Söyləsək, bəlkə , yüngülləşərik

 

Bizdən soruşsalar ki, günəşə ilk dəfə vaxt baxmısız, böyükdən böyük ehtimalla bu sualı cavabsız buraxarıq. Amma ilk dəfə (lər) baxdığımızda əlimizi üzümüzə tutub gözümüzü necə qıydığımızı danışa bilərik. Adamlar var ömrümüzə günəş qədər səssiz doğurlar, narın yağış kimi təvazöylə səpələnirlər. Rüfət kimi, neçə ildi tanıdığımı bilmirəm, amma bəlkə, naşiri, redaktoru, tərcüməçisi, müəllifi olduğum onlarca kitab onun əlindən gəlib keçib, hər dəfə peşəkar mətbəəçi işini vicdanla, fədakarlıqla görüb şəxsən mən müddət ərzində onun dilindən hər hansı bir şikayət eşitməmişəm. Şeirləri onun xarakterinin deməli, həyatının güzgüsüdür. Rüfəti tanımasaydım, onun şeirlərini müəllifini tanımadan oxusaydım məndən müəllifin portretini  çəkməyimi,  təsvir etməyimi istəsəydilər, həmin adam yenə həmin o böyük ehtimalla Rüfətə oxşayardı. Bu isə, bəlkə , ən vacib keyfiyyətdir. Sözünün adama, müəllifinə oxşaması.

 

Səlim BABULLAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 12 mart.- S.31.