Yazıçı ömrü
Yazıçı-publisist Qafar Cəfərlinin
65 illiyi münasibətilə
Qafar Cəfərlinin yaradıcılıq diapazonu
geniş olsa da, oxucular onu detektiv yazar kimi tanıyırlar. Nəşr olunmuş
""Taxta qaloş" əməliyyatı",
"Amansız qətl", "Gecənin lal fəryadı",
"Günahsız mələk", "Namus yarası",
"Tanrının göz yaşları" və başqa
povestləri, romanları maraq doğurmuşdur. Bu
əsərlər Lənkəranda qələmə
alınmışdır, eləcə də hekayələri,
novellaları.
O, ibrətli
həyat yolu yaşamışdır. 1957-ci ildə Lənkəranda
doğulan Qafar İltifat oğlu Cəfərli müəllim
ailəsində boya-başa çatmış, orta məktəbi
qurtardıqdan sonra istehsalatda işləmiş, ordu
sıralarında xidmət etmiş, 1978-ci ildə ADU-nun
Hüquq fakültəsinin əyani şöbəsinə qəbul
olmuş və uğurla bitirmiş, uzun illər hüquq
mühafizə sistemində çalışmış, məsul
vəzifələr tutmuşdur. Qafar Cəfərli
cinayət axtarışı sahəsində işlədiyi
uzun illərdə cinayət hadisələrinin
açılmasında bilavasitə iştirak etmiş, yaxud rəhbərlik
etmişdir. Zəngin müşahidələri
onun gələcəkdə yazacağı əsərləri
üçün material vermişdir.
Tələbə
ikən müxtəlif janrlarda bədii və publisist məqalələrlə
respublika qəzetlərində çıxış etmiş, az sonra hekayələrini, oçerklərini qələmə
almışdır.
Qafar Cəfərli polis zabiti kimi I Qarabağ müharibəsində
- Vətən torpaqlarının müdafiəsi uğrunda gedən
döyüşlərdə fəal iştirak etmişdir.
Qafar Cəfərli təcrübəsində mühüm
faktları, irəli sürdüyü fərziyyələrin
ümumi mənzərəsinin uçotunu təhlil yolu ilə
aparmış və bunu nə vaxtsa yazacağı əsərlərə
zəngin material verəcək mənbə hesab etmişdir və
yanılmamışdır. Beləcə, o,
detektiv hekayə və povestləri sifarişlə yox, apardığı
əməliyyatların reallığı çərçivəsində
səmimiyyətlə qələmə almışdır.
Seçilmiş faktlar, çətin situasiyaların həlli
("Kimsəsizlər", "Namus yarası", "Xəyanət",
"Xoşbəxt əsirlər" əsərlərində)
müəllifin üzərinə düşmüş, hər
bir povestin predmeti yüksək bədii səviyyədə təsvir
olunmuşdur.
Yaradıcılıqda
belə bir formula var: "İnsan yalnız təfəkkürü
ilə deyil, bəlkə də bütün hisslər ilə
şeylər dünyasında özünün
insanlığını təsdiq edir". Bu
insanlıqdır - Qafar Cəfərli vicdanı ilə işləmək,
yazmaq səlahiyyətini qarşısına qoydu və
cavabdehlik daşıdı.
Qafar Cəfərli həyat adamıdır, - desəm
yanılmaram, həyat onun üçün hərəkət və
mübarizədir, yazdığı əsərlər əqli
və emosional orqandır, deməli, sənətin vəzifəsi
onun üçün sadəcə əks etdirmək yox, inkar,
yaxud təsdiq yolu ilə sözünü göyərtməkdir. Çağdaş
mürəkkəb həyatın hadisələri içərisindən
keçmişi və yenisini görməkdir, oxucuya
ünvanlamaqdır.
Yazıçı "Kimsəsizlər" povestini
yazanda keçirdiyi hissləri belə təsvir edir ki, cinayətkarların
amansızlığını görəndə
özümü günahkarlardan biri hesab etmişəm, yeniyetmə
gənclərə öyrətməyə borclu idik - ailədən
başlamış, orta məktəb də daxil olmaqla
topladığımız qənaətlə yanaşsınlar,
ömürlərini səfeh işlərə sərf etməsinlər. "Kimsəsizlər"i
təxəyyülümdə "quranda", uşaqların
taleyini götür-qoy edəndə çox
düşünüb-daşındım. Atalı, qohum-əqrəbalı
Mətinlər, Hünərlər, Xanlar, Vəlilər - qətlə
yetirilən uşaqlar xoşbəxtlik üçün
doğulmuşdular, halal ana südü əmmişdilər, bəs
sonu nə ilə nəticələndi?..
Qafar Cəfərlini yaxşı tanımaq
üçün keçdiyi həyat yolu öz yerində,
yaradıcılığında Zaman, Məkan, Cəmiyyət
barədə və fərdi zövqlər kontekstində öz
mülahizələri vardır. Bu
"üçlüyə" onun yaşadığı
ömrün qabarma və çəkilmələrini də əlavə
edərdim. Qafar bəy heç vaxt ölümün
labüdlüyünə şübhəli
yanaşmamışdır, "Ölüm haqdır", -
demişdir və bu vaxtsız gələn qonağı
müdriklik adlandırmışdır. Həqiqətdir, insan
var yaşaya-yaşaya ölür, insan da var uçurum
qarşısına gələndə gərək saxlayasan,
bunu etməmisənsə, o adamı axirət dünyasında
axtarmaq əbəsdir!
Qafar Cəfərlinin hekayələri və povestləri
ilk öncə diqqətimdən yayınmadı. Bu janr (hekayə) nəsrin ən
ərköyün, tordan çıxmağa
çalışan balıq
çılğınlığını xatırladır:
böyük fikir, konkret süjet və təsvir
qısqanclığı: Gəl müəllif, oxucunu razı
sal. İrihəcmli əsərdə
yazıçı hansı məqamlarda
"cızığından"
çıxdığını bilir və üzərindən
adlayır, boşluğu doldurur. Hekayə
isə o qədər təmizdir - müəllifi qarabaqara izləyir.
"Qəbir yeri", "Qumru", "Saatın 61-ci dəqiqəsi",
"Övlad borcu", "Son nəfəsdə", "Bir
ömür sevgi" hekayələri fikrimin təsdiqidir. Mən yazıçının hekayələrinin dəyərini
yüksək qiymətləndirirəm, təsvir etdiyi hadisələrə
fərdi münasibəti şəksizdir, obrazları sosial
şüura malikdir, ailə-məişət dairəsində
yaşayırlar.
"Saatın
61-ci dəqiqəsi" kitabında "Namus yarası",
"Xəyanət", "Xoşbəxt əsirlər"
adlı üç detektiv povesti verilmişdir. Əsərlərin
uğur qazanması təbiidir, mövzuların seçilməsi,
hadisələri macəraçılığa aparması və
oxucunu intizarda saxlaması. Bu əsərlərin təqdir
olunmasında başqa nüanslar da vardır:
Yazıçının konkret təhkiyəsi, nəsr nitqinin
(dialoq da istisna deyil) mühüm forması mülahizə,
diskurs mühakimədir - hər bir söz, işarə olacaq
hadisələrin "yolunu" açır, baş verən əməliyyatlar
yazıçı düşüncəsinə və təhlilinə
ehtiyac yaradır. Məsələnin həm
sosial, həm də əxlaqi aspektdə qoyuluşu bəzi
rakurslardan aydınlıq gətirir. Bu fikri
Qafar Cəfərlinin detdektiv povestlərini oxuyandan sonra deməyi
özümə borc bildim. Məşhur ədəbiyyatçı
B.L.Borxesin: "Ədəbiyyat idarə olunan uyğudur"
fikrini xatırladım. Necə ki, Q.Cəfərli
hadisələri bədii situasiyalarda, səs-küysüz, təmkinlə
məcrasına qoyur və ideyalara çevirir, "Namus
yarası" povestində olduğu kimi ailə-məişət
zəminində həll etmişdir. "Xoşbəxt əsirlər"i
də səviyyəli, günün, ilin, əsrin ən
yaralı nöqtələrindən, insanların (cinayətkarların)
insanlıq müstəvisindən "oyana"
çıxmasından bəhs edir və biz yenə də polis
zabiti Əli Zaminli obrazı ilə
qarşılaşırıq.
Qafar Cəfərlinin son romanı "Tanrının
göz yaşları"dır. Əsər iki cəhəti
- özəlliyilə son illərin nəsrində mövzusu ilə
bağlı orijinaldır. Birincisi, əsərdə Məkan
problemi bütöv şəkildə qoyulmuşdur, I
Qarabağ, xüsusilə, II Qarabağ müharibəsində
Azərbaycanın bir kəndi - Ərənlər el-obası
Ölkəmizi təmsil edir. Onun keçmişi
və bugünü vuruşur, cavanları, hətta ordudan tərxis
olunanlar da cəbhəyə könüllü yollanırlar,
şəhidlik zirvəsinə yüksəlirlər. Nisbətən yaşlılar arxa cəbhədə fəaliyyətlərini
davam etdirirlər. İctimai həyatda
mübarizə aparırlar. Ərənlilər
cəsarət rəmzidirlər, haqdan çəkinmirlər.
Bu bütöv kəndin qadınları dar
gündə çalışırlar, namusların keşiyində
dururlar. Bu bütöv kəndin polkovniki də,
prokuroru da, həkimi də olmuşdur. Bu
bütöv kəndin müəllimləri də dərs
demişlər, vətənpərvər gənclər
yetişdirmişlər. İkincisi, cavan ikən ərini
Rusiyaya iş dalınca yola salan qadın ananın daxili-mənəvi
şücaətinin təmsilçisi Nərmindir. Cəbhədə şəhid olmuş oğlu Babəkin
anasıdır. Oğlunu öz əli ilə məzara
endirən və bu ağrıya dözməyən bir
qadındır...
Qafar Cəfərlinin
povest və romanları nə qədər polifanikdirsə,
çox obrazlıdırsa, hekayə və novellaları sadə
həyat həqiqətləri üzərində qurulmuşdur:
ər-arvad isnişməsi, övlad məhəbbəti, qəfil
sevgi oyanışı və daha günümüzün gedişində
yaranan sevinclər, məyus anlar. Yazıçı
qələmə aldığı hekayələrini "Bir
gecənin vahiməsi" kitabında (2020) nəşr
etdirmişdir.
Onun personajlarında ürək dolu sevgi və həsrət
notları güclüdür, bu hisslər oxucuya təsəlli
aşılayır. "Bir ömür sevgi"də yanğında
kiçik oğlunu itirən, son nəfəsinəcən
övlad məhəbbətini sinəsinin istisində
yaşadan Ananın obrazını görürük. Bir
udum hava! İnsanın yaşamasını təmin
etmək üçün kifayətləndirən möcüzə.
Amma məqam yetişir o saf havanın yolu kəsilir, insan
vurnuxur, o bir udum havanın yaşatdığı qüdrətin
yeri görünür, üzünü uca Tanrıya tutur:
"Allah-təalanın bəxş etdiyi bir udumluq hava belə,
insanı yaşadır, ona həyat bəxş edir".
On dörd yaşlı Fəridin namus üstündə qətl
hadisəsi törətməsindən alınan təəssürat
ədalətin keşiyində dayanan vəkil Rəhimli. Fəridin isə
on dörd yaşı hələ tamam deyilmiş, bir neçə
saat qalıbmış. Qanunun tələbi yerinə
yetirilir...
Qafar Cəfərli hazırda ömrünün 65-ci ilinin
astanasındadır. Əyalətdə yaşayıb yazır,
insanlar arasında fəaliyyət göstərir, onlarla
bağlıdır, arzularına və tələblərinə
şərikdir. Əyalətdə
yazıçı ömrü yaşamaq, yazıb-yaratmaq,
peşəkar səviyyəli ədəbi əsərlər
ortaya qoymaq asan deyil. Bütün bu işləri
görmək, həmçinin AYB Lənkəran Zona Bölməsinin
sədri olaraq cənib bölgəsində ədəbi
mühitə rəhbərlik etmək, mühitin güclənməsi
və daha da inkişafını təmin etmək məsuliyyətli
olduğu qədər də çətindir. Qafar Cəfərlinin
sədr olduğu bir il yarım ərzində
gördüyü işlər deməyə əsas verir ki, o,
istedadlı yazıçı olmaqla yanaşı, həm də
bacarıqlı rəhbər və təşkilatçıdır.
Mən dostum Qafar Cəfərliyə şəxsi həyatında
uzun ömür, cansağlığı, xidməti işində
uğurlar, yaradıcılığında isə yeni və
sanballı əsərlər yazmasını arzulayıram.
29.01.2022
Allahverdi
EMİNOV
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.24-25.