“Dünya ədəbiyyatı”
dərgisinin
“İsrail” sayı təqdim
olundu
Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin nəşri
olan “Dünya ədəbiyyatı” dərgisinin “İsrail”
sayının təqdimatı keçirilib. Bu barədə
AYB-nin Mətbuat xidməti məlumat yayıb. Tədbirdə
Milli Məclisin üzvləri, İsrailin Azərbaycandakı səfiri,
Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri,
tanınmış ədəbiyyat adamları və ictimai
xadimlər iştirak ediblər.
Birliyin
katibi, şair Səlim Babullaoğlu tədbiri giriş
sözüylə açaraq, yeni nəşr haqqında ətraflı
məlumat verib. “İsrail” sayının əhəmiyyətini
xüsusi qeyd edən S.Babullaoğlu nəşrin
hazırlanması işinə verdiyi önəmli dəstək
üçün Milli Məclisin Mədəniyyət Komitəsinin
sədri Qənirə Paşayevaya minnətdarlığını
bildirib. Yaradıcı kollektivin dəyərli bir iş ortaya
qoyduğunu deyən AYB katibi bu sayın Azərbaycan-İsrail ədəbi
əlaqələri yolunda mühüm addım olduğuna
inandığını vurğulayıb.
Millət
vəkili Qənirə Paşayeva İsrailin Azərbaycan
üçün dost ölkə olduğunu, əlaqələrimizin
uzun bir zaman içərisində inkişaf edərək indiki
səviyyəyə yüksəldiyini məmnunluqla qeyd edib. O,
İsrail tərəfindən Azərbaycanın haqq işinə
güclü mənəvi dəstək verildiyini,
xalqlarımız arasında bağlılığın daha da
möhkəmləndiyini bildirərək, təqdim olunan nəşrin
də bu cəhətdən xüsusi önəm
daşıdığını dilə gətirib. Belə ədəbi-mədəni
layihələrin münasibətlərdə çox səmərəli
rol oynadığını bildirən Q.Paşayeva mədəniyyət
müstəvisində Azərbaycan-İsrail təmaslarının
bundan sonra da yüksələn xətt üzrə irəliləyəcəyinə
inamını ifadə edib. Komitə sədri bu cür layihələri
dəstəkləməkdən məmnun olduqlarını deyərək,
dərginin redaksiya heyətinə “İsrail” sayı
üçün təşəkkür edib və yeni
uğurlar arzulayıb.
İsrailin
Azərbaycandakı səfiri Corc Dik, iki ildən artıq bir
müddətdir, ölkəmizdə
çalışdığını, ancaq Azərbaycan
Yazıçılar Birliyini ilk dəfə ziyarət etdiyini
önə çəkərək, mühüm bir ədəbi
hadisə ilə əlaqədar keçirilən bu
görüşdə iştirakdan sonsuz məmnunluq
duyduğunu bildirib. Ədəbiyyatın qədim tarixə
söykəndiyini vurğulayan Corc Dik, İsrailin əhali
sayına nisbətdə dünyada ən çox kitab çap
edilən üçüncü ölkə olduğunu
vurğulayıb. Səfir deyib ki, İsrail ədəbiyyatı
dünya ədəbiyyatına bir sıra görkəmli imzalar
qazandırıb və təmsil etdiyi ölkə ədəbi
yaradıcılığa müstəsna əhəmiyyət
verilməsilə də seçilir. “Dünya ədəbiyyatı”
dərgisinin bu sayının bütövlükdə İsrailə
həsr edilməsini yüksək qiymətləndirən C.Dik
deyib ki, azərbaycanlı oxucuların belə bir sanballı nəşr
vasitəsilə son dərəcə dəyərli imzaları
tanıması onu ürəkdən sevindirir.
AYB-nin
Birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev
çıxışında Azərbaycanla İsrailin dostluq
münasibətlərinin böyük tarixi olduğunu qeyd edib,
israilli yazarların yaradıcılığının dilimizə
tərcümə edilməsinin gözəl təşəbbüs
olduğunu bildirib. Ç.Abdullayev bu təşəbbüsün
iki ölkə arasındakı əlaqələrin
inkişafında müsbət rol oynayacağına, beləliklə
ədəbi təmaslar sahəsində yeni uğurlar
qazanılacağına ümid etdiyini bildirib.
AYB-nin
sədr müavini Rəşad Məcid “Dünya ədəbiyyatı”nın
İsraillə bağlı sayını ədəbi
mühitimizdə əhəmiyyətli hadisə
adlandırıb, dərgidə çap edilmiş əsərlər
haqqında fikirlərini bölüşərək, onları
yüksək qiymətləndirib. Yaradıcı heyətə
yeni uğurlar diləyən R.Məcid bu işdə onlara dəstək
verən hər kəsə minnətdarlığını
ifadə edib.
“Dünya
ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin
Hüseynli “İsrail” sayının hazırlanması prosesindən
söz açıb, nəşrdə 43 israilli müəllifin
əsərlərinin yer aldığını, bunların Azərbaycanın
tanınmış ədəbi imzalarının tərcüməsində
oxuculara təqdim edildiyini diqqətə çatdırıb.
S.Hüseynli dərginin bu sayının arzulanan dərəcədə
səviyyəli və əhatəli alınmasında Milli Məclisin
Komitə sədri Qənirə Paşayevanın və AYB
katibi S.Babullaoğlunun xüsusi rolunu, bərabər
çalışdığı həmkarlarının əməyini
minnətdarlıqla qeyd edib.
Dərgidə
ivrit dilindən tərcümələri çap olunmuş
şərqşünas Ayna Əlixanova, Dağ Yəhudiləri
İcmasının rəhbəri Milix Yevdayev də Azərbaycan
və İsrail dostluğundan, ədəbi-mədəni əlaqələrimizdən
söz açıb, təqdim olunan nəşrin bu baxımdan
yüksək dəyər kəsb etdiyini bildiriblər.
Əslən
dağ yəhudisi olan şair və rəssam Rami Meir tədbirə
Moskvadan canlı bağlantı ilə qatılıb, dərgidə
onun da əsərlərinə - şeirlərinə və rəsmlərinə
yer verildiyi üçün təşəkkürünü
ifadə edib. R.Meir, illərdən bəri uzaqda olsa da, Azərbaycana
bəslədiyi doğma hissləri hər zaman qoruyub
yaşatdığını deyib.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxışının əvvəlində
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix
Yevdayevin Birliyə fəxri üzv qəbul edilməsi barədə
qərarı açıqlayıb və onu bu münasibətlə
təbrik edib. Dərginin “İsrail” sayında “Qədim
xalqın yeni ədəbiyyatı” adlı essesi də dərc
olunmuş AYB sədri, 44 günlük müharibədə
İsrailin ölkəmizə fəal mənəvi dəstək
verdiyini məmnunluqla qeyd edib. Xalq yazıçısı ədəbi
əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb və
bu baxımdan “Dünya ədəbiyyatı”nın yeni
sayının İsrail ədəbiyyatına həsr edilməsinin
çox gözəl bir təşəbbüs olduğunu,
layiqli bir iş ortaya qoyulduğunu vurğulayıb.
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.23.