Sayman ARUZ: "Ədəbiyyatdan
böyük meydan yoxdur"
"Fikir bucağı" layihəsinin
qonağı şair, yazıçı Sayman Aruzdur
- Sayman bəy, istərdim oxuculara
sözlə, ədəbiyyatla ilk
tanışlığınız barədə
danışasınız...
- Şəhriyarın
qəşəng bir sözü var: "Şair ola bilməzsən
anan doğmasa şair...". Mən elə
gözümü açandan eyni xətt üzrə
böyüyən, inkişaf edən adam
olmuşam. Sinifdə bütün uşaqların
inşasını yazan, ən yüksək balı
həmişə ədəbiyyatda, inşada alan, bütün
klassik və ya modern şeirlərin hamısını əzbərləyən,
danışığında onlardan istifadə edən - bu
proses uşaqlıqdan məndə olub. İndiki Saymanla
qırx il bundan əvvəlki Sayman
arasında sadəcə yaş fərqi var. Doğrudan da,
anadangəlmə şairəm, ədəbiyyat həvəskarı,
ədəbiyyat fədaisi, bax, beləyəm. Sadəcə,
indi mühit dəyişib, yaş dəyişib,
düşüncələr dəyişib, bax belə...
- Uşaq yaşlarınızda
xiyabanda kitab satmısınız. O dövrün mühiti necə
idi?
- Sulduzun
o dövr mühiti çox qaranlıq və qorxulu bir mühit
idi. Çünki İran-İraq savaşı bir tərəfdən,
terror aktları, müxtəlif hücumlar və s. Yəni çox
qəribə bir mühit idi, digər tərəfdən
İran inqilabının təzəcə qalib gəldiyi bir
vaxt idi və sol təfəkkürlü, Avropa meyilli
kitabların hamısı qadağan idi. Kimin əlində
o cür kitabları tuturdularsa, həbsə atırdılar,
çox ciddi ittihamlarla. Adi bir disk əlində
tutsaydılar belə, hansısa bir mahnı diski olsa belə səni
həbs edirdilər. Yəni o dönəmdə
təsəvvür edin ki, mənim atam necə böyük cəsarət
və şərəf sahibidir ki, məni o yola sövq etdi.
Mənim bir balaca arabam var idi, onu da atam düzəltmişdi
mənə. Arabamın qabağına da
yazmışdım: "Saymanın səyyar
kitabxanası". Bir qutunun içinə
doldururdum kitabları, üst-üstə yığıb,
küçədə satırdım. Gizli
kitabları da qoyurdum ayrı bir qutuya, həmin qutunun da
üstündə otururdum. Kim istəyirdisə,
həmin o gizli kitablardan çıxarıb verirdim. Uşaq idim, heç düşünmürdüm ki,
məni həbs edə bilərlər, qorxmurdum ki, cəzalana
bilərəm. Kitablarımın əksəriyyəti
sol təfəkkürlü kitablar idi. Marksın
"Kapital" kitabı, Engelsin düşüncələr
kitabı, Avropa ədəbiyyatından Oskar Uayldın kitabları
və s. daha məşhur idi. Halbuki bu
kitablar o dövr qadağan olunmuş kitablar idi.
- Bu o dövr üçün
çətin addımlar idi. Başqa hansı
çətinliklərlə qarşılaşmaq olardı?
- Mən
o vaxtlar böyük risklər eləmişəm. Hətta
yadıma gəlir, bir ara biz çox ciddi həbslə
üz-üzə qaldıq. Onda hələ balaca
idim və təbii olaraq atam daha çox təhlükə ilə
üzləşirdi. Yadıma gəlir ki,
bir gün atam həyətdə quyu qazdı və
bütün kitabları ora doldurub basdırdı. Dedim,
ay ata, niyə belə edirsən? Atam
qayıtdı ki, bala, narahat olma, kitab da tum kimidi, hara
basdırsan, ordan nəsə cücərəcək. O
vaxt təhlükəsizlik orqanları gəlib bizim evi
yoxladılar, axtarış apardılar, ancaq heç nə
tapa bilmədilər. Bilmədilər ki, torpağın
altında kitablar göyərirdi...
- Bütün bu proseslər sizin
yaradıcılığınıza necə təsir etdi?
- Bu
proseslər məni bir az da gücləndirdi.
Təbii ki, döyüşkən, mübariz,
eyni zamanda öz yoluna imanla baş qoyan insan, mövqeyi dəyişməyən
insan o hədələrdən, qorxulardan sarsılmaz.
Əksinə, bir az da möhkəmlənər.
Mənim atam çox möhkəm adamdı,
çox mütəfəkkir adamdı. Ona
o qədər təzyiqlər, basqılar oldu, o bir dəfə
də olsun mənə bunu bildirmədi. O, həmişə
mənə deyib ki, biz bunları ona görə qəbul edirik
ki, sən müvəffəq olasan. Bizim ailənin, nəslin,
bütün Sulduzun ümidi mənə idi... O basqı,
sıxıntı altında yaşayan xalqın səsi idim... Bizə hökümət tərəfindən
basqılar olsa da, xalq həmişə bizə dəstək
olub. Atamın mağazası bir ocağa
çevrilib. Yəni xalq hər gün atama baş
çəkir, onun əhvalını öyrənir, bir köməklik
lazım olub-olmadığını soruşurdular... Biz də bu yola əbədi baş qoymuşuq.
Belə deyim, mən bu yolu seçməmişəm, yol məni
seçib...
- Dərgilərdə, qəzetlərdə
çap olunmaq, yazmaq, bu istiqamətdə vəziyyət necə
idi? Hal-hazırda necə
görürsünüz?
-
Hal-hazırda elə bir dərgi, qəzet yoxdu. Bizim
gənclik dövründə müəyyən qədər
imkanlar var idi. "Yarpaq",
"Yaşmaq", "Şərq" kimi bir çox dərgilər
vardı. Ancaq indi belə bir ənənə
qalmayıb. Ümumiyyətlə,
müqayisə aparsaq hər iki tərəfdə olan gedişlərlə
bağlı heç müqayisə etmək belə
düzgün deyil. Burda müstəqil bir
dövlət var, orada isə belə bir şərait yoxdu.
Ona görə də mən həmişə deyirəm, əgər
biz Cənubi Azərbaycandakı soydaşlarımızı
vaxtında himayə edə bilməsək, xüsusilə də
cəmiyyətin mütəfəkkir şairləri,
yazıçılarını vaxtında ələ ala bilməsək,
dövlətin himayəsini göstərə bilməsək,
vaxt gələr həmin zümrə düşmənin təbliğatı
nəticəsində bizə qarşı çıxa bilərlər.
Vaxtilə başımıza gələn bəlaların
böyük əksəriyyəti öz içimizdə olan
manqurtların əli ilə həyata keçirilib. Onun da səbəbi vaxtında lazımi işlərin
görülməməsi, həmin ziyalılara diqqətin
göstərilməməsidir. 60 milyonluq xalqıq... Bunu
keçən dəfə bir tədbirdə də dedim. Həmin
tədbirdə çox adam var idi. Mədəniyyət
Nazirliyindən, Təhsil Nazirliyindən, Prezident köməkçilərindən
və s. adamlar var idi. Dedim ki, biz 60 milyonuq. Hamımız
da ana dilimizdə danışırıq. Sadəcə
olaraq on milyonumuzun ana dilində təhsil almaq imkanı var...
- Bunun səbəblərini nədə
görürsünüz?
- Biz Vətən
dilində danışmağı
yadırğamışıq. Bizə Vətən
dilinin təbliğatı lazımdı. Vətən
maraqları, Vətən yolu, Vətən müqəddəsliyi,
həmrəyliyin vacibliyini çatdıra bilmək. Yəni
cənubda biz deyə bilmirik ki, niyə Azərbaycan
yaxşıdı... Deyirlər ki, yaşayırıq da,
qazanırıq da... Düşünmürlər ki, ac olasan,
ancaq azad olub yaşayasan, nəinki kölə kimi
yaşayasan... Ona görə də Vətən
dilinin təbliğinə ehtiyac var. Biz bu gün gərək
soydaşlarımızı himayə edək, ictimai
şüur onların arxasında olmalıdır. Mən
illərdi bu məsələ ilə bağlı
danışıram, mübarizə aparıram, müxtəlif
və davamlı basqılarla rastlaşıram... Ancaq məqsədim
və yoluma iman etdiyim üçün Bəzz qalası kimi
dayanıram, dözürəm...
- Dövlət diqqəti necə
olmalıdır bu məsələlərdə?
- Təbii
ki, mən dövlətin öz üzərimdə himayəsini,
diqqətini yüksək qiymətləndirirəm. Elə fürsətdən istifadə edib, təşəkkürümü
bildirirəm. Bu gün dövlət diqqəti
olmasaydı, biz bunları qeyd edə bilməzdik, nə Sayman
burda olmazdı, nə də Saymanın "Körpü"
verilişi olmazdı və s. Demək ki, bu diqqət və
himayə var. Burada iki detal var: bir cənubdan bura kimi normal
kadrların hazırlanması, tutaq ki, dövlətimiz kimisə
Cənub məsələsi ilə bağlı harasa yerləşdirmək
istəyir. O kadr isə yoxdu. Biz həmin
kadrı ya bura kimi yetişdirməmişik. Ki onun da günahı özümüzdədi. Ya da bura kimi yetişdirməyiblər ki, biz ondan dərs
alıb, bu gün özümüz kadrlar yetişdirək.
İkinci məsələ, biz cənab Prezidentin
sözünü özümüzə əsas götürməliyik.
Biz qorxaq siyasət yürütmürük.
Hər hansı bir xarici mənbəyə
asılılıq yoxdu bizim siyasətimizdə, müstəqil
siyasət yürüdürük. Bizim
dünya azərbaycanlılarının həmrəylik
qurultayımız var, "Həmrəylik günü"
bayramımız var. Demək ki, dünyada yaşayan
soydaşlarımızla bağlı məsələlərdə
də müstəqil və ciddi mövqe ortaya qoya bilərik.
Biz bunu etməliyik.
- Ədəbiyyat həm də
təbliğ etmək üçün bir vasitə deyilmi?
- Gecə-gündüz təbliğatla məşğulam,
ancaq tək mənimlə iş bitmir axı... Milli Məclisdə
Azərbaycanda yaşayan bir sıra icmaların nümayəndələri
var, etnik qrupların belə nümayəndələri var... Səttarxanın evinə kimi yıxdılar, tarixi
abidələrimiz məhv olur. Bağırxanın
məzarı bu gün Rey şəhərində hansısa
bazarın ortasında camaatın ayağı altındadır.
Hər gün minlərlə insan
Bağırxanın məzarını tapdalayır. Ərk qalasını dağıtdılar. Bir dənə olsun abidəmiz qalmadı. Urmu gölünü bilərəkdən qurutdular.
Xalqımızın ana dilini əlindən alıblar.
Bu kimi məsələləri kim deməlidir?
Qurduğumuz müstəqil dövlətimiz
dünyada yaşayan 60 milyondan artıq azərbaycanlının
dövlətidir. Bütün beynəlxalq
qanunlar bizə tərəfdir. Bu kimi məqamları
həmişə diqqətdə saxlamalıyıq.
- Cənubi Azərbaycan ədəbiyyatından
söz düşmüşkən, niyə məhz Şəhriyar
daha çox yadda qalıb? Bu nə ilə
bağlı ola bilər?
- Bu da təbliğatla
bağlı məsələdir. Şəhriyardan
da güclü şairlər olub. Səhəndin
şeirləri Şəhriyarın şeirlərindən zəif
deyil ki. Sadəcə olaraq Şəhriyar
"Heydərbabaya salam"ı kifayət qədər təbliğ
edilib. Şəhriyar dönəmin
qadağalarına rəğmən Azərbaycan dilinin
saflığını, adət-ənənələrini
qoruyub saxladı. Bir millətin mədəniyyətini,
dilini yox olmağa qoymadı. Yoxsa
şeiriyyat baxımından Şəhriyardan qat-qat
güclü şairlər var. Məsələn, Yəhya
Şeyda kimi qəzəl ustadı olub. Mən
deyərdim Füzuli səviyyəsində bir şair olub.
- Təbliğat mexanizmi necə
olmalıdır və fəaliyyət prinsipləri nələrdən
ibarət olmalıdır?
- Lap min ədəd
kitab yazsaq belə, təbliğat olmasa, oxucu əlinə kitab
çatmasa, nə faydası var ki? Kütləvi informasiya vasitələrindən istifadə
etməklə güclü təbliğat işinə
ehtiyacımız var. Mən "Körpü" verilişi
ilə az-çox bunu etməyə çalışıram.
- Yazıçı, şair
üçün stimul olaraq verilən qonorar, mükafat nə
qədər obyektiv önəm kəsb edir? Bununla
bağlı nə deyə bilərsiniz?
- Təbii
ki, ədəbiyyatda pul olmadığı üçün
maddi maraq da axtarmaq olmur. Ona görə də
mütləq şəkildə kənardan maddi himayə
lazımdır. Çünki
yazıçı, qələm əhli dünyanı
bütün maddi maraqları ilə bərabər bir tərəfə,
qələmi ayrı bir tərəfə qoyur. Əgər qələm sahibinin maddi təminatı
olmasa, təbii olaraq onun qələmi onun ehtiyacına işləyəcək.
Yəni qələm, düşüncəyə
deyil, hər hansı bir ehtiyacın təmin edilməsi
üçün vasitəyə çevriləcəkdir.
Bu isə olduqca təhlükəli tendensiyadır.
- Ədəbi tənqidlə
bağlı nə düşünürsünüz?
-
Görünən odur ki, bugünkü tənqid sözü
"yaxşı ilə pisi ayırd etmək" anlamına gəlmir.
Təəssüflər olsun ki, bizim tənqidçilərin
bir çoxu ya tərifçidi, ya töhmətçi kimi
çıxış edirlər. Tənqid
təhlil ilə paralel olmalıdır. Bizim
Azərbaycanda hansısa əsəri təhlil etmək
imkanına sahib şəxslərə ehtiyac var.
- Gənc yazarların
yaradıcılıq nümunələri ilə bağlı
düşüncələrinizi bilmək istərdim...
- Əsl yazıçı xalqdan seçilməməlidir. Müəyyən
qiyafədə özünü "yazıçı"
kimi təqdim edənlər çoxalıb. Bu tənqid
sahəsində də belədir və bunun arxasında
böyük bir iddia var. Gənclər öz üzərində
çalışmırlar, qonaqlıq, müəyyən
tanışlıqlar və s. kimi məsələlərlə
ədəbiyyat görüntüsü yaradırlar, ancaq bu ədəbiyyat
deyil. Bu sarı ədəbiyyatdır. Ciddi ədəbiyyatlar meydanlarda yaranır. Ədəbiyyatdan böyük siyasət, ciddi meydan
yoxdur.
- Təşəkkür edirəm,
Sayman bəy. Qarşıdan gələn Novruz bayramınız
da mübarək!
-
Çox sağ olun, mən də sizi və doğma
"Ədəbiyyat qəzeti" ni təbrik
edirəm.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.15.