"Körpü"dən Körpüyə:
Həmrəylik
mesajı
Qərara
gəlmişdim ki, Novruz bayramı ərəfəsində Azərbaycan
Televiziyasının Mədəniyyət kanalında
yayımlanan "Körpü" verilişi olaraq dünya azərbaycanlılarının
həmrəyliyinin rəmzi olan tarixi Xudafərin
körpüsünə səfər edək. Xudafərin
körpüsü öz vüqarlı və əyilməz
duruşu ilə dünyada yaşayan hər bir azərbaycanlının
qürur mənbəyidir. Ona görə də
dünyada yaşayan 60 milyondan artıq soydaşımı
bahar bayramı münasibətilə oradan təbrik etmək
şəxsən mənim üçün izahedilməz
duyğudur.
Verilişin formatına uyğun olaraq üç qonaq dəvət
etməli idik.
Mən təklif etdim ki, dördüncü
qonağı da götürək. Xudafərin
səfəri tarixi səfərdir. Mən də
təbii olaraq istəyirdim ki, həm verilişimiz daha zəngin
alınsın, həm də məhz tarixi Körpünün kənarında
digər bir dəyərli ziyalımız da öz ürək
sözlərini paylaşa bilsin. Ona görə
də Azərbaycan Yazıçılar Birliyi sədrinin
baş müşaviri Rauf Aslanovu dünya azərbaycanlılarının
həmrəyliyi və Novruz bayramı təbriki ilə
bağlı dəvət etdim. O da heç
düşünmədən dəvətimizi qəbul etdi. Həm də elə adamlar dəvət edilməli idi
ki, qəlbində, ruhunda, qanında və qələmində
Bütöv Azərbaycan təfəkkürünü
yaşatsın. Xeyli düşünəndən sonra
dostum, tanınmış yazıçı Yunus Oğuza zəng
etdim: "Salam, Yunus, Xudafərinə gedirik, gəlirsənmi?". Yunus özünəməxsus salam tərzi ilə "və-əleyküməssalam"
- deyib davam elədi ki: "Gəlirəm, əfəndim".
Dedim: "Sən heç, gəlirsən, bildik. başqa kimi dəvət edək ki, Xudafərinə
getməyə mənəvi haqqı olsun? Amma ədəbiyyatçı
olsun haa". Yunusla bəzi adları
müzakirə etsək də, sonda yekdilliklə Azər
Turanın adı üzərində dayandıq.
"Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər
Turana zəng elədim: "Azər, Xudafərinə gedəcəyik.
Gəlirsənmi?" Azərin
səsindəki həyəcanı və "gəlirəm,
qardaş, böyük məmnuniyyətlə"
sözündəki Xudafərini görmək ehtirasını
vəsf etmək çox çətindir. "Günü
və saatı necə olacaq, qardaş?" - dedi.
"Martın 7-si səhər tezdən saat 6-da AzTV-nin
yuxarı qapısında olun" - dedim. Azər
Turan həmin gündən Xudafərinə səfər
etdiyimiz günə qədər azı 6-7 dəfə mənə
zəng elədi. Hər dəfə soruşurdu ki:
"Qardaş, dəqiq gedirik?". Mən
də hər dəfə onu arxayın edirdim: "Narahat olma,
Azər, gedəcəyik". Əmin idim ki, Azər
Turan heç vaxt görmədiyim eşq və şövq ilə
həmin günü gözləyirdi. Ona
görə də televiziyada baş verən bütün texniki
problemləri cidd-cəhdlə aradan qaldırmağa
çalışırdım. Tam səmimi
deyirəm ki, Azərin Xudafərinə getmək
şövqünü görməsəydim, bəlkə də,
bəzi texniki məsələlərin həllinə o dərəcədə
ciddi yanaşmazdım. Nə isə ki, Dövlət
Televiziyasının milli, vətənpərvər və dəyərli
rəhbəri, əziz dostum Rövşən Məmmədov hər
zaman bizə və Azərbaycan mədəniyyətinə səmimi-qəlbdən
xidmət edən bütün mövqeli insanlara öz dəstəyini
göstərir. Təbii ki, biz də qəlbimizdə olan Vətən,
dövlət, bayraq və xalq sevgisi ilə bu müqəddəs
yola baş qoymuşuq...
Bizimlə Xudafərinə səfər edən
üçüncü qonağımız Azərbaycan
Yazıçılar Birliyinin katibi, yazıçı
Elçin Hüseynbəyli oldu. Elçin əslən
Cəbrayıldan olduğuna və Azərbaycan tarixi şəxsiyyətləri,
o cümlədən Şah Abbas və Nadir şah haqqında
romanlar yazdığına görə təklif edildi.
Elçinə də zəng elədim: "Elçin, Xudafərinə
gedirik, gəlirsənmi?". Elçin
"kimlər olacaq, qağa" - dedi. "Sən, Yunus
Oğuz, Azər Turan" - dedim. Elçini illərdir
tanıyıram. "Gəlirəm, qağa" - dedi.
Mart ayının 7-si, səhər saat 05:45 idi. Azər zəng elədi ki:
"Mən burdayam, heç kəs yoxdur". Dedim "qardaş,
sən çox tez gəlibsən. Maşallah
olsun sənin ürəyindəki Vətən sevgisinə".
Bir-bir digər qonaqlara da zəng elədim.
Kimisi yolda idi, kimisi də gecikirdi deyə, yola
verirdi.
Saat
06:30-da Xudafərinə doğru yola çıxdıq. Rauf Aslanov Azər Turan bir maşında. Mən Elçin Hüseynbəyli və Yunus Oğuz
da bir maşında oturduq. Yolda xeyli
söhbət etdik. Mən şəxsən yolu heç
hiss etmədim. Bəlkə də, beynimi Xudafərinə
kökləmişdim deyə elə oldu, bilmirəm. Ancaq məsələ burasındadır ki, uzun illər
üzünü görmədiyim doğma şəhərim
Sulduz və bütövlükdə təfəkkürümüzün
paytaxtı olan Təbrizin havasını mədəniyyət
paytaxtımız Şuşadan aldığım kimi,
inanırdım ki, Xudafərin də mənim ruhumdakı həsrətin
dərmanı olacaqdır.
Xudafərinə çatdıq. Verilişin
formatına uyğun olaraq ilk öncə müğənniləri
çəkirdilər. Biz də Arazın kənarında
o taya baxıb söhbət edirdik. O taylı
soydaşlarımız maşınlarını saxlayıb bizə
əl sallayırdılar. Araz yenə öz iki
yüz illik işini davam edirdi. Sakitcə
axır, qəlbimizin ortasında o tayın yarasını təzələyirdi.
Azər dedi: "Məhəmməd Biriyadan danışmaq istəyirəm...". "Azər, könlündən nə keçirsə
de. Arazın və Xudafərinin yanında biz
bütöv və vahid ruhla çıxış etməliyik",
- dedim. Azər "elədir" - deyib siqaretinə
sığındı. Azərin ürəyindəki təlatümü
hiss edirdim. Körpüyə baxıb çəkdiyi
ahları, Araza və o taya baxıb ürəyindən
keçən qanları duyurdum. "Hər
şey yaxşı olacaq, Azər!" - dedim. Azər həmişəki ədəbli təbəssümü
ilə sözümü təsdiqlədi. Müğənnilər
oxuyurdu, kameralar çəkirdi. Biz isə
Arazın kənarında külək kimi əsirdik. Kölgəmiz
özümüzdən qeyrətli, səsimiz
özümüzdən uca... O taylı
soydaşlarımızın biri hayqırdı ki:
"Yaşasın Azərbaycan!". Biz isə
əllərimizi qaldırıb səslərinə səs
verdik: "Yaşasın Azərbaycan!" Körpünün
yanındakı İİR-nın qüvvələri həmin
soydaşlarımıza tərəf getdilər. Soydaşlarımız isə maşınlarına
minib oradan uzaqlaşdılar. Mən, Azər
və Yunus bir-birimizə baxdıq. "Hər
şey yaxşı olacaq" - deyib çay içmək
üçün maşına tərəf getdik.
Müğənnilərin ifaları bitmişdi. Rejissor bizi
çağırırdı. Bizim isə əngimiz
söhbətə qızışmışdı. Yunus və Elçin qabaqda getdilər. Mən Azərlə söhbət edə-edə
Arazın sahilinə, çəkiliş meydançasına
doğru gedirdik. Azərin əlindən
siqaret əskik olmurdu. "Nə qədər siqaret
çəkirsən" - dedim. "Eh, bu boyda dərdi olan
çəkməzmi" - dedi. Zarafatyana dedim: - "Gör mən
nə çəkmişəm, qardaş". Rejissor
məni çağırdı. Üzümü
rejissora çevirdim ki, "gəlirəm". Azər
dedi: "Türkmənçay, Gülüstana toxuna...". Sözü
yarımçıq qaldı. Başımı
çevirdim ki, Azər yerə yıxılıb. Azər tərəfə qaçdıq. "Danışa bilərsən, Azər,
danışa bilərsən!" - deyib
Azəri yerdən qaldırdıq. Azərin vəziyyəti
ağır idi. Burnundan şiddətli qan
gedirdi. Azərin qanı mənim
paltarıma da sıçramışdı. Köynəyim və pencəyim qan idi. Nə qədər çalışsaq da, qan
dayanmırdı. "Hər şey yaxşı olacaq, Azər"
- dedim. Azəri maşına tərəf
apardılar. Bir xanım həkim Azərin
burnundan axan qanı durdurmağa çalışırdı.
Azər ağladı... günlərdir Xudafərinə gəlmək
üçün həyəcan keçirirdi... Xalqına, o
taylı soydaşlarına deməyə sözü çox
idi... "Azər, narahat olma, səni gözləyərik.
Özünə gəl, sonra çəkərik" - dedim. Həkim qulağıma pıçıldadı ki,
"Təzyiqi yüksəkdir, alınmayacaq". Rejissor saata baxdı. Gün batmaq
üzrə idi. Bir saat müddətində
çəkməsəydik, heç ümumiyyətlə
çəkə bilməyəcəydik. Azər
ağrıyırdı. Onu ağrıdan isə nə
ondan axan qan, nə də cismindəki ağrı idi... Bu, iki yüz ildir ki, Azərlərin alın
yazısıdır. Ağrımaq, bölünmək,
ağlamaq, dostlardan ayrı düşmək, sevdiyin torpaqdan,
arzuladığın müqəddəs hisslərdən
doymamaq... "Öz günahındı, Azər"
- deyib acı-acı gülümsədim. Əlini
burnuna sıxıb həkimlə birlikdə ayağa qalxdı.
Sərhəd qoşunlarının
maşını xəstəxanaya aparmaqdan ötrü
onları gözləyirdi.
Azər getdi, biz isə çəkiliş
meydançasına getdik. Mən ortada, Yunus
sağda, Elçin solda. Rauf müəllim
isə Xudafərinin kənarında müsahibə verirdi.
Rejissor əli ilə işarə elədi ki, yəni
başla. Boğazım qəhərdən
düyünlənmişdi. Azərin
başına gələn hadisə təsadüfi hadisə
deyildi. O, bir mesaj idi. Mən o mesajı tam
dəqiqliyi ilə almışdım. Yunusa baxdım ki,
o da az qala ağlayır. Elçin
amma əllərini arxasında düyünləmişdi.
Dərindən nəfəs alıb başladım:
"Hər vaxtınız xeyir olsun, hörmətli
tamaşaçılar. Budur, Azərbaycan xalqının
istedadının məhsulu olan Xudafərin körpüsündəyik.
O istedad ki, ayrılığa deyil, birliyə,
bütövlüyə xidmət edir, körpü
yıxmır, körpü salır. Ayırmır,
birləşdirir. Dünya azərbaycanlılarının
Mədəniyyət Platforması olaraq özümüzə
borc bildik ki, sizlərin Novruz bayramını tarixi
torpağımız, tarixi körpümüz Xudafərində
təbrik edək. Azərbaycanın
şanlı bayrağının əbədi olaraq
dalğalanacağı körpü. Qanımızın
haqsızlıqla töküldüyü müqəddəs
Qarabağdan, necə ki, şəhidlik və o şəhidliyin
sayəsində isə qələbəmizin çiçəyi
bitdi, bax, eləcə də, burada, Xudafərində bitəcək.
Qələbələrimizin çiçəyini görmək
arzusuyla, sizləri salamlayıram!".
Yunus üzünü əks tərəfə çevirib
ağlayırdı. Özünü toparlayıb mənə
baxdı. Rejissor, redaktor, operatorlar,
ümumiyyətlə orada olan hər kəsin gözü
dolmuşdu. O taydan "Yaşasın Azərbaycan!" səsi
gəlirdi. Araz gurhagurla axırdı. Elçin də, Azər də
danışırdılar. Kameralar çəkirdi.
Heç nə eşitmirdim. Heç
nə görmürdüm. Rejissorun
"Sayman müəllim, hardasız" - sözü ilə
çəkilişin ab-havasına qayıtdım. Dilimin
altında zümzümə elədim: "Azər, bir az da
döz, hər şey yaxşı olacaq"...
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.14-15.