə başlayır.
4. Rus
modelindən alıb "kənd nəsri" - "şəhər
nəsri" antinomiyası uydurmaq əbəsdir, bəsdir.
Azərbaycan başdan-binadan Şəhər ölkəsidir,
ədəbiyyatımız - "şəhər ədəbiyyatı". Odur ki, tüm
yazıçılar Kəndini yazmağa məşğulkən
Anar Şəhəri yazdı, çağdaş ədəbiyyatımıza
Şəhər təfəkkürünü gətirdi.
Sivilizasiya qatında, bütünlükdə mədəniyyət
qatında; lokal mikro-mühitdə də Şəhəri
yazdı ("Ağ liman" və ətrafında sıra
hekayələri), Cəmiyyət miqyasında ("Molla Nəsrəddin-66",
ətrafında sıra hekayələr, "Macal",
"Şəhərin yay günləri"), İnsan
Kosmosunda da ("Əlaqə", "Sizsiz", sıra xatirə-əsərləri,
"Göz muncuğu"), Dünya tənhalığında
("Otel otağı", ətrafında sıra hekayələr,
"Ağ qoç, qara qoç"), Millət
paradiqmasında da ("Dədə Qorqud", "Unudulmaz
görüşlər", "Yaşamaq haqqı",
"Söz dünyası", "Qarabağ dastanı: otuz
ilin həsrəti, 44 günün zəfəri"...) eynən,
Azərbaycan sivilinin tədqiqini verdi, təqdimatını
etdi. Sivilizasion qlobal prosesdir, nəhəng müasirlik
aktıdır; içindəyiksə, varıqsa, nə xoş
halımıza!
5.
60-cılar hərəkatı və Anar. Nədən
məhz Anar?
60-cılar
sadəcə ədəbiyyat, sənət deyil ,
bütöv bir mədəniyyət aktı, hərəkatıdır;
fikirdə, düşüncədə, duyumda,- dedik; zövqdə,
yanaşmada, mənəviyyat və estetikada, böyük
yaradıcılıq enerjisi, həyat eşqində. Kinoda,
teatrda, təsviri sənətdə, musiqidə, televiziyada və
radioda, elmdə və texnikada, ictimai-mədəni mühitdə,
məişət tərzi və davranışda, modada, arzu və
xəyalatımızda... Bütün bu sahələr
köklü araşdırma istəyir, əlbəttə; hər
birisinin öz korifeyi, lideri və sıra nəfərləri,
entuziast və təmsilçiləri... Amma hər birisinin hərəkət
və hərəkat tezliyində həm də ədəbiyyatın
sözü və gözü olaraq Anar görünür,
müxtəlif rakurs və görəvlərdə: dramaturq,
ssenarist, rejissor, redaktor, təşkilatçı, təşviqatçı,
ideya katalizatoru... "Torpaq. Dəniz.
Od. Səma", "Adamın
adamı", "Sizi deyib gəlmişəm", "Şəhərin
yay günləri", "Təhminə və Zaur"; "Gün
keçdi", "Hər axşam saat 9-da", "Dantenin
yubileyi"; "Evləri köndələn yar",
"Nigaranlıq"... Həm də bu, bir dəfə
başlanıb bugün də bitməyən, tükənməyən
hərəkatdır, bugün də israrla
tele-ekranlarımızı bəzəyən: "Dədə
Qorqud", "Uzun ömrün akkordları", "Qəm
pəncərəsi", "Cavid ömrü",
"Sübhün səfiri", "Təhminə" və
yenə "Təhminə"... Zaman-zaman həzzini
aldığımız kimi, vaxt olub ki, həm də bəzisinə
sərt, tənqidi yanaşmışıq. Bu, belədir. Amma etiraf etməli: bugün belə,
60-cılardan başqa da bir dayanıqlı mədəniyyət
platforması, müasirlik mücadiləmiz varmıdır?!
6.
60-cılar hərəkatı və biz.
Və bir
də "Qobustan"; bütün bu ədəbi-mədəni
hərəkatı, sənət və mədəniyyət gəlişməsini
toparlayıb bir araya gətirən, inikas və intişar
etdirən, yayan, şüurlara yeridən İncəsənət
toplusu "Qobustan". Anar "Qobustan"ı ərsəyə
gətirəndə, 1968-ci il, 30
yaşı vardı; necə bir köklü-köməcli,
uzaqgörən bir işin altına girdiyini şəksiz ki,
bilir, fəhm edirdi. Bugünlərdə Anarın "Ömrümün Qobustan
illəri" yazısını təsadüfən, yenidən
oxudum (bax: Anar, "Yaşamaq haqqı", Bakı, 2020, s.
1053-1066). Özümün "Qobustan"lı illərim xəyalıma
gəldi; bəlkə də ən parlaq səhifələri
deyil, 1977-ci il sayları, orta məktəbi
bitirdiyim zamanlardan 1988-ci ilə qədər Anarın
"Qobustan"ı bütün dəsti ilə (hər il
dörd say olmaqla) bugün də şəxsi kitabxanamda, gənclik
düşüncə və xəyalatımın ən parlaq
düsturu-dəlilləri olaraq durur. Sonralar da
Fikrət Qocanın buraxdığı sayları adda-budda izləmiş,
hətta burda çap da olunmuşam, amma həmən o həzzi-ləzzəti
verməyibdir. "Ömrümün
Qobustan illəri"ndə Anar "Qobustan"lı illərini
vərəqləyir, toplunu çıxarmağın əngəllərindən,
məxsusən Dil siyasətinə görə, Türkiyə
türkcəsinə yozularaq doğma türk dilinə görə
suçlanmağı, çək-çevirə
salınmağından söz açır. Mənim
"Qobustan"lı illərimdə isə hər şey Dil
idi; sənət dili, musiqi dili, rəssamlıq, heykəltaraşlıq,
memarlıq dili, teatr və kino dili, Qurama, Şəbəkə,
Dünya dili, folklor və Yazı dili, Ortaçağlar və
müasirlik, Şərq və Qərb dili... Nə qədər
imzalar, adlar, sənət klassikası! Baxıb-görürəm
ki: 60-cılar, 70-cilər, 80-cilər... - kimdə-kimsədə
necə, nə zamandan, bizim Sənət və həyat
zövqümüzü, əqidə və
ideallarımızı elə "Qobustan"lı illər
formalaşdırmış, yetirmiş...
Vərəqlərkən, daha bir qəfil detal heyrətimə
səbəb oldu. Toplunun Sovet incəsənətinin 60 illiyinə (1977, ¹ 3-4) və Azərbaycan Sovet
incəsənətinin 60 illiyinə (1980, ¹ 1-2) həsr
olunmuş saylarının titul səhifəsində Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Baş Katibi L.İ.Brejnevdən verilmiş sitat əvvəlcə
tərcümədə - Azərbaycan dilində, sonra orijinalda
- ruscadır. Bəlkə də ol zamanlar,
içində olduğumuz illərdə bu fakt bizə adi gəlir,
təbii görünürdü, Heydər Əliyev Azərbaycanında
yaşayırdıq; bugündən baxanda isə çox
önəmlidir, cəsarət aktı olduğu barizdir. Nə olsun ki, Anarın öz etirafına görə,
"Qobustan" birbaşa Heydər Əliyevin himayəsində
və nəzarətində idi; bu Dili gerçəklərdə
yaşatmaq, yeritmək və şüurlara yedirmək, şəksiz
ki, hünər işi sayılmalıdır.
7. 60-cılar hərəkatına
korrektəmiz.
Belə ki, bütün bu hərəkat hələ
1990-cı illərə, müstəqilliyimizə qədər
olubdur. İndi, cənablar, deyirsiz, bütün bunları
"silib" də, Anar adını, imzasını, parlaq
yaradıcı portretini bugünümüzəmi korrektə
etmək gərəkdir? Deyirsiniz ki, sovet dönəmi
tarixdir, dünəndir; müstəqilliyin otuz ili
ərzində, habelə bugün də yazıb-yaradan Anarı
Sovet cildindən çıxarıb şanlı-şövkətli
Müstəqillik epoxasına transfer etmək gərəkdir. Mənimcə,
heç gərək deyil; bəlkə əksinə,
"dövr"ün özünün (1960-1980-ci illər)
"sovet" libasını ən nəhayət soyundurub arxivə
vermək, əvəzində: önə hələ ol
zamanlardan, 60-cılardan başlanan müasir Azərbaycanı,
Azərbaycan həyatını, müasirlik hərəkatını
çıxarmaq gərəkdir, necə var - elə. Nədənsə bizim ədəbiyyat və mədəniyyət
tarixçilərimiz ictimai-siyasi amili ifrat kultlaşdırır;
halbuki tarixi-mədəni faktor daha dərin və əsaslıdır.
Buna mən Anarın "Söz dünyası"nı (Bakı, Şərq-Qərb nəşriyyatı.
I cild-2018, II cild-2020) oxuyarkən bir daha əmin
oldum; bizim XX yüzil başdan-başa müasirlik, modernləşmə
aktı, çabalarından ibarətdir və bu yolda necə
bir ictimai-siyasi rejimləri (qatı çarizm hakimiyyəti,
repressiv stalinizm dövrü, durğunluq-staqnasiya mühiti)
keçib-dəf edə bilmişdir.
8.
Müstəqillik savaşı və Anar.
Doğrudur,
tariximizin Müstəqillik savaşında Anarın
ictimai-siyasi xadim kimi, Millət vəkili kimi, AYB sədri kimi,
türk dünyası hərəkatlarının
aparıcı Şəxsiyyətlərindən biri kimi, ən
nəhayət eləcə müstəqil ölkənin Vətəndaşı
kimi fəaliyyəti, zəhmətləri, xidmətləri
çoxdur; bütün bu faktlar ədibin rəsmi bioqrafisinin
şərəfli səhifələridir. Anarın
yaradıcılığında isə, mənimcə,
"müstəqillik savaşı" yoxdur, sözün
metafizik anlamında; iç azadlığı, sərbəst
düşüncə, müstəqil şəxsiyyət
fenomeni var, nədənsə-kimdənsə- hansı
instansiyadansa asılı olub qurtulmaqlıq, müstəqil
olmaq çabaları, qayğısı yoxdur. Çün
Anar hər zaman daxilən azad, müstəqil olubdur. Və
daima Anar "dünya" ilə deyil, dünya Anarla (geniş
mənada oxu: "milli varlıq"la) savaşda olubdur. Anar yaradıcılığının hərəkətverici
qüvvəsi, ekzistensial cövhəri buradadır. Odur
ki, Anar dar mənada "müstəqillik ədəbiyyatı"nın deyil, daha dərin, geniş müasir Azərbaycan
hərəkatının təmsilçisi, ruporudur.
9. Anar
olmağın sirri.
Bir də Anarı Ulu Öndər eşqinə, "Heydərabad"
qurmaqda qınayanlar var. Nədən? Zatən biz başdan-binadan Heydərabad sakinləriyiz;
məgər Dədəm Qorqud boylamaları "Xanım
hey!" nidasından başlamırmı? Tənqid
romanımın "Maarifçi hökmdar" qismində bu
metafizikanı daha geniş faktolojidə çözməyə,
təsbit etməyə çalışmışam (bax:
T.Əlişanoğlu, Azərbaycan, Azərbaycan.
Bakı, "Nurlan", 2005). Azərbaycan ədibindən
söz edərkən, mənim yadıma həmişə Məhəmməd
Füzulinin "Padişahi-mülk..." qitəsi gəlir.
Azərbaycan qələm əhlinin qurduğu səltənət,
daima fatehlərin cızdığı xəritələrlə
qiyas olunur. Hünər bu ki, Anar varoluşumuzun
çağdaş xəritəsində bir "Söz
dünyası" qurubdur...
Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.4.