Panslavyanizmin qürubu...
Mariupoldan bir video görüntüləndi. Ölənləri
kütləvi şəkildə xəndəyə atır,
basdırırdılar. Yadıma Məhəmməd Hadinin
1916-cı ilin mart ayında elə Ukraynanın Stanislav şəhərində
(indiki İvano-Frankovskda "yaralıların fəryad və əfqanını
dinlərkən" qeydi ilə) yazdığı
"Əlvahi-intibah"ı düşdü:
...Bu
dünya əskidəndir səhneyi-bidad şəklində,
Cahan
başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər
həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər,
bəlalər, qüssələr abad şəklində...
Baxışlar
kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı
kim görmüş sürurabad şəklində?
O zaman,
Birinci Dünya müharibəsində Məhəmməd Hadi bu
şəhərdə vuruşan Rusiya qoşunlarının tərkibindəki
"Dikaya diviziya"nın alay mollası idi. Vəzifəsi də
yaralanıb can verən müsəlman əsgərlər
üçün Yasin oxumaqdan, onların dəfnində
mollalıq etməkdən ibarət idi... Onda da
indiki kimi rus ordusunun tərkibində çeçenlər
döyüşürdü. Bir dəfə Stanislav şəhərində
çeçen Məhəmmədin başucunda Yasin və
Ərrəhman surələrini oxuyub çölə
çıxanda oradakı rus qadın əlini Hadinin
çiyninə qoyub təsirli və titrək səslə
demişdi ki, "Mamed Qadi, "Quran" oçen
krasivıy"...
Heç nə dəyişməyib. Tarix yenidən
təkrar olunur.
Elə
1916-cı ildə də soyu, dili eyni kökdən olan bu iki
millət bir-birini qırırdı... Bir fərqi
var ki, o zaman savaş Ukrayna ilə Rusiya arasında deyil,
Avstriya-Macarıstan imperiyası ilə Rusiya arasında gedirdi.
Amma tarixin heç bir dönəmində Rusiya
ilə Ukrayna indiki kimi üz-üzə gəlməmişdi.
1848-ci ildə
Praqada, 1867-ci ildə Moskvada tərtiblənmiş Panslavist
konqreslərin iki fərqli hədəfi vardı: Rusiya
panslavizmin birləşmiş gücü ilə bir tərəfdən
"Qədim qübbələri Bizansda İsa
üçün yeni bir kilsə mehrabı saxlayan" (Fyodr
Tyutçev) Bizans ortodoks kilsəsini - Ayasofyanı (ümumiyyətlə,
İstanbulu) türklərdən almaq, digər tərəfdən,
Avropa birliyinə qarşı Panislav birliyini yaratmaq niyyətini
gizlətmirdi.
Herderin irəli
sürdüyü "Mən bir slavyanam və slavyan olmayan hər
şey mənə yabançıdır", -
şüarı o illərdə slav millətçiliyinin
ali prinsipi idi.
Henri Martinin nəzəriyyəsinə görə, Avropa
federasiyası hürriyyət, fərdi mülkiyyət və
ailəyə sədaqət prinsipləri əsasında
bütünlükdə, Rusiya sisteminə qarşı bir
sistem quracaqdı. Çünki federal bir Avropa qurulmadan
Rusiyaya qarşı durmaq mümkün deyildi. Əgər bu, belə olmasa Avropanın gənc
bacısı Amerika mədəniyyətin təkbaşına
mühafizi olacaqdı. (Hans Kohn).
Əslində,
rusların digər slavyanlar üzərində nüfuzu təkcə
ədəbi baxımdan deyil, daha geniş anlamda
pravoslavlığın hesabına təmin edildi:
"İstanbul bizə - ruslara aid olmalıdır, əsla
başqasına yox". 1877-ci ilin martında
yazılmış bu sözlər təkcə rus imperatorunun
siyasəti deyil, həm də rus yazıçısı
Dostoyevskinin xəyalı idi. Rusiyanın Osmanlıya
qarşı müharibəsini vəsf edən Dostoyevski:
"Bu xariqəladə bir zamandır. Burada bütün
Rusiyanın qəlbi çırpınır və xalq
savaşa bizim qardaşlarımızı, qan və iman
qardaşlarımızı qurtarmaq üçün gedir",
- deyirdi.
İndi o
qan və iman qardaşlarının öz arasında savaş
gedir...
Bu gün slavyan hərbi güclərinin raketləri
slavyanlara məxsus pravoslav kilsəsinin qübbəsində
partlayır. Amma XIX yüzildə slavyanları
pravoslavlığın və katolisizmin timsalında dini
parçalanmalar təhdid etsə də, o darmacalda Rus pravoslav
kilsəsi slavyan birliyinin mərkəzinə çevrilə
bilmişdi. İndi pravoslav kilsəsinin bu
birləşdirici gücü də ortadan qalxır. Artıq neçə ildir ki, Ukrayna pravoslav kilsəsinin
Moskva patriarxlığı ilə bağlılığı
tənəzzül edir. Dünən isə
xəbər yayıldı ki, Amsterdamdakı Rus pravoslav kilsəsi
Ukrayna müharibəsi səbəbilə Moskva
patriarxatlığı ilə əlaqələrini kəsdiyini
bəyan edib. Siyasi münasibətlər isə
XIX yüzildə də indi olduğu kimiydi. Avropa öz maraqlarını
Rusiya ilə bölüşə bilmədiyi kimi, slavları
ruspərəst və qərbpərəst, - deyə iki qismə
bölən Rusiya da öz maraqlarını Avropa ilə
bölə bilmirdi. 1870-ci ildə "Şərq məsələsi"ni şərh edən panslavist general Fadeyev
"Vaxtilə Avropa üçün bir türk və islam məsələsi
vardı, indi isə Şərq məsələsi məfhumu
vardır. Diqqətlər slavlıq və
ortodoksluq üzərində toplanmaqdadır. Rusiyanın düşməni bütün batı
Avropa deyil, Orta Avropa, yəni Almaniyadır. Alman birliyi
gerçəkləşərsə, Rusiyanın xaricində
qalan slavlar yox olmağa məhkumdur" - yazırdı...
O zaman
Rusiya Konstantinopolu almaq istəyir, həm də real təhlükəni
Alman birliyindən görürdü.
Üstündən
yüz əlli iki il ötüb.
Burda heyrətamiz
bir məqam var. İkinci Qarabağ savaşının anonsu Ayasofyanın
ibadətə açılmasından dərhal sonra Tovuz hadisələri
ilə verildi. Əslində, Ayasofyadan ucalan azan
slavyanlar üçün Çarqorod ideyasının
süqutu idi. Hələ üstəlik,
Diyanət İşləri Başqanı Ali Erbaşın
Fateh ənənəsini davam etdirərək xütbəni əlində
qılınc tutaraq oxuması da dünyanın gündəmini
zəbt etmişdi. Ayasofyada verilən azandan sonra ermənilərin
Tovuza açdığı atəş sonucda
Şuşanın fəthi ilə yekunlanan İkinci Qarabağ
savaşının başlanmasına rəvac verdi.
Zəfərdən sonra dünyanın siyasi
gündəmində Turan Birliyi ideyası aktuallandı. Hətta Baxçalı Ərdoğana
sınırları Altaylara qədər uzanan Turanın xəritəsini
hədiyyə etdi. Həmin Turan içərikli
xəritə ilə Turan Birliyi siyasi masaya adladı. Bizim şərhçilər Rusiya prezidentinin köməkçisi,
türkoloq Peskovun böyük siyasi anlam daşıyan
"Türkiyədən olan tərəfdaşlarımızın
Türk Birliyi yaratmaq ideyası tamamilə normaldır. Yeganə təəssüf doğuran məqam odur ki,
xəritədə Türk dünyasının mərkəzində
böyük qırmızı ulduz təsvir edilməyib.
Türk dünyasının mərkəzi
Türkiyədə deyil, məhz Rusiya ərazisi olan Altayda yerləşir"
sözlərini doğru anlaya bilmədilər. Əslində,
Peskov Dostoyevskinin yuxarıda xatırlatdığım əsərinə
göndərmə edirdi: "Konstantinopol Şərq
dünyasının mərkəzidr. Şərq
dünyasının mənəvi mərkəzi isə
Rusiyadır". Ardıyca Qazaxstanda Türk
Şurasının ömürlük rəhbəri Nazarbayevin
heykəlinin devrilməsiylə müşayiət olunan əmrvaqi
hadisələr baş verdi. Və
onun da ardıyca Ukraynadakı müharibə alovlandı, dərinləşdi.
Rusiya-Ukrayna savaşı ərəfəsində Rusiya
prezidenti yüz ildən sonra slav məsələsinə
Rusiya imperatoru kimi yanaşdı: slavların ruspərəst və
qərbpərəst deyə iki zümrəyə
bölündüyünü bir daha dünyanın yadına
saldı, qərbpərəst slavları Rusiyanın cazibəsində
saxlamaq naminə müharibəyə qərar verdi. İndi təəccüblü olan odur ki, tarixdə
ilk dəfədir slavların bu iki qolu döyüşür.
Belarusun Rusiya tərəfində olması da
tarixi proseslərə adekvatdır. Avropa isə
Henri Martinin nəzəriyyəsini tətbiq edir. Avropa Birliyinin timsalında Rusiya sisteminə
qarşı Avropa sistemi qurmaq istəyir. XX
yüzildə Avropa federasiyasının məqsədi
Rusiyanı çökdürmək idi. Və
indi Avropa Birliyi bu işin realizəsi ilə məşğuldur.
Və qəribədir ki, iki qardaş slavyan millətinin
müharibəsi slavyan birliyinin ən qədim mərkəzində
- Kiyev civarında gedir. Avropa Birliyi tam
qurulmayıb. Əslində, bu gün
baş verənləri vaxtilə Alman Birliyi ideyasına
qarşı yaranmış Slavyan birliyi ideyasının
süqutu adlandırmaq olar. Slavyanların
birliyi yalnız İkinci Dünya müharibəsində Alman
Birliyi ideyasını zərərsizləşdirməyə
müvəffəq olmuşdu. SSRİ-nin
timsalında İkinci Dünya müharibəsindən sonra
Slavyan Birliyi ən yüksək həddinə çatdı.
Bunu panrusçuluq da adlandırırlar. Bu isə uzaq tarix deyil, hamımızın
yaddaşındadır. Müharibədən əvvəl
rus xalqına müraciətində Putin bunu elə belə də
adlandırdı: "Raspad istoriçeskoy Rossii pod nazvaniem
SSSR". Çöküşünün
episentri Qarabağ olan SSRİ-nin tarix səhnəsindən
çəkilməsi, dağılması ilə bağlı sənədi
də 1991-ci ilin dekabrında Belovejdə üç slavyan
respublikası - Rusiya, Ukrayna və Belorusiya və onların
liderləri Yeltsin, Kravçuk və Şuşkeviç bir
yerdə imzaladı və onlar bunu başqa sovet
respublikalarının rəhbərləri ilə məsləhətləşmədən
etdilər. Çünki başqaları
slavyan deyildi.
Slavyan birliyi ideyası, dediyim kimi, Alman birliyi ideyasına
qarşı yaranmışdı. Məhz panslavistlərin
aktivləşməsindən, Konstantinopol Rusiyanın
paytaxtı olmalıdır ideyası aktuallaşandan sonra Turan
birliyi ideyası meydana çıxdı. Bu
mənada Əli bəy Hüseynzadənin tarix üfüqlərindəki
yeri, məqamı heç kəslə müqayisəyə gəlmir.
1918-ci ildə qələmə aldığı
"Türkçülük nasıl doğdu?" məqaləsində
Ziya Gökalp qeyd edirdi ki, "Əli bəy Peterburq
Darülfünununda panslavizmdən pantürkizm məfkurəsini
çıxardı". O məfkurə idi ki, onun
işığında əvvəl Azərbaycan, sonra da
Türkiyə cümhuriyyətləri yarandı.
İndi hansı tərəfin qələbəsi ilə
bitəcəyindən asılı olmayaraq (qardaş
qırğınında qalib tərəf olmur) bu müharibə
panslavist idealların qürubundan soraq verir. Bu, fərqli
bir zamandır, fərqli təhlil istəyən prosesdir. Unutmayaq ki, istər Birinci, istərsə də
İkinci Dünya müharibələri eyni situasiyalarda, eyni
siyasi xaosun müşayiəti ilə, eyni amillər səbəbi
ilə və eyni coğrafiyalarda başlanıb. Kədərin qlobal mahiyyətinə görə bu
müharibə dünya üçün hüzndür.
Lakin bu gün Ukraynada dağıdılan, viran qalan şəhərlərin
ölən, öldürülən slavyan əhalisinin kədəri
ədəbiyyat baxımından daha çox Puşkinin,
panslavist Mitskeviçin, Tyutçevin, Dostoyevskinin və Taras Şevçenkonun ortaq və ümumi kədəridir.
Mən hələ Ukrayna kökənli dahi rus
yazıçısı Qoqolu demirəm...
Dua edək ki, savaş bitsin, qan tokülməsin. Amma həm də
şükür edək ki, daha 1937-ci ildəki kimi SSRİ-də
milli dəyərimiz olan aydınları pantürkist və
panturanist adıyla qətlə yetirəndən sonra
panslavyanizmin şərəfinə badə qaldıran Stalin
yoxdur. Bundan sonra Rusiyada yeni Stalin doğula
bilərmi? Bunu da Allah bilir. Ona görə
də Turana gedən yolu Tanrı yaxın etsin...
15 mart 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.3.