Onun sarı bənizi
Hekayə
Bir ukraynalı uşaq Ukraynadan təxliyə
olunanlara qoşularaq ağlaya-ağlaya Polşaya gəlib
çıxmışdı...
İnternet xəbərlərindən
Yol bitmir ki. Atasız yol belə uzun olurmuş. Anasız lap uzun. Qabaqda gedən qadın
uşağının ayağını
ovxalayanda mənim də ayağım ana əli istədi.
Özüm ovxaladım, olmadı.
Ana əli istəyirmiş.
Hardan alım ananı? Öldürdülər. Atam da anamı dəfn edəndən sonra məni şəhərdən çıxan
adamlara qoşub, özü döyüşməyə
getdi. Qəhr olsun uşağlığı.
Mən axı niyə uşaq oldum?! Böyük olsaydım, çıxardımmı
ölkəmdən?! Bu
adamların üzünə
necə baxacam?! Polyak uşaqları mənə
güləcək. Vətənini
qoyub, bizə sığınmağa gəlib
deyəcəklər!..
Əslində, elə buna görə
ağlayıram. Anamın ölməsindən çox, evimizin yanmasından çox, atamdan ayrılmağımdan
çox, Vətəni
tək qoyub gəlməyim yandırır
məni. Mən burda tək qalıb ağladığım
kimi, o da orda ağlayır... Şəhərimizin küçələrində
ölmüş adamların
yaralarından axan qan deyil ki!
Qan deyil. Bizim Ukraynanın adamının
qanı çıxmaz
indi. O küçələrdə
axan Ukraynanın göz yaşlarıdır...
Bizim qanımız qırmızı
ola bilməz.
Bizim qanımız sarıdır... Mənim bənizim kimi.
Olyanın saçlarının rəngi kimi. Bayrağımızdakı sarı
kimi...
Olya... Sən indi hardasan? Sənin də bənizin saralıbmı? Məktəbimizi vurdular, Olya. Xadimə həyətdə yıxılmışdı.
Qanı axmırdı, Olya. Atamdan soruşdum, dedi faşistlərin acığına bizim qanımız axmayacaq. Qanımız axsa, ölərik
axı. Amma ölmürük.
Atam dedi ki, gündüz ölənlərin hamısı
gecə dirilib, Kiyevi qorumağa gəlirlər. İnanırsan, Olya?! Ölülər
də vuruşur orda...
Olya, demə ki, Kiyevdə
qalıb Molotov kokteyli
düzəldənlərə yardım edirsən... Ürəyim
partlayar axı, Olya. Atam məni aldatdı.
Dedi ki, sən əgər təxliyə olunanlara qoşulub Polşaya getsən, anan da dirilib Kiyevin
müdafiəsinə gələcək...
Ona görə gəldim bura, Olya...
Demə
ki, barrikadadasan, demə ki, Molotov kokteyli düzəldirsən...
Noolar demə...
- Niyə ağlayırsan, oğlan? Qorxursan? Acsan? Bəs atan-anan hardadır?
- Mən ağlamıram! Ukraynalılar ağlamaz!
Biz... Biz... Mən gəlməzdim,
əgər anam dirilib Kiyevin müdafiəsinə getməsəydi...
Üüüüü-ühü.... Üüüüüüü...
- Ağlama, nə olar, ağlama... Gəl səni qaçqınlar şöbəsinə
təqdim edim...
- Mən qaçqın deyiləm!.. Mən bura müvəqqəti
gəlmişəm... Ordumuz
Kiyevdən rus faşistlərini qovan kimi geri dönəcəyəm...
- Çantan ağırdır?
Nə var içində? Ver, kömək edim...
- Olmaz. Orada bizim
ailənin sənədləri
var. Mənim dərs kitablarım var... Bir də... Bir də Üüüüü-ühü.....
Üüüüüüüü...
- Bənizin də sapsarı olub... Yəqin, acsan... Qorxma...
- Yox! Qorxmuram! Ukraynalı qorxmaz!.. Bənizimin saralması bizim bayrağın yarı rəngidir... Yarısı
da göylərdədir...
bax, ora - göylər... gömgöy...
Çantamda bir də bilirsən nə var?! Ukrayna bayrağı!
O, çantasını açdı,
sarılı-göylü bayrağı
çıxarıb köksünə
sıxdı və daha bərkdən ağlamağa başladı.
Sərhəddəki bütün insanlar
ona qoşulub ağlayırdılar.
Az sonra o dikəldi. Bayrağı yuxarı tutub qəhərli-qəhərli oxumağa
başladı:
He ne vmerla Ukra¿ni i slava, i volə,
He nam, brattə molodi³¿,
usm³xnetğsə
dolə...*
Ukrayna-Polşa sərhəd keçid
məntəqəsindəki minlərlə adam
bir ağızdan oğlanın dediklərini
avazla təkrarlayırdı...
Danışırdılar ki, balaca qəhrəmanımızın
sinif yoldaşı Olya oğlanın anasını gecə, həqiqətən Kiyevin müdafiəçiləri arasında
görübmüş.
07.03.2022
* - Ukraynanın himninin
sözləridir.
Mənası: Ukrayna hələ
məhv olmayıb, hünərli və iradəliyik,
Gənc
qardaşlar, biz həm
taleyin gülüşünü
bölüşəcəyik...
Azad QARADƏRƏLİ
Ədəbiyyat qəzeti.- 2022.-
19 mart.- S.13.