Hittə
hekayə
Deyəsən, o gecə Tanrı
kəndi bağışlamışdı...
O gün - ağaclar qol götürüb süzən gün, balıqlar qışqıra-qışqıra
çayyuxarı üzən
gün, Dəli Səmədin atı özünü qayadan atan gün - hə, o gün kənd qiyamətə inandı, inandı ki, o gün uzaqda deyil, o gün yaxındadı, bəlkə də, o gün elə bu gündü. O gün Alxas elədiyini eləmişdi,
tələyə saldığı
tülkünü ağacdan
asıb dərisini diri-diri boğazından çıxarmışdı. Qışın
sazağında ağacın
budağında yellənən
tülkünün qırmızı
əti tir-tir titrədikcə qanı ətrafa sıçrayır,
gözləri, kirpiksiz
gözləri od saçır, vaqqıltısı eşidənlərin
ağlını başından
alırdı.
O gün Alxasın Allahsızlığı adamları
qorxutmuşdu. Xəbər Məmiş
müəllimin qulağına
çatanda dərsi yarımçıq qoyub kəndin köhnə məhəlləsinəcən qaçmış,
dərisi diri-diri soyulan tülkünü görəndə tükləri
biz-biz olmuşdu. Ordan
qaranəfəs Bəhlulgilə qaçıb
ov tüfəngini istəmişdi. Bəhlul Məmiş müəllimin
əlindən xata çıxacağından qorxub
tüfəngi vermək
istəməmişdi.
- Allahın olsun! - deyəndə Bəhlulun sözü olmamışdı.
Güllə açılanda tülkü
son dəfə vaqqıldayıb
canını tapşırdı,
bununla da tamaşa bitdi...
Amma o gün
şər qarışanda
kənddə başqa
bir hadisə də oldu, molla
Əminin nəvəsi,
kəndin axundu Nurəhmədi durduğu yerdə vurğun vurdu. Üç gün heysiz,
hərəkətsiz, ölü
kimi düşüb qaldı. Adamlar axunddan əlini üzəndə, möcüzə
baş verdi,
üzündə işıq
dolaşdı, bir-birinə
sıxılmış dodaqları
aralandı, nəsə
anlaşılmaz sözlər
pıçıldadı.
Bacısı İsmət qardaşının
ağzına su damızdırdı, arvadı
Şölə pərvanə
kimi ərinin başına dolandı, bütün kənd Nurəhmədə dua elədi, qalayçı Yusif qurban kəsib
payladı, dostu Səfa adsız dağa nəzir-niyaz dedi, boyaqçı Məmməd üç gün oruc tutdu,
sonda Nurəhməd yavaş-yavaş dirçəlib
özünə gəldi.
Ölümdən geri dönsə
də, yaddaşını
özüylə gətirə
bilmədi. Nurəhmədin
yaddaşı sərhədin
o üzündəki ağ zolaqda qaldı. Gözləri baxırdı, amma
baxışlarının o üzü ucsuz-bucaqsız
boşluq idi. Nurəhmədin halından əvvəlcə
arvadı Şölə
duyuq düşdü,
sonra qonum-qonşu, sonra bütün kənd.
Nurəhmədin başına qəza o gün, o uğursuz, o bəd gün gəlmişdi. "Alxasın
günahı Nurəhmədi
tutdu, Nurəhməd kəndi xilas elədi". Kəndin küpəgirən
qarısı Pərli
Səltənət başını
əsdirə-əsdirə belə
deyirdi. Amma Allahsız Alxasın
günahı niyə üz-gözündən, əməllərindən
nur yağan Nurəhmədi tutmalıydı,
niyə Alxasa zaval dəyməməliydi,
niyə bu ağır bədəli o
ödəməliydi? Bu
sualın cavabını
heç sonralar da bilən olmadı.
Nurəhməd boş gözləriylə
adamlara baxırdı,
ağzını da açanda heç kimin anlamadığı bircə kəlmə pıçıldayırdı: hittə.
Ağıllı adamın dəli
olmağından axmaq iş yoxdu. Bəsirət gözü açıq
olan, hamıya ağıl verib yol göstərən Nurəhməd indi çarəsiz qalmışdı.
Körpə uşaq kimi axşam düşəndə zülüm-zülüm ağlayır,
"inqə" deyən
bəbə kimi o da "hittə" deyib səsini başına atırdı.
Kəndin bu ağrıya alışması çətin
oldu. Arvad-uşağı çarəsizlikdən qırıla-qırıla qaldı.
Ölümə nə var ey, gələn bir gün şələ-şüləsini
götürüb gedir.
Dərd Nurəhmədin dərdiydi.
Adamlar xəlvətdə:
"Allah heç kəsi
Nurəhmədin gününə
salmasın", - deyirdilər.
Vaxt keçdikcə
Nurəhmədin qəribəlikləri
artırdı. Ağacların altında, suyun kənarında, yolun ortasında saatlarla diz üstə çökür, əllərini
göyə açıb
heydən düşənəcən,
ağzı köpüklənənəcən
"hittə" deyirdi. Elə yalvarışla, elə ürəkdən deyirdi ki, eşidənlərin dili-dodağı əsirdi.
Belə-belə kənd "hittə"
sözünə alışdı.
Uşaqlar bir-birinə "hittə" deyib sataşırdı. Bircə Alxas
"hittə" sözünü
eşidəndə cinləri
oyanır, dəli ata dönürdü.
Bütün kənd altıncı
duyğuyla Nurəhmədin
başına gələnlərdə
Alxası günahlandırırdı.
Bir gün kəndin ortasında Alxasla Nurəhməd qarşılaşdı. Nurəhməd dibsiz baxışlarıyla
Alxasa baxdı. Alxas özünü itirsə də, yamanlığından əl
çəkmədi:
- Axund, məscidə gedirsən? A kişi,
ağlın-başın olsun,
məscid nə gəzir. Bundan sonra ibadət-zad da olmayacaq, xəbərin
var, təzə hökumət məscidi anbar elədi, bundan sonra kolxozun
buğdasını, arpasını
ora tığlayacaqlar,
qışda da Əmin
babanın tikdirdiyi o məsciddə siçanlar
"İnnabı" oynayacaq.
Söz ağzından
çıxar-çıxmaz Nurəhməd alıcı
quş kimi şığıyıb qolunu
Alxasın boynuna doladı. Alxasın xırıltısı aləmi başına götürdü. Yoldan
ötənlər olmasaydı, nəfəsi
kəsiləcəkdi. Alxası Nurəhmədin
əlindən almağına
aldılar, amma o gecə kəndə rayon mərkəzindən köhnə
bir "Pobeda" gəldi.
Papağında ulduz olan iki adam Nurəhmədin qollarını tutdu, çiynində çoxlu
ulduzu olan şinelli adam: "Bu yoldaşı islah olmaq üçün lazımi yerlərə göndərəcəyik!" - deyib Nurəhmədin
taleyini həll elədi. Bu xəbərdən
kənd silkələndi.
Adamlar irəli durub "ölərik, bu kişini vermərik", - deyəndə
ulduzlu adam
göz qırpımında
naqanını çıxarıb
göyə boşaltdı.
İzdiham dondu. Ulduzlu
adam Nurəhmədin
sovet adamına yaraşmayan əməllərindən
danışdı, köhnənin
qalığı kimi yamanladı, yoldaş Alxası öldürməyə
cəhd etməkdə
günahlandırdı. "Belə təhlükəli
ünsürü Sibirə
sürdürərdik, əgər
xəstəliyi karına gəlməsəydi",
- deyib camaatın gözündən basdı.
Nurəhmədin qollarını bağlayıb
aparanda kəndin qüruru sındı, kişilərin baxışları
yerə dikildi.
O gecə kənddə heç kim
yatmadı, o gecədən
kəndin yuxusu qaçdı.
Bir müddətdən sonra xəbər gəldi ki, Nurəhmədi böyük şəhərə
aparıblar, guya həkimlər yoxlayıb deyiblər ki, sapsağlam adamdı, lap bizdən də ağıllıdı, yola
salın çıxıb
getsin evinə. Bu şayiələr, əslində, kəndin arzusu, istəyi, Nurəhmədə olan sevgisiydi.
Bu hadisədən beş
ay sonra İkinci Dünya müharibəsi başladı...
...Elə bil Alxas
tülkünü diri-diri
soyan gündən kəndin dəfi dönmüş, lənətlənmişdi.
Kəndin əli silah
tutan kişilərini cəbhəyə apardılar,
arvad-uşaq başsız
qaldı, kənd ölümdən, yatalaqdan,
qızdırmadan, aclıqdan
keçdi, müharibəyə
gedənlərdən geri
dönənlər də
oldu, dönməyənlər
də. Alxas da adam udan əjdahanın azğından qurtarmadı,
geri dönmədi. Kəndin ürəyi yuxa olsa da, onu
bağışlamadı.
...İllər sonra bu kəndə paytaxtdan qədim məbədləri, qəbirləri,
mağaraları araşdıran
ağ saçlı,
ağ saqqalı bir adam gəlib
çıxdı. Kəndin
yeganə qalstuklu adamı Muxtar müəllim: "Arxeoloqdu",
- dedi. Amma kənddə bu sözü heç kim başa
düşmədi, arxeoloq
sözü kəndin dilinə "qəbireşələyən"
kimi tərcümə
olundu. Dünyanın qulağını qurdalayan
bu müdrik adam adamlara
tez alışdı. Bir dəfə Xoruzquyruğu Hümbətin
çayxanasında söhbət
edəndə adamlardan
biri o birinə zarafatyana "hittə"
dedi. Qoca duruxdu, sözün
ucundan tutub getdi. Adamlar kəndin yaddaşındakı
o qorxunc hadisəni qocaya nağıl elədilər.
"Biz heç indi
də bilmirik, ağlını itirmiş
yazıq Nurəhməd
bu sözlə nə demək istəyirdi", - dedilər.
Qoca siqaret yandırıb acgözlüklə
sümürdü. Həyəcanlı olduğu bəlliydi.
Gözünü qıyıb
siqaretdən bir qullab aldı:
- Adam o vaxt dəli olur ki, onu
heç kim
başa düşmür.
"Quran"ın Əl-Bəqərə surəsinin
59-cu ayəsində deyilir
ki, "hittə" ərəb dilində
"bizi bağışlayın"
- deməkdi. O, Allahdan
bu kəndin, bu adamların bağışlanmasını istəyirmiş.
Adamlar eşitdiklərinə mat qaldılar.
Axşamçağı arxeoloq heç kimə heç nə demədən kənddən çıxıb
getdi.
O gecə Nurəhməd yenidən kəndə, evlərə, yaddaşlara
qayıtdı. Başqa qiyafədə,
başqa surətdə,
başqa hikmətdə.
Deyəsən, o gecə Tanrı
kəndi bağışlamışdı...
Təranə Vahidin
Ədəbiyyat qəzeti.- 2022.-
12 mart.- S.16.