Türkanə sözün misilsiz ustadı
haqqında dəyərli dərs vəsaiti
Qüdrətli
söz və fikir ustadı dahi Nizami Gəncəvinin
insanları daim əxlaqi kamilliyə çağıran və
yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin
yaradıcılığının bəşər mədəniyyətinin
nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti 5 yanvar 2021-ci
il tarixli Sərəncamı ilə ötən ili "Nizami Gəncəvi
İli" elan etmişdir. Tam əminliklə söyləmək
olar ki, "Nizami Gəncəvi İli" Nizami Gəncəvi
irsinin tədqiqi, təbliği, tədrisi sahəsində
yeni-yeni uğurlarla əlamətdar olmuşdur. İnsan zəkasının,
bədii fikrin nadir hadisəsi olan Nizami irsi uzun zamandan bəri
dünya elmi-ədəbi-nəzəri fikrinin diqqət mərkəzindədir.
Ölkəmizdə korifey sənətkarın
yaradıcılığının tədqiqat tarixi 100 ilə
yaxındır, bu müddət ərzində şairin əsərləri
dəfələrlə nəşr olunmuş, ədəbi
irsinin öyrənilməsi və tanıdılması sahəsində
mühüm işlər görülmüş, ciddi,
sanballı tədqiqatlar ərsəyə gətirilmiş
çox sayda kitablar, monoqrafiyalar, məqalələr
yazılmış, incəsənətin müxtəlif sahələrinə
dair dəyərli nümunələr yaradılmış, respublika
və beynəlxalq miqyaslı konfras, simpozium və festivallar
keçirilmiş, xatirəsi əbədiləşdirilmiş,
bir sözlə, böyük şairin vətəni haqlı
olaraq dünya nizamişünaslığının təbii mərkəzinə
çevrilmişdir.
Çoxşaxəli
yaradıcılıq diapozununa malik istedadlı şair, tədqiqatçı,
səriştəli pedaqoq, filologiya üzrə fəlsəfə
doktoru Elşad Səfərlinin "Türkanə
söz"ün misilsiz ustadı" (Bakı, "Elm" nəşriyyatı,
2022, 160 səh.) adlı dərs vəsaiti, həm böyük
sənətkarın yaradıcılığına xas
xüsusiyyətləri müasir tələblər
baxımından dəyərləndirmək, həm də bu
irsin ən dəyərli cəhətlərini - ədalət və
əxlaq haqqında görüşlərini, əməyə,
xeyirxah əməllərə hörmət hissini yeni təhsil
sisteminə uyğun tərzdə gənc nəsillərə
ötürmək, aşılamaq baxımından mühüm
əhəmiyyət kəsb edir.
Dərslik
"Nizami Gəncəvi irsinin bəzi sənətkarlıq
xüsusiyyətləri", "Türkanə
sözün" misilsiz ustadı", "Nizami Gəncəvi
irsinin qısa tədrisi xüsusiyyətləri və bəzi
dərk problemləri" adlı 3 fəsildən ibarətdir.
Təqdirəlayiqdir ki, Elşad Səfərli əsərin I fəslində
nizamişünaslığın ən dəyərli, ciddi mənbələrinə,
özündən əvvəl bu sahədə sanballı tədqiqatlara
imza atan görkəmli ədəbiyyatşünasların əsərlərinə,
eləcə də şairin ayrı-ayrı poemalarından məharətlə
seçdiyi sitatlara istinad edərək Nizami Gəncəvi
poeziyasının bədii xüsusiyyətlərinə dair
maraqlı mülahizələr irəli sürür, fikirlərini
əsaslandırır və müvafiq elmi qənaətlərə
gəlir.
Cəsarətli
müddəaları, maraqlı, yeni diskussiya, polemika predmeti ola biləcək mühakimələri, hətta
bəzən sərt qınaqları ilə yadda qalan
"Türkanə sözün" misilsiz ustadı"
adlı fəsildə Elşad Səfərli Nizami Gəncəvinin
və irsinin milli və ədəbi kimliyinə, ölkə və
dünya nizamişünaslarının bu və digər
problemlərə dair fərqli fikirlərinə münasibət
bildirir və öz mövqeyini bəyan edir. Bir məqamı
vurğulamaq istərdik ki, əsərdə sovet rejimi və
kommunist ideologiyasının, senzuranın mövcud olduğu
illərdə dünya, o cümlədən Azərbaycan
nizamişünaslığının bənzərsiz nailiyyəti
olan Məhəmməd Əmin Rəsulzadənin
"Böyük Azərbaycan şairi Nizami"
monoqrafiyasına nüfuzlu alimlərimizin məcburiyyət
qarşısında bəzən kölgə salmaq təşəbbüsləri
təkrarlanmır, təqdir olunmur, bəyənilmir.
Dərs vəsaitinin müsbət cəhətlərindən
biri də onun zəngin pedaqoji təcrübəyə, metodik
ustalığa, praktik bacarığa malik alim tərəfindən
hazırlanmasıdır və bu fikrimizi Elşad Səfərlinin
əsərinin III - "Nizami Gəncəvi irsinin qısa tədrisi
xüsusiyyətləri və bəzi dərk problemləri"
fəsli təsdiqləyir. Milli-mənəvi, həmçinin
ümumbəşəri dəyərlərin zəngin və
tükənməz xəzinəsi olan Nizaminin ədəbi
irsindən həm orta, həm də ali məktəblərdə
pedaqoji prosesdə istifadə işinin sistemli təşkilinin
vacibliyinə, bu işin elmi-metodik və tərbiyəvi əhəmiyyətinə
diqqəti yönəldən müəllif haqlı olaraq qeyd
qeyd edir ki, Nizami irsinin tədrisi məsələsi Azərbaycan
təhsil sisteminin, ilk növbədə ədəbiyyatşünaslığının
qarşısında duran ən prioritet problemlərindən
biridir. Bu işin yerinə yetirilməsində
müəllim-şagird və müəllim-tələbə
tandeminin fəaliyyəti, əməkdaşlığı
böyük rola malikdir. Elşad Səfərli
Nizami irsinin tədqiqi, tədrisi və bu irsin milli sərvət
kimi xalqa çatdırılması sahəsində
mühüm tədbirlərin həyata keçirildiyini, lakin hələ
görüləsi vacib işlərin kifayət qədər
olduğunu bildirir və qarşıda duran konkret vəzifələr
barədə öz mülahizələrini söyləyir.
Müəllif əminliklə bildirir ki, yüksək
sənətkarlığı, məhəbbətə dünyəvi
münasibəti, insan taleyi haqqında humanist düşüncələri
ilə seçilən, sevilən dahi şairin əbədiyaşar
poeziyasının yüksək səviyyədə tədqiqi və
təbliği daim diqqət mərkəzində
saxlanılacaqdır.
Deyilənləri
yekunlaşdıraraq bu qənəatə gəlirik ki, aktual və
mühüm bir mövzuya həsr olunan, praktik işin,
müşahidələrin, elmi-nəzəri
axtarışların nəticəsi kimi ərsəyə gələn
"Türkanə söz"ün misilsiz ustadı"
adlı dərs vəsaiti ali təhsil müəssisələrində
Nizami Gəncəvi irsinin daha dərindən tədrisi
üçün faydalı mənbələrdəndir.
Abid
TAHİRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.21.