Unudulmuş sözlərdə qara
düşmüş
durnalar, yaxud Əhməd
Oğuz anı
Dünyasını
dəyişən adama ağı demək, təəssüf
eləmək, ağlamaq - asandır, təəssüf edir,
ağlayır sonra unudursan, yəni hər şey
şüuraltında, bir küncdə
yığışıb qalır, dünyadan köçən
dostun zamanla damcı-damcı səndən uzaqlaşır, bu
dünyada yaşamağın ən dəhşətli göynərtisi
unutmaqdır. Ona görə də bu hisslərdən vaz
keçib dünyamızı tərk edən insanın qoyub
getdiklərini anmaq daha gözəldir, gözəlliksə nə
solur, nə unudulur, həmişə, ancaq məhz Allahın səni
yada saldığı məqamda o insan düz qarşında
durur, "salam", deyirsən, səni verənə
şükür...
Əhməd
Oğuz şeir üçün, daha doğrusu, çap
üçün, kitab üçün dəli-divanə
deyildi, o, ayrı bir adam idi, havaxtsa bizə belə bir nəfəs,
məhz onun işlətdiyi sözlər lazımdı, o da gəldi
və getdi, duman kimi, səhər mehi kimi, səsindəki mənim
hələ də sonadək anlamadığım bir şey
vardı, mistik, - bəlkə, hər kəsdə var bu, səndən,
özündən xəbərsiz səsindəki o nəsnə
başına gələcəkləri deyər, bəzi
şeylər heç zaman açılmır.
Yazılması
üçün bir məqam gəlməlidir - həyatının
dibinə enib orda görə biləcəklərin haqqında
yazmalısan, bizdə avtobioqrafiya janrı demək olar ki,
inkişaf eləməyib, olanda, üzə çıxanda
hamı təəccüb edir, təəccübdən
çox, dodaq büzür: belə şeyləri yazarlarmı?
Mark Tvenin bu janrla bağlı bir fikri var, deyir, yazanda bunu kiminsə
oxuyacağını unut, bütün qəlbini boşalt,
heç nədən çəkinmə, - bunu eləyə
bilmək asandırmı? Yox, asan deyil, bizdə
yazı-pozu adamları ya bu məqama yetişmir, ya da ondan vaz
keçirlər və nələri itirdiklərinin fərqinə
varmırlar. Bəzi şeyləri dilləndirməmək,
yazmamaq insanı bir çənbərin içinə
salır, orda vaxtsız-vədəsiz qocalır, xəstələnir
və dünyadan köçürsən, çəkdiyin ah
getdiyin yerdə qalır, sonra kimsə gəlir onun
üstündən keçəndə ayağı büdrəyir,
yazdıqlarımız nə varsa bizi tam bildirmir, tam, olduğu
kimi ifadə etmir, yazıdan qaçmaq cəzasız
qalmır. Bütün bunlardan qurtula bilmək
üçün özünə heç kəsin
tanımadığı bir məkan seçməlisən,
insanları, taleləri ordan müşahidə edib, həyatını
yazmalısan. Daha doğrusu, hamının
bildiyi həyatını tam fərqli biçimdə
yaratmalısan. Bunu bizdə, məsələn,
Ənvər Məmmədxanlı eləyə bilərdi, eləsəydi
bəlli olan bütün mətnlərini kölgədə
qoya bilərdi, bəli, yazıçının öz həyatını
yazmaq ehtirası başqa bir məqamdır. Bunları niyə
dedim? Axı Əhməd Oğuz çox az
yazdı, cəmi bir kitabı nəşr edildi, amma bəlkə
hesab edirdi ki, bütün hiss-həyəcanını
yazdığı mətnlərə hopdurmuşdu, ordan o yana
getmək istəmirdi? Bəlkə hesab edirdi ki,
öz həyatını yazmağa da bir elə ehtiyac
qalmır, nə varsa qələmə alıb, nə varsa
keçib gedib? Amma heç nə getməmişdi,
hər şey təzə başlayırdı, Əhməd
özü getmişdi. Dünyada onlarca
şair var, Əhməd kimi, dərdini yazır, bitib-tükənməyən,
dibi görünməyən dərdini və onun son nöqtəsinə
çatdıqda artıq yuxarıda
vurğuladığımız məqam özü gəlir -
özgələşirsən, həyatını tam başqa
şəkildə yaradırsan. Buna
ömür gərək və dözmək, duruş gətirmək
gərək. Bu sakitcə deyilən, az
qala pıçıltı ladında bilinən misralarda kədərsə
diridi:
...Gecikmiş
mənim kimi - durnalar qara düşmüş,
Köçüb
getmiş elləri -
kim bilir
hara düşmüş.
Dərdi
mənim çiynimə,
üzü dağlara düşmüş -
Quş uçmaz, karvan keçməz bu yolları neynirəm.
Yenə
orada:
...Sıra-salxım
buz bağlamış pəncərə önündəyəm,
ayağının ucuna qalxmış məzar daşları -
nə
getməyi bəllidi, nə gəlməyi yolların...
Acı
yelindən bəlli -
Bu yurd mənim
yurdumdu,
Bu kənd
mənim kəndimdi...
Bu şeir həm də Vətən haqqında yazılan
səs-küylü şeirlərin yanında boynu bükük
bənövşə misalıdır.
Əhmədi aspirantura dövründən
tanıyırdım, şeirlərini Aydın
Uluxanlının "Söz" qəzetindən oxumuşdum,
daha sonra kitabı çıxdı, daha sonra ara-sıra nələrsə
yazdı. Bu şeirlər haçansa yazılan yox, əksinə
ona qədər yazılanların nəticəsi, bütün
poetik vasitələrin bir anlığa nəfəs dərib
dayanması, yaddan çıxması, bir ömür boyunca
gözlənilən anın - məqamın tutulmasıdır.
Əhməd həmin anı tutmaq və şeirə
köçürmək üçün gəlmişdi, necə
ki hər kəs bu dünyaya bir şeyə görə gəlir...
Bizim
poeziyada, xüsusən indilərdə yazılan nümunələrdə
bir müşahidə gözə alınmalıdır: poetik mətndə
müqayisə, obraz, metafora... sırası
sıxlaşdıqca şeir sanki kliniki ölüm
keçirir, gedib-gələn nəfəs birdən dayanır
və sonda məlum olur ki, bu cür ağır zəhmətin
mənası əvvəlcədən tutulan havanın
boğulması, sıxılıb aradan qaldırılması
üçünmüş. (Bir ayrıntı: - Platon deyəndə
ki, şairləri şəhərdən qovmaq lazımdır,
bunu nəzərdə tuturdu ki, onlar artıq "sənətkar"
deyillər, yəni nəzərdə tutulan dərəcədə
filosof deyillər, həm də kifayət qədər atlet
deyillər.) Məsələ heç də bu
obraz, müqayisə və metafora sırasının
varlığında deyildir, problem şeirin düzgün
qurulmamasında, necə deyərlər, memarlıq
yönündə skeleti məlum olan bir tikilini müdhiş
bir səhv ucundan uçurub-dağıtmaqla
bağlıdır. Və... bu hələ
harasıdır, qafiyələri bir-birinin içinə girən,
nəfəsi, havanı qıdıqlayan ... şeirlər daha
çox sevilir, daha çox əzbərlənir və
böyük bir ərazidə at oynadır. Ancaq bu dünyada əzbərdən
o yana olan mətləblər, daha
doğrusu, poetik niyyət də mövcuddur. Ən gözəl,
qənirsiz şeir, poeziya ünvanına maksimum, ideal şəkildə
yaxınlaşan poetik nümunədə bütün
müqayisələr, ərazidə, havada-suda süzən
qafiyələr olsa da olmamış kimi görünür, sən
ancaq qəribə, yaxud belə deyək, sirri-xuda bir auranın
havasını hiss edirsən, bütün gücünü bir
nöqtəyə toplayıb o havanı anlamaq, hansı əsrdən,
keçmişin hansı dərinliyindən süzülüb
gəldiyini kəsdirmək istəyirsən, ancaq məsələnin
bütün qəlizliyi bundadır ki, bu cəhdlər
şeirin o mistik havasının içində əriyib yoxa
çıxır. Bu mətndə Əhməd
yalnız Allahın bildiyi həmin anın şeirini yazdı, əbədiyyətə
dönəcək anın. Aşağıdakı
şeir həm də onun özünə
yazılmışdı.
...Azan səsi
vardı, şəhər yoxuydu,
Solğun üzün solğunluqdan toxuydu.
Gümüşüdü plaşın, ya
ağıydı? -
Dan yeritək oturmuşdu əynində.
Yellənirdi
ətəyin - sol gedirdi,
Bir
cüt ayaq, bir cüt də qol gedirdi,
Sən
getmirdin - yol özü yol gedirdi
Allah bilir
nə tutmuşdun beynində...
Bu məqamı
aydınlaşdırmaq üçün həmişə sitat
kimi gətirdiyim bir fikri burda da təkrarlamaq istəyirəm:
"...Artıq meydandan çıxmış formalarla hələ
məlum olmayan formalar arasında ortaq bir mövqe tutmaqla dil,
yazıçının dili zəmindən, əsasdan,
söykənəcəkdən çox, son həddi əks
etdirir; bu elə bir həndəsi sərhəddir ki, bundan kənarda
onlar heç nə deyə bilməzlər. Beləliklə,
dil ədəbiyyatın məhz bu göstərilən tərəfində
qərar tutur, üslub isə onun tam əks istiqamətində
məskunlaşır: xüsusi obrazlılıq, ifadə
manerası, yazıçının sözlüyü -
bütün bunlar onun ustalığının avtomatik
üsullarına çevrilərək onun indisi və
keçmişi ilə şərtlənir". Sən unutsan
da dil səni unutmur, adıkeçən prosesdə o unudulan,
yaddaşlardan silinən sözlər havanın ayaq səsləriylə
gəlir və hava yaradır, artıq unutduğun - köhnə
formaları yaradan sözlərin havası
qavradığın, yaddaşına hopan nəsnələrə
də bir mistik don biçir. Ona görə də
bu tipli mətnlərdə anlamaqla/anlamamaq bir hecada qərar
tutur, köhnədən unutduğun nəsnələr yeni
formaları da dəyişdirir, onlara qarışır,
onların bətnində hava, duman, yağış, yasəmən
ətri kimi qalır. Bunu duyur, bilir, ancaq
sözə sığdırıb deyə bilmirsən.
Bir mavi
yasəmən kolu
pəncərəmə uzananda,
qapını bağlayıb, tək qalıb
ağlamaqdan utananda
Tanrı
bil o yasəmən çiçəyini,
gözlərinin yaşını sil.
Unut hər
şeyi
o yasəmən
gülünü qoxla -
ətinlə, sümüyünlə, qanınla,
ruhunla,
canınla qoxla.
Yum
gözlərini - görərsən göylərdəsən,
yasəmən qoxulu göylərdə...
İndi yuxarıdakı şeirə qayıdaq, Vaqif
Bayatlıya həsr edilən mətnə. Doğrudan,
yuxarıda söylədiyimiz kimi mətndə intonasiya sakitdir,
ancaq bu sakitlik Əhmədin bəlkə bütün şeirlərində
olduğu kimi qəhərini içinə çəkmiş,
susmağı danışmaqdan üstün tutan bir adamın
lallığıdır. Hər bir misra əsrlər
boyu, eyni zamanda bir anın içində talan edilmiş, viranə
qalmış yeri, məkanı nişan
verir: Azan səsi vardı, şəhər yoxuydu. Bu intervalda
daxili güc, həmin o qəhərin içə çəkilməsiylə
hər yer, məkanın bütün əsas koordinatları
aydınca görünür və qəribədir, Əhmədin
bu tipli misralarında zamanın sıxılması hesabına
məkan aydınlaşan kimi torpağın üzərində
ilk qarı, onun təmizliyini, qorxulu, insanın
ömrünü biçən nağılların
yarandığı, gəzib-dolaşdığı
dağların ardını görürsən: solğun
üzün solğunluqdan toxuydu... Sonra:
gümüşüydü plaşın, ya ağıydı,
dan yeritək oturmuşdu əynində, - daha bir
aydınlaşan mənzərə: burdan başqa bir şairin
şeirinə keçid edilir - assosiativ, həm də dilin
gizli sözlərinin (bayaq dediyimiz kimi, artıq qədimlərdə
qalan, sənin yaddaşından silinmiş sözlər...)
körpü saldığı mətn. Bir yamacın
döşünə uzanıb göylərə baxırsan, hər
gecə yuxularına girən nəsnəni orda o qədər
axtarırsan ki, birdən aydınlaşmış kimi olar və
sən yer boyda olarsan, üfüqlər çəkilər...
Əhmədin bu mətndə sitat verdiyimiz axırıncı
şeirində də var bu: Yum gözlərini - görərsən
göylərdəsən // Yasəmən qoxulu göylərdə...
Bizim dildə yazılan mətnlərdə həmin keçidi
gerçəkləşdirən indi işlətdiyimiz sözlər
deyil, əksinə, məhz haçansa yaddan
çıxardığımız, hər dəfə mətnlərin
qapısına gələn, qəhərini içinə
çəkmiş sözlərdir:
Gözlərimi
bağlasalar belə
tanıyıb taparam səni
qırx
qız içindən,
ayağının səsindən,
əllərinin təmasından,
nəfəsindən, nəfəsindən
tanıyaram səni.
Bir kor
evinin daş-divarıtək,
Qapısının
cəftəsitək
Tanışsan
əllərimə...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.7.