Anarın bədii tablosunda

məkanlar və vəziyyətlər  

 

Ədəbiyyatın məkan anlayışı, fərdi və ictimai yanaşmanın, keçmiş, indi və gələcək müstəvidə həssaslığın görüntüsü kimi də qəbul edilə bilər. Ədəbi əsərlərdə məkanlar yaddaşın, nostaljinin, milli-mədəni kolleksiyanın, sosial dəyişikliyin və insan ruhunu dərk etmək səylərinin bir hissəsi kimi konkret reallıqları faktlara və ya hisslərə çevirir. Ədəbiyyatın səciyyəvi cəhətlərindən biri də odur ki, o, həm obyektiv meyarlardan istifadə etməklə, həm də bu meyarların həddini aşmaqla gerçəkliyin dərkinə çata bilir. Ədəbiyyat fərqli duyğuların, mesajların görünməsi üçün obyektiv meyarlara riayət olunmaqla məkan təxəyyülü və təsviri önə çəkir. Bu səbəbdən ədəbi əsərlərdə məkandan istifadənin çox müxtəlif məna ölçüləri var. Yazıya təsadüfən ədəbiyyatda məkan anlayışı haqqında fikirlərlə başlamadım. Haqqında yazmağa cəsarət etdiyim yazıçı romanı, povestləri, hekayə və pyesləri, ssenariləri, eyni zamanda şeirlərilə Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr vermiş və verməkdə olan Xalq yazıçısı Anar olunca bu mövzu aktuallıq qazanır. Çünki Anarın əsərlərində məkanlar qəhrəmanların hisslərini müşayiət edir, mövzunun gedişatını təmin edir, duyğuları tamamlayan ab-havanın görünən simasına çevrilir. Anarın bədii tablosunda məkanlar və vəziyyətlər var. Əsərlərin çoxunda elə bir yer var ki, o yer mövzu qədər bələdçi və yol göstərəndir. Bəlkə də, bu, Anarın həm də rejissor olmasından irəli gəlir. Bu fikirləri yazıçının bir neçə əsərinə müraciət edərək dəqiqləşdirək.

Anarın dörd mahnı-novellada birləşən "Torpaq, Dəniz, Od, Səma" əsəri dəniz kənarında yerləşən bir kənddə biri o birini izləyən dörd nəslin taleyini səciyyələndirən bir dövrü, Azərbaycan xalqının tarixinin dörd ayrı mərhələsini  əhatə edir. Ünsürlərin insanlarla, daha doğrusu, talelərlə eyniləşdirilməsi, müəllifin təxəyyülündəki zaman küləyinin insan talelərində yaratdığı dəyişikliklər əks olunur. Əsərin başlanğıcında təqdim olunan qayalar -  laybalay qatdama qayalar, sütun, sal qayalar, çopur, hamar qayalar, şahə qalxmış, yatmış qayalar, bu qayaların üzərindəki ov səhnələri, budaq-buynuzlu marallar, yallı rəqsləri, qurban kəsmə törənləri əli nizəli atlılar və s. təsvirlər Azərbaycanın qədim tarixinə işıq salır. Oxucu Qobustanda "zamanın yonduğu, küləyin döydüyü, dənizin gəmirdiyi heykəllər"in fonunda dünəninə nəzər salır, bugününü yaşayır, sabahına boylanır, gördüklərini və görəcəklərini birləşdirir. Bu vəhdətin rəsmi Vətəndir, yurddur. Torpağın, Dənizin, Odun, Səmanın rəngi Azərbaycan insanının ruhu, ruhunun ab-havası, Azərbaycan tarixinin rəngidir.

Susuzluqdan yanan Abşeron kəndi, torpaq kimi istiqanlı, bünovrəli, qüdrətli, cazibəli, bərəkətli adamlar, dəniz kimi zaman-zaman fırtınalı, "od püskürən"  - zaman-zaman sakit, sirli, sehrli insan psixologiyası, od, alov dilli Atəşgahı, Yanardağı, mübariz ruhu, sönməyən, sönməyəcək "ocaqlar"ı - güc qaynağı, od ürəkli oğulları, Odlar diyarı adının qədim qaynağı, Müstəqilliyinin əksi düşən üçrəngli bayrağındakı səma rəngi, göy üzü kimi açıq zehnli, açıq qəlbli, açıq süfrəli, sülhməramlı insanları ilə rənglənən xalqın tablosunu görürük bu əsərdə. Bu tablo vətən, xalq, bayraq, dövlət üzlü Azərbaycandır.

"Gün keçdi" Anarın iki gəncin etiraf etmədiyi sevgidə itən zaman kəsimini axtarmağın fonunda Bakının tarixinin - İçərişəhərin arxitekturasının qorunması çabasıdır. Şəhərin əyri-üyrü küçələrində, hər yolunda, hər daşında Oqtayın Əsmərə olan gizli sevgisi var, o küçə, o yol, o daş - o şəhər qorunmalıdır ki, o sevgi də qorunsun. Yazıçı əbədi olan vətən, yurd, xüsusilə Bakı sevgisini, onların qorunması məsələsini ömrün dolaylarında itən iki gəncin sevgisinin timsalında təzələyir, diri tutur.

Əsası miflərdən, xalq ədəbiyyatından qopub gələn, folklor motivləri ilə zəngin olan türk təfəkkürünün nadir incisi "Dədə Qorqud" tariximizin şanlı səhifələrini özündə yaşadır. (Anar bu əsəri ilə "Kitabi-Dədə Qorqud" dastanının da geniş təbliğinə imkan yaratmışdır). "Dədə Qorqud"da təqdim olunan təsvirlər, məkanlar istər mövzunu çatdırmaq baxımından, istərsə də obrazları tanıtmaq baxımından əsas elementə çevrilir. Bildiyimiz kimi, ulu əcdadlarımızın təsəvvüründə Göy Tanrısına yaxınlığına görə Dağ kultlaşdırılıb və insanları Tanrıya bağlayan əsas vasitə sayılıb. Anarın ssenaridə hadisələrin xüsusilə dağlarda cərəyan etməsi hadisələrin gedişatını, obrazların vəziyyətini dolğun bir şəkildə təqdim edir. Əsərin sonunda daşlaşan obrazlar mifləşir, hərəsi bir dağa dönüşür ki, bu, müəllifin dağ kultu ənənəsinə sadiqliyinin təzahürüdür. Əsərin bütün yerləri (məkanları) vətənpərvərlik, qəhrəmanlıq, cəsarət, dəyanət, yenilməzlik, ata-anaya sayqı, dosta etibar, qadına sevgi, sədaqət aşılamaqla bərabər, hər dövrdə bədii dilinin gücü ilə də aktuallığını qoruyacaq əsərdir. Burada hadisələrin nizamı, ardıcıllığı zaman-məkan dəyişmələrində bəzən uyğunsuzluğa məruz qalsa da, əsərin dili bütün hallarda bu problemi aradan qaldırır və vəhdət təşkil edir.

Salur Qazanın "Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu. Mən bu oğlanı da gotürüb ovaçıxım. Ovovlayaq, quş quşlayaq, qayıdaq  gələk sizinlə birlikdə yeyək, içək, xoş keçək" - deyərək çıxdıqları ov yerləri, Beyrəyin vəhşi heyvanı məğlub etməsi və s. səhnələrdə təsvir olunan heyvan və quşlar oğuz düşüncəsinin totem modelində onun mənsub olduğu sakral məkanların zooişarələridir. Ümumiyyətlə, "Dədə Qorqud" türk milləti üçün inanc yeridir, ocaqdır; vətən, yurd anlayışının özüdür.

"Dantenin yubileyi" hekayəsində Kəbirlinski obrazının zəif xarakterini, fərqli düşüncə dünyasını, həyatda özünü tapmayan birinin təlaşlı ömür yolundan parçaları əks etdirir. Burada müəllifin məqsədi, eyni zamanda dövrün insanlarının dünyabaxışını, ictimai-əxlaqi, dini görüşlərini əks etdirən gerçəklikləri göstərməkdir. Əsər həm də ziyalı bir insanın biliklərini ötürə bilmə istəyi və anlaşıla bilmə ümididir. Mənə elə gəlir ki, bu əsər müəllifin özünün insanları və onların dəyişən hallarını qeydə aldığı xatirələri əsasında yazılmışdır.

Hekayənin ilk misrası oxucunu yenə də sözügedən həmin məkana çəkir. "Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - rejissor və rəssam". Və bu əsərin ümumi məkanında əvvəldən sona sanki bir lirizm hökm sürür. Qəhrəman həm ailədə, həm də cəmiyyətdə insanlarla münasibətdə özünü (obrazın xarakterini) açır. Bu, məhz yazıçı psixologizmidir ki, personaj haqqında təhkiyəyə girmədən, onun psixologiyasındakı fərqliliyi analiz etmədən, daxili dünyasını onun öz hiss və hərəkətləri, münasibət və davranışları, xüsusilə də bulunduğu məkanla açır.

Anarın insan taleyinə humanist baxışı digər əsərlərində olduğu kimi bu əsərdə də aydın görünür. Əsər bədii və sosial elementlərin konsepsiyaya uyğun təhlili üçün də əhəmiyyətli nümunədir.

Anarın qəhrəmanları əksər hallarda sadə, sıravi adamlardır. Amma o, "kiçik" adamların dramından, üzləşdikləri faciələrdən böyük ədəbiyyat yaratmışdır.

Müəllifin yaradıcılığında önəmli yer tutan əsərlərindən ən çox seviləni, ən çox müzakirə olunanı "Ağ liman"dan başlayıb "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nə uzanır.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə də məkan anlayışı diqqəti cəlb edir. Əsərdə məkandan istifadə mətndaxili (bədii) və mətndənkənar (ictimai) strukturların təhlilində ilkin elementlərdən biridir. Romanda məkanlar bədii ədəbiyyatın mərkəzində dayanan ölümsüzlük, inteqrasiya, vüsal, ayrılıq kimi eşq hallarının ən mühüm şahidi olmaqla yanaşı, həm də ictimai dəyişikliyi gözə çarpdıran mühüm göstərici funksiyasını yerinə yetirir. Bu əsərdə ədəbiyyat və kosmos arasındakı əlaqənin ölçüləri obyektiv gerçəkliyin fərdi və sosial baxımdan vizuallaşdırılmasıdır. 

Romanın mövzusu sevgi hekayəsi olsa da, hadisələr təkcə macəralar üzərində qurulmayıb, həyata baxışda faydalılığa əsaslanmışdır. Həyəcanlı və bəzi məqamlarda vulqar ifadələrlə rənglənən roman, qəhrəmanların daxili aləmi, duyğuları hərtərəfli təhlil edilən, insan-mühit münasibətinə önəm verilən, kompozisiya bütövlüyünə malik, səbrlə, incəliklə işlənmiş naxışlı, bədii, poetik üslubda, möhkəm texnika ilə yazılmış əsərdir. Roman həm iki sevgili arasındakı emosional münasibətdən, həm də dramatik taleli insanların yaxşı və pis tərəflərini göstərmək baxımından klassik-realist roman hesab olunur.

Dövrün ictimai quruluşundakı həyat tərzi, ictimai qınağın olumlu və olumsuz təsirləri ilə dolu hadisələr təxminən bir neçə ili əhatə edir. Bu zaman dilimində bir-birini sevən gənclərin gizli görüşləri, yaddaqalan xoşbəxt günləri, ayrılıqları, Təhminənin həsrətli günləri, xəstəliyi və ölümü, Zaurun bu olaydan xəbərsiz, könülsüz qurduğu ailə həyatı təsvir olunur.

Əsərdə önəmli olan emosional yanaşmalar və fiqurlar arasındakı məsafələrdir. Buna görə də "Beşmərtəbəli evin altıncı mərtəbəsi" məkan olaraq zaman daxilindədir. Başqa sözlə, romanın hərəkəti fiziki olaraq yox, insanların intensiv şəkildə yaşadığı münasibətlərin, münaqişələrin inkişafı şəklində görünür. Romanda zaman əsl mənada deyil, simvolik mənada məkanda özünü göstərir.

Əsərin adı ilə məzmunu arasında bir əlaqə beşmərtəbəli evin altıncı mərtəbəsi - Təhminə ilə Zaurun qeyri-qanuni yaşadığı sevginin xoşbəxtlik xülyasıdır. Heç kimdə tapa bilmədiyi sevgi hissini və cinsi istəklərini Təhminədə tapan Zaur bu bərabərliyi davam etdirə bilmir. Bir yanda Təhminənin sevgisi, o biri yanda anasının etirazı, hikkəli qarşıdurmaları, digər tərəfdən də, sosial statusuna kölgə salacaq, şərəf və ləyaqətini alçaldacaq ictimai tənələr bu sevginin sonunu gətirir. Təbii ki, bu, məsələnin görünən tərəfidir, görünməyən tərəfi isə bir insanın itirdiyi xoşbəxtliyin buruxluğu ilə ömrünün mənasız yaşanan illəridir. Əsər boyunca oxucu qəhrəmanlarla bərabər, yazıçının da qəlbinin narahat döyüntüsünü duyur. Sanki müəllif qəhrəmanlarının yaşadığı olayların içində - o zamanın və məkanın tam otrasındadır.

Uzun illər sonra keçən il Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının epiloqu olaraq yazdığı "Təhminənin son sirri"  hekayəsi  Təhminəni, ölümündən sonra olsa da, tənələrdən qurtardı. Bu bir növ haqsız yerə cinayətkar damğası ilə qətl olunan birinin ölümündən sonra bəraət almasına bənzəyir. Buna rəğmən Təhminənin günahsızlığını bilmək oxucunu sevindirir, insanların ona qarşı amansız münasibətini lənətləməyə haqq qazandırır. Təhminə bu hekayə ilə arzusunda olduğu altıncı mərtəbəyə - xoşbəxtlik mərtəbəsinə qalxır. Amma bu məkanda da Zaurla yolları birləşmir. Zaur son pərdədə beşmərtəbəli evin beşinci mərtəbəsində yorğun düşür. Bu məqamda məkanlar təkcə sevginin ən mühüm şahidləri və onun ölümsüzlük, bir ruh olma və fantastikanın mərkəzində dayanan ayrılıq kimi xüsusiyyətləri deyil, həm də zaman dəyişikliyi ilə gözə çarpan əsas göstəricidir.

Anar həyat haqqında düşüncələrini və arzularını çox səmimiyyətlə yazır. O, güclü müşahidəçi və realist yazıçıdır. Ziddiyyət, ümid və məyusluq kimi insan duyğularının təsvirlərini gördüyümüz, reallığın müxtəlif hallarını, kodlarını və şifrələrini tapdığımız bu əsərlərdə o, adətən, tanıdığı və müşahidə etdiyi insanları obraz olaraq seçib, onları yaşadıqları mühitə, məkana, vəziyyətə və xarakterlərinə uyğun məzmunda təqdim edir. "Keçən ilin son gecəsi", "Yağışlı gecə", "Yaxşı padşahın nağılı", "O gecənin səhəri" "Qırmızı "Limuzin"", "Otel otağı", "Şəhərin yay günləri", "Səhra yuxuları", "Xatirələr sahili", "Qəm pəncərəsi" müəllifin əsərlərində tez-tez rast gəlinən məkanlar və elementlərdir.

Anarın gözəl, lakonik üslubu, həm də sənət yaratmaq qayğısından uzaq bir dildə yazmağı onu oxucuya sevdirən mühüm amillərdən biridir. Elə bu səbəblə də hansı dilə tərcümə olunsa, onu doğma müəllif kimi qəbul edərlər. Ədəbiyyatımızda "Çexov üslublu" hekayənin nümayəndələrindən biridir desək, yanılmarıq. Hekayələrində bəhs etdiyi mövzuları insan və cəmiyyət, zaman və məkan, psixoloji mövzular kimi üç qrupa ayırmaq olar. İnsanlardan və cəmiyyətdən bəhs edən hekayələrində, ümumiyyətlə, cəmiyyətin hər hansı hadisəyə və ya şəxsə münasibəti, sinfi fərqlərin yaratdığı nöqsanlar, insanların eqoistliyi və s. mövzuları ələ alıb. Psixoloji mövzulu əsərlərində dostluq, insan sevgisi, sevgi, həsrət, tənhalıq kimi müxtəlif mövzuları işləyib. Onun xəyallar və yuxular üzərində qurulan əsərləri müəyyən qədər reallığa əsaslanır. Çünki yazıçını xəyal qurmağa vadar edən gündəlik həyatında rastlaşdığı nadan və şərə xidmət edən insanlardır. Qaranlıqda rəngi tapmaq və təqdim etmək elə də asan deyil, bu, yazarın daxili əzablarından keçir. Anarın özünün bir şeirində dediyi kimi:

 

...Burda bizdən nə qalar?

...Ağ vərəqlər üstündə

çəkdiyimiz əzablar -

Yazdığımız kitablar...

 

Hörmətli Anar müəllim, ömrünüzün 84-cü ilində sizə cansağlığı və yaradıcılıq uğurları arzu edirəm! "Yazmaqçün yaşayıram, yaşamaqçün yazıram" sözünüzü uzun illər tutun.

 

Adilə Nəzər

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.5.