Qəhrəmanın ölümü
Hekayə
Müharibələr
baş verir, qəzalar çoxalır, ölümlər, təqiblər,
oğurluqlar sərhəd tanımır. Zorlamalar, işgəncələr,
kiçik mübahisədən yaranan böyük davalar
dövrün adisinə, sıradan bir xəbər
başlığına çevrilir.
Səbəbini televiziyada, internetdə, xəbərlərdə,
mətbuatda, sosial şəbəkələrdə
axtarırlar.
“Əvvəl Türkiyədə olurdu belə şeylər”,
“elə bil Amerikadır”, “hamısı Qərbin zibilləridir”,
“mentalitet yoxdur da...” və s. kimi cümlələri də
çox oxumuşuq. Amma Tunar üçün səbəb
yalnız birdir – kitabsızlıq. Oxunmayan əsərlər...
Tunara görə, əvvəllər və indi arasında fərq
yalnız budur – kitab oxumayan gənclik...
Tunarı tanıyan çoxdur. Şəhərdə
tez-tez sadə insanların arasında görünür. Kitabdan, nəşriyyatdan danışır. Özü nəhəng nəşriyyatın
direktorudur. Sarışın, saçı
tökülmüş, bığlı, arıq, bir az balacaboy, bir az da cır səsli biridir. Bunlar kifayət edər yəqin, Tunarı xəyalınızda
canlandırmaq üçün.
Tunarın nəşriyyatı böyük ənənələrə
malikdir, ölkənin ən qabaqcıl 3 nəşriyyatından
biridir. Əsasən bədii ədəbiyyat, bəzən də
metodika ilə bağlı kitabların çapı ilə məşğuldur.
Nəşriyyat müdiri olsa da, xüsusi
qoruması var, maşınında arxada əyləşir,
sürücü qapını gec açanda əsəbiləşir,
çayı gec gətirən xadiməni təhqir edir, hər
kəs də Tunardan qorxur.
Qəribədir
ki, Tunarla ilk tanış olan adam ondan nəinki
qorxmaz, hələ üstəlik, diqqətə belə almaz. Elə mən də onunla ilk görüşümdə
eyni hissi yaşamışdım. Həyətdə məni
Tunarla tanış etdiklərində
gözümü telefondan ayırmadan istəksizcə
görüşmüş, sonra da üzümü çevirib
getmişdim.
Yarım saat sonra vacib iclasda idik, hamı
danışır, ciddi müzakirə gedirdi. Bir də
gördüm bu balacaboy girdi içəriyə, hər kəs
ayağa qalxdı, “Tunar müəllim, buyurun”, “buyurun
keçin”. “Keçin” deyə-deyə
Tunar gəldi, oturdu ən başda. Sonda ciyiltili səsi
ilə salamlama nitqi, “xoş gəlmisiniz” filan dedi. Baxdım
ki, bu adam oturduğumuz məkanın da
sahibi imiş.
***
-
Ümidimi tam itirmişdim, elə bilirdim daha heç vaxt
başa düşməyəcəksən məktublarımı.
- Axmaq
başım, o qədər açıq-aydın idi ki, hər
şey. Mən niyə başa düşməmişəm.
Bir az aydın yazardın deyəcəm,
amma yetəri qədər də aydın idi.
-
Açıq-aşkar kömək də yaza bilməzdim
axı, kimsə görsəydi, məni sağ buraxmazdılar.
- Nədir
axı, bu qədər qorxduğun, bayaqdan heç nə
danışmırsan, axırı mənə izah edəcəksən
nə olduğunu?
- Hə,
səbirli ol, danışacağam.
***
İclasın
sonuna doğru Tunar yenidən söz aldı, hər kəsi həftəsonu
yeni nəşr etdikləri kitabın təqdimat mərasiminə
dəvət etdi və dedi ki, bu həftə Merlin Monronun “Mənim
hekayəm” kitabının təqdimatı olacaq. İclasdan çıxanda həftəsonu olacaq təqdimat
üçün qeydiyyata yaxınlaşdıq. İş yoldaşım və mən birlikdə
resepşnda adımızı yazdırdıq. Qeydiyyata alan xanım dedi ki, təqdimat üçün
xüsusi dress-kod olacaq, belə ki, 60-lar stilində geyinmək
lazımdır. Üzüm güldü, çünki 7 il əvvəl
nikah mərasimimdə də eyni stildə geyinmişdim, həyat
yoldaşım – birdənəm 60-lar stilində gəlinlikdə
idi, o dövrü xatırladan aksesuarlar taxmışdı, məni
də eyni ab-havaya sala bilmişdi, qısacası, mən həftə
sonu üçün rahat idim. Bu rahatlıq iş
yoldaşımda yox imiş ki, təqdimatda onu görə bilmədim.
İlk dəfə qatıldığım bu təqdimat
ayaqüstə keçirilirdi. İlk sözü
Tunar söylədi, gələnləri salamladı, heyrətlənməyə
hazır olub-olmadıqlarını soruşdu. Daha sonra kitabın tərcüməçisi qısa
çıxış etdi, sonra nəşriyyatın redaktoru da
kitabı nə üçün çap etdiklərindən,
kimə xitab etdiyindən danışdı. Sonra yenə
Tunar mikrofona yaxınlaşdı, zaldakılardan
“hazırsınızmı?” soruşdu və.... Pərdə
açıldı...
10 xanım, daha doğrusu, 10 Merlin Monro, ən doğrusu
isə 10 Merlin Monro qrimli xanım səhnəyə gəldi. 10-u da
bir-birinin eynisi, eyni saç düzümü, eyni geyim, hətta
tərəziyə qoysan, eyni çəki belə gələrdi.
Bu on xanım səhnədən zala,
iştirakçıların arasına düşdü,
ingiliscə, amma fərqli ləhcə ilə (yəqin ki,
60-ların amerikan ingiliscəsi) ilə
danışa-danışa dolaşdılar. Sonra yenidən səhnəyə qalxan qızlar, bir
neçə dəqiqə ətəklərini yellədib pərdənin
arxasına keçdilər. Əksəriyyəti
kişilərdən ibarət olan auditoriyada əhval da
qızların gəlişi ilə dəyişdi. Gözlər parladı, üzlər güldü –
şəhvət hissi idi onları güldürən.
***
- Mən
bura gələndə binanın girişində kameralar var idi,
bir problem olmaz ki?
- Yox,
narahat olma, hər gün o qədər adam
girib-çıxır binaya, həm sən niyə qorxursan ki?
- Mən
özümə görə yox, sənə görə
narahatam, əlavə problem yaranmasın.
- Qorxma, səni
bura kimi gətirə bilmişəmsə, mənim problemlərim
də həll olunur deməkdir.
- Haradan
başlayaq? Mən artıq bilirəm ki, sənə
kömək lazımdır, amma nə olub, onu danışasan
gərək.
-
Heç bilmirəm haradan başlayım.
- Məncə,
ən əvvəldən başla, üzündəki göylərdən,
ayağının axsamasından...
- Ən əvvəl
və ayağımın axsaması... Sən ciddisən?
Bunlar əvvəl deyil, sondur, son...
- Bəs əvvəli
nədir?
-
Baxır, sənə nə qədər əvvəli
maraqlıdır...
- Ən əvvəli desəm, yəqin ki, Monronun təqdimatından
başlayacaqsan.
- Monro...
“Mənim hekayəm”... Axırdan, bir an əvvəl...
-
Yaxşı da, bu serial qəhrəmanı tipində
danışmağı qoyasan, bəlkə, kənara. Nədirsə əvvəli, oradan başla.
***
Bu qəribə təqdimatdan sonra evə qayıtdım. Düzü,
heç bəyənmədim. Kitab təqdimatı
üçün, ədəbi müzakirələr
üçün getdiyim təqdimatdan çıxanda əhvalım
pozulmuşdu. Kefimin belə olmasına əsas
səbəb heç şübhəsiz ki, içəridəki
şəhvət iniltilərini eşitməyim idi. Burada şəxsi seçim, hər kəs Merlin Monro
kimi birini xoşlayar və s. deyə bilərik, amma bu qədər
bariz bir şəkildə, bu qədər aşkarca
öküzə çevrilmək iyrəndirirdi.
Beləcə,
təqdimatdan çıxıb evə getmək
üçün yola düzəldim, bir az
sonra fikrimi dəyişib işə getmək qərarına gəldim.
Metroya düşərkən kart
üçün əlimi cibimə salanda həmişə bir
kart qoyduğum şalvarımın arxa cibində iki kart
olduğunun fərqinə vardım. İkisini
də çıxardım, metro turniketindən keçib ikinci
karta baxmağa başladım. Kartın
üstündə cəmi bir işarə var idi. 8 yazılmışdı. Elektron
saatlardakı kimi yazılan bu 8-in bəzi xətlərinin
üstündən 2-3 dəfə gedilmişdi, bəzi xətlər
isə sadəcə bir cızıqlı idi. Baxdım, baxdım, heç nə başa
düşmədim. Kartın cibimə necə
düşdüyü barədə isə elə də
şübhəm yox idi. Böyük
ehtimalla zala enən Monrolardan biri kartı cibimə qoymuşdu.
Öz aləmlərində gizəm, sirr, mistika
yaradırlar. Bu mənasız şou bir az
da nifrətimə səbəb oldu, elə Tunar başda olmaqla
komandasının necə məzmunsuz iş
gördüyünü düşünüb qatara keçdim.
Yaxında zibilqabı olmadığı
üçün kartı da yenidən cibimə qoydum.
Bu hadisədən
3 ay keçdi, yadıma salmaq belə istəmədiyim o
günləri iş yoldaşım xatırlatmağa
başladı:
- Sən
getdin axı təqdimata. Deyirlər, dəhşət
bir şey olub. Hər kəsin ağzında bir söz
var o gündən: “Tunar bu işi bacarır da” deyir hamı.
- Yox əşşi,
nəyi dəhşət idi, çox mənasız iş
görüblər.
- Məncə,
haqsızlıq edirsən. O işi belə kiçiltmək
olmaz.
- Tamame,
qrimlər olunub, paltarlar tikilib, o boyda yer
danışılıb, adamlar əziyyət çəkiblər,
amma bunun kitaba nə dəxli. Bu elə adi
şoudur da.
- Şoudur, olsun şou. Belə də ki, kitaba
maraq yaradır, oxuda bilir.
- Vallah, o
təqdimat kitaba həvəs oyatmaz, adamı kitabdan iyrəndirər.
Oyatsa da, başqa şeyi oyadar ki, bu da kitaba həvəs
deyil.
-
Yaxşı da, onu-bunu burax. Gəl bu həftə
gedək, yeni təqdimat var.
- Yoooooox.
Qətiyyən.
- Sən
canın, bax mənim xətrimə gəl, tək qoyma da,
keçən dəfə sən getmisən, vərdişsən,
gəl bir yerdə gedək.
- Yox da,
işim var.
- Əşşi, nə işim vare, o gün demirdin, həftəsonu
tək qalacaqsan, nə edəcəyini bilmirsən. Bekarsan da həftəsonu.
İş
yoldaşım xatırlatdıqca yadıma düşdü ki,
bu həftəsonu evdə heç kim
olmayacaq, mən də təkəm. Eh, bəlkə elə gedib
başımı qatım bir az.
-
Yaxşı, zəng elə qeydiyyatdan keç, konsepti də
öyrən, gör yenə dress-kod var?
- Buyur, -
deyib iki bilet uzatdı, - həll etmişəm, bu sənin, bu
da mənim biletlərimiz. Konsept də var,
keçən dəfə nə idi? 60-lar?
Bu dəfə Tolstoy havası var. Anna Karenina üçün
gedək, - dedi və şit-şit gülərək otaqdan
çıxdı.
Görəsən, yenə nə “şou” göstərəcəklər,
- deyə düşündüm. Həmin həftənin
şənbəsi dostumun zəngi ilə bir daha
xatırladım ki, bizi möhtəşəm şou gözləyir.
Bənzər təqdimat, qısa çıxışlar
və ardınca səhnədə Anna Kareninalar. Köhnə
ruscaları ilə danışdılar, zaldakıların
başına fırlandılar, gülüşdülər,
üzüldülər, sonra da çəkilib getdilər.
Mənimçün hələ də qaranlıq qalan o
idi ki, zala gələnlərin əksəriyyəti
alqışlayır, gözlərindəki, üzlərindəki
ifadə ilə hər şeydən razı qaldıqlarını
göstərirdilər.
Bu təqdimat da öz xatirəsini mənimçün
hazır etmişdi, cibimdə yeni bir kart, üstündə iki
yanaşı düzbucaqlı, yenə də bəzi xətlər
tək, bəzi xətlər cüt.
***
- Mən Gürcüstanda doğulmuşam.
- O qədər
keçmişdən başladın?
- Mən Gürcüstanda doğulmuşam. 10
yaşıma qədər də Tiflisdə
yaşamışam. Ata tərəfim azərbaycanlı
olduğundan, Gürcüstanda ara
qarışan vaxt ailəvi köçmüşük
Bakıya.
- Əminsən ki, danışdıqların sənə
kömək etmək üçün yararlı olacaq?
- Ailəvi
köçmüşük Bakıya. Mən
Bakıda musiqi məktəbinə qəbul olmuşam, eyni
zamanda orta məktəbə də getmişəm. 13-14 yaşlarımda bir kitab yazmaq qərarına gəldim,
öz taleyim, Tiflisdə və Bakıda yaşadıqlarım,
gürcü və Azərbaycan uşaqlarının həyatı
arasındakı fərqlər və s. barədə. Kitabı bitirəndə onu nəşr etmək
üçün yer axtardıq. Atam o vaxt
elə də məşhur olmayan bir nəşriyyat tapdı.
Təxmin edə bilərsən?
- Yəqin
ki, Tunara vermisiz.
-
Tunarın da işlədiyi bu nəşriyyata, bəli. O vaxt
Tunar hələ müdir deyildi, Tunardan əvvəl onun əmisi
bu nəşriyyatı işlədirdi. Əmisi
Tunara mühasibatlığı tapşırmışdı.
Elə o vaxtdan hər kəs bilirmiş ki, əmisinə nəsə
olsa, onun yerinə Tunar keçəcək...
- Bəs
sən bunları haradan öyrənmişdin?
- Əmisinə nəsə olsa dediyim qısa müddət
sonra olmuşdu. Öz maşınında qəfil boğulma,
ürəktutması ilə vəfat etmişdi.
- Deyirsən
ki, məni adam yerinə qoymayacaqsan da hə?
- Əmisinin vəfatından sonra Tunar direktor olmuşdu. Amma axı məsələmiz
bu deyil, niyə imkan vermirsən ki, sözümü
danışım... Hə, kitabımı nəşriyyata
gətirəndə də ilk dəfə Tunarı
görmüşdüm, onda hələ uşaq idim, onun
baxışlarındakı mənanı duya bilmirdim. Kitabımı da ilk olaraq Tunar vərəqləmişdi,
printerdə çap etdirdiyim kağızlara baxıb, “buna
görə müəllimi narahat etməyə dəyməz”
demişdi. Amma əmisi bizi çox xoş
qarşıladı, kitabımı da bəyəndi, qısa
müddətdə çap edəcəyini, üç min
manat da qonorar verə biləcəyini dedi. Qonorar bizim üçün şok
olmuşdu, çünki inanmırdıq, gözləmirdik ki,
kimsə 13 yaşlı qızın yazısını pulla
ala.
-
Kitabın adı nə idi? Heç
qarşıma çıxmayıb belə kitab.
- 13
yaşlı qızın kitabını ilkin 5000 tirajla
çap edəcəkdilər. Nə oldusa, elə bu xəbərlərdən
sonra oldu, indi danışdıqca heç nə olmamış
kimi görünür, amma illər uzunu ağlayıb göz
yaşı tökmüşəm, anam, o gözəl anam, o
enlikürək atam, dağ boyda atam...
- Niyə
bu qədər rabitəsiz danışırsan? Ağlama
da, yaxşı, ağlama. Su gətirim sənə?
***
Yazıya başlayarkən bu hadisəni hekayə
formasına salacağımı
düşünmüşdüm, amma bir təqdimatdan digərinə
o qədər hadisə baş verirdi ki, indi onları yazmamaq
üçün sol əlimlə sağ əlimi tuturam. Ona görə də ara günləri sizə
danışmayacağam. Onu deyim ki, bəzən təsadüf,
bəzən maraq elə gətirdi ki, mən bir il
ərzində beş dəfə təqdimata getdim. 3-cü gedişimin xüsusi səbəbi var idi,
Hüqonun “Səfillər”inin, daha doğrusu, “Səfillər”dən
bir parçanın təqdimatı idi. Səhnədə
isə kim olsa yaxşıdır? Jan Valjan,
ya Javer? Xeyr, Fantina. Bəli, bəli, məhz
Fantinalar səhnədə idilər. Gözlədiyimin
əksi olsa da, ab-havanı bəyənmişdim.
4-cü gedişim üçün səbəb “Təhminə”
idi. İlk dəfə yerli ədəbiyyatdan birinin belə
təqdimatı olacağı üçün bu gedişimə
də bəhanə tapıldı. Səhnədə
Təhminələr var idi, bunlar Meral Konratdan daha gözəl,
daha incə, daha cazibədar idilər. Yəqin
ki, elə Anarın yazdığı kimi.
Şübhəsiz ki, mən təqdimatlara getdikcə
kartlar da artır, düzbucaqlılar içində xətlərin
sayı, işarələnmə yeri dəyişirdi. “Səfillər”dən
qalan kartda işarənin üstündə bir nöqtə, Təhminənin
verdiyi kartda isə iki nöqtə var idi.
5-ci gedişim “Rəqs edən casus” kitabının təqdimatı
üçün idi. Rəqs edən casusu tanıyarsız yəqin,
Mata Hari. Dünya müharibəsi illərində
bu hindistanlı qızın fərqli ölkələr
üçün casusluq etdiyi, eyni zamanda çox gözəl
rəqs etdiyi, rəqsi kimi özünün də gözəl
olduğu haqqında danışılır. Bu dəfə Mata Harilər üçün təqdimata
yığışdıq. Mata Harilər
hurilər kimi ortalıqda süzdü, qılmanların
ağlını başından alıb getdilər. Mata Hari kimi gələn qızlardan birinin digərlərinə
nisbətən zəif hərəkət etdiyi,
ayağını yerə basa bilmədiyi diqqətimi çəkdi.
Bir az da diqqətlə baxdığımda
həmin qızın üzündə də ləkə
gördüm. Bu göyümtül ləkə
makiyajla basdırılmağa çalışılsa da,
özünü göstərirdi, şiddətin qurbanı
olduğunu, köməyə ehtiyacı olduğunu da gözlərindən
oxumaq mümkün idi.
Bir anlıq kulisə getmək, həmin qızla söhbət
etmək istəyim baş qaldırdı, lakin mühafizəçilər
nəinki kulisə yaxınlaşmağa icazə vermədilər,
üstəlik, itələyib zaldan da çıxardılar.
***
-
Yaxşı da, özünü ələ al. Bir az aydın danışa bilərsən nə
baş verdiyini?
- Həmin
günlərdə atam-anam taksidə gedərkən qaz
sızması baş verib, gah dedilər ki, maşın qazla
işləyən maşındır, texniki nasazlıq olub, gah
dedilər ki, taksidə balonda kimyəvi təcrübə
üçün sifariş verilən qaz olub, onu
çatdıracaqmış, həmin qaz sızıb...
-
Çox üzüldüm, Allah rəhmət eləsin.
-
Bütün ölənlərə.
- Eynilə
Tunarın əmisi kimi... Heç vaxt etiraf etməyib,
amma dəqiq bilirəm ki, bu iki hadisədə Tunarın əli
var.
- Yəni Tunar həm də qatildir?
- Hər
kəs məni tək qoyub getdi.
- Bəs
sən necə oldun? Kitabın necə oldu?
- Sən,
doğrudan da, 13 yaşlı ata-anası ölmüş,
kimi-kimsəsi olmayan tək qızın taleyi qala-qala kitabı
soruşursan?
-
Yaxşıdır, əsas odur ki, söhbəti mənimlə
elədiyinin fərqindəsən, bayaqdan nə
danışdığını, kimə
danışdığını tam anlaya bilmirəm.
-
Bağışla, o qədər çətindir ki, hisslərimi
necə ifadə edəcəyimi belə bilmirəm.
Ata-anamın vəfatından bir neçə gün sonra Tunar
gəldi, mənə kömək etmək istədiyini, bu məsələnin
onun üçün insanlıq borcu olduğunu dedi. Onsuz da nə qərar verəcəyimi bilmirdim,
razılaşdım. Əvvəl məni
yeməyə apardı, sonra bir yerdə şəhərdə
gəzdik, axşama doğru məni evə aparmasını
xahiş etdim. “Baş üstə” deyib
maşına oturdu, yola çıxdıq, amma gəldiyimiz yol
deyildi. Hara getdiyimizi soruşdum, yanacaq
azaldığını, evdən benzin üçün pul
götürməli olduğunu dedi. Evə yaxınlaşanda məndən
arxada oturmağımı xahiş etdi, həm
özünü, həm də məni
düşündüyünü, məhəllədə belə
görünməyimizin yaxşı başa düşülməyəcəyini
dedi. Mən də arxaya keçdim. Evə girdi, 5 dəqiqə sonra qayıtdı,
maşını yenidən işə saldı.
- Yəqin
ki, evə gətirmədi səni.
- Hə,
düz təxmin edirsən, Tunar maşına oturduqdan bir
neçə dəqiqə sonra məni yuxu tutdu. Oyananda özümü bu bataqlıqda tapdım.
- Nə
etdi Tunar sənə?
- Həmin
gün heç nə, məni bir otağa salmışdı,
qapısı çöldən açılırdı,
günlərlə məni o otaqda saxladı, yalvardım,
ağladım, qışqırdım, amma buraxmadı, mənə
heç nə etməyəcəyini, amma həm də
buraxmayacağını dedi.
-
Heç nə etmədi, yəni?
- Bir ildən
çox orada qaldım, sonra... Sonra məni
zorladı. Dəfələrlə, dəfələrlə,
dəfələrlə... Bir gün özümdə dəyişiklik
hiss etdim, əsasən fiziki. Bir müddət sonra
da hamilə qaldığımı öyrəndim.
Doğuma az qalmış mənə iynə
vurdu, nə həkimə getdikdə, nə doğuş
zamanı danışa bildim, lal olmuşdum sanki, dərdimi
heç kimə deyə bilmədim. Günlər
sonra yenidən həmin otağa qayıtdım. Yeməyim, içməyim
bol idi, uşaq üçün də, mənim
üçün də gərəkli olan hər şey var idi.
Oğlumu hər gün təmiz havada gəzdirdiyini
deyirdi, uşaq ata sevgisini də, ana sevgisini də
alırdı. Bir gün mənimlə
söhbət etməyə başladı. Səhv yolda
olduğunu, mənə etdiklərinə görə peşman
olduğunu, kömək etmək istədiyini dedi, bir iş təklifi
edəcəyini bildirdi.
-
Çox qəribədir, sənə nə qədər əzab
verib ki, belə möhkəmləşmisən, bu cür hekayəni
belə danışa bilməyin də
alqışlanmalıdır.
***
Axşam evə gəldiyimdə hələ də
ağlımda axsayan Mata Hari var idi, nəsə demək istədiyini,
üzümə diqqətlə baxarkən gözündəki
yaş damlasını, gözünün altındakı
göyü unuda bilmirdim. Bu düşüncələrlə cibimə
qoyulacaq kartı axtardım, şalvarımın cibində
heç nə yox idi, zala girərkən qarderoba verdiyim paltonun
cibindən axtardığım çıxdı. Kartları yan-yana düzdüm, bənzər kartlarda
nəsə işarə - mesaj olduğunu indi fikirləşməyə
başlamışdım. Sanki qızın
gözlərində uçuşan sözlər məni hərəkətə
gətirmişdi. Beş kartı yan-yana
düzüb bu kodu çöözməyə başladım.
Kartlar belə görünürdü.
Cəmi bir dəqiqə sonra bütün kodları
oxumuşdum, hamısı da eyni mənada idi.
Bəli, bu qədər sadə. Hər bir obraz öz
dilində kömək istəmişdi. Help, Aider,
Pomoş, Kömək, Madad. Kodları
oxuduğum anda bütün əhvalatı yenidən
gözümün önündən keçirməyə
başladım. Mənə hər dəfə
yaxınlaşan qızın əslində eynisi olduğunu, hər
dəfə başıma dönərkən qoxusunun belə dəyişmədiyini
indi xatırladım. Niyə bu vaxta qədər
olanlara belə diqqətsiz olduğumu, o qıza kömək
lazım olduğunu, mənim ona yetişməyim gərəkdiyini
düşündüm.
Peşman
olmuşdum, kodu oxumaq elə də qəliz deyildi axı,
“Help”də görməyə bilərdim, amma Anna Kareninanın
“Ş”-ın quyruğunu necə görməmək olardı,
niyə bu qədər diqqətsiz idim axı? Nəysə,
hər şeyi boş verib işə başlamaq, qızın
dərdini öyrənmək, lazım gələrsə, ona
kömək etmək lazım idi.
***
- Tunar əvvəlcə
məni bir neçə qadınla tanış
etməli olduğunu bildirdi və görüş də həmin
günün axşamı baş tutdu. Eyni taleyi
yaşayan, fərqli başlanğıcları, eyni sonu olan 10
qadın, 10 ana. Hamımız eyni işi görməli
idik, buna qədər olanları unutmalı, bir il
ərzində 2-3 aydan bir müxtəlif formada qrimlənməli,
bir ildən sonra da azad olub, övladımızı da
götürüb çıxıb getməli idik.
- Sadəcə
qrimlənməli olsanız, bu bayaqdan haqqında
danışdığın Tunara yaraşmaz.
- Hə.. Əsas da elə budur. Sənin kimi təxmin etmə bacarığı
olmayan, ümumiyyətlə, dar düşüncəli biri
qabağıma çıxdığına görə
peşman da oluram, bilirsən?
- Hmmm, mən,
mmm, necə?
- Öf,
nəysə, mənə kömək etməlisən, ona
görə hər şeyi sənə danışmalıyam, əsas
məsələyə keçməzdən öncə səndən
bir xahişim var.
- Buyur, məhz
ona görə burdayam.
-
Çox sağol, amma söz ver ki, edəcəksən.
- Nə
olduğunu bilmirəm, amma söz verirəm.
- Mən
istəyirəm ki, bu danışdıqlarımı yazasan,
hekayə kimi yaz və bütün saytlara ver.
- Yazaram,
amma sən əvvəlcə danış görüm, nəyə
lazımdır bu qrimlənmələr?
***
İşə başlamaq lazımdır desəm də,
haradan başlamalı olduğumu, nə edəcəyimi hələ
bilmirdim. Bəlkə Tunarla danışmalı idim? Təqdimatında bir qızın – Tunarın
işçisinin çətinliyi olması haqqında söhbət
etməli idim? Amma yox, bunu edə bilməzdim,
hər halda Tunarın hər şeydən xəbəri var idi.
Növbəti təqdimata kimi gözləmək
necə? Bu qədər vaxt ərzində
işgəncə davam edə bilərdi. Bəlkə
iş yoldaşımdan, dostumdan məsləhət alım? Bəlkə durum təqdimat keçirilən yerə
gedim? Bunun nə faydası olacaqdı ki?
Heç cür qərar verə bilmirdim, axırda otaqdan
çıxdım, həyətə düşdüm, bir az açıq havada gəzib fikrimi toplamağa
çalışdım. Gecə yarısına
qədər gəzdim, dolaşdım, heç bir şey
tapmayıb evə qayıtdım. Səhər
ilk işin növbəti təqdimatın vaxtını öyrənmək
olduğunu qərarlaşdırıb yatdım.
Ertəsi
gün iş saatı başlayan kimi zəng etdim, gələn
təqdimatın iki həftə sonra eyni məkanda
olacağını öyrəndim. Əvvəlki
təqdimatları unutmalı olduğumuzu, qeyri-adinin qeyri-adisi
olacağını dedilər. Amma hansı
əsərin təqdimatı olacağını demədilər.
Bir dəqiqə...
Yenə eyni ab-hava olacaq. Kimlər
olmuşdu bu vaxta kimi? Merlin Monro, Mata Hari, Fantina, Təhminə,
Anna... İndi kim olacaq bəs? Bu günə qədər
olanların hamısı ikonadır, gözəlliyin,
çılğınlığın, eşqin, həm də əxlaq
və əxlaqsızlıq arasındakı sərhədin
ikonası. Bu günə qədər
gördüyüm qadınlar niyə bu qədər özəl
hazırlaşırdılar? Nəsə
var, nəsə olmalıdır, ilk təqdimatdan bəri məni
iyrəndirən səbəblər var, bilmirəm,
şüuraltı, yoxsa elə şüurüstü?
... Tunar, sən nə edirsən? Bu qızlara nə edirsən?
Ertəsi gün işə getmədim. Bir neçə
saat Tunarın nəşriyyatının yanında gözlədim,
əvvəl Tunar işə gəldi, əvvəlki əsəbi,
gərginliyi üstündə idi. 3 saatdan
sonra çıxdı, yenidən qayıtdı. İkiyə qalmış yenidən
çıxdı, maşına yaxınlaşdı. Sürücünü düşürüb
özü əyləşdi, təqib etmək qərarına
gəldim. Taksi çağırıb
arxasınca sürdürdüm, heç iki küçə
getməmiş maşını saxladı, maşının
yük yerindən ərzaqları, uşaq bezləri, bir dənə
də oyuncaq çıxardı. Əlindəkilərlə
birlikdə binaya daxil oldu, qapı o qədər yavaş
bağlanırdı ki, özümü bloka sala bildim,
Tunarın piyada qalxdığını, liftdən istifadə
etmədiyini gördüm, qorxsam da, arxasınca qalxdım.
4-cü mərtəbədə dayandı,
qapını açarla açıb içəri keçdi,
Tunar içəri girən kimi söyüş,
qışqırıq səsi gəldi. Sonra
sakitləşdilər. Beş dəqiqə
keçməmiş Tunar çıxdı, pilləkənləri
düşərkən məni gördü, özümü
tanımazlığa qoydum, hətta guya işim varmış
kimi, sürətlə pilləkənləri qalxdım, həyəcanımdan
səkkizinci mərtəbəyə kimi dayanmadım. Tunarın çıxdığına əmin olduqdan
sonra geri gəldim. Dördüncü mərtəbəyə
- həmin qapıya yaxınlaşdım, içəridən
nəsə bir səs, bir söz eşitmək istəyirdim,
amma olmadı. Qapını döydüm,
iki dəqiqə də gözlədim, cavab verən olmadı,
gözləməyin mənası yox idi. Blokdan
çıxdım.
Həyətə çıxdıqda narın
yağış yağmağa başlamışdı. Yolda, bayaq
Tunarın maşının dayandığı yerdə bir
topa açar olduğunu gördüm və əmin oldum ki, bu
bir işarədir. Mən missiyamı
tamamlamalıyam. Bu qədər təsadüf
varsa, deməli, mən yoluma davam etməliyəm. Açarları götürdüm, birbaşa binaya
qayıtdım. Maqnit açarla bloka daxil
oldum, dördüncü mərtəbəyə qalxdım,
açarları yoxladım, ikincisi qapını açdı,
həyəcan, qorxu, hər şey üst-üstə və mən
içəri girdim. Tam səssizlik idi.
Otağa keçdim, mətbəx də boş
idi. Sonra yataq otağından inləmə
səsini eşitdim. Qapını açdım ki...
İçəridə ağzı lentlə
yapışdırılmış, əl-ayağı da
taxtın ayağına bağlanmış qız. Artıq
düşünməyə ehtiyac yox idi, cəld əl-qolunu,
ağzını açdım. İkimiz də
bir-birimizi tanımışdıq.
- Axır
ki, axır ki, gəlib çıxdın. Axır
ki, - deyib ağlamağa başladı. Boynumu
qucaqladı, özünə gəldikdən sonra yan tərəfdəki
divanda oturmasına kömək etdim.
- Qorxma,
sakit ol, özünü topla, çıxaq, sonra
danışarıq, - dedim.
- Yox,
narahat olma, indi ən azı 8 saat təhlükəsizik. Gecə 11-dən sonra əl-qolumu açmağa gələcək.
- Sən
həmişə belə qalırsan?
- Yox,
bayaq söydüm, qışqırdım. Həmişə
qışqıranda məni belə cəzalandırır.
Özümü bir anda qorxulu, dəhşətli hadisələrin
ortasına atmışdım. Aylardır davam edən
müəmmanın səbəbini öyrənmək
üçün indi imkan yaranmışdı.
***
- Tunar
bilirdi. Bilirdi ki, bir çox oxucu romanda oxuduğu qadınla
yatmaq istəyir, hər şeyindən, var-dövlətindən,
pulundan keçib Təhminə ilə yatmaq istəyən nə
qədər oxucu var, yaxud Mata Hari ilə, bəlkə, elə
Mopassanın Gombulu ilə?
- Dayan, dayan, yəni siz sadəcə rəqs edib
getmirdiniz?
- Əlbəttə ki yox, Merlin Monro sağ olsaydı bu
işi neçəyə görərdi? Bax, həmin
qiymətlərə biz onlara satılırdıq. Bir gecə
üçün 500 min, bir milyon... Ağlasığmazdır
hə? Anna Karenina üçün qiymət
bir milyon manat idi. Bir milyon manat. Təhminə üçün 4 milyon.
- Mən
inanmıram, ya inanmaq istəmirəm, dəqiq bilmirəm. Yəni
Azərbaycanda bir gecə üçün dörd milyon manat
verə biləcək adam var ki, həm də
həmin adam ədəbiyyat oxuyur?
- Adam yox,
adamlar... Hə bizdən istədikləri bu idi,
gecə boyu müştərini məmnun etmək və bitdi.
2-3 ay sərbəstlik.
- Bəs
niyə qaçmırdınız?
- Səncə?
-
Uşaq?
- Aha. Uşaq. Hamımız üçün səbəb
eyni idi, bir ildən tez qaçsaq, uşaqlar öldürüləcəkdi,
elə-belə yox ha, Nəsimi kimi...
- Yox da...
-
Çox qəribə reaksiyaların var, yox da nədir, yox
da... Bir ili belə başa vurmalı olduq. Sonuncu təqdimat Mata Hari idi. İşimizi
bitirmişik. Hamımız
üçün biletlər, yeni pasportlar hazırlanıb, hərəyə
200 min dollar pul köçürülmüş kart verilib, sadəcə
ölkədən çıxıb getməyimiz qalıb.
-
Razılaşmısınız?
- Bəli,
hər kəs razıdır.
- Bəs
sən? Gedirsənsə, kömək niyə istəyirsən?
Niyə bütün bunları
yazmağımı istəyirsən?
-
Çünki pis günlər bitib, indi daha pis günlər
başlayır.
- Bundan
daha pisi nə ola bilər ki?
- Növbəti
təqdimat.
- Bəs
dedin bitdi axı.
- Bəli,
bizimlə bitdi, amma yeni gələnlər var.
- Yeni gələnlər?
Yəni hər şey yenidən başlayır?
- Bəli,
yenidən və bu gələnlər bir dəfə xidmət
göstərəcəklər, ikincisi olmayacaq.
- Bir az aydın danışa bilərsən?
- İstəyirsən, gələn dəfə təqdimatı
olacaq kitabın müəllifini deyim?
- De.
- Nabokov.
Vladimir Nabokov.
- Yox da.
- Yenə
yox da, ola bilməz deyirsən, yəqin.
- Lolita
olacaq deyirsən yəni? 12 yaşlı qız?
- 12
yaşlı qızlar. Hər biri
üçün 5 milyon manat. 50 qız.
- Haradan
tapıb axı bu qızları?
- Bax əsas
məsələ bu deyil. Haradan və necə
tapmasının önəmi yoxdur. Əsas
odur ki, qızlar Tunarın əlindədir. Cəmi 2 həftə vaxtımız var. Biz
bacarmadıq, bizdən keçdi, amma bu qızları xilas etməliyik.
- Bir dəqiqə,
sən bayaqdan bəri danışırsan, azı bir
saatdır ki, buradayam, niyə bu qədər
uzatdığını da başa düşmürəm, təcili
polisə zəng vurmaq lazımdır.
- Sənin
parabeyin olduğunu deməyiblər? Necə yəni
polisə zəng vurmaq? Polis gəlsə,
Tunar onsuz da məsələni həll edə biləcək.
Bunu ictimai qınağa çevirmək
lazımdır, hər kəs, bütün ölkə,
bütün dünya bu işdən xəbər
tutmalıdır. Polisin də əli-qolu
bağlanmalı, mütləq şəkildə işin
üstü açılmalıdır.
- İndi nə edirik?
- İndi sən gedirsən evinə, bütün
olanları, yaşadıqlarını və
danışdıqlarımı yazırsan, hekayəni hazır
edib bütün saytlara, jurnallara göndərirsən,
başqa ölkələrə çıxışın
varsa, hamısına, kimə göndərə bilsən,
göndər.
-
Yaxşı, yaxşı, bu gün, elə bu gün yazıb
bitirəcəyəm.
***
İki gün sonra artıq bütün ədəbi
portallarda mənim hekayəm var idi. Qəzetlər
yazır, tv-lər qonaq çağırırdı. Bu günlər ərzində Tunar ortalıqdan
itmişdi. Bir neçə dəfə məni efirə
çağıranlara əslində məni yox, Tunarı
çağırmalı olduqlarını dedim. Ciddiyə alan olmadı, bu hekayənin əslində real həyat
olduğunu, Tunarın necə amansız olduğunu
danışdım, bütün müsahibələrdə
sözümün əvvəli də, sonu da Tunar oldu. Mən efirlərə çıxdıqca Tunarın
nəşriyyatı daha da məşhurlaşdı. Gözlədiyim nəticə yox idi, ən əsası,
mən söz vermişdim. Tunarın əsir
saxladığı o qıza da söz vermişdim ki, hər
şeyi yoluna qoyacağam. Amma heç nə
düzəlmir, hekayəm Tunarın şöhrətinə
şöhrət qatırdı. Bir müddətdən
sonra hekayəm Türkiyədə, sonra Rusiyada, sonra Avropada
yayımlandı. Bütün dünya
danışmağa başladı, hekayənin müəllifi kimi
mükafat vermək istədiklərini, müsabiqə şərtlərinə
uyğunlaşdırıb göndərməli olduğumu dedilər.
Lakin bunların heç biri mənə lazım
deyildi. Lazım olan yalnız bir şey var
idi, o da Tunarın həbs olunması. Qızların
xilas edilməsi.
Artıq dəliyə dönmək üzrə idim. Mən
aqressivləşdikcə müsahibələr azalmağa
başladı, diqqətləri mənim üzərimdən
Tunara çəkməyə başladılar.
Əlim-qolum bağlanmışdı, ən pisi də o
idi ki, işimdən də çıxarmışdılar. Bircə
ayın içində özümü necə zibilə
salmışdımsa, hər şeyimi itirmişdim. Avara-avara gəzməkdən başqa heç bir
çarəm də qalmamışdı.
İki həftənin tamamında posterləri
gördüm.
Nabokovun “Lolita”sı təqdim ediləcək.
Əlbəttə, bu dəfə məni heç kim içəriyə buraxmazdı.
Axşam onlayn yayım verdilər. Tunar yenə
çıxış edirdi. İQ testi neqativ
çıxacaq redaktoru da nəsə
mızıldanırdı, ardınca qızlar səhnəyə
gəldi. 50 nəfər Lolita. Mini ətəkdə, saqqız çeynəyə-çeynəyə
50 qız səhnəni dolaşıb, yenidən
qayıtdılar. Adətən bu hissədə
təqdimat bitirdi. Amma Tunar yenidən
mikrofona yaxınlaşdı.
- Bu
gün mən bir neçə təşəkkür etmək,
bir neçə şad xəbəri sizinlə
böıüşmək istəyirəm. İlk
təşəkkürümü ölkəmizin mətin,
qürurlu, haqqın tərəfində olan hüquq-mühafizə
işçilərinə, polislərə bildirirəm. Bildiyiniz kimi, son günlər bəzi xəbərlər
dolaşdı, məni və işimizi gözdən salmaq istədilər,
amma heç şübhəsiz, haqq olan qalib gəlir. Nə qədər qəribə səslənsə də,
ikinci təşəkkürümü bizim sevimli
yazarımıza bildirirəm. Evimə gizli girməyə
çalışan, hər cür axmaq hərəkəti
özünə rəva bilən adam. Adını çəkməyə dilim gəlmir,
amma o da əziyyət çəkir, 5 manat üçün
ona-buna şər atır, öz aləmində hekayə
yazır. Dostum, hekayəni çap edəcəyəm
və nəşriyyatım sənə bu hekayə
üçün 25 min manat qonorar ödəyəcək.
Bu pulu sənə bir daha belə şərəfsizlik
etməməyin üçün verirəm. Üçüncü təşəkkürüm isə
bu günlər ərzində yanımda olan, məni tək
qoymayan sevimli həyat yoldaşıma, mənim
üçün bütün qəhrəmanlardan gözəl,
bütün hisslərdən ülvi olan Tamarayadır. Əzizim Tamara, zəhmət olmasa, qalx, nə
yaxşı ki, səni tanımışam, nə yaxşı
səninlə evlənmişəm. Nə
yaxşı ki, gözəl oğlumun anasısan.
Tunar danışdıqca Tamara – yataq otağında əli-qolu
bağlı tapdığım qız ayağa qalxdı,
gülümsədi, Tunara öpüş göndərdi.
Yanıldığımı dəqiq bilirdim, mən
Tamaranın dediyi kimi parabeyin qəhrəman idim. Ən əsası
isə nəyin həqiqət olduğunu bilmirdim. Düzü, Tamaranın gülüşlərinin
süni olduğuna, onun necə böyük kədər
daşıdığına, məcbur edilərək təqdimata
gətirildiyinə özümü inandırmışdım.
Bəlkə də, yanılmışdım,
axı mən Tunarı təqib etdiyim gün o da məni
görmüşdü. Təsadüflər: blokun
qapısının o qədər gec bağlanması,
Tunarın açarları düşürməsi, əvvəldən
mənə gələn çağırışlar, xilas
kodları - bəlkə, hamısı Tunarın
planının bir parçası idi? Sadəcə
məni qəhrəman olduğuma inandırmaq istəmişdilər?
Bəs Tamaranın danışdıqları? Başına gələnlər,
uşaqlıqdan çəkdiyi əziyyətlər,
ata-anasının ölməsi, yaxud öldürülməsi,
bənzər cinayətlər, maşına qaz
sızdırılaraq boğulma, bəlkə, eyni üsulla,
Tamaranın özünün də yuxuya verilib bataqlıq
dediyi otağa gətirilməsi... 10 qadın... Həqiqətənmi,
bu qadınlar təqdimatdan sonra pulla satılırdı? Yoxsa hekayənin təsir gücünü
artırmaq, məni daha çox cəlb etmək
üçün uydurulmuşdu?
Tamaranın oyunun bir parçası
olub-olmadığı mənim üçün sirr olaraq
qaldı. Dəqiq olan isə bu idi ki, mən qəhrəman
olduğuma inandığım gün bir heçə
çevrildim. Tunarın şöhrətinə
şöhrət qatdım, ona elə bir məşhurluq gətirdim
ki, bundan sonra hər yerdə onun adı çəkiləcək,
məhsulları alınacaq, mənasız təqdimatları
başqa ölkələrdə də keçiriləcək.
Qısası, bu mübarizədə Tunar qalib gəldi.
Hər şey bitdi. Təqdimat da bitdi, mən də bitdim.
Sanki ağır bir savaşdan
çıxmış kimi yorulmuşdum. Elə
bil qollarımı kəsmişdilər, güllələməmişdilər
məni. Gəzməyə,
addımımı atmağa taqətim yox idi. Birtəhər yola çıxdım. Taksiyə mindim, bir saat taksi ilə, sonra metro ilə
yol getdim. Getdiyim yolu qayıtdım,
başqa taksiyə mindim, eləcə gəzdim şəhəri.
Ən sonda dağüstü parka gəldim.
Xiyabana, şəhərə baxdım. Bütün şəhərə tüpürdüm.
Aldadılmış,
sındırılmış, əzilmiş mən çarəsiz
qalmışdım.
Gecə 3-4 idi. Piyada gələrkən yolun
qırağında bir maşının
saxladığını gördüm. Uzun,
qara, nömrəsiz bir maşın. Zülməti
maşının faralarının işığı
yarırdı. Sağa verdi, arxa
qapı açıldı, maşından bir qız
düşdü, özünü yolun qırağına verib
qaytardı. Ağlaya-ağlaya bir neçə dəfə
qaytardıqdan sonra su verdilər, ağzını yuyub:
- İstəmirəm,
istəmirəm, nolar buraxın, - qışqırdı, - kömək
edin, - deyə bağırmaq istəyirdi ki, kök kişi bir əli
ilə ağzından, bir əli ilə saçından tutub
maşına dartdı.
- Gəl,
Lolita, gəl, zarıldama bəsdir, - dedi...
ADƏM
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.16-18.