Şəfa VƏLİ: "Balaca bir
körpənin qulağının dibində
partlayan mərmilərin
qarşısında ədəbiyyat mənasızdır"
"Fikir bucağı"
layihəsinin qonağı yazıçı, ədəbiyyatşünas Şəfa Vəlidir.
- Şəfa xanım, ola bilərmi ki, Bakıdan uzaqda yaşamağınız sizin aktiv yaradıcılıq imkanlarınıza təsir edir?
- Ədəbiyyatda "bölgə"
anlayışını qəbul etmirəm. Mən Şəkinin
Yuxarıbaş məhəlləsində oturub əlimə
keçən hər şeyi oxuyuramsa, bunu Bakıda rahat
kabinetində oturan da bacarar, deyilmi? Yəni mənimçün
oxumaq zaman-məkan məsələsi yox, həyat tərzidir...
Bilirəm, "oxucu zövqü" deyilən
anlayış da var. O anlayışı qoyuram bir tərəfə,
bir misal çəkəcəyəm və özünüz
faktlarla yoxlaya bilərsiniz. 2019-cu ilin avqust
ayında "Ədəbiyyat qəzeti"ndə
"İş və İşşa" hekayəm dərc
olundu. Həmin il bizim hörmətli ədəbi
tənqidçilərimizdən biri mütəmadi olaraq
"Ədəbiyyat qəzeti"ndə çıxan hekayələr
haqqında silsilə tənqidi yazılar yazırdı. Xüsusən də, gənc müəlliflərin əsərlərini
önə çıxarırdı. İl
bitdi, amma mən "İş və İşşa"
haqqında o tənqidçimizdən bir cümlə belə
görmədim. Etiraf edim ki, bu hekayənin onun diqqətini
çəkəcəyini ummuşdum... O umacaqla gözlədiyim
aylar ərzində həmin tənqidçimiz müxtəlif
mövzulu hekayələr haqqında o qədər gözəl
yazılar yazırdı ki... İnsafən,
oxuduqca sevinirdim. Elə yazılar ədəbiyyat
tariximizin qazancıdı. Amma sırf mənim
hekayəmin oxunmamasına inanmıram. Oxumuşdu... Çünki qəzetin bütün saylarını
oxuyur. Bəs, niyə hekayəm haqqında
heç nə demədi? Xəyal
qırıqlığıyla bu suala cavab axtardım, sonunda
tapdım: adam məni
tanımırdı... Bəli, bizdə ədəbiyyatda
"bölgə" anlayışı yoxdur, bu sərhəd
çoxdan aşılıb, amma genetikamızdakı
"üz üzdən utanar" prinsipinə çox sadiqik.
- "Poçtalyona məktub"
adlı şeirlər kitabınız çap olunub. Daha çox hansı mövzuda
yazırsınız?
- Sevgi... Bunu həmişə deyirəm və şair
olmağımla, şair doğulmağımla qürur duyuram.
"Sovetdənqalma təvazökarlıq"dan
xoşum gəlmir. Yaxud da, bir şeir kitabım ola-ola:
"Mən şair deyiləm, əşşi..." - kimi
sözlər deməyi ikiüzlülük olaraq qəbul edirəm.
Amma bir şeirin yazılma anını anlatmağımı
istəsəniz, bacarmaram... Almaniyada yaşayan türk əsilli
şair Orhan Bahçıvanın iki misrası var: "Və
Allah şairi yaratdı, "Səsi şeir olsun"-dedi...". Yəni şairlər belə
yaradılır. Onların seçmə
şansları yoxdur. İtirilmiş mədəniyyətlərin
açarı daş tabletlərə yazılmış
şeirlərdədir, bəşəriyyətin
keçmişi, tarixi şeirlərdən öyrənilir... İlk kahinlər şairlər olub, onları
söylədənin hansısa mistik qüvvə olduğuna
inanıb əcdadlarımız. Bizim
dövrdəsə mistika elmə uduzur. Bu,
özlüyündə zehnin qalibiyyətidir. Və çox yaxşı haldır. Di gəl,
kökü ürəkdə olmayan bir şeirin təkcə
zehində mövcudluğu mümkün deyil, axı... Özünü intellektual göstərmək
üçün şeiri yalnız elmdən ibarətmiş
kimi təqdim edənlər də tanıyıram. Olsun, bu da onların reklamı olsun, mən qəbul
etmirəm. Yaxud kiminsə bir qəşəng şeiri
var, oxu, oxu, ağla, ağla... Və müəllif
başlayır o şeirin "başına dönməyə"...
Bu yönə dönür, şeirin bir misrasını
uzadır, yeni şeir edir... O yana
dönür, eyni şey... Bu, bir növ
yaradıcılıq cəhdidir. İddia
etmirəm ki, yazdığım bütün şeirlər
şedevrdi, möhtəşəmdi. Amma mən
özümü şair sayıram və öz hisslərimi,
düşüncələrimi şeirlə dilə gətirdiyim
üçün xoşbəxtəm. Şair
taleyinin nakamlığı, "biri var, biri yox"undan
danışmağa dəyməz; məlum mövzudu. İndiki dövrdə bir misrasına görə
linç edilən şairləri də görürəm və
həmin an o şairin nə dediyindən asılı olmayaraq,
mən onun tərəfinə keçirəm. Sabah məni
də hansısa misrama görə linç edə bilərlər...
Və mən o misramdan imtina etmərəm.
Mən o şeirin yazılma anını özüm izah edə
bilmirəm... O şeir isə yazıldığı andan
etibarən ümumun ixtiyarındadı. Burda
şair, bir növ, o sözü çatdıran rolundadı.
Və şairdən şeirin izahı istənməz.
Əgər cəmiyyət o izahı istəyirsə,
qoy özü axtarıb tapsın. Təbii
ki, tapılan cavablar eyni olmayacaq. Bu məqamda Balzakın
"Vadidəki zanbaq"da dediyi ilə razılaşıram:
"Cəmiyyət ögey anadır, o, yalnız qürurunu
oxşayan övladlarının başına sığal
çəkir...". Mənim kitabımda
sevgi şeiri çoxdur... Əgər buna görə cəmiyyət
mənim başıma sığal çəkməyəcəksə,
mən başımı sürtməyə bir kağız
parçası taparam...
- Nəsr yaradıcılığınızda
da uğurlu nümunələr var. Yaxşı hekayə yazmaq
üçün bir yazıçı hansı keyfiyyətlərə
sahib olmalıdır?
- Bildiyindən
yazmaq qədər sadəlik. Hansısa müəllifin
burda oturub ABŞ cəmiyyətindən hekayə yazmaq cəhdini
alqışlayaram. Eyni zamanda ona anlatmağa
çalışaram ki, bu səndə alınmayacaq. Dadını bilmədiyin bir yeməyi tərifləmək
kimidir bilmədiyin şeydən yazmaq. Mənim hekayələrimin
əksəriyyətində böyüdüyüm kənd
mühiti var. Yaxud Gəncənin küçələri... Uzun illər Gəncədə yaşamışam.
Ola bilər ki, bundan sonrakı hekayələrimdə
Şəkini görmək mümkün olsun. Çünki mənim gördüyüm,
yaşadığım bunlardı.
"Yazıçı keyfiyyəti" dedikdə isə ilk
yadıma düşən bu oldu: çox oxumaq... Adam Hallın "Casus postu" romanında Berlinin
bir təsviri var ki, oxuyanda adamın dəhşətdən və
zövqdən qanı donur. Bizdə isə
hekayələrdə tələskənlik var. "Mavi
yalın oğlanları" hekayəmi oxuyanda Səbuhi
Şahmursoy bu iradı mənə bildirmişdi. Və mən indi - illər sonra etiraf edirəm ki, bəli,
tələsmişəm orda. Halbuki, Mavi
yalı daha gözəl təsvir edə bilərdim. Bu da mənim bədbəxtliyimdir ki, son nöqtəsi
qoyulmuş bir əsərimə sonradan heç nə edə
bilmirəm, başqa sözlə, "üzərində
işləyə bilmirəm". Digər
müəlliflərin əsərlərini - janrından
asılı olmayaraq - zövqlə, səbrlə redaktə
edirəm. Öz əsərlərimə təkrar
qayıda bilmirəm. "Cib dəsmalım"
şeirim də, "Kirkirə" hekayəm də bir nəfəsin
məhsuludur. Və mən artıq o nəfəsi
çoxdan almışam... Bitib... Bir də bax,
bu nəfəs azdı bizim hekayələrdə.
- "Ədəbiyyatla bağlı kim nə düşünür?"
yazısında bir qeydiniz diqqətimi çəkdi.
"Ədəbiyyatdan küsmək... Bu, bir
yazarın, bir oxucunun, hansısa fərdin şəxsi faciəsi
deyil; bu, bütöv bir gələcəyin, kökü bir
insanın ruhundan başlayan, ailə-nəsil-qonşu-iş
yoldaşı-amal yoldaşı-cəmiyyət
ardıcıllığıyla böyüyən qocaman bir
ağacın içindən ahəstə-ahəstə
qurumasıdır". Bu gün
dünyanın qarışıq bir durumunda ədəbiyyatın
rolu və əhəmiyyəti nə dərəcədə
özünü doğruldur?
- Bu dəqiqələrdə
Kiyevdə bir balaca körpənin qulağının dibində
partlayan mərmilərin qarşısında ədəbiyyat mənasızdır...
Həm də çox mənasızdır... 44
günlük Vətən müharibəmizdə şəhid
olan Tural Cuvarovun anasının gözləri anadangəlmə
görmür. Yəni o ana öz övladının
üzünün cizgilərini heç vaxt görməyib... Hansı ədəbiyyat o anaya təsəllidir?
Onun yeganə təsəllisi azad Şuşadır... Ki, getsə, oranı da görməyəcək, eləcə
havasını ciyərlərinə çəkəcək.
Mənim - Şəfa Vəlinin qələmi də,
istedadı da o ananın qarşısında acizdir. Kənddə
qonşumuzdular... Mən o kəndə getməyə
yüz dəfə söz vermişəm özümə, cəsarətim
çatmır. Gedim nə deyim ona? "Böyüyüb yazıçı olmuşam,
oğlundan yazmaq istəyirəm..." - desəm, mənə
nə deyər? Silahlar atəşlənəndə,
insanlar öləndə ədəbiyyatın heç nəyə
gücü çatmır. Hər şey
baş verib qurtarandan sonra isə ədəbiyyat ən
lazımlı, ən gərəkli vasitəyə
çevrilir. Torpaqlarımızı azad edən oğullarımızı
anlatmaq, gələcək nəsillərə tanıtmaq
üçün var ədəbiyyat, onların
ölümünün qarşısını almağa isə
gücü çatmır... Bir insan ölümünün
qarşısını ala bilməyən ədəbiyyata
"ali deyil" demirəm, sadəcə, bu iki sözün əvvəlinə
bir söz də artırıram: "İnsandan ali deyil...". Belə məqamda, təbii ki, ədəbiyyata
küsdüyümüz də olur... Amma biz ədəbiyyatın
aşiqləriyik. Aşiqlərinki də naz çəkməkdir...
Bu gün küsürük, sabah
könüllü şəkildə təslim oluruq...
- Şəfa Vəli
üçün "Biz kimik?". Yaxud kim olduğumuzu necə müəyyən edə
bilərik? Sözün fəlsəfi anlamında...
- İnsan heç vaxt özünü sonuna qədər
tanıya bilmir. Nə fiziki, nə fəlsəfi, nə də
mənəvi cəhətdən bu, mümkündür.
İyirmili yaşlarda sinəmə döyüb: "Kim
olduğumu bilirəm!" - dediyim olub, yəqin
ki... Amma indi bunun tam əksini
düşünürəm. Freyd
Dostoyevskinin əsərlərini psixoanalizin açarı
sayırdı. Bəs, bu qədər dərinə
enən Dostoyevski özünü tam olaraq kəşf edə
bilmişdimi? "Xan" nəşriyyatının
"Məşhurlar" seriyasından "Məktublar"ı
tərtib edərkən Dostoyevskinin iki məktubunu oxudum.
O məktubların birində ehtiyac içərisində
olmasına baxmayaraq, möhtaclığına sayqı duyan
Dostoyevski, digərində isə bəşəriliyi
çoxdan unutmuş olan, milliliyin fonunda fərdiliyi
üstün tutan Dostoyevski vardı... Və bunlar "Bəyaz
gecələr"i, "Dürüst oğru"nu yazan
adamı tanımırdılar... Başqa bir
misal da öz həmdövrlərimdən çəkim. Aləmzər Əlizadə var Gəncədə. Uşaq
ədəbiyyatımızın bel sütunlarından
sayılır onun yaradıcılığı. Amma qəhrəmanı
Ruslan, Rizvan, Ülviyyə olan sevimli şeirlərin müəllifi
ilə "Gözdən çıxan qara tikanlar"ı
yazan adam eyni deyil... Burdan
qarşımıza nə çıxır? İnsan hər gün özünü yenidən kəşf
edir. Dünənki insanla bugünkü insan eyni deyil... Ölənədək bu axtarışlarımız
davam edir. Ona görə də "Biz kimik?" essesində
mən ən asan yolu seçdim: sualı ötürdüm məndən
sonrakılara...
- "Epidemiyada darıxan
qoca" hekayəniz müasir dövrün
reallıqlarını əks etdirir. Pandemiya sizə necə təsir etdi?
Sizcə, pandemiya dünya ədəbi
yaradıcılıq baxımından nələri dəyişdi?
- Pandemiya
ədəbiyyatda o qədər şeyi dəyişdi ki... "Hekayəmiz bitirmi?" essesində
pandemiyanın ilk iki ayında ədəbi mühitdə
müşahidə elədiklərimi yazdım.
"Ustad" deyə müraciət etdiyim Əkbər
Qoşalı yazdı ki: "İnsafın olsun...". Onda anladım ki, həqiqətən,
insafsızlıq etmişdim o essedə... Amma sonra özümə
bəraət qazandıracaq cümləni qurmağı
bacardım: "Mən də pandemiya dövründə
yaşayan müəllifəm...". Pandemiya yazı əhlini kitaba yönəltdi. Komiks replikası kimi görünür bu cümləm,
fərqindəyəm. Fəqət, həqiqət budur. Pandemiya
bizi öz "qabığımıza" tıxanadək
hamımız yazırdıq. Nəfəsliklərə
möhtac qalanda isə tənhalıqdan sıxıldıq,
köhnə dostları yad elədik. O dostlar da rəflərdə
unutduqlarımız idi... "Ulduz"
jurnalında Mustafa Çəmənlinin bir yazısı
vardı, pandemiya dövründə yazılmışdı.
Mustafa müəllim kitab rəfinin qarşısında durur və
əbədi suallardan birinə cavab axtarır: "Mən
öləndən sonra bu kitabların halı necə olacaq?". Onsuz da pandemiyadan iki il
əvvəl kitabxanamın 80%-ni paylamışdım, yerdə
qalanı da paylamaq üçün qərar verdim o
yazını oxuyanda. Pandemiya bir də ədəbiyyatda
ümidi cücərtdi. Müasir Azərbaycan
ədəbiyyatının sadiq oxucusu mənimlə
razılaşar ki, pandemiyaya qədərki ədəbiyyat
"hönkür-hönkür ağlayırdı". Amma elə ki, ölümün qapıda olduğunu
gördü, başladı həyata sarılmağa. İndi daha ümid dolu əsərlər oxuyuruq, belə
demək mümkünsə, ədəbi obrazların şaqraq
gülüşünü eşidə bilirik.
- Bölgələrdə ədəbi
proses necə inkişaf edir? Ümumiyyətlə,
ədəbi prosesin bugünkü vəziyyəti sizi qane
edirmi?
-
Özümü heç bir bölgəyə aid etmirəm... Sadəcə, müşahidəm onu göstərir
ki, bölgələrdə ədəbiyyat müəyyən
imzaların mövcudiyyətinə əsaslanır. Qaynar
mühit yoxdur... Qaynar mühit paytaxtdadı.
Və hamının - ən ucqar kənddəki
şairin də bu qaynayandan öz payını almaq istəməsi
təbiidir. Amma bu məqamda da araya
"...izm"lər haqqında geniş mühazirələr
oxuyan, "qızıl qaydalar"dan bəhs edən
yazıçı və tənqidçilərimiz girir.
Əgər "...izm"siz ədəbiyyat qəbul eləmirsinizsə,
onda gəlin yığışaq, o ucqar kənddəki
şairin pəncərəsindən gördüyü, dərdini
danışdığı dağlara yazdığı
şeirləri də bir "...izm" altında birləşdirək
və olduğu kimi qəbul edək də... Məsələn;
"güzgüizm...". Qəbul
edə bilmirik, hə? Çünki bunu biz
yaradırıq, Qərb yox... Halbuki, Qərb "mirrorizm"
desəydi, çoxdan cumardılar dəstəylə... Nə
vaxt ki, özümüzün olanı sevəcəyik, onda ədəbiyyatımız
da hamımızı qane edəcək... Sevgiylə
yaratdığımız kimi, sevgiylə də oxumalı,
oxutdurmalı, qorumalıyıq...
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.29.