Tarixə bələdçilik edən kitab
Uzun
illərdir ədəbiyyatla, tarixlə ciddi şəkildə
məşğul olan yaradıcı insan kimi yaxşı bilirəm
ki, keçmiş konkret insan taleləri ilə birgə qələmə
alınanda daha maraqlı, cəlbedici olur. Onda tarix quru faktların
təqdimatından çıxaraq
obrazlaşır, bir insanın, yaxud insanların tale hekayəsinə
çevrilir. Amma tarixi insan taleləri işığında
qələmə almaqdan
ötrü də müəllifdən güclü
bacarıq, istedad tələb olunur. Burada bir tərəfdən keçmişi yaxşı
öyrənməlisən, öyrənməklə
də kifayətlənməyib
onu duymağı bacarmalısan. Digər tərəfdən
isə keçmişin
mənzərəsini insan
obrazında canlandıra
bilməlisən. Respublikanın Əməkdar jurnalisti İradə xanım Əliyevanın "Bəşir
bəy Aşurbəyov
və zəmanəsi"
kitabında ilk növbədə
bu istedadı görürük. Müəllif elə ilk hissələrdən
oxucunun xəyal dünyasına hakim olur, onu təsvir etdiyi dövrə aparır. Həmin illərin hadisələrini,
təbəddülatlarını insanların gündəlik
həyatının müşahidəçilərinə
çevirir.
Bir müddət
əvvəl İradə
xanımın mətbuatda,
çalışdığı "Azərbaycan" qəzetində
Bəşir bəy Aşurbəyovla bağlı
geniş məqaləsi
dərc olunmuşdu. Məqaləni diqqətlə oxudum, burada ilk dəfə gün işığına
çıxan həqiqətlər
çox maraqlı idi, düşüncələrimi
təsirində saxladı.
Həmin
məqalənin davamı
kimi üzərində
Bəşir bəyin fotosu əks olunmuş sanballı bir kitab əlimə
çatanda isə çox sevindim. Kitabın elə ilk cümlələrini oxuyarkən
hiss etdim ki, bu tarixi oçerk
məni zəngin bir dünyaya, XIX əsrin sonu, XX əsrin əvvəllərində
baş verən olaylara, hadisələrə
aparır. Düşüncələrimdə yanılmamışdım.
Aşurbəyovlar məşhur familiyadır. Bu nəsildən adlı-sanlı
şəxsiyyətlər çıxıb.
Onlar ictimai fikir tariximizdə
mühüm rol oynayıblar. Bəşir bəy
Aşurbəyov da onlardan biridir. Sadəcə,
nədənsə, onun
ömürlüyü uzun
illər ərzində
tədqiqatlardan kənarda
qalıb. Azərbaycan cəmiyyəti
belə bir insanın həyat və fəaliyyətindən
xəbərsiz olub.
İradə Əliyeva bu
kitabı ilə Bəşir bəy Aşurbəyov haqqında
məlumat məhdudluğunu
aradan qaldırır.
Onu yaşadığı zəmanə,
mühiti və tanınmış sahibkar,
maarif dostu, xeyriyyəçi, ictimai-siyasi
xadim kimi bu mühitdəki əhəmiyyətli rolu ilə birgə təqdim edir.
Kitabı oxuduqca onun da
fərqində olursan ki, görün zəngin irsi ilə hələ öz tədqiqatçılarının
yolunu gözləyən
nə qədər şəxsiyyətlərimiz var. Müxtəlif arxivlərdə
ayrı-ayrı insanlarımızla
bağlı nə qədər qovluqlar hələ açılmamış
qalır. Bu faktları
arayıb tapmaq, sistemləşdirmək, qələmə
almaq nə qədər dəyərli
insanımıza ölümsüzlük
qazandırar. Eyni zamanda
tarixin sirr pərdəsinə bürünmüş
bir çox həqiqətlərinə açar
salar.
Bəşir bəy Aşurbəyov zəmanəsinin bir çox parlaq simaları kimi repressiya qurbanıdır. Bolşevizm kabusunun
insanların başına
gətirdiyi müsibətlər
bu kitabda bir daha görünür.
Qırmızı terrorun ağır
faciələri konkret
insanların taleyində
təqdim olunaraq adamı dəhşətə
gətirir. Bu itkilərin cəmiyyəti
inkişaf yolundan nə qədər geri saldığına, insanların həyatında
nə qədər böyük fəlakətlərə
səbəb olduğuna
bir daha şahid olursan.
Bəşir bəy Aşurbəyov
atasından miras kimi Sabunçuda böyük torpaq sahələri olan və öz gücü, qabiliyyəti hesabına bu ərazilərdə neft mədənləri yaradıb,
böyük sərvət
toplayan iş adamıdır. O, cəmiyyət
qarşısında sosial
məsuliyyətini də
yaxşı dərk edir. Qazancının müəyyən hissəsini xeyriyyə məqsədlərinə xərcləyir.
Cəfər Cabbarlı,
Yusif Vəzir Çəmənzəminli və
başqa belə görkəmli şəxsiyyətlərimizin
təhsilinə kömək
göstərir. Tələbələrə
xarici ölkələrin
nüfuzlu universitetlərində
təhsil alıb Azərbaycana peşəkar
mütəxəssis kimi
qayıtmaları üçün
təqaüd verir.
Görkəmli bəstəkarımız Müslüm Maqomayevə Sabunçuda teatr açmaqda köməyini
əsirgəmir. Fəhlələri üçün evlər tikir, onların uşaqlarına məktəblər
yaradır. Xəstəxanalara yardım edir. "İrşad", "İttihad" kimi qəzetlərin nəşrini
maliyyələşdirir. Eyni zamanda, cəmiyyətdə
siyasi mədəniyyət
mühiti formalaşdıran
partiyaların, firqələrin
işində yaxından
iştirak edir. Yeri gəlmişkən, sovet hakimiyyəti qurulanda da bunu təmkinlə
qarşılayır. Dərhal ölkədən
çıxıb getmək
haqqında düşünmür.
Canlarını qurtarmaq üçün
xaricə üz tutan və ona
da bunu tövsiyə
edən bir çoxlarından fərqli
olaraq Bakıda qalır. Bütün var-dövlətini yeni hökumətə bağışlayır. Düşünür ki, sərvətini son dam-daşına, son manatına
qədər əlindən
alandan sonra Şura hökuməti daha bircə quru canını ona çox görməz. Amma düşündüklərinin
tamam əksi baş verir. Bəşir bəyin yaxın dostlarından olan və bolşevik hökumətinin ilk illərində
onu mümkün qədər qorumağa çalışan, zaminə
götürüb həbsdən
buraxdıran Nəriman
Nərimanovun ölümündən
sonra repressiyanın qanlı caynaqları yenidən Bəşir bəydən yapışır.
Minlərlə repressiya qurbanı
kimi Nargində bu millət xadiminin də ömrünə son qoyulur.
Öz manifestində elan etdiyi xoşbəxt həyatı, rifahı təmin etməkdən ötrü Bəşir bəy Aşurbəyov kimi sahibkarlıq ruhuna malik insanları
qorumalı, onların
imkanlarından, bilik və bacarıqlarından
istifadə etməli olan bolşevik hökuməti belə repressiv addımları, qorxunc yanlışları
ilə elə ilk illərdəcə cəmiyyəti
milyonlarla insanın həyatına son qoyan aclığa, səfalətə,
min bir məhrumiyyətə
sürükləyir.
"Bəşir bəy
Aşurbəyov və
zəmanəsi" adlanan
bu kitabda başqa bir maarifpərvər şəxsiyyətimizin
də həyat və fəaliyyətinə
geniş yer verilib. Bu, Tovuz - Gədəbəy
zonasındakı Xınna
dərəsi adlanan məşhur məkanda yaşayan, böyük təsərrüfatı, torpaq
sahələri, meşələri,
mal-davar sürüləri,
at ilxıları olan və insanların böyük rəğbətlə
"Qafqaz sərdarı"
adlandırdıqları zadəgan
Allahyar bəy Zülqədərovdur. Kitabda Allahyar
bəydən bəhs edilməsi səbəbsiz deyil. Allahyar bəy Zülqədərov
Bəşir bəy Aşurbəyovun qayınatasıdır.
Bəşir bəy onun qızı Nəzakət xanımla ailə qurmuşdu.
Allahyar bəy Peterburqda meşəçilik üzrə
ali təhsil
almış ziyalılardan
idi. Gəncə şəhər Dumasının
üzvü seçilmişdi,
Gəncə Quberniyasının
Şəmkir qəzasının
rəisi olmuşdu.
Dövrünün tanınmış ictimai-siyasi xadimi kimi Gəncə bölgəsində milli burjuaziyanın, buna paralel ictimai fikrin inkişafında, maarifçilik ideyalarının,
cümhuriyyət dəyərlərinin
formalaşmasında rolu
müstəsna idi.
Əfsuslar olsun ki, Bəşir bəy Aşurbəyov kimi və ondan daha
əvvəl Allahyar bəy Zülqədərov
da qırmızı terrorun qurbanı olmuşdu. Bolşevizm hələ Azərbaycanda
dayaqlarını tam möhkəmləndirməzdən
əvvəl 1918-ci ildə
Allahyar bəy kimi nüfuzlu xalq adamını "kəndli üsyanı"
görüntüsü ilə
ailə üzvlərilə
birgə evində qətlə yetirmişdi.
Belə bir kitabın yazılması və nəşrinin təşəbbüskarlarından
biri mərhum Bəşir bəy Aşurbəyovun nəvəsi
Nəzakət xanım
Ələkbərova-Aşurbəyovadır. Atası
Sultan Kərəmoğlunun, anası Rəbiyə xanım Aşurbəyovanın
yolunu davam etdirərək uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuş,
cəmiyyətimiz üçün
yüzlərlə layiqli
vətəndaş yetişdirmiş
Nəzakət xanımı
çoxdan tanıyıram.
Tale elə gətirib
ki, həyat yoldaşı, Azərbaycanın
Əməkdar jurnalisti
mərhum Rafiq Ələkbərovla bir yerdə çalışmışıq.
Yaxın dost olmuşuq.
Nəzakət xanımın babaları
Bəşir bəy Aşurbəyov, Allahyar bəy Zülqədərov
haqqında çox söhbətlərini eşitmişəm.
Vaxtilə eşitdiklərini indi sənədli fakt materiallarının, fotoların dili ilə tarixi oçerk kimi sistemli şəkildə, gözəl bir dil-üslubla oxumaq xüsusilə maraq doğurur.
Bu baxımdan kitab həm Bəşir bəyin, həm Allahyar bəyin nəslinin sonrakı davamçılarının taleyinə də bələdçilik edir. Oxucu Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir qismi Vətəndən didərgin düşən və ömrünün sonuna qədər müxtəlif qürbət diyarlarda Vətən həsrəti ilə yaşayan, övladlarını da bu ruhda böyüdən, bir qismi isə Azərbaycanda qalıb başı min bir bəlalar çəkən, olmazın məşəqqətlər görən insanların dramı ilə tanış olur. Kitab ona görə bu qədər canlı və diqqətçəkəndir.
"Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı ilə İradə Əliyeva çox böyük bir iş görüb. Ondan maraqlı ömürlər işığında tariximizə bələdçilik edən yeni əsərlər gözləyirik.
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.13.