Borxesin yazmaq istədiyi kitab
"Borxesin yazmaq istəyəcəyi bir kitab"ı
ciddi ədəbiyyatla məşğul olan hər kəs oxumaq
istəyər.
Xüsusən də bu əsəri Latın
Amerikası ədəbiyyatının görkəmli
yazıçılarından biri, çilili Roberto Bolanyo
yazmışsa, stulunuzu bəri çəkin.
Düşüncələr
və iç duyğularla zəngin olan roman varlığı
şübhə doğuran gizli ədəbi hərəkatın
- visseral realistlərin gündəlik yaşamından bəhs
edir. Bir ölkədən digər ölkəyə
adlayan Meksika şairlərinin tragikomik macəraları
bitib-tükənmək bilmir. Altı
yüz otuz səhifəlik roman sənətlə həyatı
birləşdirən xətt üzərində qurulub. Bütöv bir ədəbi nəslin zaman
çayında axıb getməsi romanda kədərli, eyni
zamanda komik dillə nəql edilir.
İnfrarealizm avanqard ədəbiyyat qrupu 1970-ci illərdə
Meksikada şair Mario Santyaqo Papaskiaro və Roberto Bolanyo tərəfindən
yaradılıb. Bu qrup iki qola ayrılır - visseral
modernizm və visseral realizm. İntuitiv realizm
kimi də qəbul edilir. Visseral realizmə
əsaslanan poeziyanın əsas prinsiplərindən biri müəyyən
reallıqlardan ani ayrılmağı ifadə edir.
"Vəhşi xəfiyyələr" səbr və
hazırlıq tələb edən əsərdir. Bolanyo
gerçəkləri yazır və gerçək olan hər
şey ilgincdir. Bohem həyat tərzi
keçirən şairlər və şairələr narkotikdən
istifadə edirlər, sərbəst cinsi münasibətlərdə
olurlar, eyni zamanda təhsil alırlar, ədəbi dərgilər
buraxırlar, onlara gərək olan kitabları tapmaq
üçün bukinistləri ələk-vələk edirlər.
1975-ci ilin sonuncu günündə visseral realizm hərəkatının
qurucuları Arturo Belano və Ulises Lima kreditə
götürdükləri avtomobillə Meksikadan
ayrılırlar. Onların məqsədi illər öncə
Sonora səhrasında müəmmalı şəkildə yoxa
çıxmış şair Çezare Tinajeronun izinə
düşməkdir. Bu səfərdə müxtəlif
insanlarla yolları kəsişir, iyirmi ili əhatə
edən, bitib-tükənmək bilməyən sərgüzəştlər
bütöv bir nəslin tarixçəsi kimi təqdim olunur. Əsərdə dünyaca ünlü Meksika
şairlərinin, o cümlədən Oktavio Pasın da
obrazı yaradılıb.
Meksika şeirinin arqumentsiz fanatiklərinin
fasiləsiz və nikahsız sevişmələri onların
yaradıcılığına da şəhvət odu atır.
Dinamizmi ilə heyrətləndirən qara
melanxoliya romanın səhifələrinə xoşagəlməz
ətir kimi səpələnib. Sanki
visseral realistlər intuitiv anların ovuna çıxıblar,
həyatı öz axarına buraxmaqla ondan assosiativ mozaika
düzəltməyə çalışırlar.
"Şüşə qab kimi dibi görünən
dünya"da bütün fanilərin ortaq gələcəyi
eynidir: yaşamağa bir yer tapmaq və yaşamaq
üçün nə iş olur-olsun, işləmək.
Fəsillərin
əksəriyyətinin son cümləsi bu cür bitir:
"Komediya kimi başlayan hər şey qorxu filminə
çevrilərək sona çatır".
"Komediya kimi başlayan hər şey sonda faciə ilə
bitir".
"Komediya kimi başlayan hər şey boşluqda cənazə
duası kimi sona çatır".
Bu tragikomik situasiya əsərin sonunadək davam edir. Burada yüksələn
spiral prinsipi işə düşür. Şeir
yazan bu avaralar üçün ayrılıq faciə deyil,
sevgi sinergetik xüsusiyyətə malikdir. Bitdiyi
yerdən yenisi cücərir, bir sevginin külündən yeni
sevginin odu közərir. Müəllif də komediyanı
faciəyə çevirməməyə cidd-cəhdlə
çalışır: "Onsuz da bu işi həyat öz
öhdəsinə götürüb".
Dəyişkən, dayanıqsız münasibətlər
Meksika şairlərinin bohem həyatının bəzəyidir. Bu əsəri
visseral realizmin manifesti, yaxud Meksika şairlərinin ensiklopediyası
da adlandırmaq olar. Kitabda xeyli sayda Meksika,
Argentina, Uruqvay şairlərinin adları sadalanır. Hansı ki, bu şairlər yaşadıqları
dövrə öz damğasını vurmuş ədəbi
fiqurlardır. Onlar antik düşüncəyə
yeni forma və məzmun qazandırmağa
çalışırlar. Bu retropiya
infrarealistlərin timsalında Latın Amerikası
poeziyasının özünü yeniləməsi prosesi kimi
son dərəcə maraqlı düşüncə modudur.
Bu ədəbi obrazlar öz həyat tərzlərini
özləri nəql edirlər. Hər fəslin əvvəlində
öz hekayəsini danışan yazarın adı
yazılır və təhkiyə birinci şəxsin dilində
davam etdirilir. Yazıçı bu metodla
şairləri öz dilində danışdırır və
onların təhtəlşüuruna enir, yaddaşın zirzəmisində
pas atmaqda olan zaman qırıntılarını üzə
çıxarır.
Roberto Bolanyo öz ədəbi nəslinin taleyini qələmə
alıb. Əsərdə hətta iki şairin duelə
çıxması ilə də rastlaşacaqsınız.
Onları duelə sürükləyən səbəb
haqda yazıçı karnaval estetikasında cümlələr
qurmaqla bəhs edir. Bir sözlə,
başgicəlləndirici süjet xətti (əslində
süjetsizlik) tez-tez oxucunu mütaliəyə fasilə verməyə,
düşünməyə məcbur edir. Bəzən
gülürsən, bəzən kədərlənirsən;
cümlələr sərt küləklər kimi üzünə
vurur. Bolanyonun təhkiyəsi
çılpaqdır, obrazların güldan kimi içi
büsbütün görünür. Hansısa
məzarın üzərində sevişməkdən
tutmuş, oğurladığı kitablardan kitabxana yaradan
şairın macəlararına qədər nəfəskəsici
süjet xətti mütaliə boyu oxucuya rəngarəng hisslər
yaşadır. Gülüş doğuran məqamlardan
biri: "Sən demə, mən Rosario ilə yataqda ikən
Meksika poeziyasında çatlar yaranıbmış".
Burada visseral realizmdə "təmizlik" işləri
aparan gənc şairlər hər hoqqadan çıxırlar. Gündüz Berrouzun,
Kortasarın, Borxesin əsərlərini oxuyub axşam barda sərxoş
olunca içib gecəni sevişən şairlər gerçəkləşməyən
fantaziyalarını da şeirə yükləyirdilər. Meksika şeirinin ən nikbin şairi Amado Nervonun
aşağıda misal gətirdiyim şeiri, məncə,
visseral realistlərin yaşam tərzini, həyat məramını
dəqiq ifadə edir. Romanda bu şeir yoxdur, lakin həyatı
sevən bu gənclər məhz bu şeirdəki kimi həyatdan
zərrə qədər də küsmədiyi, sadəcə,
yaşamın dadını çıxardığı
üçün düşünürsən ki, visseralizmin
şeiri məhz elə bu cür olmalıdır:
Öz
qürubuma doğru səni uğurlayıram, həyat,
Çünki
sən mənə heç zaman boş ümidlər, ədalətsizliklər,
Haqq etmədiyim üzüntülər yaşatmadın.
Çünki
enişli-yoxuşlu yolların sonunda gördüm ki,
Öz taleyimin memarı mən özüm idim.
Və
şeylərin içindəki dadı və acını
üzə çıxardımsa da,
Bu,
onları oraya mən özüm qoyduğum üçün
idi:
Gül ağacı əkdimsə də, açan hər
zaman güllər oldu.
...Əlbəttə,
gəncliyin ardınca qış gələcək,
Amma sən
zatən, mayın sonsuzluğadək davam edəcəyini
söyləməmişdin!
Şübhəsiz,
acılarla dolu uzun gecələrim oldu,
Amma sən mənə sadəcə, xoşbəxt gecələr
vəd etmişdin.
Və
qarşılığında huzur dolu gecələrim oldu...
Sevdim, sevildim, günəş üzümü
oxşadı.
Ey həyat,
sən mənə borclu deyilsən! Həyat, biz
küsülü deyilik!
(Tərcümə
müəllifə məxsusdur)
"Vəhşi xəfiyyələr" xüsusi
ab-havası olan, dərin hissiyyatla yazılmış əsərdir. Hər bir
xalqın ədəbi nəslinin taleyini özündə əks
etdirən bu tipli əsərlər mütləq yazılmalıdır.
Zaman ötdükcə bu cür əsərlər
tarixilik statusu qazanır. Roman boyu Bolanyonun ədəbiyyat,
poeziya haqqında kifayət qədər maraqlı fikirləri
də (obrazların dilindən) səhifələrə səpələnib.
Bir neçə iqtibas gətirirəm:
"Müxtəlif mədəniyyətlərə
yaxın olmaqçün yazı üçün səyahət
etməkdən gözəl bir şey ola bilməz. Bu, eyni zamanda
hissləri tərbiyə etməyə də kömək
edir".
"Həyat qısa, ədəbiyyat əbədi,
fürsət ötüb-keçən, eksperiment xain,
mühakimə isə çətindir".
"Tənqid bir müddət əsəri müşayiət
edir, sonra yox olur və bu dəfə əsəri oxucular
müşayiət edir. Sonra oxucular da bir-bir ölür və əsər
təkbaşına yoluna davam edir. Elə
bu vaxt yoluna başqa tənqidçilər və oxucular
çıxır. Sonra bu tənqidçilər
və oxucular da dünyadan köçür. Əsər bu sümük
yığınının üzərindən keçərək
tənhalıqlara doğru səfərini davam etdirir. Əsərə yaxınlaşmaq, gəmini onun
işığında idarə etmək birmənalı şəkildə
ölümün yanılmaz işarəsidir. Halbuki başqa tənqidçilər və oxucular
dayanmadan əsərə yaxınlaşırlar, zaman isə
sürətlə onları udur. Komediya kimi
başlayan hər şey faciə kimi sona çatır".
"Ədəbiyyat dünyası bir cəngəllikdir"
- deyir Bolanyo.
Və fasiləsiz olaraq yazır,
özünü bu cəngəlliyin dərinliklərinə
doğru sürükləyir. Onun bu
romanında digər əsərlərinin də
mövzuları fraqmentlər halında gözə dəyir.
Məsələn, "Çili
noktürnü" romanının qəhrəmanları da
keşiş, ədəbi tənqidçi və şairdir.
Tənqidçinin qeydlərinə nəzər salaq:
"Gəlin yenidən qədim Yunan və Roma ədəbiyyatını
oxuyaq. Provans ədəbiyyatını və dolce stil
novo-nı (Orta əsrlər italyan şeiri cərəyanı)
oxuyaq, dünya klassiklərini oxuyaq. Uitmeni, Paundu, Eliotu,
Nerudanı, Borxesi, Valyexonu, Viktor Hüqonu, Tolstoyu oxuyaq.
Bütün müqəddəslər naminə! Bu
cavabsız qalan haray mənim çağırışım
idi. Həyat isə düyüdən
hazırlanmış boyunbağı kimi davam edirdi".
Bu roman informasiya bolluğu və ədəbi mühiti əks
etdirmək baxımından mənə ispan
yazıçısı Enrike Vila Matasın "Bartlibi və
çevrəsi" romanını xatırlatdı. Latın
Amerikası şairlərinin adlarıyla zəngin olan kitab
oxucuya zəngin məlumatlar ötürür.
Yazıçının məqsədi həm də budur:
öz nəsildaşlarını bütün dünyaya
tanıtmaq.
Sonda Arturo Belano və Ulises Lima Sonora səhrasında
müəmmalı şəkildə yoxa
çıxmış şair Çezare Tinajeronu tapa biləcəklərmi? Özləri
də yoxluqlarda əriyib itməyəcəklər ki? Səbr edənlər muradına yetər. Altı yüz otuz səhifəlik səbriniz varsa,
bunu biləcəksiniz.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.27.