Leonardo Padura: “Kubada biz bu gün də
Trotski haqqında
danışmaqdan çəkinirik”
Kuba ədəbiyyatının
yaşayan ən önəmli yazıçısı hesab edilən
Leonardo Padura 1955-ci ildə ölkənin paytaxtı Havanada
anadan olub və bu gün də orada yaşamaqdadır. Padura
Havana Universitetində Latın Amerikası ədəbiyyatı
üzrə təhsil alıb. Dünyada və öz ölkəsində
də Leonardo Padura kimi tanınan, bütöv adı Leonardo de
la Caridad Padura (ata soyadı - tərc.) Fuentes (ana soyadı - tərc.)
olan yazıçı, eyni zamanda jurnalist və tənqidçi
kimi də tanınır. "Mən Pol Oster olmaq istərdim"
başlıqlı esselərindən birində siyasət,
ölkəsinin iqtisadi-sosial vəziyyəti, eləcə də
niyə Kubada yaşadığı haqqında verilən
çoxsaylı suallardan şikayətlənir. İnqilab
dövrünün beynəlxalq miqyasda ən uğur
qazanmış kubalı romançısıdır və Sovet
İttifaqının dağılmasından sonra 1990-cı illərdə
Kuba detektiv janrının yenilənməsinə cavabdeh olan
yazıçı hesab edilir. Sevgidən bəhs edən ilk
qısa romanını (Fiebre de caballos ("At
qızdırması")) 1983-1984-cü illər arasında
yazıb. Sonrakı altı il ərzində o, mədəni və
tarixi mövzularda geniş reportajlar hazırlayaraq jurnalist kimi
fəaliyyətini davam etdirib. Təxminən bu vaxtlarda o, polis
məmuru Mario Kondedən bəhs edən ilk romanını yazmağa
başlayıb. Onun "Bitter Lemon Press" tərəfindən
ingilis dilində nəşr olunan detektiv Mario Kondenin yer
aldığı Havana seriyalı cinayət romanları bir
çox dillərə tərcümə edilib və
bütün dünyada ədəbi mükafatlar qazanıb.
2007-ci ildən o, Kubanın beynəlxalq aləmdə ən
tanınmış yazıçılarından biridir.
L.Paduranın ssenariləri, qısa hekayələrdən ibarət
iki kitabı və detektiv romanları 10 dilə tərcümə
edilib. 2012-ci ildə Padura Milli Ədəbiyyat
Mükafatına, bu cür mükafatlar arasında ən
yaxşı hesab edilən Kubanın milli ədəbi
mükafatına və 2015-ci ildə ispandilli dünyanın ən
mühüm ədəbi mükafatlarından biri olan,
İber-Amerika Nobel Mükafatı kimi qəbul edilən Asturiya
Şahzadəsi Ədəbi Mükafatına layiq
görülüb.
2014-cü ilin yanvarında onun
Trotskinin qatili haqqında olan tarixi romanı, "İtləri
sevən adam" əsəri ingilis dilində nəşr
edilib. Bu əsər ədəbi tənqidçilər tərəfindən
yazıçının ən mühüm əsəri hesab
edilir. L.Paduranın "İtləri sevən adam" əsəri
sürgündə olan inqilabçının keşməkeşli
həyatı və onu izləyən NKVD agentinin sui-qəsd
planları ilə davam edən möhtəşəm siyasi
trillerdir.
Leonardo Paduranın Türkiyə mətbuatına
verdiyi müsahibəni təqdim edirik.
- Siz dünyada ən
tanınmış müasir Kuba yazıçısı kimi
tanınırsınız. Digər tərəfdən,
dünya oxucuları sizi tanımaqda bir qədər gecikdilər.
Romanlarınız indiyədək neçə ölkədə
nəşr olunub?
-
İndiyə qədər kitablarım 30 dildə nəşr
edilib. Ən son türk və xorvat dillərinə tərcümə
edilib. İlk tərcümələr (fransızca, italyanca və
b.) 90-cı illərin axırlarında başlayıb və
bunlar mənim əsas qəhrəmanı Mario Konde olan detektiv
romanlarım olub. Bəzi dillərə niyə gec tərcümə
edildiyini bilmirəm. Nəşriyyatlarla, yoxsa bazarla
bağlı məsələdir, həqiqətən bilmirəm...
- Tarixi romanlarınızla
yanaşı, detektiv romanlarınızla da
tanınırsınız. Bu iki fərqli janrda yazmağa sizi nə
vadar edir?
-
Oturub yazmağa başlayanda mənim üçün ən
önəmlisi ideyanın olmasıdır. Sonra o ideya
mövzuya çevrilir, bu da mənə arqumenti ortaya
qoymağa imkan verir. Roman janrlarına gəlincə, klişe
nümunələrə sadiq qalmağı sevmədiyim
üçün yazmağa başlayanda birinci detektiv roman kimi
başlayıram, sonra tarixi janra keçirəm, ikisinin
qarışığı kimi başlayır roman. Ayrıca,
romanın hansı janrda olacağı onun mövzusundan,
sözügedən janrın qaynaqlarından necə istifadə
etməyindən asılıdır.
Ancaq
həmişə diqqət etdiyim şey sosial məzmunlu hekayə
olmasıdır. Çünki mən hər şeydən
çox belə yazıçıyam: Fikirlərini
romanları vasitəsilə ifadə edən sosial salnaməçiyəm
- ortada hekayəsi danışılacaq bir cinayətin
olub-olmamasından, tarixi araşdırma tələb edib-etməməsindən
asılı olmayaraq. Mən yazıçının sosial məsuliyyət
daşıdığına inananlardanam və buna görə
nə lazımdırsa etməyi qarşıma məqsəd
qoyuram.
- "İtləri sevən
adam" kitabınız Rus inqilabı, Stalin, Trotski,
Böyükada illəri, İspaniya Vətəndaş
Müharibəsi və "Xüsusi dövr" adlanan
Kubanın çətin illəri kimi dünya
oxucularını maraqlandıra biləcək insanlardan və
hadisələrdən bəhs edir. Bu hekayəni yazmağa necə
qərar verdiniz?
-
Trotski tarixi şəxsiyyət kimi mənim marağımı
çəkdi, çünki Kubada Trotskidən çox az bəhs
edilirdi. Trotski məsələsində Kuba Sovet İttifaqı
ilə eyni siyasət aparırdı: heç kim onun
haqqında danışmırdı. Bu gün də bu barədə
nəsə deməkdən uzaq dururuq.
Bu
susqunluq məni maraqlandırdığına görə onun
haqqında yazılanları və onun öz
yazdıqlarını oxumağa başladım... Sonra bildim ki,
onun qatili Kubada yaşayıb və 1978-ci ildə elə Kubada
vəfat edib. Yəni Ramon Merkader mənim şəhərimdə,
mənim vaxtımda yaşamışdı... Beləcə,
roman ideyası yarandı.
Sonra
anladım ki, Trotskinin qətlinin necə
planlaşdırıldığını və həyata
keçirildiyini çatdırmaqla yanaşı, sosialist
utopiyasının necə yolunu azdığını, Stalinin
insanların qədim zamanlardan bəri arzuladığı bərabərlikçi
siyasi layihəni necə məhv etdiyini də izah edə bilərəm.
Romanın
əsas məqamı hər şeydən çox budur:
Utopiyanın insanların əlindən necə
çıxdığı və sosial quruluşu milyonlarla
insanın kabusa çevrilmiş xəyalı üzərində
qurulmuş Kuba kimi ölkədə yaşayan insanların bunu
necə yaşadıqlarını və başlarına nələrin
gəldiyidir.
- Stalin və Trotski
tanınmış şəxsiyyətlərdir, lakin Trotskinin
qatili Ramon Merkader o qədər də tanınmır. Ramon Merkader kimdir? İdealist, qatil və ya qurban?
-
Doğrusu, heç kim Ramon Merkaderin kim
olduğunu bilmir. Düşünürəm ki,
Merkader özü də bilmirdi. Ən azı, iki həyat
hekayəsi, bir neçə adı və hekayəsi olan
adamdır... Bu çox çətin şey
olmalıdır.
Amma məncə,
sualınızın cavabı belədir: Sosializmin qələbəsi
üçün hər cür fədakarlığın edilə
biləcəyinə və bu prosesə ən yaxşı rəhbərlik
edəcək şəxsin Stalin olduğuna inanan idealist;
öldürməyə hazır olan bir qatil, lakin pul
üçün deyil, tarixi və ideoloji bir işin şərəfinə
sahib olmaq üçün; həm də gildən heykəl
düzəldirmiş kimi müxtəlif formalara salınaraq cəhənnəmin
ortasına göndərilən qurban.
Ancaq
maraqlıdır ki, bu adam, eyni zamanda
çox ağıllıdır, müxtəlif rollara girə
bilən, aktyor kimi davranan, başqalarını öz işinə
alət edə bilən adamdır. Bütün
bunları eyni vaxtda bacardığına görə,
görünür, kinik xasiyyəti olub. O, son dərəcə
çətin, mürəkkəb bir adamdır, bu adamın arxasında
duran əsl şəxsin kim olduğunu
düşünəndə, beynimizdə heç vaxt tamamilə
aydınlaşdıra bilməyəcəyimiz qaranlıq bir
stiqma yaranır. Haqqında öyrənməyi
bacadıqlarımla kim olduğunu görə
bilməyimizə bir az da olsa kömək edəcək
işıq tutmağa çalışdım, amma yenə də
ortaya çıxan onun sadəcə bir siluetidir.
- Trotski Sovet İttifaqından
sürgün edildikdən sonra 4 ildən çox İstanbulda
yaşayıb, ən mühüm əsərlərini
Böyükadada yazıb. Sonra Fransaya, oradan da Norveçə
və nəhayət, Meksikaya gedib. Bəlkə də onun ən
çox qonaqpərvərlik gördüyü, rahat işlədiyi
yer Türkiyə olub. Üstəlik, Rusiyaya daha yaxın idi,
dostları onu rahat ziyarət edə bildirdilər. Sizcə, o,
Türkiyəni tərk etməklə səhv etdi?
- Trotski
siyasətçi idi və siyasətçi kimi
düşünürdü. Ona görə də o,
bütün qərarlarını siyasətçi kimi verdi, hətta ailəsini, eləcə də bir
çox dost və ardıcıllarını qurban verdi. Siyasi mübarizənin aparıldığı
mühitə yaxın olmalı idi, Böyükadada çox təcrid
olunmuşdu. Fransada daha fəal ola biləcəyinə
inanırdı. Bu, tarixi səhv ola bilər,
amma mübarizəni davam etdirmək istəyən və bunun
üçün ən yaxşı yer axtaran adam
üçün bu hərəkət başadüşüləndir.
Təbii ki, bəlkə də səhv idi. Dahilər belə səhv edirlər.
- Stalinin 20 milyon Sovet vətəndaşını
öldürdüyü deyilir. Trotski hakimiyyəti ələ
keçirsəydi, vəziyyət başqa cür ola bilərdi?
- Bəlkə,
fərqli olardı. Mən həmişə demişəm ki,
öldürülən insanların sayını nəzərə
alsaq, Trotski bəlkə də bir milyon insanı öldürəcəkdi:
amma, o, sadəcə, öldürülməli olduğunu
düşündüyü insanları öldürəcəkdi.
Stalin isə sosiopat idi, daim öldürməyə
davam edirdi. Trotski özünə
arxayın idi, Stalin yox. Trotski siyasətçi
idi, Stalin dəli fanatik. Ancaq əslində
nə olacağını heç vaxt bilmərik. Biz artıq baş verənlərə tarix deyirik,
başqa vəziyyət olarsa nələr baş verəcəyinə
deyil.
- "İtləri sevən adam" təkcə tarixi şəxsiyyətlərin
qeyri-adi hekayətlərini deyil, həm də utopiyanın necə
və niyə yolunu azdığını, uydurma obraz olan
İvan vasitəsilə otuz il ərzində Kubada nələrin
yaşandığını da realist şəkildə izah
edir. Bu haqda bir az danışa bilərsiniz?
İnqilabdan altmış il sonra Kubanın
öz utopiyası hansı vəziyyətdədir?
- Kuba
yazıçısı İvan romandakı uydurma
personajdır, lakin o, həm də personajların ən
realıdır: realdır, çünki onu tanıyıram,
onun kim olduğunu, düşüncələrini,
məyusluqlarını bilirəm. İvan bizim nəsil
yazıçılardan biridir, onun təcrübələri mənimkinə
və Kubada tanıdığım bir çox başqa
yazıçılara bənzəyir. İvan
Kubanın ən yaxın tarixinin ən çətin illərində,
bir yazıçının xor görülməklə
qalmayıb, həm də intellektual və bədii cəhətdən
tamamilə məhv edildiyi bir dövrdə yaşayır.
Kuba mədəniyyətində 70-ci illəri boş yerə
"qaranlıq dövr" adlandırmırlar. Bu çox
geniş və mürəkkəb mövzudur; bunu bir neçə
sözlə izah etmək çətin olsa da, onlarca
ziyalının müxtəlif səbəblərdən - ideoloji,
cinsi, dini səbəblərlə -
marjinallaşdırılmış olduğunu deyə bilərəm.
Eyni siyasi
və iqtisadi sistem bu gün də Kubada davam edir, lakin bir
çox dəyişikliklər baş verib - xüsusən də
cəmiyyətdə - və bu dəyişikliklərin müxtəlif
tarixi səbəbləri var. İstənilən halda, bir sənətkarı
məhv edə bilən və ya yoxmuş kimi davranan bir sistem
var. Özümdən bir misal gətirim: Kitablarım vətənim
Kubadan daha çox xaricdə nəşr olunub; burada məndən
müsahibə almırlar, televiziyalara
çağırmırlar, aldığım mükafatlardan xəbər
belə hazırlamırlar... amma məni cəzalandırmağa
da çalışmırlar. Sistem belə
işləyir.
- Bu gün əksər Latın
Amerikası ölkələrinin çoxu kütləvi
sosial-iqtisadi bərabərsizliklər, korrupsiya, yüksək
cinayət göstəriciləri və siyasi qeyri-sabitliklə
mübarizə aparır. Kuba, deyəsən, bu problemlərlə
qarşılaşmayıb, ən azından bu səviyyədə.
Bu fikirlə razısınız?
- Eyni
fikirdəyəm. Kuba cəmiyyəti, hər
şeyə rəğmən, qitənin qalan hissəsinə
nisbətən daha bərabərlikçi bir cəmiyyətdir.
Siyasi sistem altmış ildir ki, belədir və
Fidel Kastronun olub-olmamasından asılı olmayaraq bu sistemin həmişə
qorunub saxlanacağı deyilir. Cinayət nisbəti
haqqında da haqlısınız: Kuba bir çox xırda
cinayətlərin (məsələn, rüşvət) törədildiyi
yerdir, amma zorakı cəmiyyət deyil. Hesab edirəm ki, bunlar
törədilmiş cinayətlərin, aparılan
araşdırmaların və s. mövzu olduğu detektiv
romanlarımda çox gözəl əks olunub, lakin qitənin
digər ölkələrində olduğu kimi ümumi siyasi və
sosial zorakılıq yoxdur.
- Kuba inqilabı rus inqilabından fərqli
olaraq həm Türkiyədə, həm də dünyada bir
çox solçular üçün hələ də
yaşayır. Kuba xalqının embarqo və digər amillərə
görə çətin şəraitdə
yaşadığı məlumdur, lakin Kuba hamı
üçün pulsuz təhsil sistemi yaratması ilə, səhiyyə
sisteminin xalq üçün əlçatan, ödənişsiz
olması ilə təriflənir. Kuba xalqının çox cəsur
olduğunu, çətinliklərə mahnı oxumaqla, rəqs
etməklə sinə gərdiyini də bilirik. Sizcə, bu,
romantik baxış bucağını, yoxsa reallığı
əks etdirir?
- Romantik
baxış bucağıdır, amma eyni zamanda
reallığı əks etdirir. İzah edim: Adanın kənarından
baxanda Kuba ya qüsurları ilə, ya da uğurları ilə
görünür. Baxanın mövqeyindən
asılı olaraq ya cəhənnəm, ya da sosialist cənnəti
olduğu deyilir.
Kuba xalqının üzləşdiyi bəzi çətinliklərin
ABŞ-ın ticarət və iqtisadi embarqosundan
qaynaqlandığını, bunun adadakı həyatı
çox çətinləşdirdiyi doğrudur. Türkiyənin Kuba kimi 60 il boyu Amerika embarqosu altında
yaşadığını təsəvvür edə bilərsiniz?
Amma real olan digər şey odur ki, Kubanın iqtisadi
sistemi illərdir çox səmərəsiz, çox doqmatik
olub. İndi
bunu bir az dəyişdirməyə
çalışırlar, amma sadəcə bir az...
Bütün bunlar kubalıların böyük məhrumiyyətlər
yaşamasına səbəb olub, hələ də bu məhrumiyyətlərdən
əziyyət çəkirik. Məktəblər və
xəstəxanalar həm pulsuz, həm də keyfiyyətli olsa
da, əhalinin əksəriyyəti buna görə
yoxsullaşdı. Lakin bütün bunlara bir mədəni
amil də əlavə edilməlidir: kubalıların xarakteri.
Bizə yoxsulluq, pis siyasi və iqtisadi qərarlar
daha çox təsir etmirsə, bu, kubalıların xarakterindən
irəli gəlir. Hər halda, deməliyəm
ki, Kuba bu gün böyük iqtisadi sıxıntı
içindədir, bir çox insanın böyük iqtisadi,
sosial və mənəvi ehtiyaclarını ödəyə
bilmir.
- İspan vətəndaşlığınız
olsa da, Kubada yaşamağa üstünlük verirsiniz. Bundan əlavə, mənsubiyyət, dostluq və
sürgün kimi mövzular əsərlərinizdə
mühüm yer tutur. Çətinliklərə
baxmayaraq niyə Kubada yaşamaqda israr edirsiniz?
-
Çünki mən kubalıyam. Çünki
mən kubalı yazıçıyam. Çünki
mən Kuba haqqında yazan bir kubalıyam və yazmaq
üçün mənə kubalıların həyatı,
reallığı, düşüncə tərzi
lazımdır. İllər əvvəl
burada qalmağa qərar verdim. Kubadan kənarda
işlədiyim naşirlər və film prodüserləri var,
amma mən Kubada yazıram. Mən
Kubadakı həyatdan qidalanıram.
Kubanın mədəni həyatının idarəçiləri
məni gözəgörünməz etməyə
çalışsalar da, Kubada çoxlu sayda oxucum var və hər
şeydən əvvəl öz mədəniyyətim, öz
dilim, öz tarixim buradadır. Mənim evim
buradadır və mən buradakı həyatı öz
yaradıcılığıma görə şərh edə
bilirəm. Ona görə də mən həmişə
deyirəm ki, iki ölkənin, Kuba və İspaniyanın vətəndaşlığına
sahibəm (bunun da çox faydası olur, məsələn, səyahət
edərkən), ancaq bir vətənim var: mən
bütünlüklə kubalıyam.
2021
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.20-21.