Zəngilana
Daha bu şəhərə sığmır həsrətim,
Torpaq həvəsimi
döyür bu asfalt.
Ay çinar xislətim, qaya heyrətim,
Elə
hey özünü öyür,
bu asfalt...
Əllərim yer əkir, bar götürməyir,
Burda yoxa çıxıb yerin sevgisi...
Mən eşq yetirirəm, yar götürməyir,
Burda niyə
ölüb yarın sevgisi?
Həsrətim özümdən qabaq
gedibdi,
Namərdin izləri göynəyir orda.
Çinar xislətimi kimlər əyibdi?
Babamın ruhu da inləyir orda...
Yağışlar yağacaq örüşlərinə,
Axşamın, sabahın güləcək
yenə.
Cavanlar çıxacaq qız gördüsünə,
Elçilər, nişanlar olacaq yenə.
Səni
gizləmədi dumanın,
çənin,
Yaladı hüsnünü xain gözləri.
Birazdan gələcək bənövşə
dəmin,
Çiçəklər gəzəcək o gül
əlləri.
Şurlu bulaqların gözü qalırmı?
Qızıl yataqların dururmu orda?
Dağlar unudurmu sinə dağını?
Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb
orda,
Min bir xatirə var dağda, nohurda.
Çağır qonaq kimi qalım, Zəngilan,
Toy elə toyuna gəlim, Zəngilan.
Təbrizimə
...Nə oğullar bada verib həsrətin...
Bu sevginin üzü dönməz, Təbrizim!
Bəlkə mənim olmayıbdı
hünərim,
Mən olmuşam dili dinməz, Təbrizim...
Bir illətdi, çəkə-çəkə
qalmışıq,
Qollarının Araz boyda bağı var!
Göz yaşların səpə-səpə
qalmışıq,
Ürəyinin Vətən kimi
dağı var!
Bu vətənin yaraları qan verir,
Saya gəlmir
dərdlərinin sırası.
Tikələnib, parçalanıb, can verir,
Ölmür ruhu, ayaqdaymış
anası!
Yollar getdim İrəvandan Təbrizə,
Karvanların sarvanları necoldu?
Ya mən gəlim, ya sən oyan,
gəl bizə,
Kim ləngidi, kim
qayıtdı, gec oldu...
Dumanların çöküb yenə
üstünə,
Oğulların bu dumanda azmasın.
İkili
baxışlar durdu qəsdinə,
Tarix yenə öz yolunu azmasın...
O yan-bu yan varıq,
bizik, olmuşuq!
Bu həsrətin açılıbdı
qolları...
Sənələrdi xəyallara dalmışıq,
Gözümüzə yığacağıq
yolları...
Ramiz Rövşənə nəzirə
Bir daş verərsənmi, daşatan oğlan,
Atım göy üzünə, daşı saxlasın.
Bir daş verərsənmi, daşatan oğlan,
Atım
göy üzünə,
bu göy laxlasın...
Allahsız işlərdən bezmişik,
oğlan,
Bu göy nəyə
lazım, qoy düşsün yerə.
Tanrı
gizlənibmiş, sezmişik,
oğlan,
Qoy düşsün, o pərdə,
sezmişik, oğlan...
Hər dəfə yerini dəyişmə, Allah,
Bir gör nələr edir yaratdıqların.
Bir daşı min başa dəyişir, Allah,
Bəzəyib, düzəyib, ağ atdıqların...
Qoca həqiqət
Bu nə oynamaqdı, qoca həqiqət,
Səni görməmişdim, belə
oynayan.
Yüz il gözlədiyim,
uca həqiqət,
Nədir gözlərində, belə
qaynayan?
Bu təzə gəlişin nə imiş belə,
Elə atdanırsan,
dingildəyirsən.
Durub ağlayırsan gah gülə-gülə,
Məqsədin, məramın, nə istəyirsən?
Sən ki dəyişməzdin donunu belə,
Gözlərin dəyişib, üzün
dəyişib.
Heç
vaxt düşünməzdim,
sonunu belə,
Bütün doğruların, düzün
dəyişib.
Dingildə, arzunun boynu qırılıb,
Gah sola dönürsən,
çəpə gedirsən.
Sənin
ki, boynuna yalan sarılıb,
İlanla,
şeytanla, səfə
gedirsən...
Gözünün odunu alıblar sənin,
Əllərim yolunda gül bitirirdi...
Səni
o zirvədə gözləyənlərin
Axırda
sənə də, bax şəkk gətirdi...
Tamella PƏRVİN
Ədəbiyyat qəzeti.- 2022.-
19 mart.- S.28.