Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat

mükafatının yeni laureatları məlum oldu

 

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2021-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə, builki laureatların siyahısı Anna Baqriana (Ukrayna), Qənirə Paşayeva, Elnarə Akimova və Fidan Nizaməddinqızıdan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 21 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünasımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), İmdat Avşar (Türkiyə), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol, Fərid Hüseyn digər şair ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

Vektor” BEA tərəfindən indiyə qədər mükafat laureatlarının 82 adda kitabı yayınlanaraq oxuculara hədiyyə edilmişdir.

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.23.