Məddah

 

Dünən bir məclisdə coşmuşdun yenə,

Ağzın köpüklüydü qızmış nər kimi.

Böyük heyranlıqla baxırdı sənə

Qarşında oturmuş icra hakimi.

 

Bəxtəvərsən, məddah! Sənindi dövran,

Müştərin çoxalıb başından aşır.

Tərif xəstəsilə doludur hər yan,

Saxta məharətin dillər dolaşır.

 

Tənə də, tənqid də etmir sənə kar,

İrişib hamıya "can-can" deyirsən.

Hələ bəlli deyil neçə üzün var,

Əvvəl söydüyünü indi öyürsən.

 

Qaz təkin gecə sərvaxtsan, sərvaxt,

"Kiçiklər" yanında işin sənin?

"Böyüklər" böyründə sülənib hər vaxt

Quyruq bulamaqdı vərdişin sənin!

 

Millət vicdanında qara ləkəsən,

İblisə, şeytana bağlıdı arxan.

İçimdə qəzəbdən göynəyirəm mən,

Neyləyim, əlimə keçməyir yaxan.

 

Rədd ol! Gözlərimə görünmə, məddah!

İyrənc sir-sifətin çimrədib məni.

İxtiyar sahibi olsaydım, vallah,

Asardım o yüyrək dilindən səni!!!

 

Həmən Vidadiyəm!

 

Hərdən tanımıram özüm-özümü,

Dəyişib, əlbəttə, cismən Vidadi.

Amma yerindədir coşqun ilhamı,

Qalıb fəallıqdan qismən Vidadi.

 

Çəkinib həmişə el qınağından,

Bir gül dərməyib namərd bağından.

Çıxıb zəmanənin çox sınağından,

Olub haqsızlığa düşmən Vidadi.

 

Qollu-budaqlıdır Babanlı nəsli,

Türklərə bağlıdır onların əsli.

Doxsan beş yaşda da sönməz həvəsli,

Həmən Vidadiyəm, həmən Vidadi!

 

Dostlardan təvəqqəm

 

Bir gün olmayacam bu dünyada mən,

Həyata əlvida deyəcəm səssiz.

Mürdəşir biçəcək üç arşın kəfən,

Məzar libasını geyəcəm səssiz.

 

Dostlar, dərd çəkməyin o anlarda siz,

Salın yadınıza mən necə varam.

Qəbrimin üstündə dedikləriniz

Halal qismətimə qatmasın haram.

 

Bol-bol təriflərə ehtiyac var,

Saxta mədhiyyələr bezdirib məni.

Riyadan hər zaman gəzmişəm kənar,

Heç vaxt sevməmişəm şit söz deyəni.

 

Bir rütbə ardınca yüyürməmişəm,

Mənim tox nəfsimi qınamaz heç kim.

Coşub, kin qılıncı siyirməmişəm,

Çağlayıb könlümdə insana sevgim.

 

Alçaqlar önündə alçalmadım heç,

Dik tutdum həmişə məğrur başımı.

Yalançı bütlərə əl çalmadım heç,

Ehtiyac kəssə daim qarşımı.

 

 

Yaşadım ən ülvi bir diləklə mən,

Dedim, qoy nəsillər bilsin qədrimi.

Hərarətlə qucsun boynumu Vətən,

Hopum yaddaşlara mərd insan kimi.

 

Budur, əzizlərim, sizdən təvəqqəm,

Haqqım nəyə çatır, söyləyin onu.

Nəcib qəlbinizə xal salmasın qəm,

Xoş əhvalla duyun dost yoxluğunu.

 

Yer altına köçəndə

 

Yer üstündə lovğa-lovğa gəzirik,

Sevinirik yaşdan-yaşa keçəndə.

Biz bütöv insanıq, ya kəm-kəsirik

Bilinəcək yer altına köçəndə.

 

Vidadi BABANLI

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.18.