Atalar üçdən deyib
Şair Sabir Sarvanın əziz
xatirəsinə
Fələyi karıxmış,
"yığvalı dönmüş",
Dünyadan arınıb
sözünə sinmiş,
-
Bilsəniz, bugünkü
qonağım kimmiş,
-
Sabir Sarvan
"Atalar üçdən deyib..." misalı
var. Amandı, Allah, atalar
üçdən deyibsə,
demək, hər üç görüşün
öz kəraməti
var. Sabir Sarvanla bu dünyadakı üç görüşümüzü
deyirəm. Hardasa, üç də
güc-tamam olurdu, birinci görüş ikinci görüşə
vəsiləydi, üçüncüsü
birincidən-ikincidən doğulmaydı,
amma eləcə də o qədər doğmaydı. Birinci səfər
"Azərbaycan" jurnalının
ətirli səhifələri
bizi qonaqlamışdı,
qonşulamışdı. İkimizi o birilərdən ayırıb
səhifələmişdi. Mən onu oxuyanda o da məni oxumuşdu.
Çünki vərəqin o üzündə
o vardısa, bu üzündə mən varıydım. Mütləqdir ki, oxumalıydıq bir-birimizi. (Burda
azacıq gülümsəmək
keçir ürəyimdən.
Azacıq təbəssüm,
bəlkə də...
O da adamın dodaqlarında donub qalır... Qabarıq çıxmasın deyə,
bir az
fərqli rəng qatıram, olduğu kimi yada salıram
o günü. Sabir Sarvan
jurnala baxıb, yəqin, mənim kimi mistik bir
hisslər keçirib
ki, necə olur, hələ üzünü görmədiyi
bir şairlə belə qonşulaşdı,
doğmalaşdı.)
İkinci görüş kitabımın
təqdimatındaydı. Sumqayıtdaydıq
elə, S.Vurğun adına Mərkəzi
Kitabxanada. Dedilər, söz verilir
AYB Sumqayıt Bölməsinin
sədri, şair Sabir Sarvana. Öz evinin içindəymiş
kimi ağır-ağır
gəldi. İlk dəfə
canlı-canlı orda gördüm. Amma jurnal
üzərindən "qonşuluğumuz",
səhifədən "yoldaşlığımız"
varıydı axı,
diqqət kəsildim.
Onda başa düşdüm ki, mistik hisslərimin
ötürücülüyü bu dəfə öz işinin öhdəsindən layiqincə
gələ bilib.
Səmimi insan, ürəyi geniş söz adamı, bir də öz
"qonşuluq" haqq-hesabımız...
Üçüncü görüş də elə bu sayaq. Xaçmazdan üzü Sumqayıta yolçuluq Şabrandan keçir. Elə təzəcə yekunlaşan M.Ə.Sabir günlərindən dönürük.
Mən də varam maşının
içində, özü
də Sabir Sarvanla yan-yana. Səliqə
ilə geyinib, səliqə ilə danışır, sözləri
ipə düzür elə bil, bilmirəm,
ya da mənə
elə gəlir.
Sakitdir, hər şey ürəyincədir sanki.
Başqa
planetdə kimiyik.
O danışır, azacıq
mənim onu diqqətlə dinlədiyimə
nəzər yetirib gülümsünür. Yenə də
"Azərbaycan" jurnalındakı
"qonşuluğumuzu" eyhamla vurğulayır, gülürük. Yolçuluq o qədər tez başa çatır ki, yolun belini
belə "qırırıq",
mənim dayanacağım
Şabrandı, maşından
düşüb "Yer
kürəsinə qayıdıram".
Son kitabı var indi Poeziya Evində. AYB Sumqayıt Bölməsinin
sədri Gülnarə
xanım hədiyyə
edib. "Yarandım,
yaşadım..." - kitab
belə adlandırılıb...
Vərəqləyirəm, "qonşuluq" söhbətinin təsadüf
olmadığını görürəm.
Şairin "Biz qonşuyuq" şeiri buna əsl dəlil-sübutdur.
"Başına gələn başmaqçı
olar", deyərlər.
Demə, belə müqəddəs qonşuluqlar
əvvəllər də
başına gəlib
şairin:
Biz qonşuyuq, yaşayıram
yaxında,
Qəlbi cavan bir qocayam
baxanda.
Utanıram sən qarşıma
çıxanda
Üzümdəki qırışların yerinə.
Bir şeiri də var Sabirin... "Oturub gözlə ki, sevgi gələcək",
təxminən belə
başlayır. Şeiri
oxuyursan, sənə elə gəlir ki, bir sevgi
nağılını, bir
sevgi hekayəsini, adam ərinməyib,
elə öz sözü ilə desək, səbrini basıb, oturub nəzmə çəkib.
Belə bitir həmin şeir. Ümid üst qatda
yuvalanıb.
Oturub gözlə ki, tale güləcək,
Bu gün gülmədisə,
güləcək sabah.
Oturub gözlə ki, sevgi gələcək,
Bəlkə də, gələcək, nə deyim vallah.
"Bəxtsiz balıqçı"
şeiri də eynən belə bir qəlibdən çıxmış nağıldır.
Müəllif özü balıqçıdı,
şeir-balıqlara tilov
atır hər gün. Ürəyinin yanında dayanıb,
fikrinin ümmanında
qızılbalıq gəzir.
İllərdir bifayda gözlənti,
sözün onu ucaltmadığına inanır,
ya da son dərəcə təvazökardı
deyə, belə düşünür. Tutduqları
xırda-xuruş balıqlardı,
deyir:
İllərdi gözləyirəm, gözləməkdən nə
fayda,
Şairi söz ucaldar, mənə ucalıq gəlmir.
Tuturam
e, amma ki, adi xırda balıqlar,
Neynəyim, tilovuma bir qızılbalıq
gəlmir.
Kədər bölümü bir ayrı qanadıdı Sabir poeziyasının. Onun kədəri
də sözü qədər dəyərlidir.
Dərdlərini şeir
kimi vərəqlədikcə
hiss edirsən ki, sözü elə-belə
çölə atmır
Sabir...
Çıxdım axırına boş
ümidlərin,
Çıxdı axırıma gümanlar mənim.
Dərdi
gözlərimdə diri
görəcək,
Əyilib nəşimi yuyanlar mənim.
Atam da gözlərini yazqabağı
əbədi yummuşdu. Təbiət qış yuxusundan təzə-təzə oyanırdı.
Martın ikinci həftəsiydi,
atamgilin arxa həyətində hələ
də hasarı əvəz edən kolluqlar qalmaqdaydı.
Həmin
kolluqların dibindən
boynubükük bənövşələr
hər tərəfi basmışdı, göy
otların yaşıllaşan,
çiçəkləyən bir vaxtda insan
oğlunun dünyadan köçməsi adama bir başqa təsir edir. Düşünürsən ki,
belə vaxtda ölməyin özü də günah deyilsə, bəs nədir?..
Gərək qan bağlaya şairin gözü,
Şair
əllərini qandan
gen tutub.
Gör hansı zamandı, gör hansı vaxtdı,
Mən qana çapıram, məni qan tutub.
Hərdən içimdə bir istək oyanır. Gözü qanlı
dünyasını dəyişən
bütün qələm
adamlarını dünyaya
qaytara Tanrı. Qaytara, Ağdama apara, Şuşanı gəzdirə, Laçından,
Kəlbəcərdən üzü
bu yana
dolandıra, nəhayət,
Xocalıda yığa
bir "Zəfər Muzeyi"nə... Gözü qanlı
şairlər şeir
deyə təzədən,
yazıçılar dünyaya
təzədən gəldikləri
üçün arzularına
qanadlana. Yerdə qalanları
da elə hey, durmadan alqışlaya.
Adamın içi içinə
sığmaz. Yer-göy lərzəyə
gələr, sevincimiz
birə-beş qat artmazmı? Artar, artar...
Hamı kimi nəfəs-nəfəsə
qalan Sabir Sarvan "Qarabağlı uşaq" şeirini oxuyur. Hamı kövrəlir
şeirin bu yerində:
Saçı dağılıb alnına,
Sıyrım-sıyrım olub dizi.
Gözlərinin qabağında
Anasının qanlı üzü,
Qaçır qarabağlı uşaq.
Adam diksinə ki,
daha vaxt o vaxt deyil. Qarabağlı
uşaqlar yenidən bu torpaqlara qayıdacaq,
yeni nəsil yetişəcək... Və hamısının
üzü, gözü
xoşbəxtlikdən güləcək,
gözləri ancaq xoşbəxtlikdən yaşaracaq.
Söz dalıyca
gəzəndə kitabı
təzədən vərəqləyirəm.
Dünyası gözəllik, bayrağı
insan təbəssümündən
olan şairin bir də "Düşmən" şeiri
var. Adamı doğram-doğram
eləyir, ilim-ilim itirir. Bayrağı insan təbəssümü
olan şair niyə belə bir şeir yazsın
ki? Siz bilərsiniz!
Qarışıb rəngləri - dünyanı
daha,
İndi ağ-qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi,
düşmən qazandım,
Düşmən qazandınsa, ölmək çətindi.
Belə...
Atalar üçdən
deyib..." misalı
varmış. Atalar niyə,
nə üçün
üçdən deyib,
bax, bir də o vardı. Heç kimin bilmədiyiydi yəqin. Mən də bilməyəcəkdim...
Bu dünyadan bir Sabir də gəldi
keçdi... Yarandı,
yaşadı...
Ay Bəniz
ƏLİYAR
Ədəbiyyat qəzeti.- 2022.-
12 mart.- S.19.