Mi
Romandan parça
"Adəm də, arvadı da
çılpaq idilər, hələ utanmaq nədir bilmirdilər"
-
Gümüş 1: Sən ey insan, nə üçün
astrala çıxırsan? Bilmirsən bunun həm
də mənfi nəticələri olur? Sakit həyatına
davam et, get!
- Mən
istəmirəm bunu. Sakit həyatımı pozan
sizsiniz. Niyə kəsirsiniz axı yasəmənləri?
Gözəlliyi daima yox etməyi kim təlqin
edib sizə. Zehninizin gizli dediyiniz əksində
zavallı olan kodlarmı?
-
Gümüş 2: Ey inadcı insan... Hər
şeyi təkrar-təkrar sadalamaqdan yorulduq sənə. Düşüncələri özünə aludə
edən gözəllik nəyə lazımdır axı?
Liliti düşün... Həvva ondan daha gözəl deyildi...
Tanrı Həvvanı seçdi, Liliti yox!
-
Dayandırın əməllərinizi... Daima
ardınızca gələcəyəm. Gözəlliyi
öldürmək nəhəng qəddarlıqdır.
-
Gümüş 3: Astrallar bizi izləməyinin tək yoludur
ki, buna əngəl ola bilmirik. İnsan
beyninin metareallığıdır bu. Təəssüflər
olsun ki, bunu əngəlləyə bilmirik...
- Siz yasəmənləri
kəsdikcə mən bura gələcəyəm. Məni yasəmənlər çağırır.
-
Gümüş 1: İlk dəfədir bir insan bizi bu şəkildə
izləmək arzusunda olur. Ruhu yox etmək
gücümüz yoxdur, Tanrıda da yoxdur bu güc, ancaq fiziki
bədənin burda olsaydı, bax sənin də qanın təbiəti
bu cür al-əlvan boyayacaqdı.
- Komfort
zonasını tərk etmədən inkişaf labüd deyil.
Qorxmuram sizdən!
-
Gümüş 2: Komfort əslində bu dünyada mövcud
deyil. İnsanoğlunun komfort aludəçiliyi
gözəllik ardınca çarəsicə
qaçışlarına görə deyilmi? Mövcudiyyətin nəzəriyyəsinə
yaddır insan ruhu. O, hazır olanı dərk edir. Yaradılış onun üçün sadəcə
maddi nəsnələri əhatə edir. Mənəvi və
məntiqli qismi isə bizlərə aiddir... Biz və
Tanrıya...
- Siz və
Tanrıya? Tanrı ilə aranızda
apardığınız paralelliklər nəzəriyyəsi,
onun yox oluşunu sürətləndirərək, birgə yox
oluşunuzun mesajıdırmı?
-
Gümüş 1: Doğrudan da, insan necə də bezdirici məxluq
imiş... Gözəlliklərin yox oluşu ümid edirik ki,
insan oğluna da böyük
reallığın nədə və kimdə olduğu
gerçəyini daddırar.
- Bu qədər
dərin bilginin daşıyıcıları məni təhdidmi
edir?
-
Gümüş 1: Ən böyük təhdid elə insan
deyilmi!
"İblis nədir? - Cümlə xəyanətlərə
bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis"...
-
İnsan yer üzünün əşrəfidir...
-
Gümüş 1: Tanrının dili ilə
danışırsan... Sonra da Tanrıdan xilas
yolları axtarırsan. Buna ancaq qəhqəhə çəkilər...
Gülürlər...
- Yox, elə
deyil, mən Tanrını əslində sevirəm...
-
Gümüş 1: Nə zaman, çətinə düşəndəmi?
-
Gümüş 2: Hansı Tanrıdır bu, kimdir sizin
Tanrınız? Allahmı? Şivamı?
Tenqrimi? "Siz mənə
daha bir Tanrı təklif edirsiniz. Bu halda siz necə istəyirsiniz
ki, mən anlamadığım bir şeyin səbəbini,
ondan da az anladığımı qəbul
edim? Bəlkə, xristian dininin
metodlarının köməkliyi ilə mən
anlamalıyam... onda sizin dəhşətli Tanrınızı
görə biləcəm? Onda gəlin baxaq görək
ki, xristianlıq Tanrını necə təsvir edir...
"Mən bu iyrənc dinin Tanrısında, ziddiyyətli
və vəhşi varlıq olmasından başqa nə
görürəm? O, bu gün dünyanı yaradıb, sabah
isə onun quruluşundan məyus olub.
Mən onda insanı öz qanunlarına tabe etməyə
qadir olmayan zəif gücə malik olan məxluq olmasından
başqa nə görürəm? İnsan onun tərəfindən
yaradılmasına baxmayaraq, Tanrıya qalib gəlir və
Tanrını təhqir edə bilir, bununla da əbədi əzab
qazanır! Nə cılızdır bu Tanrı!".
-
Dayanın, yetər! Bəsdir!
- Gümüş
1: Düşüncələrini oxuya bilirəm. Eh, insan, sən
necədə səfehsən. Ən güclü elmi sənə
Tanrı verdi, ən gözəl simanı
da! Hətta yer üzünün əşrəfisən, dedi sənə.
Adəmin önündə baş əyməsini tələb
etdi gözəl İblisdən... Atəşdən
üstün tutdu torpağı... Torpaq atəşi
söndürməyə qadirmi? Nə
zamanadək?
-
Gümüş 2: Bu ən qarışıq
mövzulardandır. Eramızdan əvvəl
624-546-cı illər arasında yaşamış Miletli Tales
"şeylərin təbiətinin su olduğunu" -
söyləyərdi hər zaman.
Su atəşdən üstünmü? Su atəşi
söndürməyə qadirmi? Hara qədər?
-
Gümüş 3: Anaksimenes "ruhumuzun bünövrəsi
hava ilə qurulur" - deyirdi nəzəriyyəsində… Hava atəşdən üstünmü? Hava atəşi söndürməyə qadirmi?
Hara qədər?
-
Gümüş 1: Efesli Heraklit nəzəriyyəsinin mərkəzi
atəş idi...
- Dörd
elementin birgəliyi əbədi hakimiyyətin
açarıdır...
Gümüşlər:
Atəş yetər!
-
Gümüş 2: Tarix boyu atəş ilahi gücü simvolizə
edib. Bax Yanardaşa, Piramidalara, məbədlərə... Daim yanan bir atəşin mövcudiyyətini görəcəksən.
Tanrılar da yanar od uğrunda sərmayələr
qoyublar, mübarizə aparıblar.
"Əslində, Homerin söylədiyi bir əfsanəyə
görə, Yanardaş Olimpiya oyunlarının və yanan məşəlin
ilham mənbəyidir. Əfsanəyə görə, Efir (Ephyra)
kralı Qlaukosun oğlu Hippones ov məclisi zamanı təsadüfən
qardaşı Bellerosu öldürür. Bundan
sonra Hippones Bellerosu yeyən mənasını verən
Bellerofontes adını daşıyır və Efirdan
sürgün edilir. Likya kralı
Bellerofontesi bağışlamaq üçün ona çox
çətin tapşırıq verir və onu Olimp
dağında Ximera (Kimera) adlı canavarı öldürməyə
göndərir. Ximera ağzı alovlu, bədəni
keçi, başı aslan, quyruğu ilan kimi olan əfsanəvi
canavardır. Zevs Bellerofontesə Peqasus
adlı qanadlı at verdir ki, o da bu atın köməyi ilə
Ximeraya çox güclü zərbələr endirə bilir.
Nəticədə Ximera yeddi qat yerin dərinliyinə
düşür və ağzından çıxan alov
qalır. Yanardaş o vaxtdan qalır".
Gümüş
3: İzanaqinin arvadı İzanami od
tanrısını dünyaya gətirərkən yanaraq
ölür.
- Atəş
məhvedicidir, dağıdıcıdır eyni zamanda. Bütün gözəlliklərin yoxluq səbəbidir.
Gümüş
1: Tanrı da atəş deyilmi? Müqəddəs
kitablarda ondan hər zaman ya nur, ya enerji kimi bəhs olunmurmu?
Həm yaradan, həm yox edən! Yoxediciliyimi onu
güclü edib, yoxsa yaradıcılığımı?
- Bəs
yasəmənlər? Torpaqdan yaranan gözəllik
o şərəfinə rituallar edib, marşlar söylədiyiniz
atəşdən güclüdürmü?
- Gümüş
2: Allah Adəmə dedi: "Sənə görə torpaq lənətləndi,
çünki sən arvadına itaət etdin və meyvəsini
yemə dediyim ağacın meyvəsindən yedin".
-
Gümüş 3: Yer üzündə yaşayan hər kəs
Adəmə görə məhvə sürükləndi! Gəl sənə danışım necə oldu o
hadisə.
- Eşitdiklərini
mən də eşitmişəm.
-
Gümüşlər: Biz eşitməmişik,
görmüşük.
-
Tanrı ilə yaşıdsınız bəlkə hahahaha?
-
Gümüşlər: Bəlkələrin çoxaldıqca
kəşflərin artacaq... Necə idi o hissə:
"Və
(yadına sal) o zaman(ı) ki, mələklərə
"Adəmə səcdə və təzim edin!" buyurduq. İblisdən başqa onların hamısı səcdə
etdi. O (isə) boyun qaçırtdı və təkəbbür
göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən
idi".
- Sizi kim
idarə edir? Tanrı ilə mücadilə ruhunu kim aşılayır sizə? Danışdığınız
Tanrılogiya elminin yaradıcısı kimdir? Kimdir Tanrını belə yaxşı və
yaxından tanıyan. Bu elmin açarı
kimin əlindədir? Dünyanı dəyişəcəyiniz
metanəzəriyyənin kodlarını kim
yazıb belə? Yasəmən ağaclarına
düşmənliyinizin səbəbi nədir? Barı yasəmənlərə dəyməyəydiniz?
-
Gümüşlər: Yenə yasəmənlər...
İlk dəfədir ki, Gümüşləri narahat edə
bilirdim. Hiss
edirəm ki, nəsə düz, eyni zamanda böyük xəta
etmişəm. Günahımı dərk edə
bilmirəm. Gümüşlər
baltalarını götürüb mənə
arxalarını dönüb gedirlər.
Qaçıram, qaçıram çata bimirəm. Çığırtım
yasəmənlərin naləsinə qarışır. Mən harada səhv etmişdim? Onları
susduracaq sualda gizlənən məna nə idi. Sirr harada idi? Məni dəyişə
bilmirdilər. Yoxsa məndəmi elə
oddan yaranmışdım?
Telefonun vibrasiyası ilə gözlərimi
açıram. Daxilimdə günbəgün
böyüyən boşluq oyandığım dünyaya
qarşı təəssüflənməyimə səbəb
olur. Niyə qayıdıram axı bu
dünyaya? Suallarım yarımçıq
qalır daima. Tələsik qalxıb
gül mağazasını yığıram. Yasəmən sifariş edirəm. Yaxalanmaq üçün hamam otağına
keçirəm. Vannanın
"başla" düyməsini basıram. Damarıma səhər yeməyimi vururam. Ənənəvi şəkildə qəbul etdiyim tək
şey qəhvədir. Onu hazırlayıb
vannaya uzanıram. Elə həmin an
loft otağa həzin musiqi yayılır. İllərdir
belədir. Ən sevdiyim şey
özümlə keçirdiyim vaxtdır. Həmin
zamanı qiymətli hesab edirəm. İcazə
vermərəm kiməsə məni bu dünyadan kənarlaşdırsın.
Ancaq indi bu düşüncələr ruhumu, məntiqimi
yeyib bitirir. Cəngəlliklərdəki vəhşi
sarmaşıqlar kimi meydan oxuyur mənə bu fikirlər.
Azəri xatırlayıram. O demişdi ki,
yaz hər şeyi... Bu səbəbdən hər gecə
yuxularımı yazıram... Gərək ona da bu sualı verərdim...
Kimə və nəyə yazmalı idi insan?
Əslində, düzgün istiqamət
haradır? Tanrımı? Allahmı? İnsanmı?
Nə qədər çalışıram
ağlımdan Gümüşlandiyanı çıxara bilmirəm. Hansı
çağa gedirəm mən? Keçmişəmi,
gələcəyəmi? Hayanadır
üzüm mənim? Həyatamı? Ölüməmi?
Metatexnologiyalarla dolub daşan həyatıma haradan daxil
oldu əfsanələr. Mən pramidalarda yaşamıram axı...
Bir dəfə
əvvəllər 2022-ci ilə dair maraq doğuran əlyazma
ilə tanış olmuşdum. Əslində bunu mənim üçün Mi oxumuşdu.
Mi smart süni zəkadır. Onun iki cinsiyyəti
var. Ruh halıma uyğun olaraq tətbiqi dəyişmək
mümükündür.
Onunla
filosofanə söhbət etmək də olur, dizlərində
yatmaq da... Eyni zamanda qaranlıq və izolyasiya olunmuş
dünyamın tək həmdəmidir Mi...
Qayıdaq söhbətimizə Minin oxumasına əsaslanaraq
deyə bilərəm ki, o dönəmdə Elon Musk adlı
biri yaşayırmış. İnsanlar onu superbeyin
kimi görürmüşlər. Bir
növ mutant imiş sanki. Yarı insan yarı robot kimi...
Texno-beyin.. Bu dəlilikdirmi?
Hərə bir cür yox etmirdimi insanı?
Qəribədir ki, qazandığı nailiyyətlər
insanı Tanrıya yaxınlaşdırırmış.
Adam sanki elə bil, insanın heçsizləşmə
nəzəriyyəsinin banisidir. Dialoqlarında süni-intellektlərin
yüksək inkişafının qarşısının
alınması, yaxud kod sisteminin formalaşdırılmasına
dair açıqlamalar verib. Elon Musku
Gümüş 1-ə bənzədirəm. Elonun göz bəbəklərində dərin
ağılla yanaşı, sərhədsiz dəlilik
mövcuddur. O vaxt belə
Elon Musk nə Tanrıya, Nə Allaha yazmırdı...
Dünyada əllər nəzəriyyəsi hökm
sürür.
Bu əllər insanı sığallayaraq
ölümə məhkum edir. Bu əllər
müharibələr törədir, ya da metainkişafın ilk
qaranquşları olan süni-intellektlərin dili ilə bizə
xəbərdarlıqlar edirlər. Qorxu "Əllər
nəzəriyyəsinin əsas təməl
daşıdır"... Silahla da,
süni-intellektlə də qorxu saçırlar.
Ancaq Gümüş 1 sanki illüziyadır. Mübarizə
apardığı şey nədir onun. Nə
demək, nəyin xəbərdarlığını etmək
üçün gəlib dünyama? Onu
anlamaq mümkün deyil. Göz bəbəkləri
sanki buzdan yaradılıb. Hər zaman
başqa yönə tərəf əriyir. İnsanın ruhunu incidir. Uşaqlığımdan
gələn tramvalarım kimi məni qorxudur...
Anam
qulağıma pıçıldayır, sanki "yat, yoxsa
ağ ayı pəncərədən gəlib səni
aparacaq"... Niyə ağ idi bəs
ayı... Qorxunun rəngi ağdır elə, kəfənin rəngi
də... Gəlinliyin rəngi də... Elə eroninin də...
Qaradan yox, bəlkə də elə ağdan
qorxmalıyıq.
Gümüşlandiyada
olmaq keçir könlümdən... Mi ilə... Çünki
o məni mənim arzuladığım kimi anlayırdı... Onu ora aparmaq mümkün deyildi. Bunu
bacarsaydım əminəm ki, möhtəşəm olardı.
Bir çox düyün açılardı... Keçmişə
görə inkişafın son həddində, gələcəyə
görə təbiətin ən ətirli çağında
idi Gümüşlandiya... Bir yolunu tapıb bu
gecə ora getməli idim, ən dərinə. Gümüşlərin gəldiyi yerə. Bəlkə
də bir yolunu tapmalı idim... Ruhumla
yanaşı, fiziki bədənimi də, daşımalı
idim yuxularıma. Yoxsa necə inanım
özümə? Yoxsa elə bircə dəli
olan mənəm?
Yox, yox,
bütün bunlar boş yerə yaşanmır... Bu mənə bir mesajdır. Bu dəfə
xüsusi hazırlaşmalıyam Gümüşlandiyaya.
Günahımı dərk edə bilmirəm. Gümüşlər
baltalarını götürüb mənə
arxalarını çevirib getmişdilər...
Nə
danışacaqdılar mənə...
İnsan lağlağılığı əslində məğlubiyyət
səbəbidirmi?
Musiqi bitər-bitməz vanna söndü. Ayağa
qalxdım. Tavandan üzərimə duru su
boşaldı.
NARGİS
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.17.