"Metaverse"də ədəbiyyat
"Mən çox qorxuram ki, bu kibernetik
dünya öz çiçəklənməsinə və gücünə, həyat səviyyəsinin
yüksəkliyinə və
elmi uğurlarına baxmayaraq, post-ədəbiyyat
dönəminin azadlıqdan
əlini üzmüş
robotlarından ibarət,
təslim bayrağı
qaldırmış, sivil
olmayan və hədsiz dərəcədə
mənəviyyatsız dünyası
olacaq".
Mario Varqas Lyosa.
"Ədəbiyyatsız Dünya"
essesi
"Post-truth" dövrü...
Həqiqət mütləqdir. Onu təkzib etmək
teosentrik dövrdə
mümkünsüz görünsə
də, sənaye inqilabından sonra "çeşidlənmiş həqiqətlər"
siyasi və sənətsəl müstəvilərdə
boy-boya düzüldü.
Əslində, yeni ədəbi
və siyasi cərəyanların yaranması
bu "çeşidli
həqiqətlər" bazarında
özünə cığır
tapmaq istəyənlərin
səyləri idi.
Zaman göstərdi ki, tək bir gerçək
yoxdu və onun şəkildəyişmələri
daha aktual mövzuları gündəmə
gətirir. Tarix amansızdı.
Və onun qələmi çox vaxt Tanrıda olmur deyə, həqiqətlərin
və səbəblərin
reallığı zaman
keçdikcə öz
təsir qüvvəsini
itirdi. Dünya "post-truth", yəni post-həqiqət dövrünə
keçdi. Yalanların, uydurulmuş olanların həqiqətə çevrildiyi,
tirajlandığı və
buna əsaslı arqumentlərin süni şəkildə ortaya çıxdığı bir
dövrə. Post-həqiqət anlayışı
bir qədər siyasi sferada daha ciddi mətləblər
ortaya çıxardığı
üçün, elə
o dalanlarda da ilişib qaldı. Sənətin və xüsusən
də, ədəbiyyatın
və memarlığın
post-həqiqətdən xəbəri
olmadı. Maksimum sürreal
dünyaya çıxa
bilən rəssamlıq
belə "post-truth" dövrünə
addımlarını sağlam
ata bilmədi. Sosial şəbəkələr özləriylə
yeni bir eranın qırmızı
lentini kəsdi. Dünyanın böyük
bir qisminin "facebook", "twitter", "whatsapp" istifadəçisi
olduğu bir vaxtda, 3 yaşlı körpənin də rəqəmsal dünyada yaşadığı zamanda
yeni bir anlayış həyatımıza
sürətli şəkildə
soxulmağa başladı.
Bu, "Metaverse" dünyası idi.
Nədir "Metaverse"
anlayışı?
Yaşadığımız dünyanın alternativi. Kompüter oyunlarının
daha "real" və
sakit forması. İnsanlar bu virtual dünyada artıq ev alır,
sərgilər keçirir,
konsertlər verir. Gələcəkdə siyasətçilərin də "Metaverse"də
müzakirələr aparacağı
gözlənilir. Bu dünyada gəzmək üçün, müxtəlif
tədbirlərə və
oyunlara qatılmaq üçün xüsusi
eynəklər, demək
olar ki, dünyanın hər yerində satılır.
Hər gün istifadə etdiyimiz "Facebook" sosial şəbəkəsi
"Meta" adı altında
digər platformaları
da birləşdirib
virtual dünya üçün
ilk addımlarını atıb
artıq.
İlk dəfə
1992-ci ildə meydana çıxan ifadə sonralar unudulsa da, dövrümüz indi bu virtual aləmin qapısında dayanıb. Əslində, post-həqiqət anlayışı ilə
"Metaverse" ifadələrinin
yaranış tarixi eynidir. Virtual dünyada olacaqlarla kifayətlənmək, öz
avatarımızla saysız
şeylərə sahib olmaq
yalanına inanmağımız,
buna can atmağımız
ən böyük
post-həqiqətdir.
1896-cı ildə ilk nümunəsi
yaradılan, 1960-dan sonra
isə kütləvi nəşrinə başlanılan
komikslərin yazarlarının
təxəyyülü, əslində,
günümüzdəki virtual kainatın konturları ilə üst-üstə düşürdü. 1980-ci ildən
bu komikslərin filmləri çəkilir
və XXI əsrdə
yeni "Marvel", "DC" dünyaları ifadəsi aktuallaşır. Avatarların bu qədər popilist hal alması
"Metaverse"çilərə ilham qaynağı olur. Öncə 64 km-lik bir yol inşa edən
memarlar daha sonra bu ədədi
ikinin misli olmaqla artırdılar.
Rəsm əsərlərinin sərgilənəcəyi,
dünya ulduzlarının
konsert verəcəyi,
siyasi xadimlərin masa ətrafında müzakirələrə, debatlara
qatılacağı, memarların
dörd rəqəmli
ölçülərdə (hələ ki planlaşdırılmış konstruksiyalar bu formata uyğundu) saraylar, binalar "tikəcəyi" virtual kainatda
ədəbiyyatdan və
dördüncü hakimiyyətdən
söhbət getmir. Bunun bir neçə səbəbi var. Birincisi, rəsmlərin JPEG formatına,
musiqilərin meqabaytlar
şəklinə, inşaların
3 və 4D konstruksiyalara
salına bildiyi halda ədəbiyyatın və ümumi mənada mətnlərin alternativ əlifba ilə əvəzlənə
bilməməyidir. Çünki virtual aləm olan "Metaverse" 0 və 1 rəqəmlərindən ibarət
olan ənənəvi
kompüter alqoritmlərindən
ibarətdir. Bu rəqəmlər əsasında
mütləq əlifbalar
yaradılmalıdır ki,
mətnlərin proyeksiyaları
alınsın. Bu da indiki şərtlərdə
"Metaverse" qurucuları
üçün real görünmür.
Bəs virtual kainatda
mətnlər olacaqmı? Olacaq. Sadəcə, onlar da JPEG formatlarında,
yəni mətnin fotoları olacaq, ancaq onlara müdaxilə
etmək mümkünsüz
kimi görünür.
Belə bir dünyada hansısa yazıçının avatarını
iş başında təsəvvür etmək
çətindi.
"Metaverse"
üçün ədəbiyyat
niyə mümkünsüz
görünür?
2016-cı ildə Benjamin adlı bir süni
intellekt proqramı
"Sunspring" (Günəbaxan)
qısa filminin ssenarisini hazırladı. Heç bir
insan təsiri olmadan. İnternet üzərindən oxuduğu kitablar, bütün vikipediya məlumatları və
YouTube platformasında olan
milyonlarla musiqi mətnlərinin sayəsində.
Obrazlarına, sadəcə, bir
hərflə ad qoyan, dialoqlarında poetik misralardan istifadə edən, paralel dünyalara göndərmələr
edən doqquz dəqiqəlik bir film.
Filmi çəkən rejissor demək olar ki, təxəyyülündən
istifadə etməyib.
Çünki Benjamin obrazların geyimindən tutmuş, mimikalarına qədər,
filmdə hansı musiqilərin istifadə olunacağına qədər
hər şeyi yazmışdı. Musiqiləri də
özü bəstələmişdi.
Film ingilis dilindədi
və titrlərdə
ingilisdilli ədəbiyyatdan
istifadə olunduğu
qeyd edilir. Çünki virtual aləmin ən
böyük arxivləri
məhz bu dildə idi.
Filmin heç bir bədii yükünün
olmaması və bir neçə il sonra
istifadə olunan materialların silinməsi
səbəbi ilə yarımçıq qalacağı
təhlükəsi "labarantları"
məyus edirdi. Süni intellektin qalıcı bir sənət əsəri yarada bilməməsi məlum olmuşdu. Səbəblər isə ortada
idi.
Dünyaca məşhur bir neçə əsər məhz bu cür
yarandı. Üstəlik, tendensiyalar dadaist,
sürreal sənətin
inkişafına gətirib
çıxardı. Dizayn proqramları
vasitəsilə süni
zəkanın yaddaşındakı
konturlardan yeni animasiyalar hazırlandı.
Bu gün baxdığımız
filmlərin əksəriyyəti
bu cür effektlərlə işlənir.
Ancaq süni
zəka orijinal sənət yarada bilmir, səbəbi isə duyğu neyronlarıdı. Bu neyronlar
bizə təbiətin
(yaradıcı gücün)
harmonik şərtləridir.
Ona görə yaşayırıq
ki, bizim beyin hüceyrələrimizdən
başqa, duyğu reflekslərimiz də mövcuddur. Yazıya biologiya
terminləri ilə davam edib yorucu
olmaq istəmirəm.
Qısası budur ki, sənət yaratmaq üçün sadəcə
düşünmək lazım
deyil, hətta ilk şərt belə deyil. Hiss etmək vacibdir və bunu süni zəka edə bilməyəcək. Yaddaş transplantasiyasının
düşünüldüyü bir zamanda belə
insan hisslərinin başqa birinin yaddaşı ilə yaşamaq cəhdləri mümkünsüz qiymətləndirilir.
Vizual olaraq hər şey mümkündür,
insanı ruhsuz təsəvvür edə bilsək.
Eyni hal
virtual dünya olan
"Metaverse"də də
yaşanacaq. Əgər lazım olan
avatarlar üçün
lazım olan dil ixtira olunmasa.
Təəssüf ki, Lyosanın
"Ədəbiyyatsız dünya"
essesindəki ümidlərin
getdikcə puç göründüyü dünyada
belə bir ixtira üçün çalışacaq o qəhrəmanı
da tapmaq çətindir.
Sürətlə dəyişən real və virtual aləmdə bir gün şifrəli
ədəbiyyatların yaranması,
"Metaverse"də kitabxanaların
inşası və sənət salonlarında
məşhur yazarların
avatarlarının söhbətlərinə
qulaq asmaq həyəcanlıdır. Klassiklərlə çağdaş yazarların
avatarları bir arada. Bilirəm, gülümsəmədən xəyal etmək olmur. Ancaq kompüter erası
bu virtual aləmin qapılarından içəri
girəndə mümkünsüz
görünən hər
şey zamanla gerçəkləşəcək. Eynilə
post-həqiqətlər kimi.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.28.