Ən gözəl əsərimsən!!!

 

Zemfirama

 

Zaman tez ötüşdü,

Lap mat qalmışam özüm.

Düz qırx il bundan qabaq

Olub toyumuz bizim.

Bu qırx il necə keçdi?

Elə bil qırx il deyil,

Qırx gün, qırx gecə keçdi.

İl illərə qalandı,

Sevgi, intizar, kədər,

Sevinc, fərəh, itkilər

Bir-birinə calandı.

Bəs bu qoca dünyada

Nələr keçib-gedəndi,

Nələr hər vaxt qalandı?

Pul, sərvət toplamadıq,

Var-dövlət qazanmadıq

Həyatımız boyunca.

Ölkələri, elləri

gəzdik, gördük doyunca.

Paxıllıqla üzləşdik,

Haqsızlıqla rastlaşdıq,

beynimiz pas atdı,

qəlbimiz daşlaşdı.

Haçansa, qırx il sonra

(kaş ki, belə olaydı)

dünyayla vidalaşıb,

ömür sərhədin aşıb,

çəkiləndə qeybə biz

O biri dünyada da

bir vuracaq qəlbimiz.

Burda bizdən qalar?

Namuslu, ləyaqətli,

alnıaçıq balalar,

şirin-şəkər nəvələr,

vərəqlər üstündə

çəkdiyimiz əzablar -

Yazdığımız kitablar,

Bir xatirələrdə

Yaşayacaq eşqimiz -

hərarətli, pak, təmiz...

45-in payızında

səni ilk gördüyüm gün

necəydinsə - eləsən,

Söylə bunun sirrini,

Necə qaldın belə sən?

Hələ axşam düşməyib

Bu qaralan qaş deyil.

Yaz ötüb, yay bitsə ,

Payız - hələ qış deyil.

Qış gəlsə , gəlsin qoy

Qış günü deyildimi

Hədiyyəsiz-filansız,

bizim unudulmaz toy?

Sən vəfalı sevgilim,

İlin dörd fəslində

baharımsan, yazımsan.

Mənim alın yazımsan,

Hələ yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

Yaxında, ya uzaqda

Səni hər zaman anar

Köhnə məktəb yoldaşın -

Həyat yoldaşın

                      Anar

 

Anar.

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.6.