Kişi papağı

 

Hekayə

 

Bu gerçək əhvalatı mənə tanışım danışıb. Üstündən yarım əsrdən çox keçsə də, mənə elə gəldi ki, məhz indi onu xatırlamaq və vətəndaşlarımıza, o cümlədən gənclərimizə danışmaq lazımdı.

Deməli, əhvalat Azərbaycanın böyük dağ kəndlərindən birində baş veribbu hadisələri görüb yaddaşına həmişəlik həkk edən bu adamın o vaxt on yaşı olub. Adət üzrə, kənddə ağsaqqallara hörmətlə yanaşırdılar. Ənənəvi olaraq, papaqlı üç nəfər həmkəndlisinin müxtəlif mübahisə və şikayətlərini həll etmək üçün kənddən keçib mərkəzdə, böyük ağacın yanında toplaşırdılar. Onların icazəsi olmadanmilis əməkdaşları, nə də formalı prokurorlar kənddə görünə bilərdilər. Sovet hakimiyyətinin çiçəklənmə dövrü idi - indi buna inanmaq, demək olar ki, mümkün deyil. Amma yerli hakimiyyət bu kənddə adətləri bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.

Günlərin birində məktəbə Kalaşnikov avtomatı gətirildi ki, yuxarı sinif şagirdlərinə onun sökülüb-yığılmasını öyrətsinlər. Məktəbdə qoymamaq üçün direktor avtomatı patronları ilə birlikdə evə gətirir. Və növbəti gün o, evdən gedəndə 12 yaşlı yeniyetmə oğlu avtomatı götürüb bir az atəş açmaq qərarına gəlir. O, cəmi bir neçə atəş açsa da, onlardan biri hədəfə çatdı. Güllə oğlan dünyaya gətirmək üzrə olan hamilə qadına dəymişdi. Qadın və uşaq həlak oldular. Hamı şokda idi. Məktəbin direktoru kimi qadın da hörmətli ailədən idi. Azərbaycan dilində "müəllim" sözü sadəcə, öyrədən deyil, daha çox hörmətli deməkdir... Bəla hər iki ailəyə gəldi. Dəhşətli bəla.

Ağsaqqallar çinarın yanında toplaşdılar. Astadan bir saata yaxın məsləhətləşdilər və yekdil qənaətə gəldilər ki, bu, dəhşətli anlaşılmazlıqdır. Üç ağsaqqal həlak olan qadının atası evinə sarı yollandı. Yarım əsr sonra bunu mənə danışan oğlan da onlarla birlikdə idi. O, həmişə onların yanında olub, qocalara kömək edirdi.

Mərhumun evində yas idi. İçəri girən ağsaqqallar papaqlarını çıxarıb stolun üstünə qoydular. Ev sahibi üzbəüz oturdu. Kədərdən rəngi qaralmışdı. Çay gətirdilər. Heç kim stəkanlara toxunmadı. Gələnlərin arasında yaşca ən böyüyü məktəb direktorunun ailəsinin sabahkı dəfn mərasimində iştirakına icazə verilməsi xahişi ilə ev sahibinə üz tutdu. Ev sahibi uzun müddət susdu. Çaylar toxunulmamış qaldı. Papaqlar qonaqların qarşısında düzülmüşdü. "Bacarmıram, - ev sahibi çətinliklə dilləndi, - bağışlaya bilmirəm. Nəvəmizin doğulmasını elə gözləyirdik ki... Bacarmıram".

Ağsaqqallar anladılar ki, daha xahiş etməyin mənası yoxdur. Və bu zaman onların yaşca ən böyüyü qalxdı. O, papağını stolun üstündə qoyub çıxışa doğru yönəldi. Ardınca ikinci də qalxdı. Üçüncü də. Üç papaq stolun üstündə qaldı və onlar çıxışa başıaçıq yönəldilər. Ev sahibi ağsaqqalların arxasınca qaçdı. Onları masaya qaytarıb, hər stəkana bir parça qənd atdı. Öz stəkanına da  bir parça qənd atıb, çaydan bir qurtum aldı. Ardınca qonaqları da çay içdi. Hər şey sözsüz aydın idi. O, qızının və doğulmamış nəvəsinin qanını bağışladı. Qonaqlar papaqlarını başlarına qoyub səssizcə evdən çıxdılar. Oğlan heçanlamadan onların arxasınca qaçdı.

Axşama artıq bütün kənd baş verənlərdən xəbər tutmuşdu. Və bu vaxt oğlan babasından qonaqların papaqlarını qoyub getməsinin və ev sahibinin onların arxasınca qaçmasının səbəbini soruşdu.

- Onlar kəndə başıaçıq çıxsaydılar, biz həmişəlik rüsvay olardıq, - babası izah etdi, - ağsaqqallarının başıaçıq gəzdiyi kəndə heç kim hörmət etməz. Hamımız biabır olardıq. Papağı yalnız qana görə çıxarıb qanlının evində qoya bilərsən. Yalnız barışmaq naminə. Ağsaqqallar bir daha sübut etdilər ki, həmişə onların fikrinə etibar etməkdə nə qədər haqlıyıqmış. Barışıq naminə onlar biabırçılığa hazır idilər. Bunlar əsl kişilərdir, - baba sözünü tamamladı, - qeyrətin, şərəf və ləyaqətin nə olduğunu bilən ağsaqqallarımızdırlar. O ailə başçısı da kişidir. Bu üç papaq xatirinə o, belə bir dərddən, qızının və doğulmamış nəvəsinin qanından keçdi.

Bax bu da bütün əhvalat. Biz azərbaycanlılar bax beləyik. Şərəf namus sözü ağsaqqallarımızın qanında idi. İndiki Səadət sarayını tikdirən Murtuza Muxtarov da belə olub. Çağırılmamış qonaqlar atın tərkində həyətinə soxulanda o, hamını güllələyib, sonuncu gülləni özünə saxlamışdı.

Yapon əsirliyində daha sonra müharibədə iştirak etməyəcəyi ilə bağlı məktubu imzalamaqdan imtina edən general Səməd bəy Mehmandarov da belə olub. Qəhrəman kimi yaşayan, vuruşan həlak olan Ziya Bünyadov da belə idi! onların hamısı BİZİM kişilərimiz idi!

 

Çingiz ABDULLAYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.9.