Akademikin elmimizə son töhfəsi
Sanki dünən idi. AMEA-nın Rəyasət
Heyətinin böyük akt zalında 80 illik yubileyi təntənə
ilə qeyd olunurdu.
Məruzə ilə Naxçıvan Dövlət
Universitetinin rektoru, akademik İsa Həbibbəyli
çıxış etdi. Professorlar Vaqif Arzumanlı, Teymur Kərimli
və mənim yubilyara həsr etdiyimiz kitablar xüsusi
çantada zalda əyləşənlərə hədiyyə
edildi.
Hamı çıxış edərək bu
böyük alim və insan haqqında ürək
sözünü demək istəyirdi.
Bəkir müəllim xoşbəxt idi. Elmi ictimaiyyət,
ziyalılar onun görüşünə gəlmişdi.
Vaxt necə də amansızcasına, sezilmədən
keçib gedir. Cismani cəhətdən bizdən ayrılmasından on il keçməsinə inanmaq olmur. Bu müddət ərzində görkəmli alim zərb-məsələ
çevrilən hikmətli kəlamları, duzlu-məzəli
söhbətləri ilə həmişə bizimlə olub,
unudulmayıb.
Altmış ildən artıq zaman kəsiyində ədəbi
prosesə, klassik ədəbi irsə, ədəbi tənqid və
ədəbi əlaqələrə, poeziyada sənətkarlıq
məsələlərinə dair yazıb çap etdirdiyi
60-dan artıq monoqrafiya və başqa kitabları,
saysız-hesabsız elmi məqalələri alimə əbədilik
qazandırmışdır.
"Ədəbi
düşüncələr", "Görkəmli tənqidçi
və ədəbiyyatşünas", "Müasirlik və
sənətkarlıq uğrunda", "Süngüyə
çevrilmiş qələm", "Tənqid və ədəbi
proses", "Böyük Vətən müharibəsi və
Azərbaycan ədəbiyyatı", "Kamalın təntənəsi",
"Söz ürəkdən gələndə", "Mənalı
ömürdən səhifələr", "Roman və
müasir qəhrəman", "Almas İldırım",
"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı",
"Çətin yollarda", "İstiqlal şairi",
"Heydər Əliyev haqqında etüdlər", "Hərənin
öz yolu", "Nəsimi kəlamının
işığında", "Şamaxı
torpağının yetişdirdiyi böyük Azərbaycan
şairləri" və s.
akademik Bəkir Nəbiyevin ömür payında yazıb miras
qoyduğu qiymətli əsərlərdir.
Bu yazımızda alimin vəfatından sonra işıq
üzü görən, 520 səhifədən ibarət,
"qalın və qalan" fundamental "Üzeyir Hacıbəylinin
ömürnaməsi" kitabından bəhs edəcəyik. Bu qiymətli kitabda
özündən sonra baş verənləri tam dəqiqliyi ilə
görüb yazan alimin qoy ruhu şad olsun!
Akademik çox qiymətli, nadir faktlarla zəngin
əsərində möhtəşəm yaradıcılıq
yolu keçən Üzeyir bəyin necə böyük və
bənzərsiz şəxsiyyət, inanılmaz istedad sahibi
olduğunu səriştəli, təcrübəli alim qələmi
ilə açıb göstərə bilmiş, üzeyirsevərlərin
və tədqiqatçıların ürəyincə olan bir əsər
ortaya qoymuşdur.
Azərbaycan
musiqişünaslığı tarixində ölkənin
hüdudlarını yarıb, beynəlxalq arenaya
çıxan, nəzəri musiqişünaslığın zəngin
üfüqlərində bərqərar olan dahi bəstəkar
Üzeyir Hacıbəyli dünyaya səs salan ilk opera və
operettalarımızın, ilk qəzəl-romansların, ilk
Dövlət himninin müəllifi, yeni tipli ilk orta musiqi təhsil
ocağının, milli konservatoriyanın, xalq
çalğı alətləri ansamblının, simfonik
orkestr və ilk təhsil və elmi tədqiqat İncəsənət
İnstitutunun təşəbbüskarı və
yaradıcısıdır.
Dahi bəstəkarın "Azərbaycan xalq musiqisinin əsasları"
monoqrafiyası onu elmimizin korifeyləri sırasına yüksəltdi. O, təkcə Azərbaycan
deyil, dünya musiqişünaslarının korifeylərinin fəth
etdiyi zirvədə bərqərar olmuşdur. Üzeyir
bəyin simasında dahi və korifey sözlərinin məna
tutumu maraq doğurur və birbaşa mətləbə
bağlıdır.
Dahi o
yaradıcı simadır ki, onun gördüyü işi ondan əvvəl
heç kim görmüş olmasın və
bu, dünya səviyyəli nailiyyət olsun, nəhayət,
dünyada qəbul edilsin.
Korifey isə o dahiyə deyilir ki, o, azı bir elm, sənət,
texnika sahəsində yeni inkişaf istiqaməti
açsın, bu istiqamətdə gələcək
üçün fundamental əsas yaratsın,
davamçılarının ilk nəslini hazırlasın.
Yalnız korifeylərin ilk əsəri klassikaya
çevrilir.
Üzeyir bəyin "Leyli və Məcnun"
operası kimi.
Üzeyir Hacıbəyli yaradıcılığı
sahilsiz ümmana bənzəyir. Bəstəkarın zəngin
həyat yoluna, təkrarsız yaradıcılığına,
elmi-pedaqoji, ictimai fəaliyyətinə həsr olunan məqalə
və monoqrafiyaları saymaqla qurtaran deyil.
Təkcə Moskvada rusca V.Vinoqradovun "Ü.Hacıbəyov
və Azərbaycan musiqisi" (1938), S.Korevin
"Ü.Hacıbəyov və onun operaları" (1952), Qara
Qarayevin giriş məqaləsi ilə Z.Səfərovanın
"Ü.Hacıbəyovun musiqi və estetik görüşləri"
(1973) monoqrafiyaları böyük tirajla çap olunmuşdur.
Heydər Əliyev Fondu tərəfindən
hazırlanıb çap edilən "Üzeyir Hacıbəyli
ensiklopediyası", "Üzeyir Hacıbəyli. Ömür
salnaməsi (1885-1948) və bəstəkarın
Biblioqrafiyası" dahi bəstəkara həsr olunmuş ən
qiymətli əsərlər sırasındadır.
Akademik Bəkir
Nəbiyev "Üzeyir Hacıbəylinin ömürnaməsi"
əsəri üzərində işə başlamazdan öncə
Azərbaycan xalqına başucalığı gətirən bəstəkarımıza
həsr olunan bütün əsərlərlə tanış olmuş, bəzisini dönə-dönə
oxumuş, qeydlər aparmış, üç il əsər
üzərində işləmişdir.
Alim yeni yolla gedərək bəstəkarın çox zəngin
həyat və fəaliyyətini təqvim üzrə əks
etdirən xronoloji soraq kitabı hazırlamışdır.
Araşdırıcının
"Milyonların həmdəmi" adlı giriş məqaləsində
göstərdiyi kimi, əsərdə ilk növbədə,
Üzeyir bəyin tərcümeyi-halının ən
taleyüklü anları, bəstəkarın opera və
operettalarının ilk tamaşa günləri, bütün əsərləri
və haqqında nəşr edilmiş kitablar və s. qeyd
olunsa da, bəzi sorğu kitablarından fərqli olaraq
faktların sadalanması, təsviri ilə məhdudlaşmır,
oçerklərdə söhbət gedən bütün fakt və
hadisələrə müəllifin münasibətini və
mühiti əks etdirir, buna görə də izahlı
ömürnamə səciyyəsi daşıyır.
Təkcə 1-ci oçerki, Üzeyir bəyin anadan olma təqvim
gününü götürüb təhlil etdikdə müəllifin
haqlı olduğunu əyani şəkildə
görürük. Bu oçerkdə Üzeyir bəyin atası
Əbdülhüseyn bəydən, anası Şirinbəyim
xanımdan, Üzeyir bəyin qardaşları və
bacılarından, Şuşanın tarixindən, Vaqifin
başına gələnlərdən, bütün Qafqazın
musiqi Məkkəsi Şuşadan, onun yetirdiyi Qasım bəy
Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf
bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,
Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Yusif Vəzir
Çəmənzəminli, Lətif Kərimov, Cəlal
Qaryağdı kimi tarixi şəxsiyyətlərdən
söz açır. Bir çap vərəqi həcmində
olan bu oçerkdə müəllif Üzeyir bəyin
Şuşada doğulmuş davamçıları və yetirmələrindən
iftixarla bəhs edir. Zülfüqar Hacıbəyov, Fikrət
Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan
Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov,
Süleyman Ələsgərov kimi məşhurların
adını çəkir. Fəxarətlə Cabbar
Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski,
Zülfü Adıgözəlov, Bülbül, Rəşid
Behbudov, Sadıxcan, Qurban Pirimov, Məşədi Cəmil
Əmirov kimi görkəmli sənətkarlarımızın
musiqi mədəniyyətimizin planetimizdə yayılmasında
gördüyü misilsiz xidmətlərdən
danışır.
Tədqiqatçının əsərini həyəcansız,
fikrə qərq olmadan oxumaq olmur. Elə götürək
əsərin Üzeyir bəyin kiçik qardaşı Ceyhun
Hacıbəyli ilə bağlı hissəsini. 1919-cu ildən
dünyasını dəyişdiyi 1962-ci ilə qədər
Fransada mühacir həyatı sürən, vətən həsrəti
çəkən Ceyhun bəy bir an belə Azərbaycanı
unutmamış, hətta fransızca "Qarabağ dialekti və
folkloru" adlı monoqrafiya çap etdirmişdi. Əsəri f.e.n. Bayram Ağayev tərcümə
etmiş və əsər 1999-cu ildə Bakıda,
"Ozan" nəşriyyatında Bəkir müəllim və
mütərcimin giriş məqaləsi ilə çap
olunmuşdur. Ceyhun bəy Parisdə iki həyat
yaşayırdı: bir real Paris həyatını, bir də
özünün qurub-yaratdığı nisgillərdən,
gümanlardan və xatirələrdən ibarət Vətən
həyatını. Tədqiqatçı Ceyhun bəyin vətən
xiffətini, vətən həsrətini necə də dəqiq
ifadə edə bilmişdir: "Vətən həsrəti
heç nə ilə müalicə olunmayan sağalmaz bir
yaradır. Vətən həsrəti insanın
qəlbini, ruhunu, vücudunu elə çulğayır ki, elə
kövrəldir ki, hər gün, hər saat ürəyin
intizarda, qulağın səsdə olur".
Deyilənlərə onu da əlavə etmək olar ki, ən
təmiz, ən ülvi hiss vətəndən didərgin
düşmüş, vətən üçün qəribsəyən
insanların hissidir. Bu ülvi, pak, saf hiss Ceyhun Hacıbəylini
həyatı boyu tərk etməmişdir.
Milli mədəniyyət hadisəsi olan "Üzeyir
Hacıbəylinin ömürnaməsi" Azərbaycan
xalqına Bəkir müəllimin son töhfəsidir.
Alim son töhfəsinə yarım səhifəlik son
söz yazmışdır. Oxuyub heyrətlənməmək
olmur. Onun özündən sonra baş verəcək
hadisələri tam dəqiqliyi ilə görməsinə necə
də heyrətlənməyəsən?!
Akademik
yazmışdır: "Üzeyir Hacıbəylinin
ömürnaməsinə burada xitam verdim. Amma
kitab tamamlanmamış qaldı. Təkcə ona görə
yox ki, Üzeyir aləmi bizim Kür çayı kimi bitməz-tükənməz
bir nəhrdir və bu nəhr Azərbaycan ölkəsi, Azərbaycan
xalqı, azad və müstəqil Azərbaycan Dövləti
var olduqca, yəni əbədiyyət qədər
çağlayacaq, axacaq, həmişə insanlara yüksək
bəşəri fikirlər, incə bədii zövq
aşılayacaqdır. Kitab natamam qaldı,
çünki onun son səhifələrində yazılmaq
üçün növbəsini gözləyən bir
oçerkin yeri görünür. Həmin oçerk bəstəkarın
doğulduğu, boya-başa çatdığı, dünyaya
pərvazlandığı Şuşa
şəhəri erməni işğalçılarından
azad edildikdən sonra yazılacaqdır. Orada hökmən
göstəriləcəkdir ki, bu münasibətlə "Azərbaycan
Dövlət simfonik orkestri özünün tam heyəti ilə
Şuşanın əfsanəvi gözəllik guşəsi
olan Cıdır düzündə, hava şəraitinin necəliyindən
asılı olmayaraq, Üzeyir bəyin "Koroğlu"
operasının qələbə ahəngilə ləngərlənən
uvertürasını xüsusi şövqlə
çalmış, bununla da bütün dünyaya, o cümlədən
namərd qonşumuza bir daha elan edilmişdir ki, Azərbaycanın
haqq işi qalib gəlmiş, onun ərazi
bütövlüyü birdəfəlik təmin
edilmişdir".
Akademikin
uzaqgörənliklə yazdıqlarının vəfatından
cəmisi səkkiz il sonra tam dəqiqliklə
yerinə yetməsi "sirri-xuda" olaraq qalır.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.12.