Qırxıncı payız

 

Qırxıncı payız da ötüşüb keçdi,

Nə dərdim, nə qəmim bəyan olmadı.

Qırx ildə o qədər az yaşadım ki,

Üzümdən, gözümdən duyan olmadı.

 

Qırxıncı payız da ötüşüb keçdi,

Demirəm hər günü qəmlə yaşadım.

Sevincli günlər də ötdü ömrümdən,

Amma tez yox oldu, doyan olmadı.

 

Qırxıncı payız da ötüşüb keçdi,

Üstümə dağ kimi qalandı kədər.

Asıldı üstündən bəyaz buludlar

Amma yağış olub yuyan olmadı.

 

Qırxıncı payız da ötüşüb keçdi,

Bu tale ömürə həyan olmadı.

Öləndə qədrini bilərlər ancaq,

Rüfət, sağlığında sayan olmadı.

 

Bu qədər dərd yükü

mənəmi qalıb?

 

Bu qədər dərd yükü mənəmi qalıb?

Daha şəllənməkdən yox taqətim də.

Dağ da dilə gələr yerimə olsa,

Dürüst yaşamaqtək var adətim də.

 

Can deməklə candan can əskik olmaz,

Amma can dediyin canını alır.

Elə bil ömürlük borclusan ona,

Bir dəfə yox denən, qanını alır.

 

Elə düz deyirlər, dəli olasan,

Yığışıb dərdini ellər çəkələr.

Məndə ki bu bəxt var, nə zaman ölsəm,

Məzarım üstünə dərd-qəm əkərlər.

 

Deyəsən, sənin də

dərdin ağırdır

 

Deyəsən, sənin də dərdin ağırdır,

Gəl söylə, mən olum dərdinə şərik.

Görürəm qəlbini yaman ağrıdır,

Söyləsək, bəlkə də, yüngülləşərik.

 

Onsuz da yüz qəpik bir manat edir,

Nə artıq, nə əskik olmur ki, olmaz.

Nə qədər götür-qoy eləsən də bil,

Özün yorularsan, dərdin yorulmaz.

 

Çöhrən də solubdur yuxusuzluqdan,

Ver dərdi mən çəkim, sən də bir az yat.

Gör nələr çəkmisən qayğısızlıqdan,

Özünlə öncəki çöhrəni oyat.

 

Günəştək otağa yenə işıq saç,

Qoy qalsın dərdlərin yuxularında.

Məni bihuş etsin gözəlliyin də,

Yenə əvvəlkitək qoxularında.

 

Rüfət VAHİDOV

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.31.