Bir baxış, üç bucaq
Şəhriyar Təyyaroğlu kitabını
"Təfəkkür-Təxəyyül-İstedad
üçbuçağı" adlandırıb. Ona bu kitabı
yazdıran Kamal Abdulla
sevgisidir. Müəllifin yazıçıya olan heyranlığı, əsərlərinə
marağı, səmimi
məhəbbəti çırtlayan
tumurcuqlar kimi ilk səhifələrdən görünür.
Kitabın dili səlisdir, oxunaqlıdır. Hansı sözün əlindən
tutsan, səni qəzasız-bəlasız cümlənin
axırına aparır.
Bir də görərsən səhifələri çevirirsən,
çevirdikcə Xalq
yazıçısı Kamal
Abdullanın obrazı
şüurunda formalaşır,
şəkillənir. Tanıdığın adamı bir də kəşf edirsən. Kitabın, məncə, missiyası
budur. Oxucunu inandırır ki,
yazıçı Kamal
Abdullanı bu günə kimi hələ yaxşı tanımamısan. İndi də,
bu pəncərədən
bax. Kitab yazıçının əsərlərilə
tanış olmayan oxucular üçün çox yaxşı bələdçidir.
Müəllif kitabda hörmətli
yazıçının əsərlərindən
seçmə sitatlar təqdim etməklə, Kamal Abdulla təxəyyülünün
coğrafiyasını, ədəbi
dünyasının fəzasını
təyin edir. Bəzən əsərdə oxuyub keçdiyin mətnə bir də qayıtmağın
yolunu, səbəbini göstərir. Qayıdıb görürsən ki, yazıçı burda bir Quranlıq söz deyib, eşitməmisən. "Vaxdan qisas almaq
üçün onu yaşamaq lazımdır".
Müəllif "Sirlərin
sərgüzəşti" əsərindən
Hacı Mir Həsən
ağa Səyyahın
dilindən bu sitatı diqqətə çatdırır. İstər-istəməz əsər haqqında düşünürsən? Sonra da, özünü qoyursan qarşına, soruşursan; bəs, sən zamandan necə qisas alırsan? Müəllif "Sirlərin sərgüzəşti"
əsərindən rəngbərəng
biçənək çiçəkləri
kimi bir çox sitatı, aforizmə çevrilmə
statusunu qazanmış
sözləri misal seçə bilərdi, oxuyanda görürsən ki, bu məqamda
döşə yatanı,
sinəyə taxılanı
budur; budur ona görə ki, səni düşündürür.
Şüurundakı qaranlıq otaqların
birinin işığını
yandırır. Özün haqqında,
zaman haqqında baş sındırırsan;
bundan sonra mən zamandan necə qisas alım? Artıq, əlində qisas
almağın formulu
var. Bu, həm də sənə yaşamağa,
həyatın üstünə
getməyə stimul verir, həvəs oyadır, gücünü
artırır. Dədələrimizin
dediyi: "Danış,
səni görüm"
aforizmini burda xatırlamaq yerinə düşərdi. Bəli, yazıçını
da bir cümləsindən
tanımaq olar. Şəhriyar da məhz buna çalışıb,
ona görə səhifələri çevirdikcə
tumurcuqların badam çiçəyinə çevrildiyini
görürsən.
Müəllif həm yazıçının
əsərlərini yaxşı
mənimsəyib, həm
də təhlilini incəliklə təqdim edib. Bəlkə də, Şəhriyar
gələcəkdə çox
yaxşı təhlilçi
olacaq. Bu bacarığın bahar nəfəsi əlimizdə
olan kitabdan gəlir.
Müəllif haqlı
olaraq öz kitabını Xalq yazıçısı Kamal
Abdullanın ədəbi-bədii,
elmi yaradıcılığına
bir baxış hesab edir. Bəli, bu
da bir baxışdır;
Şəhriyarın baxışı.
Şəhriyarın baxışında Kamal Abdulla qışqırmır,
yaradıcılıq budaqları
şaxələnmiş ağacın
dinində oturub, dizində yazan müdrik bir adamdır. Yazıçının obrazı belə
görünür.
Şəhriyar çalışıb ki,
yazıçının heç
bir əsəri onun diqqətindən, təhlilindən yayınmasın,
ağacı budaq-budaq
gəzsin. Qısa da olsa, oxucuda adıçəkilən
əsərlər haqqında
fikir formalaşsın.
Müəllif kitabında
buna nail
ola bilir.
Kitabın sevindirəcək bir əsas tərəfi də odur ki,
meydana atılan bir gənc özünü
daha ağıllı,
daha istedadlı göstərmək naminə
əlinə qələmi
balta kimi götürüb, ağacın
üstünə getməyib. Qələmini dilək şivriminə çevirib, ağacın budağına bağlayıb.
Vüsal NURU
Ədəbiyyat qəzeti.- 2022.-
12 mart.- S.25.