“Hələ axşam
düşməyib...”
Kiminsə haqqında yazı yazmağı xoşlamıram. Deyəsən, Vaqif Səmədoğludan
başqa, heç kəs barədə yazmamışam da. Amma bu dəfə yazmaq istəyim o qədər güclü oldu ki, onu
boğa bilmədim.
Səksəninci illərdə orta
məktəbdə oxuyanda
sevib-sevilən vaxtlarımız
idi, sinfimizdə hər birimiz "Beşmərtəbəli evin
altıncı mərtəbəsi"ni
təkrar-təkrar oxumaqdan
doymazdıq. Bir dəfə bunu
Anara da etiraf etdim ki,
bu əsəri yeniyetməliyimdə və
sonrakı illərdə
düz doqquz dəfə oxumuşam.
Mənə Anarı elə bu roman sevdirdi, sonradan onun qələmindən
çıxan hər bir əsəri səbirsizliklə gözlədim,
su kimi içdim. Eləcə
də dövrünün
tanınan ədəbiyyatşünası
olan və çox erkən yaşlarımda itirdiyim atam Musa Yolçuyevdən
eşitdiyim bu kəlmələr: "Bizim
Vaqifin (Vaqif Səmədoğlu bizim qohumumuzdur) şeirləri,
Anarın da hekayələri qoymadı
məni şair, yazıçı olum".
Yaşıdı olan bu böyük ədiblərin
yazdıqlarının gücünü
görüb atam bədii əsərlərini
çap etdirməmişdi,
ədəbiyyatşünas olaraq qalmışdı.
Anara olan simpatiyamın bir səbəbi də çox səmimi olmasıdır. Heç unutmaram, mən Mədəniyyət Nazirliyinin
"Qızıl kəlmə"
mükafatını qazananda
Anar çıxış
edib laureatları təbrik edərkən haqqımda belə söyləmişdi: "Gördüm,
nəvəmin əlindən
bir kitab düşmür. Soruşdum, nə
kitabdır elə, əlindən düşmür.
Dedi, Varisin kitabıdır, indi bütün gənclər
Varisi oxuyur". Və əlavə etmişdi ki, "Görürsünüz
də, nəvəm məni oxumur, amma Varisi oxuyur".
İndiki xoş sözü bir-birindən əsirgəmək
dəbində, razılaşın
ki, çoxumuz Anar kimi etməzdik.
Müasir Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri olan Anar
bəlkə hansısa
bir hegemon, arxalı xalqın nümayəndəsi olsaydı,
indi dünyanın dörd bir tərəfində
on milyon tirajlarla kitabları satılardı,
Nobel, Buker kimi ödüllərə layiq
görülərdi. Bir baxın,
tək "Mən, sən, o və telefon", "Gürcü
familiyası" hekayələri
onun nəsrinin necə möhtəşəm,
yenilməz olmasını
iddia eləməyə
yetərlidir. Anarın "Sizsiz"i isə, məncə, ülvi məhəbbətə ucaldılmış
ən gözəl abidədir.
Və
ilk dəfə onu da etiraf edim
ki, doxsanıncı illərdə yazdığım,
2008-ci ildə çap
olunan debüt romanım - "Sonuncu ölən ümidlərdir"
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin təsiri ilə yazılıb. Mən bu təsiri,
hətta qəhrəmanların
bu romana necə aludə olmaları təsviri ilə büruzə də vermişəm.
On min tirajla çıxan,
sonradan altı dəfə təkrar nəşr olunan, Bakı Kitab Klubunun araşdırması
nəticəsində müasir
Azərbaycanda "Ən
çox satılan kitab" elan olunan, hər il minlərlə pirat nüsxələri çap olunmaqda davam edən və həqiqətən də məni tanıtdıran bu romanın bu cür sevilməsində ondakı Anar izləri, heç şübhəsiz, böyük
rol oynayıb.
Kinoşünas Ayaz Salayev iddia
edir ki, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "You've Got Mail" ("Sizə məktub var") filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında
qurulub. Ayaz Salayevin bu fikrə gəlməsinə
adıçəkilən hekayənin
Amerikada çap olunması da əsas verib. Və mən şübhə etmirəm ki, Anar yaradıcılığı
dünyada neçə-neçə
romanlara, filmlərə
ideya verib, mövzu verib.
Çox təəssüf ki, bu gün cəmiyyətdə
mənəvi deqradasiya
baş alıb gedir, Nizamiyə, Füzuliyə daş atanlar Anarı da, digər tanınmışları da
daşlayırlar. Hətta bəzən elə
olur ki, ömrünün hər dəqiqəsinin misilsiz sərvət olduğu bir dönəmdə Anar bu sərvətini
ona hücum edənlərə, ona həcv yazanlara cavab verməyə xərcləmiş olur.
Biz heç vaxt dəyərlərimizə layiqincə
qiymət verə bilmirik. Şeytana daş atıb
müsəlmanlaşma ayini
indi bizdə məşhura daş atıb məşhurlaşma
şəklini alıb.
Anar altmışıncı - yetmişinci
illərdə parlamağa
başlayan mədəniyyət
pleadasının - poeziyada
Vaqif Səmədoğlu,
kinoda Rüstəm İbrahimbəyov, musiqidə
Emin Sabitoğlu, rəssamlıqda Toğrul
Nərimanbəyov kimi
korifeylər nəslinin
nəsrdəki sonuncu mogikanıdır. Ona yenə
də məhsuldar yazıb yaratmağı, qalmış bütün arzularının həyata
keçməsini arzulayıram.
Və istəyirəm
yazımı Anarın
çox illər əvvəl həyat yoldaşı Zemfira xanıma ünvanladığı
bir ithafnaməsi ilə bitirim. Məncə, burada Anar hər
şeydən öncə
bir insan, bir ömür-gün yoldaşı, bir valideyn kimi görünür.
Axı bütün digər sevgilər insanın öz doğmalarına ünvanlanan böyük sevgisinin bətnindən doğur.
VARİS
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.6.