Maye işıqda Ruh axtaran Loğman
Paşa Qəlbinur-70
"İnsan
həqdən qopmuş nur parçasıdır"
Hürufilər
Bütün zamanlarda hər bir xalqın, millətin və
dövlətin taleyində ona şərəf gətirən
şəxsiyyətlər olub. Və belə şəxsiyyətlər
öz təvazökarlıqları ucbatından heç vaxt
gördükləri tarixi işlər üçün xalqa
minnət qoymayıblar, təmənnasız olaraq öz vətəndaşlıq
borclarını yerinə yetiriblər. Keçid
dövrünü yaşadığımız XX və XXI əsrlərin
qovuşuğunda Tanrının Azərbaycan xalqına -
türk millətinə və bütün dünya elminə bəxş
etdiyi belə şəxsiyyətlərdən biri, böyük
loğman, tibb elmləri doktoru, Əməkdar həkim, professor
Paşa İsmayıl oğlu Musayev - filosof şair, nasir və
esseist Paşa Qəlbinurdur.
Əslində, dünya şöhrətli cərrah-oftalmoloq
Paşa Musayevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Fəqət,
martın 30-da şərəfli ömrünün 70-ci ilini
qürurla tamamlayan Paşa müəllimin ömür və
tale, çətin və şərəfli əməl yoluna
müxtəsər nəzər salmaq lazımdır.
Paşa Musayev-Qəlbinur 1952-ci ilin yazında Şəmkirin
məşhur Çinarlı kəndində dünyaya gəlib. Burada orta məktəbi
medalla bitirərək Azərbaycan Tibb İnstitutunda (1968-1974)
təhsil alıb. S.M.Seçenov adına
Moskva Tibb İnstitutunun aspiranturasında təhsilini başa
vurub (1978-1981), akademik M.Krasnovun rəhbərliyi altında
"Gözün buynuz qişasının bulyoz
distrofiyasının yeni cərrahi üsullarla müalicəsi"
mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə
edib. 1983-cü ildə o zaman gənc alimlərə
verilən ən böyük mükafata - Ümumittifaq Lenin
Komsomolu mükafatına layiq görülüb. 1987-ci ildə Moskvada "Gözün
yarımkeçirici barterləri" mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək SSRİ-nin ən gənc
elmlər doktoru adını qazanıb. 1987-ci
ildən SSRİ Yazıçılar İttifaqının
(indi AYB) üzvüdür. Paşa Musayev
göz cərrahı - bu sahədə elmi kəşfləri
olan alim kimi müxtəlif beynəlxalq akademiya və
universitetlərin üzvüdür.
2000-ci ildə onun kəşf etdiyi yeni antivirus dərmanı
"Aktipol" 2002-ci ildə Brüsseldə ümumdünya
ixtiralar salonunda Qızıl medala layiq görülüb. 2003-cü ildə
Kembric Universitetinin keçirdiyi sorğuda "2000-ci ilin
intellektual alimi" adını alıb. Paşa
Musayev bir neçə dəfə çap olunmuş
"Göz xəstəlikləri" (müştərək)
dərsliyinin müəllifidir. Orqan və
toxuma transplantasiyasında yeni istiqamət müəyyənləşdirmiş,
göz müalicəsində "Musayev üsulu" dünya
göz cərrahiyyəsində uğurla tətbiq olunmağa
başlamışdır. O, bütün fəaliyyəti
ərzində 30 mindən çox uğurlu cərrahiyyə əməliyyatı
aparmış, 30 min insanı, sehrli
nağıllarımızda olduğu kimi, qaranlıq - zülmət
dünyasından işıqlı aləmə
çıxarmışdır.
Görkəmli loğman Paşa Musayev "təbiətin
tacı, yaranmışların əşrəfi" (Nizami Gəncəvi),
ən mürəkkəb və sehrli valıq olan insanın
fiziki varlığı ilə şair, yazıçı,
esseist Paşa Qəlbinur isə həmin insanın mənəvi
varlığı ilə məşğul olur. O, yaraları poeziya ilə də
sağaldır, şeirlərini və onlara bəstələnmiş
romantik nəğmələrin təsiri ilə ən
ağır cərrahi əməliyyatları ağrısız
aparır. Beləliklə, Paşanın
varlığında iki insan-alim Musayev və şair Qəlbinurun
qüdrəti var.
Mən
dünya şöhrətli cərrah - tibb alimi Paşa Musayevin
möhtəşəm fəaliyyəti haqqında gənc nəsil
üçün bu müxtəsər faktları qeyd etməklə
kifayətlənir və Azərbaycan fəlsəfi-intellektual
şeirinin, lirik psixoloji nəsrinin müəllifi, nadir istedad
sahibi Paşa Qəlbinur yaradıcılığına da nəzər
salmaq istəyirəm.
Paşa
Musayev 350-dən artıq elmi məqaləni, 4 monoqrafiyanın,
11 elmi ixtiranın, 5 şeir kitabının, 2 romanın, 1
esselər toplusunun müəllifidir.
Paşa Qəlbinur
"Ay bir əlçim buluddur" (1984), "Payız məktubu"
(1937), "Rəngli göz yaşları" (1990),
"İtmiş həsrət kimi" (1996), "Təbiət
poeziyanın fəlsəfi əyarı kimi" (2002),
"Ağlıma gələnlər başıma gəldi"
(2003) şeir kitablarının, "Qara su", "Göz
dağı" miniatür psixoloji romanlarının,
"İdrak ətri" (2013) fəlsəfi esselər
toplusunun müəllifidir.
Əsərləri dünyanın müxtəlif dillərinə
tərcümə olunub, xaricdə işıq üzü
görüb.
Mən Paşanın "Qara su" romanı
haqqında geniş bir məqalə yazıb, əsəri
psixoloji miniatür roman kimi dəyərləndirmişəm.
"İdrak ətri" esselər kitabına
ön söz yazmışam. Dəfələrlə
televiziya verilişlərində onun
yaradıcılığı və şəxsiyyəti barəsində
çıxış etmiş, alim və şair dostuma iki
şeir həsr etmişəm.
Yeri gəlmişkən, qeyd edim ki, Paşa Musayev-Qəlbinur
həmişə elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində
olub. Onun həyat və yaradıcılığı,
unikal şəxsiyyəti haqqında Aybəniz
Əliyevanın "Paşa Qəlbinur" (1996), Altay Məmmədovun
"Qəlbinur poeziyası XXI əsrin astanasında"
(1999), Əlizadə Əskərlinin "Fərdi üslubun
poeziyası" (2017) kitabları çap olunub, Aytən Heybətova
"Paşa Qəlbinurun poeziyası" mövzusunda fəlsəfə
doktorluğu dissertasiyası müdafiə edib (2022).
Cərrah
Paşa Musayevin istedadını, təfəkkürünü
idarə edən iki vasitə var: Göz və Əl. Bu iki
sözün birləşməsi bizim Oğuz ləhcəsində
ən ülvi, ən nəcib, fəlsəfi mənası ən
tutumlu kəlməni - Gözəl sözünü əmələ
gətirir. Paşa Qəlbinur dünyaya Paşa
Musayevdən əxz etdiyi bu sözlə nəzər salır,
o, hər şeyi gözəllik işığında
görür. Əslində, onun prezidenti və
obyekti Göz yox, Gözün içində görünən
Allah əmanəti - Ruhdur. Bizim El-də bir ağsaqqal
ağır xəstələnib son günlərini yaşayanda
"Gözünün nuru çəkilir", yəni Ruhu bədənindən
uğur deyirlər. Ruh bədəndən
çıxanda gözəl insan bədəni bir parça ətə
və sümüyə dönür. Bizim
idrakımızı da idarə edən, canlı edən məhz
bu gözəgörünməz ruhdur. Məsələ
burasındadır ki, Paşa Qəlbinurun qeyri-adi iti gözləri
Ruhu görə bilir. Mənə elə gəlir
ki, onun qələm, eləcə də müayinə cihazı
tutan əlləri də ruhu tuta bilir, çünki onun əllərindən
işıq axır, bu işıq elə ruhdur.
Mən bunu Paşanın bəzi şeirlərini, esselərini
və Cakondanın təbəssümü haqqında
yazdığı məqaləni oxuyanda hiss etmişəm. Paşanın
şeir kitablarından biri "Rəngli göz
yaşları" (1990) adlanır. O ruhu rəngli göz
yaşı şəklində görür. Hələ göz
yaşının sehri öyrənilməyib: niyə dərddən,
ağrıdan gələn öz yaşı ilə sevincdən
gələn göz yaşının rəngi fərqli olur?! Bu bir sirri-xudadır, hələ insanın nə
orqanizmi, nə də mənəvi aləmi kifayət qədər
öyrənilib.
Paşa Qəlbinurun şeirləri esse kimi, esseləri
şeir kimi, mən deyərdim ki, mənsur şeir tərzindədir. Buna əminlik
üçün təkcə onun gizli romantik sevgi ilə dolu
"Sən" essesini oxumaq kifayətdir.
Paşa nə alim, nə şair, nə də nasir kimi heç kəsə bənzəməyən unikal bir şəxsiyyət, milli ziyalılıq külçəsidir. O "Ağlıma gələnlər, başıma gəldi" şeirlər kitabına "Tanrım" adlı bir Ön söz yazıb və burada özünün şairlik haqqında olan fikirlərini şərh edib: "Sözün böyüdüyü ən böyük elm, Sözün içəridən işıqlandığı "İlahi nəğməsi Qurani-Kərim!.. Qışda açan qızılgüldü şairlər! Şairlər işığın içində gül aça bilər, ölüb, buludun ətəyində ruh biçimində yenilən dünyaya gələ bilər!.. göyə baxan gözəlin baxışlarının üstündə bir ilahi kəndirbaş kimi dayana bilər, əyninə işıq geyinə bilər, külün ləçəyində yeriyə bilər, şamın dodağında əriyə bilər, "İçində yanan işığın kölgəsi gözünə düşər".
Paşanın şeirlərinin əksəriyyəti bədii-fəlsəfi tutumludur. O, hər deyəndə şeir yazmır, sadəcə İlahinin qələmtutanıdı Paşa Qəlbinur, ürəyinin qapısı sevgiyə, gözəlliyə, dostluğa, bir də çox sevdiyi, ətəyində namaz qıldığı Söz-ə açıqdır həmişə...
Paşa "doluxsunmuş sükutun", "qəlbdə sayrışan işığın", "Göy qurşağının", "Dilə qonmuş sözün", "Tumurcuq tutmuş sözün", "balaca bıçaqla zülməti doğrayan" (Hidayət Orucov) şairdir.
Onun barəsində müasirləri belə deyib: "Görkəmli cərrah, şair, filosof, xeyirxah və qayğıkeş insan" (Sabir Rüstəmxanlı); "Paşa həmişə maraqlı olacaq. Çünki həqiqət "doqquz köydən qovulanda" yaradıcı insan elə bilir onuncu göy də var və onun axtarışına çıxır" (Hidayət Orucov); "Onun poeziyası məndə belə bir şam yaratdı ki, lazım gəlsə, mən öz gözlərimi onun cərrah bıçağına etibar edə bilərəm" (Ramiz Rövşən); "Türk ruhunun gözəl bilicisi" (Məhərrəm Qasımlı); "Şəxsiyyəti nurla dolu istedadlı şair" (Yusif Səmədoğlu); "Sözün işığında", "Barmaqlarının hakimiyyətində" yaşayan şair" (Rüstəm Behrudi); "Sözün gözlərinə barmaqlarının nurunu verən şair" (Vaqif Bayatlı Odər) və sair.
Paşanın şeirlərini gözəlliyi təkcə fəlsəfi məzmununda, sözə həssas münasibətində deyil, həm də lakonik-aforistik mahiyyətindədir. Onun romanları, esseləri kimi, şeirləri də adamı yormur, gözəl duyğular aşılayır, düşündürür, gözəlliyə təşnə hissi yaradır. O, bir şair kimi həssas müşahidəçi, dərd axtarıcısı, duyğusal insandır.
İtmiş həsrət kimi,
Uzaqdan gələn,
Güclə eşidilən hənirsən, ünsən,
Sən bahar deyilsən, bahardan əvvəl.
Qışdan sonra gələn yağmurlu günsən.
Bənövşə ləçəyində gəzmək arzusunda olan şairin "itmiş həsrət" obrazı beləcə yaranır.
Taleyin 10 illik qaranlığında
Titrəyən, titrəyən işıq görürəm
İndicə yuxuda
Yuxularımda
10 ildə min dəfə hamilə olan
Gəlin qucağında uşaq görürdüm
Uşaq ağlayırdı,
Mən hönkürürdüm.
Bu lakonik şeirdə "titrəyən" sözü iki dəfə, "yuxu" sözü iki dəfə, "ağlamaq", "hönkürmək" sinonimi iki dəfə təsadüfi, forma xatirinə təkrar olunmur, şairin sözə bələdliyindən, doğmalığından, mənanı (və ritmi!) qüvvətləndirmək niyyətindən irəli gəlir. Paşa Qəlbinur alim kimi real düşüncə adamıdır. Müzəffər Azərbaycan vətəndaşıdır, and yeri Vətən, Millət, Dövlət və Tanrıdır.
Fəqət, o, şair, yaradıcı kimi romantik, hətta mistikdir, yaşam və tale problemlərini həll edərkən müşkülə düşəndə mistik aləmə üz tutur. Yox, o, mömin deyil. Allahı sevir bütün dinlərə hörmət bəsləyir, fanatizmi müsəlman aləmi üçün nadanlıq bəlası hesab edir. Onun şeirlərində Ulu Tanrının surəti O şəklində verilir. "O" şeirində oxuyuruq.
Haqqım tapdananda, haqq danılanda
Uzaq-uzaq uzaqlardan
Yaxınlaşır bir Aləm!..
Gözlərim böyüyür göy üzü qədər
Onu görürəm!..
Paşa Qəlbinur lazım olanı cəmiyyətə, millətə səxavətlə verib... Artıq qeyd etdyim kimi o, təvazökar və təmənnasız bir adam, bütün mükafat və təltiflərdən yüksəkdə dayanan görkəmli alim, böyük ziyalı, bütöv şəxsiyyət, elə buna görə də elmi və ədəbi-ictimai cəmiyyətdə ağır nüfuz sahibi olan Türk oğlu türkdür. O, şeirlərində Vətənin, Millətin, Ananın və Dövlətin rütbəsini ucalardan uca tutur.
İşıq
olub
Damarında
axanım,
Kilim olum
Ayağında
tapdanım,
Ay Ana!..
Paşa Musayev-Qəlbinur nümunəvi ailə sahibi, Vətən
əxlaqını və ailə kultunu sədaqətlə
qoruyan bir türkdür. Xatunu Afaq xanım ziyalı ailənin
övladıdır, oğlu Tural atasından da məşhur
göz cərrahı - tibb elmləri doktoru, bacısı da
tanınmış göz həkimi, qızı Ayan da oftalmoloqdur.
Hərdən zarafatla Paşaya deyirəm ki, fədakar
xanımlarımız olmasaydı biz yaxşı alim və
ziyalı ola bilməzdik. Şair
"Qızım Ayana" şeirində deyir:
Bəbəklər
Allahın göyərçinləri,
Uçub gözlərinə qonubdu, qızım.
Gözlərim
işıqdan alışar, yanar
Gözlər ürəyimin çaxmaq daşıdı.
Mənim
gözlərimdə övladlar ana,
Atalar,
analar övlad yaşıdı...
Paşa Qəlbinurun poetik təşbih və
metaforaları da onun yaxın tanıdığı, qəlbən
sevdiyi gözlə bağlıdır. Əgər Paşa haçansa, kimisə
sevibsə, mütləq gözlərinə görə sevib...
Əgər
dostu olaraq mənə desələr ki, cəmisi bir sözlə
Paşa Qəlbinurun obrazını yarat, onda tərəddüd
etmədən deyərdim: Mərhəmət!
Cərrahlar bir qayda olaraq əvvəlcə heyvanlar üzərində
əməliyyat aparırlar. Paşa bu olaya bir
şeir həsr edib. Orada belə misralar yer alır:
Göz
yaşınız əllərimi
yandırsa da,
Neçə könül dağladım.
Göz
yaşınız
"Nur
dağına"
Çevrilincə, ağladım.
Hər bir şairin ləyaqəti onun Eşq, məhəbbət
haqqındakı şeirlərindən daha aydın
görünür. "Səninçün mən elə
darıxmışam ki..." şeirində Paşa səmimiyyətlə
deyir:
Səninçün
mən elə darıxmışam ki,
İldırım
çaxanda şimşəkdən tutub
Durna
qatarında əriyə billəm...
Göylərin
bağrında göy qurşağının
Qızıl qübbəsində yeriyə billəm.
Çinar
yarpağının damarlarıyla
Qan axır, səsini eşidirəm mən.
Paşa tizfəhm insan və şairdir, onun əsərləri
nəcib, incə bir fəhmin nəticəsidir. Dahi "qəlb
şairi" Füzuli "dərk et" demirdi, "fəhm
qıl" deyirdi. Fəhm idrakdan
çox-çox güclü və dərindir.
"İşıqları
söndürüb
Qaranlığı
yandırsan"
Barmağımın
ucunda
Bir bəzəkli
kəpənəyin
Qanadında gələcəm.
Qanımdakı
İşığın
yaddaşında
Yoxumu
sevib gələcəm
Həyətdəki
qızılgülün
Şehini içib gələcəm.
Beləcə, Paşanın şeirlərini misra-misra ilmələmək
olar və o zaman aydın görünər ki, şair Azərbaycanı,
onun vətəndaşlarını hansı psixoloji mərtəbədən
tərənnüm və təqdim edir.
Paşa Qəlbinurun
bir özəl, fenomenal xüsusiyyəti də var: o, insan ətrini
həssaslıqla duyur və qiymətləndirir.
Kriminalistikada hər adamın barmaq izləri fərdi
təkrarsız olduğu kimi, insanların da hərəsinin
özünəməxsus ətri var, bunu qadınlar
yaxşı duyur. Paşa Qəlbinurun "Qara su"
romanında belə bir epizod var: Gənc qız oğlu Birinci
Qarabağ müharibəsində itkin düşmüş
qonşusu olan anaya bir xarici ətir bağışlayır. Ana ətiri açıb iyləyir və heyrətdən
dəhşətə gəlir, ətirdən oğlunun iyini
duyur. Əsərdən sonra məlum olur ki, vəhşi
- faşist xislətli ermənilər əsir
düşmüş oğlanı hansısa bir xarici şirkətə
satıblar və həmin şirkət onun ətindən və
sümüyündən ətir düzəldib...
Dünya
şöhrətli cərrah-oftalmoloq, təmiz qanlı
türk, professor Paşa Musayevin - şair, romanlar müəllifi,
esseist Paşa Qəlbinurun yarım əsrlik elmi, bədii-fəlsəfi
yaradıcılığı fundamental monoqrafiyanın obyekti və
mövzusudur.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.10-11.