Ayaqlar altındakı cənnət
Hekayə
Uzun illərdir ki, təhsil aldığım məktəbdə müəllim işləyirəm. Təhsil aldığım deyəndə, son yeddi ili bu məktəbdə, əvvəlki illəri isə doğma rayonumuzda oxumuşdum. Orta məktəbi bitirən ili də universitetə daxil oldum. Beş ili tələbə-fəhlə kimi başa vurdum. Universitet təhsilini bitirəndə artıq dörd ildən çox iş stajım var idi. Filoloq kimi məktəbimizə döndüm. Müəllimlərimlə müəllimlik etmək həqiqətən zor iş imiş. Qeyri-iradi onların yanında özünü yığışdırır, sözünə-söhbətinə, hərəkətinə diqqətli olursan.
İxtisasımla bağlı sözə, sənətə, yaradıcı söhbətlərə dərslərimdə daha çox yer ayırmağa çalışıram. Gəldiyim qənaət budur ki, pis şagird, pis uşaq yoxdur, müəllimin, pedaqoqun vəzifə məsuliyyəti daha çoxdur. Hər kəsin öz dili var ki, bunu tapdınsa, demək, istəyinə çatarsan. Şagirdlərimi çox sevirəm deyə, hər birinin özünü, sözünü, xasiyyətini, ailə vəziyyətini öyrənməyə, hər birinə bacardığım qayğını göstərməyə çalışıram.
...Bütün dünyanın Qadınlar bayramı kimi qeyd etdiyi 8 Martdan bir gün keçirdi. Beşinci sinifdə dərsdə idim. Bu şagirdlərlə söhbətim elə ilk dərs dediyim gündən "alınmışdı". Uşaqlar fənnə böyük maraq göstərir, fəal müzakirələr aparırdılar. Aralarında gələcəkdə ədəbiyyat müəllimi, hətta şair, yazıçı olmaq istəyənlər də tapılmışdı. Uşaqlardan bayramı necə keçirdikləri, analarını necə təbrik etdiklərini soruşdum. Cavablar məni çox sevindirdi. Kimisi analarını hədiyyə ilə, gül-çiçəklə təbrik etdiyindən danışır, kimisi isə sadəcə şeirlə, rəsmlə, lap elə boş öpüşlə sevindirdiyini deyirdi. Hər biri elə şövqlə danışırdı ki, analara olan bu istəyin İlahi bir sevgi olduğuna inanmamaq olmurdu.
Həmişə hazırcavablığı ilə seçilən Muradın mövzunun elanından sonra lal-dinməz, bir az da qaş-qabaqlı oturması diqqətimi çəkdi. Son cərgələrin birində oturan Murada yaxınlaşmağım da onun halında təfavüt etmədi. Arxa tərəfə keçib diqqətlə onu süzdüm. Yox, deyəsən, məsələ ciddi idi. Mən elə ordan sözü Murada verdim və anasını necə təbrik etdiyini soruşdum. Murad könülsüz ayağa durub susdu, bir kəlmə belə kəsmədi. Mən sual-cavabla onu danışdırmaq istədim:
- Murad, 8
Mart bayramında ananı təbrik etdinmi?
- Xeyr,
müəllim, etmədim.
Mən
qarışıq bütün sinif Murada diqqət kəsildi. Mən
irəli keçib, Muradla üzbəüz dayandım. Onun
çöhrəsi tutulmuşdu, sanki gün üzünü
qara buludlar örtmüşdü. Qüssəli gözlərini
hamıdan gizlətməyə çalışırdı.
Partaya dayadığı barmaqlarının titrədiyini
görüb, dərhal vəziyyəti dəyişmək istədim:
- Murad, əyləş.
Yəqin, yaxşıca yeyib yatmısan.
Bütün
sinif gülüşdü və nəzərlər Muraddan mənə
zilləndi. Muradın yerində oturub titrəyən əlləri
ilə alnını silməsi, köynəyinin yaxasını
boşaltması nəzərimdən qaçmadı. Zəng səsinə
könülsüz reaksiya verən yəqin ki, elə Muradla mən
oldum. Uşaqlar hay-küylə çantalarını
götürüb sinifdən çıxdılar. Üzümü
Murada tutub ön partada, mənimlə üz-üzə
oturmasını xahiş etdim. Çox ciddi bir səbəb
olduğunu tam yəqin etmişdim.
- Murad, nə
baş verir? - soruşdum.
-
Heç nə, - dedi.
Sakit
halda, qayğı dolu səslə ona tərəf əyildim.
- Məndən
niyə gizlədirsən? Görürəm ki, halın
özündə deyil.
Murad
yaşarmış gözlərini əllərinin arxası ilə
silib, süni təbəssüm qatdığı sifətini
azacıq mənə tərəf çevirib titrək səslə
mızıldandı:
- Müəllim,
düz deyirəm, heç nə gizlətmirəm.
- Deməli,
mənə etibar eləmirsən. Olsun, qoy sən deyən olsun,
- deyib portfelimi yığışdırmağa
başladım.
Murad
gözləmədiyim halda hönkürtü ilə
ağlamağa başladı. Mən tez yerimdən durub ona
yaxınlaşdım, onu özümə tərəf çəkib
başını sığalladım. Murad sakitləşmək
bilmirdi.
- Anam
yoxdu, müəllim, yoxdu. Başqa kişi ilə
çıxıb getdi, bizi atdı. Məni və balaca
bacımı evdə qoyub başqasıyla qaçdı.
Heç bizimlə görüşmədi də. Kimi təbrik
edəydim müəllim?
Onun
udquna-udquna dediklərini anlamaq iqtidarında deyildim. Güc-bəla
bir-iki addım atıb taqətsiz halda stula çökdüm.
Muradın ağlamağı səngisə də, mən sərsəri
kimi ətrafa boylanır, sakit ola bilmirdim. Daralmış nəfəsimə
həyat vermək üçün titrəyən
barmaqlarımla boynumdakı qalstuku boşaltsam da, köynəyin
üst düyməsini açmaq gücündə
olmadığımı başa düşdüm. Muradın bu
halı həyatımın o dəhşətli məqamlarını
xatırladıqca ürəyim param-parça olub
ağzımdan çölə tökülmək istəyirdi...
Qaçqınlığımızın
ikinci ili idi. Qaçaqaçdan, köçhaköçdən
ayılıb özümüzə gələndə dərs
ilinin yeddi-səkkiz ayı ötüb keçmişdi deyə,
bir ilim də it-bata düşdü. Düşdüyümüz
rayonda mərkəzdən uzaq kənddə köhnə idarə
binasının bir tərəfini "səliqəyə"
salıb yaşamağa başladıq, əgər buna
yaşamaq demək olardısa. Məktəbimiz köhnə
olsa da tarixi olan məktəb idi. Müəllim sarıdan bəxtimiz
gətirmişdi. Müəllimlərimiz hər bir şagirdə,
xüsusən biz qaçqınlara xüsusi qayğı ilə
yanaşırdılar. Oxumağa həvəsim böyük
idi.
İndiyə
kimi yadımdadı. Altı ay olardı ki, məktəbə
gedirdim. Mart ayının 7-si idi. Oxuduğum dördüncü
sinifdə "Ana dili" dərsi keçirdik. Hər yerdə
sabahkı bayrama - Beynəlxalq Qadınlar gününə
hazırlıq gedirdi. Sinif rəhbərimiz Ruqiyyə müəllimə
şagirdləri bir-bir qaldırır, ana ilə bağlı
ürək sözlərini deməyi tələb edirdi. Kimsə
şeirlə, kimsə ürəyindən keçən sevgi
dolu sözləri bir-birinə calayıb bəzəkli cümlələrlə
necə təbrik edəcəyini bildirməyə
çalışırdı. Növbə mənə
çatanda həvəssiz ayağa qalxdım. Məndən də
ana ilə bağlı ürək sözlərimi söyləmək
tələb olunanda səsimi çıxarmadım. Müəllimə
məni dilləndirmək üçün gülə-gülə
sual etdi:
- Hə,
bəs sən ananı necə təbrik edərsən?
- Mən
atamı təbrik edəcəm, müəllimə, - güclə
eşidiləcək səslə dilləndim və
başımı aşağı dikdim. Uşaqlardan bir
neçəsi gülüşsə də müəllimənin
acıqlı baxışlarından dərhal kiridilər.
Ruqiyyə müəllimə mənə yaxınlaşıb
yanbayan durdu və zarafatyana səslə:
- Kimi
çox istəyirsən: atanı, yoxsa ananı? - sual etdi.
-
Atamı - dedim. Müəllimənin, hətta əksər
uşaqların belə təəccüblü nəzərlərini
üstümdə hiss edirdim. Həyəcanlı idim deyə,
pencəyimin ətəyini bərk-bərk
dartışdırırdım.
- Bir də
sual verim: atanı çox istəyirsən, ananı? - Müəllimənin
səsində az da olsa hökmü hiss edib cəld cavab verdim:
-
Atamı, - dedim.
-
Atanı istəmək yaxşıdır. Bəs ananı, onu
istəmirsən? - Müəllimə təbəssümlə
dilləndi.
Qəhər
məni boğurdu, nəfəs ala bilmədiyim
üçün bir-iki ağız öskürdüm.
-
Anamı mən körpə olanda ermənilər
öldürüb, heç xatırlamıram, - deyə bildim.
Saniyələr
bir-birini əvəz edirdi və birdən
hıçqırtıyla ağlamağa başladım.
Müəllimənin: - "Can, can!" - deyib, məni sinəsinə
sıxmasından halım lap pis oldu. Oturub başımı
partaya dayadım və için-için ağlamaqda davam
etdim. Üzüntülü dəqiqələr bir-birini əvəz
edirdi. Sinifdə milçək vızıltısını
belə eşitmək olardı. Nə yaxşı ki, zəng
çalındı. Qeyri vaxtlar zəngdən sonra səsləri
divarlarda, pəncərə şüşələrində əks-səda
verən uşaqların nəfəslərini belə dərmədən
səssiz-səmirsiz sinifdən çıxdıqlarını
hiss etdim. Ruqiyyə müəllimə təkrar-təkrar məndən
üzr istədi və çox sonralar, onunla müəllim
yoldaşı kimi işə başlayanda: "- Şagirdlərimi
bu cür suallarla bir daha heç vaxt sınağa çəkmədim"
- deyib üzrxahlıq da etdi...
Bütün
bunları xatırladıqca Muradın öz sısqa,
cılız çiyinlərində nə böyük, nə
ağırlıqda yük daşıdığını təxmin
edirdim. Paradoksal bir vəziyyətlə üz-üzə idim: hər
iki halda anasızlıq mövcud olsa da, fərqlər
ölçüyəgəlməz dərəcədə
böyük idi.
Başım
beynim dolmuş, düşüncələrim
dolaşmışdı. Bütün anaların ayaqları
altında cənnətin olmadığı şübhəsi
varlığımı bürümüşdü.
Ciddi-cəhdlə
Muradı sakitləşdirməyə çalışsam da,
bunun uğursuz olacağını da anlayırdım.
Ağlayıb boşalmağını gözlədim ki, bəzən
göz yaşları insana rahatlıq, dinclik gətirir.
"Ən
güclü məlhəm zamandır" - deyib Muradın
boynunu qucaqladım. Çəkdiyi ağrı-acıların,
əzabların, sinəsinə çəkilən
çalın-çarpaz yaraların da vaxt, zaman kimi bir məlhəmə
ehtiyacı olduğuna inanırdım.
Bakı
Qafar CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.24-25.