Bu, Ordubadidir...

 

Məmməd Səid Ordubadini - böyük Azərbaycan yazıçısını şəxsən tanıyanların heç biri sağ-salamat deyil, bəlkə bir möcüzə ola ki, onu görənlərdən kimsə yaşayır. Amma Ordubadinin ruhu bundan inciməz. Çünki keçən əsrin əvvəllərindən ta vəfat etdiyi 1950-ci ilin 1 mayına qədər Məmməd Səid Ordubadi ədəbiyyatımızın sayılan, seçilən sənətkarlarından biriydi və ölümündən sonra - ta bu günə kimi də ədəbi varlığını yaşadır. Əsərlərinin nəşri ilə yanaşı, onun həyatı və yaradıcılığı barədə məqalələr, monoqrafiyalar yazılır. Buna səbəb axtarmaq istəmirik, çünki XX əsr Azərbaycan ədəbiyyatını Məmməd Səid Ordubadisiz təsəvvür etmək mümkün deyil. Bunu huşyar ədəbiyyatşünaslar çox yaxşı bilirlər ki, o, mollanəsrəddinçi şair kimi Sabir və Cəlil Məmmədquluzadə realist ədəbi məktəbinin  görkəmli nümayəndələrindən biri olmuşdur. "Molla Nəsrəddin"də onun onlarca şeiri, felyetonu dərc edilib. Mirzə Cəlillə və Ömər Faiqlə yaxın dostluğu olub. O, Azərbaycanda roman janrının ilkin nümunələrini ("İki çocuğun Avropaya səyahəti" və "Bədbəxt milyonçu")  yaratmış, sonralar ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoymuş və bu təməl üzərində böyük binanın əsası hörülmüşdür. Ədəbiyyatımızda Cənubi Azərbaycan həyatını, orada yaşayan yurddaşlarımızın həyat tərzini və inqilabi mübarizəsini qələmə alan ilk yazıçılardan biri olmuşdur. Ordubadi milli mətbuatımızın inkişafında da mühüm rol oynamış və xüsusən, keçən əsrin iyirminci illərində bu sahədə qızğın fəaliyyət göstərmiş, bir neçə qəzetin baş redaktoru olmuşdur. "Qanlı sənələr" publisistik əsəri ilə ermənilərin keçən əsrin əvvəllərində Azərbaycan türklərinin başına gətirdikləri faciələri ürək yanğısı ilə təsvir edən  ilk yazıçıdır. O, həm də 30-a yaxın irili-xırdalı dram əsərinin ("Əndəlisin son günləri", "Teymurləng və İldırım Bəyazid", "Dumanlı Təbriz" və s.), həmçinin bir sıra opera librettolarının müəllifidir. Bu yazını qələmə almamışdan öncə bizim Milli Kitabxanamızda Ordubadinin sovet dönəmində çap olunmuş səkkizcildliyini vərəqlədim, onun həyatı və yaradıcılığı ilə bağlı məqələ və monoqrafiyalarla tanış oldum. Təbii ki, bu səkkiz cilddə Ordubadinin bütün yazdığı əsərlər əhatə olunmayıb. İrili-xırdalı 6 min əsərin müəllifi adlandırılan Ordubadini yenidən, amma daha təkmil variantda nəşr etməyin vaxtı çatıb.           

 M.S.Ordubadi təkcə yazıçı deyil, həm də sosial-demokrat, inqilabçı və kommunist olmuşdur, özü də ömrünün axırınacan tutduğu mövqedən və kommunist əqidəsindən bir addım da geri çəkilməmişdir. Lakin bütün bunlara baxmayaraq, o, Azərbaycan ədəbiyyatının klassiklərindən biridir. Yazıçıları illər keçəndən sonra təkcə ictimai və siyasi fəaliyyətinə görə deyil, ədəbi mövqeyinə, yazdığı əsərlərdə yaşadığı dövrü və yaxud tarixi həqiqətləri necə əks etdirdiyinə görə qiymətləndirmək lazımdır.  Böyük türk şairi Nazim Hikmət də kommunist idi, amma onun əsərləri təkcə siyasi əqidəsininmi ifadəsiydi? Ordubadi haqqında da eyni fikri söyləmək olar.

Deməli,  "kommunist yazıçı" Ordubadiyə istər tarixə qovuşmuş və heç də birmənalı qarşılanmayan sosializm realizmi "epoxası", istərsə də müstəqillik dövrünün prizmasından yanaşılsın, o, yenə yazıçı kimi möhtəşəmliyini və klassikliyini itirmir. Lakin onu hansı meyarlarla qiymətləndirməyin də öz mənası var.

Məmməd Səid Ordubadi Naxçıvanda doğulub (1872). Onun atası Hacıağa  Fəqir (1838-1885) bütün ömrü boyu kasıb yaşamışdır. O, Təbriz və Şirazın tanınmış alimlərinin yanında dərs almış, Ordubada qayıtdıqdan sonra müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə başlamışdır. Görkəmli tənqidçi M.Arif yazırdı:  "Ordubadinin atası Hacıağa "Fəqir" təxəllüsü ilə məşhur idi. Bu şair "Fəqir" ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da, fəqir idi. Onun şeirləri zəmanədən və zülmdən şikayətlə dolu olduğu üçün Ordubad varlılarının xoşuna gəlmirdi".

 Ömrünün son illərində onun gözləri də tutulmuşdu, şeirlərini yaxın dostu Məmmədtağı Sidqiyə diktə edib yazdırırdı. 1885-ci ildə, 49 yaşında vəfat edən Hacıağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi fəqir və kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubad ipək fabrikində fəhləlik edir. Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Təbii ki, ağır zəhmət, gün-güzəran çətinliyi onda zəmanəyə, zülm və istismar dünyasına qarşı dərin bir etiraz oyatmışdı. Atasının şair olmasının ona da təsiri keçmişdi və Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa, bir adamın da böyük rolu oldu. Bu, o dövrün tanınmış ziyalılarından biri - "Şərqi Rus" qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski idi. Xatırladım ki, böyük Mirzə Cəlilin ədəbiyyata gəlməsində Şahtaxtinskinin təsiri və təşviqi mühüm rol oynamışdır.

Ordubadinin Şura inqilabına qədərki həyatı, yaradıcılığı maarifçi bir yazıçının tədricən bolşevik ideyalarına yiyələnməsinə qədər olan bir dövrdür. Keçən əsrin əvvəllərində o, Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində iki şeir məcmuəsini çap etdirir ("Qəflət", "Vətən və hürriyyət"). Bu kitablarda toplanan şeirlərində Ordubadi maarifçilik mövqeyindən çıxış edir, cəhaləti, nadanlığı, xurafatı tənqid atəşinə tutur, eyni zamanda üzünü Vətən övladlarına tutaraq onları mübarizəyə səsləyir. Təkcə şeirlərində deyil, əməllərində də o, mübariz idi, tədqiqatçıların yazdığına görə, yaşadığı Ordubadda  gizli bir cəmiyyət təşkil etmişdi.  Siyasi intibahnamələr yaydığına görə Ordubadi qısa müddət ərzində həbs edilir. Ordubadda yaşamağın namümkünlüyünü görən Məmməd Səid Culfaya köçür. Culfa İrana qonşu idi və bu da Ordubadinin ürəyincə olur, o, tez-tez Təbrizə gedir, demək olar ki, Cənubda baş verən inqilabi hərəkatın iştirakçılarından birinə çevrilir.

1920-ci ilə qədər Ordubadi həm ədəbi yaradıcılıqla məşğul olur, həm də inqilabi fəaliyyətini davam etdirir. Ədəbi yaradıcılığı barədə söhbətimizi bir az sonraya saxlayaq, inqilabçı-demokrat  Ordubadi isə tez-tez təqib olunurdu. 1913-cü ildə gizli təşkilatda fəaliyyətinə görə onu həbs edirlər (Naxçıvan, Tiflis, Novoçerkask, Saritsın həbsxanalarında yatır), sürgündə də yaradıcılığını davam etdirir. Həbs müddəti başa çatdıqdan sonra Həştərxana gəlir, "Hümmət" qəzetində çalışır. O zaman Nəriman Nərimanov da bu şəhərdə idi və onların dostluğu da elə buradan başlanır, hətta ağır xəstələndiyi zaman Nərimanov onu müalicə edir.

1920-ci ildən ömrünün axırına qədər Ordubadi Bakıda yaşayır, uzun müddət bir sıra qəzet və jurnallarda məsul redaktor, Azərbaycan Radio Verilişləri Komitəsində ədəbi-bədii verilişlər üzrə redaktor vəzifələrində çalışır, "Koroğlu", "Nərgiz" və s. operalarının librettosunu qələmə alır, elmi, publisistik və əlbəttə, bədii yaradıcılıqla məşğul olur, tarixi romanlarını yazır. Və bu ədəbi, ictimai fəaliyyəti də Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilir, üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir dəfə isə (1938) Ali Sovetin sədri seçilir. Orden və medalları da öz yerində - "Lenin", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" və s.

Bizim ədəbiyyatşünaslar haqlı olaraq qeyd edirlər ki, roman Azərbaycan ədəbiyyatında ən gənc janrlardandır. Onun yaranması XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Daha doğrusu, 1887-ci ildə yazıçı-publisist Marağalı Zeynalabdin "İbrahimbəyin səyahətnaməsi" adlı roman yazır. Avtobioqrafik səciyyəli bu əsərlə realist Azərbaycan romanının əsası qoyulur. Bu əsərdən sonra 1930-cu ilə, yəni ilk sovet romanları yaranana qədər iyirmidən artıq roman yazılır və bunların əksəriyyətini indiki meyarlarla roman adlandırmaq mümkün deyilsə də, hər halda, ədəbiyyatımızda bu sahədə bir canlanma hiss edilir. Azərbaycan oxucuları dərk edirlər ki, roman adlı bir janr da varmış (hələ XIX əsrdə M.F.Axundov romanın millətə faydalı bir janr olduğunu qeyd etsə də). Təbii ki, ilk Azərbaycan romanlarının əksəriyyəti hələ bu janrın tələblərinə cavab vermirdi. O romanların içində xalq dastanlarının süjeti əsasında yaradılan nümunələr də vardı, türk və Avropa romanlarından təbdil olunanları da diqqəti cəlb edirdi, amma bu "kiçik" romanların əhəmiyyəti onda idi ki, oxucular tədricən belə bir janrın varlığına alışırdılar. "Bahadır və Sona" (N.Nərimanov), "Şeyda bəy Şirvaninin məktubları" (S.M.Qənizadə), "Məsalikül-məhsinin", "Kitab yüklü eşşək", "Əhmədin kitabı" (Ə.Talıbov), "Əsrimizin qəhrəmanları" (A.Şaiq), "Solğun çiçək" (Əli Səbri), "Can yanğısı" (A.Divanbəyoğlu), "Yusif və Züleyxa" (Ə.Müznib), "Bir yetimin naləsi" və yaxud qardaş qardaşa etdiyi xəyanət" (B.Cabbarzadə), "Gözəllərin vəfası", "Xoşbəxtlər", "Neft və milyonlar səltənətində" (İ.Musabəyov), "İki nakam" (N.Bəsir) və b. romanlar keçən əsrin əvvəllərində, bu mənada çox faydalı bir missiyanı yerinə yetirdi. Bu sırada M.S.Ordubadinin "Bədbəxt milyonçu" romanını da qeyd edirik. Deməli, Ordubadinin bir xidməti də ilk Azərbaycan romanlarından birini qələmə alması idi. O dövrün məşhur tənqidçisi Seyid Hüseyn yazırdı ki: "Romançılıq ədəbiyyat aləmində bir sənətdir... Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə  bərabər, şeir babində çox irəliləmişdir. Nəsr babində qeyrilərə nisbət geridə qaldığından  romançılıq sənəti bizdə bir halətdədir. Halbuki, romanın təhzizi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bu gün fikri söyləmək üçün romandan gözəl bir alət olmaz. Roman vasitəsilə bir millətin həqiqət kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək olar ki,  oxucu onu şirin oxumaqla, öz nöqsanlarını düşünə bilər".

"Bədbəxt milyonçu" da məhz bu həqiqətin dərkindən yaranmışdı. Öncə qeyd etdik ki, bir yazıçı kimi Ordubadi M.F.Axundov və Z.Marağalıdan sonra  ədəbiyyatımızda Cənub mövzusunun ən parlaq nümunələrini yaratmışdır və "Bədbəxt milyonçu" romanının mövzusu da İran həyatından götürülmüşdür. Əsərin süjet xətti çox da mürəkkəb deyil. Fransada təhsil alıb Təbrizə qayıdan Rzaqulu xan böyük arzularla yaşayır. O, Təbrizdən Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi ruhlu qəzet nəşr etdirmək, məktəblər və müalicəxanalar açmaq, xalqın rifah halını yaxşılaşdırmaq istəyir. Onun övladları da atası kimi maarifçidirlər, onlar da Avropa təhsili görmüşlər. Lakin nə Rzaqulu xanı, nə də onun maarifçi övladlarını bir kimsə başa düşmür və bundan sonra bu xoşbəxt ailə nadanlığın, xurafatın qurbanı olur. Fasiənin əsas səbəbkarlarından biri də Rzaqulu xanın arvadı Böyükxanım olur. O, zorla təhsilli qızı Münəvvəri gözünü nadanlıq pərdəsi örtmüş, varlı-dövlətli, həm də xeyli yaşlı Qulam xana ərə verdirmək istəyir. Nətisədə Qulam xan Rzaqulu xanın iki oğlunu və onun özünü öldürür.  Beləliklə, "zülmət səltənətində parlayan nurlar" tez də sönüb külə dönürlər.

Əlbəttə, bu, Ordubadinin roman sahəsində ilk addımı idi. Onun təsvir etdiyi qəhrəmanlar işıqlı insanlar idi, lakin qətiyyən mübariz deyildilər. Mütərəqqi arzularını həyata keçirmək yolunda elə ilk təzyiqdən və təcavüzdən sarsıldılar, günlərini ah-ufla keçirdilər. Amansız İran despotizmi onların həyatına son qoydu.

M.S.Ordubadi milli ədəbiyyatımızda tarixi roman janrının banisi sayılır. Onu tarixi roman yazmağa səfərbər edən bir neçə amili açıqlaya bilərik. 1. Ordubadi Azərbaycan və həmçinin Şərq tarixini çox gözəl bilirdi. Ərəb və fars dillərini bilməsi Ordubadini tarixi mənbələrə çəkib aparırdı. Lakin tarixi bilmək azdır, hətta qədim mənbələrlə tanışlıq da elə bir önəm kəsb eləmir, əsası o idi ki, Ordubadi bu tarixi bədii şəkildə oxuculara çatdırmaq istəyirdi. 2. Ordubadi 1905-ci ildən 1920-ci ilədək həm İranda, həm də Azərbaycanda baş verən bir çox tarixi hadisələrin canlı şahidi və iştirakçısı olmuşdu və bu hadisələri illər keçəndən sonra bədii əsərlərində əks etdirməyi qərara almışdı. Ümumiyyətlə, onun tarixə marağı güclü idi və bir sıra dramlarını da tarixi mövzuda qələmə almışdı.

"Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanları da məhz bu zərurətdən yaranmışdı.

Adlarını çəkdiyim bu romanlar uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlər olmuşdur. Və həmin əsərlər haqqında ədibin sağlığında da, ölümündən sonra da xeyli məqalələr qələmə alınmışdır. Təbii ki, sovet dövrü ədəbiyyatşünaslığında  "Gizli Bakı" və "Döyüşən şəhər" romanları daha yüksək qiymətləndirilmişdir. Çünki bu əsərlərdə bolşevik partiyasının 1897-1919-cu illərdə Bakıdakı fəaliyyəti əks olunmuşdur. Sadəcə olaraq bolşevik ideologiyasının təsiri ilə yazılan "Gizli Bakı" və "Döyüşən şəhər"də o dövrün həqiqi mənzərəsi bir növ, gizli qalmışdır. Tarixi roman tədqiqatçısı, professor Yavuz Axundlu çox doğru olaraq qeyd edir: "Romanda ("Döyüşən şəhər"də) Bakı komissarlarının fəaliyyəti geniş təsvir olunmamışdır. Bunun bir səbəbi, bəlkə də, müəllifin özünün yaradıcılıq sirridir. Çox güman ki, Bakı komissarlarının əsl simasına yaxından bələd olan ədib o zaman onlar haqqında susmağı daha münasib bilmişdir".

"Dumanlı Təbriz" romanına gəldikdə isə deyə bilərik ki, bu əsərdə İranda, Cənubi Azərbaycanda baş verən hadisələr obyektivliklə, tarixi həqiqətlərə heç bir müdaxilə etmədən, yamaq vurulmadan canlandırılmışdır. Doğrudur, dörd hissəlik bu romanda personajların sayı həddindən artıqdır, amma müəllif onların heç birinin taleyinə biganə qalmamışdır, hətta epizodik səciyyə daşıyan obrazların da taleyi məlumdur.

Mövzu Ordubadiyə çox tanış idi. O, İranı, Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi, İran inqilabçıları ilə yaxından tanışlığı vardı. Səttarxanı, Bağırxanı görmüşdü, onların hansı amallar uğrunda mübarizə apardığını yaxşı bilirdi. O zaman (1905-1910) İran, Cənubi Azərbaycan bütün Avropa və Asiyanı lərzəyə gətirmişdi, hətta V.İ.Lenin də Səttarxan hərəkatına münasibətini gizlətməmiş, onu Puqaçovla müqayisə etmişdi.

Romanda çox məsələlərdən danışılır: Amerika, Almaniya, İngiltərə, Fransa, Rusiya dövlətlərinin İranda apardığı açıq və gizli siyasət, İran monarxiyasının zəifliyi və çürüklüyü, dini mövhumatın baş alıb getməsi, əhalinin ağır vəziyyəti, inqilabi mübarizənin təsviri... bütün bunlar tarixi dəqiqliklə əks etdirilmişdir. Romanın qəhrəmanı Əbülhəsən bəy (sonradan məlum olur ki, o, Bakıdan göndərilən bolşevikdir) bütün bu hadisələrin içindədir və müəllif ideyasının daşıyıcısıdır.

İranda baş verən birinci inqilab məğlub oldu. Müəllif inqilabın xarakterindən, mahiyyətindən çıxış edib bu məğlubiyyətin səbəblərini də açıqlayır.

Ordubadinin bu üç romanında, eləcə də "Qılınc və qələm"də macəra səpkili hadisələr də az deyil. Bunu sonralar Ordubadiyə irad tutan tənqidçilər də olmuşdur. Qeyd edək ki, bu, Ordubadinin özünəməxsus bədii fəndi idi. Dünya ədəbiyyatında da bu səpkili tarixi romanlar az deyil. Oxucunu bir anlıq real hadisələr axarından ayırıb sevgi-məhəbbət macəralarına, sentimental səhnələrə çəkib aparmaq... məsələ bunda idi.

Nəhayət, "Qılınc və qələm" romanı haqqında. Deyə bilərik ki, bu roman Azərbaycanın dahi şairi Nizamiyə ədəbiyyatda qoyulan ilk böyük  abidədir. "Gizli Bakı", "Döyüşən şəhər" və "Dumanlı Təbriz" romanlarında təsvir edilən hadisələrin əksəriyyəti Ordubadiyə tanış idi, bu hadisələrin çoxu onun gözləri qarşısında cərəyan etmişdi. Amma birdən-birə XII əsrə qayıtmaq, mürəkkəb, təzadlı hadisələrlə dolu Nizami dövrünə müraciət etmək böyük məsuliyyət və hazırlıq tələb edirdi. Amma Ordubadi "Qılınc və qələm"i yazarkən həm tarixi mənbələrlə tanış olmuş, arxivlərə baş vurmuş, həm də bir ədəbiyyatşünas kimi Nizaminin həyatı və yaradıcılığı ilə bağlı məqalələr yazmışdır ("Nizaminin dövrü və həyatı", "Nizami dövründə ədəbiyyat", "Böyük şairin yaşadığı mühit"). Təbii ki, bütün bunlar Ordubadini Nizami dövrünə aparıb çıxarmış, onu dahi şairin möhtəşəm obrazını yaratmağa sövq etmişdir.

"Qılınc və qələm"də Ordubadi Azərbaycan Atabəylər dövlətinin yarım əsrlik hakimiyyət dövrünü, saraylarda baş verən hadisələri, bu dövrdə Nizaminin təkcə bir şair kimi deyil, həm də bir vətənpərvər kimi münasibətini əks etdirmişdir. Nizaminin həyatı ilə bağlı belə bir fikir formalaşıb ki, o, saraylardan, ölkəsində baş verən ictimai-siyasi hadisələrdən uzaq idi, amma Ordubadinin romanında biz Nizamini həmişə baş verən hadisələrin ən qızğın məqamlarında izləyirik. Bu onu göstərir ki, Nizami təkcə əsərlərində deyil, həm də yaşadığı dövrdə müdriklik səlahiyyətini üzərinə götürmüşdü.

Ordubadinin bu romanında üç meyil xüsusilə qabarıq nəzərə çarpır. Birincisi: o, xarakter yaratmaqda usta idi, "Qılınc və qələm"ə diqqət yetirin, Nizami ilə yanaşı, Məhsəti, Fəxrəddin, Qızıl Arslan, Rəna, Qətibə... bu obrazların hər biri xarakter səviyyəsinə yüksəlib. Elə bil, Ordubadi onlarla bir əsrdə yaşamış... İkincisi: Ordubadi həm də bədii təxəyyül ustası idi. Onun romanlarında tarixi məkanı və koloriti unutmamaq şərtilə maraqlı təsir bağışlayan hadisələr və obrazlar diqqəti cəlb edir. Üçüncüsü: Ordubadi təsvir etdiyi tarixi qəhrəmanları müasirləşdirirdi, necə deyərlər, modernizə edirdi. Məsələn, "Qılınc və qələm"də Nizaminin bir sıra fikirləri həmin tarixi dövrlə heç səsləşmir və Mehdi Hüseyn "Qılınc və qələm" haqqında qeydlər" məqaləsində "müasirləşdirmək" xəttini tənqid etmişdi. Əlbəttə, bu, Ordubadinin tarixi keçmişlə bu gün arasında körpü yaratmaq niyyətini ifadə edirdi.

Müasir Azərbaycan oxucusu və yazıçısı üçün Ordubadi kimdir? İlk növbədə, böyük romançı bu janrın təməlini qoyanlardan biri... tarix və müasirlik problemini böyük sənətkarlıqla əks etdirən, əsərlərində parlaq, dolğun və mükəmməl xarakterlər yaradan sənətkar. Azərbaycan ədəbi dilinin gözəlliklərini, incəliyi, duruluğunu, saflığını əsərlərində əyani şəkildə nümayiş etdirən yazıçı. Ordubadi bu mənada, bir məktəbdir və biz illər keçdikcə, bu məktəbdən öyrənməliyik.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.8-9.