Ağ dəvəni düzdə saxlamaq
Neçə
saatdır ki, Həcərin (Həcər Paşayevanın)
"Ağ dəvə düzdə qaldı" adlı
kitabını oxuyuram. Kitabdakı hekayələr, esselər,
povestlər adamı qoynuna alıb lap uzaqlarda harasa bir yerə
aparır. Əlindəki kitabın vərəqləri
arasında yoxluq içində var olmaq iddiasına
düşürsən.
Çəkinmədən
deyə bilərəm ki, bu kitab son dövr ədəbiyyat
adına yazılmış ən anlamlı nəsr əsərlərindən
ibarət topludur. Hekayələrin içində qəflətlik,
romantika, kökə qayıdış, sevinc və kədər
var. Hadisələr bir-birini qarabaqara izləyir. Mətndə
qırıqlıq yoxdur. Keçid nöqtələrində
belə möhkəm bağlılıq var. Bir çox əsərlərin
sonu oxucunu təəccübləndirə bilir.
Mətnin
allahı müəllifidir. Müəllif nə qədər ədalətli,
mərhəmətli, həyat dolu olarsa, mətn bir o qədər
ruhlu alınar. Mən Həcər xanımı illərdir
tanıyıram, ona həmişə "Həcər ana"
deyərək müraciət etmişəm. Bu gün isə bu
kitabı oxuyanda görürəm ki, Həcər ana təkcə
mənim deyil, bütün gənc ədəbi nəslin
anasıdır. Əsərləri ilə gəncliyə nələrsə
öyrədə bilən, yol göstərən mətnlər
müəllifidir. Açığını deyim ki, bu əsərlər
məni də oxucu kimi təəccübləndirdi.
Məsələn,
götürək "Bizim qonaqsanmı" hekayəsini. Bu
hekayədən bir neçə misal çəkmək istəyirəm.
"Növbəti yoxuşu dırmaşanda maşın sonuncu
dəfə nəfəsini dərib dayandı" və ya
"Yaqubun pırpız qaşları döyüş
buğaları kimi baş-başa gəldi". İlk cümlədə
müəllif maşına acıyır, sanki
yazığı gəlir maşına. Həm də onun
maşınlıq qeyrətini ifadə edir. İkinci cümlədə
isə Yaqubun daxili hirsini müəllif poetik dildə verir,
qaşları buğalar kimi baş-başa gələn şəkildə
təsvir edir, bu deyim yenidir. İndiyə qədər bir
çox yazıçılar qaşları düyünləndirirdisə,
Həcər eyni situasiyanı başqa ifadə tərzi ilə
verə bilib.
Hekayənin
digər yerində belə bir ifadə var: "göydəndüşmə
qonaqlar". Bu ifadə həm qonaqpərvərliyi, həm də
Fazil kişinin daxili dünyasını özündə cəmləyir.
Eyni
hekayədə ləzgi ləhcəsinin ustalıqla verilməsi
də müəllifin təcrübəsindən,
dünyagörüşündən xəbər
ötürür.
Kitabda
yer alan "Ağ dəvə düzdə qaldı", "Nakaut",
"Atası ölməyib" adlı povestlər, "Səs
eləməyin", "Vəsiyyət" kimi hekayələr
və digər əsərləri oxuyanda Həcərin
yazıçı peşəkarlığını görmək
olur. Mətnlər diridir. Obrazlar ruhludur. Cümlələr
arasında həyat var. Həyatın hər üzü var.
Bu
kitab haqqında çox yazmaq, çox danışmaq olar. İnanıram ki, bu mətnlər
bir gün dərsliklərdə öz
yerini tapacaq, ciddi ədəbi nümunələr kimi dillərdə gəzəcək
və ən əsası bu mətnlər öz müəllifini əbədi
yaşadacaq.
Elşad Barat
Ədəbiyyat qəzeti.- 2022.-
12 mart.- S.18.