Məmməd Orucun özü və sözü

 

75 illik münasibətilə bir neçə söz

 

Eşidəndə ki, bizim öz bədii dəst-xətti, öz sözü və sanbalı olan nasirimiz Məmməd Orucun 75 yaşı tamam olur, qırx il bundan qabaq (!) onunla birlikdə Yazıçılar İttifaqında işlədiyimiz gözəl illər yadıma düşdü - o, "Azərbaycan" jurnalında, mən isə İttifaqda işləyirdik.

Bu qırx ildə nələr olmadı, hansı qlobal hadisələr baş vermədi?

Qırx il insan ömründə az zaman deyil, ancaq həmin olanlar, baş verənlər bu qırx ilin çərçivəsinə sığışmır - epoxal qəziyyələrin şahidi olduq - Məmməd Oruc isə elə bu gün də "Azərbaycan" jurnalında işləyir - eyni məkanda. Ancaq bu qırx il onun yanından ötüb-keçməyib, onun içindən keçib və bu fikrin açıq-aşkar ifadəsi Məmməd Orucun yaradıcılığıdır.

Bu yaxınlarda onun müsahibəsində oxudum ki, Buzovna tərəfdə, Bakıya gələn yoldan iki kilometr kənarda tək yaşayır və deyir: "- Hər gün ordan çıxıram yola, avtobusa minirəm, gəlirəm "Koroğlu"ya, ordan da redaksiyaya".

Doğrusunu deyim ki, Allahın verdiyi hər günün bu eyni marşrutu, eyni gediş və qayıdışı başqa birisi üçün (elə mənim özüm üçün də) dəhşətli bir yeknəsəqlik ola bilərdi və mən bu yerdə desəm ki, Məmməd ona görə belə bir eyniliyin fövqündədir ki, bu cansıxıcı gəliş-gedişdə də yazıçı kimi fikrində işləyir, fikrində yazı-pozuyla bir yerdədi, buna görə də həmin eyniliyin fərqində deyil - o zaman şablon söyləmiş olaram.

Ancaq şablon nədir? Şablon da həqiqətin təkrarıdır.

Mənə elə gəlir ki, Məmməd Orucla bağlı hər günün belə marşrut saymazlığı, laqeydliyi şablondan daha artıq dərəcədə onun varlığına hopmuş və bəlkə də artıq təhtəlşüura çevrilmiş təbii təvazökarlıqdan, təbii sadəlikdən irəli gəlir.

Baxın, elə həmin müsahibədə "2000-dən çox yazıçı var, mən də o 2000-dən biriyəm" deyir, müxbirin "- Sizə qarşı biganəliyə münasibətiniz?" sualına "- Bunları xatırlamağın heç bir mənası yoxdur" deyir.

Bu təbii təvazökarlıq - arxasında iddia gizlənmiş yalançı bir etiraf yox, dünyanın gərdişi ilə bağlı dərk edilmiş bir təvazökarlıqdır və müxbirin fəxri adlarla bağlı sualına da o, "- Yox, yox. O şeylər mənə yaddır" deyir.

Mən bu cür "biganəliyin" için-için dərdini çəkən, ad almaqdan ötrü əl-ayaqdan gedən, ondan-bundan ləyaqətsiz xahişlər edən, müsahibələrində isə belə şeyləri guya veclərinə almadığını, bunlara biganə olduğunu deyən yazı-pozu adamlarını az görməmişəm və onların bir çoxunun yazdığı əslində həmin "biganəliyi" doğruldur, çünki belə bir "biganəliyə layiqdirlər, ancaq ədəbi tənqidin və ümumiyyətlə, ədəbi prosesin Məmməd Oruc kimi istedadlı ədiblərlə bağlı biganəliyi mürgüləməyi, inertliyi, həvəssizliyi, bir sözlə, naqisliyi ifadə edir.

Əsas məsələ isə budur ki, onsuz da zaman istedadın müttəfiqidir, buna görə də vaxt keçdikcə istedadla bağlı belə bir ədəbi "biganəlik" həmişə əsl ədəbiyyatdan kənara atılır. Zaman istedadı otuz ildən, əlli ildən sonra olsa da mütləq üzə çıxarır və o istedad nə qədərinə layiqdirsə ədəbiyyatdakı yerini də o dərəcədə də müəyyən edir. Ədəbiyyatın tarixində onlarca, hətta yüzlərlə belə hadisələr olub və olacaq.

Məmməd Oruc məhsuldar qələm sahibidir: romanlar ("Qara güzgü", "Köçürülmə", "Qısa qapanma"), povestlər ("Oyun havası", "Veteran", "Malakan kəndinin payızı", "Namərd körpüsü" və s.), hekayələr ("Susuz gölün sonası", "Çay gəmisində gəzinti", "Kiyevli Oksana" və "Akvariumda farel ovu", "Şeytan tükü" və s.).

Mən bu roman, povest və hekayələrin hamısını oxumamışam, ancaq onların adını ürəklə çəkirəm, çünki o qələm ki, Məmmədin əlindədir, onunla uğurlu əsərlər yazmaq olar (və yazılır), eyni zamanda nisbətən uğursuz əsərlər də yazmaq olar, nəyisə bəyənərsən, nəyisə bəyənməzsən, ancaq mən buna tamam əminəm ki, bu yazıların hamısı ədəbiyyat nümunələridir, bunların arasında ədəbiyyata dəxli olmayan bir yazı yoxdur.

10-15 il bundan əvvəl məzuniyyətə çıxıb, həm müalicə, həm də işləmək üçün xudmani Roqaşka (Sloveniyada) sanatoriyasına getmişdim və oradakı kiçik kitabxanada "Drujba narodov" jurnalının oxunmaqdan səhifələri əzilib-bükülmüş bir nömrəsini görüb götürdüm. Jurnalda Məmməd Orucun hekayəsi çap olunmuşdu və bu gözlənilməz görüşdən (!) sonra bir balaca nigaranlıqla (Roqaşkaya gəlib-gedən rusdilli oxucular Azərbaycan ədəbiyyatının hansı bir səviyyəsi ilə tanış olacaqlar?) indi adını xatırlamadığım o hekayəni oxudum. Yaxşı xatırladığım isə odur ki, hekayəni oxuyub bitirəndən sonra o nigaranlıqdan əsər-əlamət da qalmadı.

Məmməd Oruc həm də professional tərcüməçidir və mən onun Vasili Belovdan tərcümələrini bizim tərcümə ədəbiyyatımızın uğularından biri hesab edirəm. Sadəcə istərdim ki, onun rus dilindən çevirdiyi, vaxt və zəhmət sərf etdiyi müəlliflərin arasında daha sanballı imzalar olsun. Hiss elədiyim dərəcədə o, rus ədəbiyyatına yaxşı bələddir, rus bədii dilini hiss edir və onun tərcüməçi qələmi rus ədəbiyyatının böyük ədəbi simalarını (xüsusən klassikanı!) səsləyir. Qoqolun, Dostoyevskinin, Turgenevin, Lev Tolstoyun, Çexovun demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilib və dövrünə görə bu tərcümələrin əhəmiyyəti son dərəcə böyük və mühümdür. Ancaq bu gün biz deyə bilərikmi ki, o tərcümələrin hamısı tam olaraq bütün bədii nüansları ilə bərabər müəlliflərinə layiqdir? Yox, deyə bilmərik, çünki layiq olanları ilə yanaşı, olmayanları da az deyil. Mən istərdim ki, Məmməd Oruc "Hərb və sülh"ü, yaxud "Sakit Don"u əvvəldən axıracan yenidən tərcümə etsin və mənim bu istəyimi "sifariş" kimi yox, günümüzün (və imkanlarımızın!) sifarişi kimi qəbul etmək lazımdır.

Bu qısa qeydləri yazarkən əvvəllər oxuduğum və xoşuma gəlmiş "Əzrayılla görüş" povestini yenidən vərəqlədim. Bu povest erməni-Azərbaycan münasibətlərilə bağlı bizim ədəbiyyatımızda "Kamança"dan gələn və inkişaf edən, şaxələnən, millidən bəşəriyə adlayan və artıq yalnız erməni-Azərbaycan yox, "Kamança"dan əvvəl yazılmış bir sıra əsərlərimizdə (məsələn, "Şeyx Sənan"da) bəşəri miqyasacan yüksəlmiş bədii-estetik özünüifadənin yaxşı nümunələrindən biridir.

Azərbaycan kəndlərini, şəhərlərini xarabaya çevirən, Xocalıda cəlladlıq edən erməni ilə kamança çalan erməni eyni adam deyil, çünki o, eyni adam olsaydı, təbii bir intiqam hissi ilə alışıb-yanan, bütün içi milli (və ədalətli!) qəzəb hissi ilə dolu olan azərbaycanlının ürəyinə yol tapa bilməzdi. Xəlil ilə Gövhərin həyatı, güzəranları, sözlə birbaşa, müstəqim deyilməyən hiss-həyəcanları və bu həyatın bədii təsviri "Əzrayılla görüş"ü ədəbiyyatımızın məhz milli faktına çevrilir. Bunu da deyim ki, Məmməd Orucun "Qısa qapanma" romanında ba müəllifin ümumbəşəri dəyərlərə meyli açıqca görünür və bu romanın eyni mövzulu əsərlərdən yaxşı mənada seçilməsinin də səbəbi elə budur.

Ədəbiyyatda bədii-fəlsəfi yüksəlişi, ucalığı bəşərilik müəyyən edir. Çox bəyəndiyim, hətta cavanlıq illərində aludə olduğum əsərlərdən biri - Tomas Mannın "İosif və onun qardaşları" yadıma düşür və başına min bir əzab-əziyyət gətirilmiş, xəyanətlərin, böhtanların içindən keçmiş İosifi (Yusifi) sonda hökmdara qədər yüksəldən qüvvə onun içindəki təhtəlşüur (T.Mannın qələmində isə tamam aşkar!) qüvvə bəşərilik idi və burada mühüm bir cəhət var: bəşəriliyin kökündə millilik dayanır, fundament millilikdir. Mən əvvəllər də bu barıdə yazmışam ki, məhz millidən başlayan bədii-fəlsəfi yol magistrala çevrilərək, artıq bir xalqın yox, bəşəriyyətin hiss-həyəcanını ifadə edir: "Don Kixot" kimi, "Hamlet", "Anna Karenina" kimi.

Ancaq biz qələmin ardıyca çox uzaqlara getməyək və mən bu qısa qeydlərin nöqtəsini qoymaq istəyəndə, üç-dörd il bundan əvvəl Məmməd Orucun hansısa yazısında söylədiyi bir xatirəsi yadıma düşdü. O deyirdi ki, uşaqlıq çağlarında Səməd Vurğun kimi bir şair olmağı arzulayırmış.

Ancaq o, Səməd Vurğun kimi bir şair olmadı, müasir nəsrimizdə layiqli yerini tutmuş görkəmli nasirimiz Məmməd Oruc oldu.

 

9 mart 2022

 

Bakı

 

ELÇİN

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.6.