Sükutda gizlənən sözlər
Səlim Babullaoğlunun kitabı
Macarıstanda çap olunub
AYB-nin beynəlxalq məsələlər
üzrə katibi, şair Səlim Babullaoğlunun Macarıstanda
şeirlər kitabı
çap olunub."AB
ART Kiado" nəşriyyatında
"Lyra Omnis" seriyasında
çap olunan və şairin seçilmiş şeirlərinin
toplandığı "Avqust"
toplusu müəllifin
macar dilində çap olunan ilk kitabıdır.
Səlim Babullaoğlu
qəzetimizə verdiyi
açıqlamada bildirib
ki, kitaba toplanmış şeirlər
onun rumın dilində nəşr olunmuş eyniadlı kitabından götürülüb
və şeirləri rumıncadan macar dilinə Balasz Boroka tərcümə edib: "Xanım Boroka gənc olmasına rəğmən
xeyli dərəcədə
təcrübəyə və
populyarlığa sahib tərcüməçidir,
hərçənd daha
çox nəsr tərcüməçisi ilə
məşğul olub.
Mənə yazdığı
məktubda ölkəsindən
uzaq bir başqa ölkənin mədəniyyəti, orda yaranan bədii təcrübə, təsəvvürlər,
oxşarlıqlar, varlıq
və qəlb barədə düşüncələrlə
tanışlıqdan məmnunluğunu
ifadə edib. Bu seriyada dünyanın, o cümlədən Avropanın,
xüsusən Şərqi
və Cənubi Avropanın, eləcə də ABŞ-ın müasir və bilinən şairlərinin kitabları
dərc olunub. Həmçinin bir neçə il
əvvəl Məmməd
İsmayılın kitabı
da həmin seriyada nəşr olunub. Seriyanın redaktorları: Attila Balaş
və Halmosi Sandordur. Attila Balaş kitaba "son söz" də yazıb...".
Çağdaş
Azərbaycan poeziyasının parlaq nümayəndələrindən
biri kimi şair Səlim Babullaoğlunu ədəbiyyat tənqidçilərinin
bir çoxu yeni ifadə tərzi və dünyaduyumuna görə
yüksək qiymətləndirir. O, gündəlik
reallığı işarələr və eyhamlar dolu
reallığı təxəyyül süzgəcindən
keçirərək cilalayır və onları müvafiq səsli-semantik
çərçivələrə salır. Şairin əsas
mövzuları öz məna koordinatlarına malik
yaradıcılıq, həyat və ölüm, tənhalıq
kimi nəhayətsiz mövzulardır. O, adi, mütəmadi,
çeşidli həyat səhnələrindən dərin mənalar
çıxarır, varlığın şifrəsini
açmağa cəhd edir. Şair daim hiss edir, etdirir ki,
cari gerçəklik ötəridir, poeziya da:
"Bu dünya hər şeyi məhv edir,
sözdən başqa,
o da daim sükutda
gizlənir tərs kimi...".
Onun şeirlərində dəniz,
Ay, yol kimi tez-tez görünən obrazlar - obyektlər var, gözəllik və onun əksi,
əbədi və ötəri, nitq və sükut, nəhayət, varlıq və yoxluq:
"Bircə divarlar dinmir, heç nə ifadə etmir,
onlar evin və ev yiyəsinin
sirlərini
sədaqətlə saxlamaqdadılar.
Amma diqqətlə baxsanız,
siz onların sinəsində parçalanan
stəkan yeri,
qan izi, tüpürcək ləkəsi
görə bilərsiniz.
Bəs söyüşlər? Divarlar onların əks-sədasını
geriyə qaytarmışdı.
Elə siz də onları
lüğətlərdə tapa bilməzsiniz...".
Yaxud:
"Zürafə qamətli sarışın kranda
bir sual görünüşü, təəccüb
var.
Binalar yuvadı,
adamlar qarışqa -
hündürdən baxılsa.
Hündürdən baxılsa - hər
bir məhəllə labirint;
ya da ki,
daşlaşmış cəngəllik.
Təksən.
Qaçışır adamlar yağışdan sonra ya evə,
ya evdən.
Hər mənzil
dalandı - qapını
bağlasan.
Hər otaq çıxışdı - açıqsa
nəfəslik.
Təksən".
Dünya, insanın varlığı
ardıcıl eniş
prosesindədir. Bu isə
dünyəvi kədərin
səbəbidir. Bu kədəri dadmış,
tənhalaşmış adamın
aqibətini isə fani həyat yüngülləşdirmir.
Gündəlik həyat mövzularına toxunarkən Səlim Babullaoğlu keçmişi
və indini bir müstəviyə salır.
"Şəhidlər xiyabanı"
adlı şeirdə sovet ordusunun paytaxt Bakıda etiraz edən insanları gülləbaran
etdiyi tragik hadisələr nəql edilir, amma bu
gün bir başqa cür hiss olunmaqla, məzarlıqdakı
gözləri yaxşı
görməyən qocanın
vasitəsilə:
"Şəhidlər xiyabanında
döşəmə daşlarını
yağış qaraldıb.
Qoca eynəyinin
şüşəsində muncuqlanmış damcıları
silir.
Adlar, şəkillər dəyişir,
ölüm tarixləri
isə eynidir:
iyirmisi, birinci ay, doxsanıncı il.
İrəli əyilir, naməlum
şəhid məzarının
adsız və şəkilsiz qara mərmər lövhəsində
öz əksini görüb diksinir...".
Öz həyatını
təsvir edən, danışan azərbaycanlı
şair gələcəyə,
gələcək nəsillərə
də toxunacaq ağrılı ismarışlar
verir.
Babullaoğlunun şeirləri həm
də yaradıcı proses barədə olur, şairin mətnə münasibətini
faş edir. Şeir həm də ehtimal olunan həyatdır. Uşaq əvvəl
danışır, sonra
yazır deyə, yaradıcılıq nitqdən
plagiat sayıla bilər.
Şair Səlim Babullaoğlu üçün yaradıcılıq
- həyatı mənalandırmaq,
suallar, axtarış və tapılmış cavablar, kədərdə sanki duza qoyulmuş
sevincdir. Onun şeirləri bir
çox dillərə
çevrilib. Bu kitab şairin macar dilində ilk "söhbəti"dir.
Attila BALAŞ
Ədəbiyyat qəzeti.- 2022.-
12 mart.- S.7.