XXI əsrin
Konan Doylu
- Çingiz Abdullayev
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatından bəhs
etdikdə ilk qeyd edəcəyimiz məqam bu dövr ədəbiyyatının
daha öncəki mərhələlərdən əsaslı
şəkildə fərqlənməsidir. Azadlığın,
müstəqilliyin qazanılması,
bu yolda verilən qurbanlar, 20 Yanvar və Xocalı faciələri,
I Qarabağ müharibəsinin
ağrıları, keçid
dövrünün keşməkeşləri,
iqtisadi və mədəni quruculuq, öz gücümüzlə
suveren dövlət kimi dünya miqyasına çıxmaq
yolunda addımlar, 44 günlük Vətən müharibəsinin zəfəri
bu dövr ədəbiyyatının mündəricəsini
müəyyənləşdirir. Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatına
kompleks halında nəzər saldıqda bədii mətnlərdə
izlənən əsas
xətləri bu şəkildə qruplaşdıra
bilərik:
* 70 illik əsarətdən sonra müstəqilliyin qazanılması prosesinin,
yeni tarixi dönəmin əksi;
* Qarabağ ağrılarının,
müharibə,vətənpərvərlik
və zəfər notlarının bədii həlli;
* Yeni ədəbi meyil və cərəyanların
Azərbaycan variasiyalarının
meydana çıxması;
* Müasir çoxqatlı mətnlər vasitəsilə
milli folklor, etnik kök və klassik ədəbiyyatla əlaqənin
yaradılması;
* Tarixi keçmişin bədii mətn vasitəsilə realizə
olunması və soykökə qayıdış;
* Detektiv janrının plüralizm şəraitində
intensiv inkişafı
və janrın milli variasiyasının formalaşması.
Müstəqillik dövrü ədəbiyyatımızda
əsas müzakirə
mövzusu olan məsələ yaranan bədii nümunələrin
dünya arenasına çıxması prosesidir. Bu baxımdan ilkin etapda əsas məqam dünya oxucusunu maraqlandıra biləcək mətnin yaradılmasıdır. Oxucu üçün
əsərin maraqlı
olması üçün
spesifik bədii üsullardan istifadə mütləqdir. Bu baxımdan əsərdə
qədim, məlum mifoloji mətnlərin reinterpretasiyası, arxetipik
motivlərin yeni formatda işlənilməsi,
məlum kanonik mətnin dekonstruktiv variantının yaradılması,
sirli-fantastik səyahət
motivinin mövcudluğu
və macəravi, detektiv süjetin təqdimi bu məqsədin reallaşmasına
imkan verir. Bu baxımdan Azərbaycan
detektiv ədəbiyyatının
nümunəsində müasir
ədəbiyyatımızın dünyaya çıxışı
Çingiz Abdullayevin timsalında gerçəkləşib.
İsa Həbibbəylinin də qeyd etdiyi kimi,
"Çingiz Abdullayevin
yaratdığı cəlbedici
detektiv əsərlər
silsiləsi bu janrın mükəmməl
nümunələridir. İndiki səviyyədə Çingiz
Abdullayev detektiv janrın dünya ədəbiyyatındakı əsas
yaradıcılarından biridir".
İlk kitabı
olan "Mavi mələklər" 1988-ci ildə
nəşr olunan Çingiz Abdullayev öz əsərlərini
əsasən rus və ingilis dillərində yazır. Müəllifin mətnlərinin reallaşdırdığı
dil və həmin mətnlərin milli mənsubluq məsələsi ədəbiyyatşünaslıqda
daim gündəmdə
olan, müzakirə predmetinə çevrilən
məsələdir. Bu
baxımdan milli ədəbiyyatın meyarları
sırasında dillə
yanaşı, yazıçının
milli mənsubiyyəti
də öz yerini alır. Ədəbiyyatımızda tarixən də,
müasir dövrdə
də əcnəbi dildə yazan, lakin öz əsərlərində
milli düşüncəni,
milli təhtəlşüuru
reallaşdıran yazarlarımız
olmuşdur. Fikrimizcə, bədii mətnin milliliyinin əsas meyarı dildən də öncə ədəbi nümunənin
öz içində ehtiva etdiyi təhtəlşüur
elementləri, etnik yaddaş, vətən sevgisidir. Xalq yazıçısı Çingiz Abdullayevin bədii əsərləri
məhz bu millilik elementləri ilə oxucuların diqqətini cəlb edir və o, məhz Azərbaycan yazıçısı kimi
dünya bədii arenasında tanınır.
Çingiz Abdullayevin əsərlərini əcnəbi
dildə yazması ona dünya oxucusunu Azərbaycan ədəbiyyatı ilə
tanış etmək imkanı verir. İlqar Fəhmi "Çingiz Abdullayev - bizim əbədi Dronqo" məqaləsində Çingiz
Abdullayevin dünya detektiv ədəbiyyatında
mövqeyinə toxunaraq
yazır: "Və fəxrlə deyə bilərik ki, həmyerlimiz, Xalq yazıçısı Çingiz
Abdullayev də məhz bu yeni
janrlardan birinin, yəni siyasi detektivin yaradıcılarındandır".
Detektiv janrın
ədəbiyyatımızda ilkin nümunələri
XX əsrdə yaranmışdır. Həsən
Seyidbəylinin "Cəbhədən
cəbhəyə", Cəmşid
Əmirovun "Qara Volqa", "Brilyant məsələsi", Əlisəfa
Azayevin "Gecəyarı
sui-qəsd", "Gizli
əməliyyat" əsərləri
janrın inkişafının
ilkin etapını təmsil edirdi. Bəhs edilən əsərlər
sovet ədəbiyyatı
nümunələri kimi
dövrün siyasi-ictimai
tələblərini özündə
ehtiva edirdi. Bununla yanaşı, həmin əsərlərin bu gün də oxucular tərəfindən
sevildiyini, təkrar-təkrar
oxunduğunu qeyd etməliyik. Detektiv mətn
yaratmaq istəyən yazıçının ədəbi
mətn formalaşdırma
prosesi olduqca mürəkkəbdir. Detektiv yazarı
janrın bədii tələblərini bilməklə
yanaşı, geniş
dünyagörüşünə, həyat təcrübəsinə
malik olmalıdır.
Şübhəsiz ki, Çingiz
Abdullayevin keçdiyi
həyat yolu, ixtisasca hüquqşünas
olması da onun bu sahədə
uğur qazanmasına səbəb olmuşdur.
Detektiv əsərin uğurunu təmin edən əsas faktor onun oxucunu inandırma
gücüdür. Oxucu mətnə
aludə olmalı, mətnin təqdim etdiklərinə inanmalıdır.
Çingiz Abdullayevin detektiv əsərlərində
bu inamı təmin edən bütün faktorlar mövcuddur:
* möhkəm, ardıcıl məntiq,
* hüquq elminə,
kriminalistikaya bələdlik,
* psixologiyaya enmə
qabiliyyəti,
* tarix, etnoqrafiya,
incəsənət sahəsinə
ensiklopedik bilik,
* şəxsi təcrübə, geniş
dünyagörüşü.
Çingiz Abdullayevin əsərlərinə
nəzər saldıqda
yazıçının mövzu
və məkan dairəsinin genişliyini müşahidə edirik. Onun
"Ləğv edilmiş
mərasim", "Alçaqların
qanunu", "Quba kapriççiosu" əsərlərində
məkan Azərbaycan olduğu halda, "Döyüşçü yolu",
"Andorra sevməli və
ölməli yerdir",
"İrodun kölgəsi",
"Etiraflar vadisi",
"Transilvaniya səfəri"
əsərlərində hadisələr
müvafiq olaraq Yaponiya, Andorra, Rusiya, İndoneziya və Rumıniyada cərəyan
edir. Qeyd etməliyik ki,
sadaladığımız nümunələr
Çingiz Abdullayevin əsərlərinin coğrafi
arealını tam əhatə
etmir, sadəcə, bir nümunə xarakteri daşıyır.
Çingiz Abdullayevin detektiv əsərlərinin mövzu
dairəsi də rəngarəngliyi ilə diqqəti cəlb edir. Onun bir sıra əsərləri üçün
seçdiyi mövzular
ədəbiyyatımızı xarici dildə təmsil edən vətənpərvər yazıçımızın
milliliyini vurğulayır.
Yazıçının Qarabağ
hadisələrindən bəhs
edən "Kriminal komediya", "Şəxsi
həyatın etüdləri",
"Şərəfsizliyin qiyməti", "İnsan
ovu" əsərləri
bu qəbildəndir.
Detektiv əsərin
baş qəhrəmanının
seçilməsi həmin
əsərin ümumi
siqlətini və gələcək bədii
taleyini müəyyənləşdirən
əsas amildir. Dünya
detektiv ədəbiyyatı
tarixində Erkül Puaro, Şerlok Holms, Komissar Meqre, Miss Marpl, Ceyms Bond kimi obrazlar onları
yaradan yazıçılara
dünya şöhrəti
bəxş etmişlər.
Bu gün də
həmin obrazlar oxucuların sevimli qəhrəmanlarıdır və
kino industriyası tələbata uyğun olaraq bəlli süjetlərin yeni ekran variantlarını tamaşaçıya təqdim
edir. Azərbaycan
detektivinin ilkin variantlarında - Həsən
Seyidbəylinin "Cəbhədən
cəbhəyə", Cəmşid
Əmirovun "Qara Volqa", "Brilyant məsələsi" romanlarında
əsərin baş qəhrəmanı dövrün
tələbinə uyğun
olaraq orqan işçisi, milis idi. Daha sonralar Əhmədağa
Muğanlının "Tikanlı
məftillər" povesti,
"Doğma sahillər"
filminin ssenarisi ilə detektiv ədəbiyyatımıza təhqiqatçı-sərhədçi
obrazları gəlir.
Əks-kəşfiyyatçı, çekist obrazları
Musa Qocayevin "Qanlı
çinar", "Qartal
balası" əsərləri
ilə ədəbiyyatımızda
yaşamaq hüququ qazandı. Çingiz Abdullayevin bir
sıra detektiv əsərlərinin təkrarlanan
obrazı Dronqo adlı çekistdir.
Çingiz Abdullayev bu obrazla Azərbaycan ədəbiyyatında detektiv
seriyasını yaratmaqla
yanaşı, hipertekstuallığın,
XXI əsr ədəbiyyatının
simvolu olan hipermətnin yeni nümunəsini yaratmışdır.
Dronqo ilə bağlı romanlar silsiləsinin əsasında filmin ekanlaşdırılması da
buna bariz nümunədir.
Dronqo XXI əsrin
detektivinin bədii obrazıdır. Çingiz Abdullayevin sevimli qəhrəmanı ensiklopedik
biliyə malik, güclü müşahidə
qabiliyyəti olan, analitik düşüncəsi
ilə Şerlok Holmsu xatırladan, Komissar Meqre kimi nəzəriyyəçi
tutumlu, yüksək fiziki hazırlığı
ilə seçilən
bir şəxsdir. Onun özünəməxsus təhqiqat
üsulları və üslubu var. Dronqo yalnız detektiv kimi qabiliyyəti ilə deyil, xarici görünüşü
ilə də oxucunun diqqətini cəlb edən bir obrazdır. Qeyd edək ki, öncəki
detektiv mətnlərimizdə
əsas obrazın xarici görünüşündə,
geyim tərzində spesifik keyfiyyətlər izlənmirdi. Buna səbəb sosrealizmin
"eynilik, bərabərlik"
prinsipi idi. Dronqo oxucunun qarşısına
zövqlü bir centlmen kimi
"Valentino" kostyumunda, "Balli" ayaqqabılarında
"Farenqeyt" parfümü
ilə ətirlənmiş
şəkildə çıxır.
Bu xarici atributlar
bir detektiv kimi Dronqonun simvollarıdır. Şerlok Holmsun
qəlyanı və skripkası, Erkül Puaronun əsası və panaması simvola çevrildiyi kimi, Dronqonun da geyim tərzi
yeni dövrün detektivinin simvoluna çevrilib.
Çingiz Abdullayevin ciddi faktoloji və publisistik qatlara dayanan detektiv əsərləri bəhs
etdiyi dövrün ictimai-siyasi mənzərəsini
obyektiv əks etdirir, XXI əsrin detektiv ədəbiyyatının
Azərbaycan versiyasını
dünya miqyasında təmsil edir.
Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.14.