Heç olmasa, bir məsələdə razılaşaq:

Uşaqlar öldürülməsin!!!  

 

Hiroşima'da öleli oluyor bir on yıl kadar

Yedi yaşında bir kızım, büyümez ölü çocuklar.

 

Nazım Hikmet

 

 Həyat insanı bəzən seçim qarşısında qoyur. bəzən pislər arasındakı seçimə məcbur qalırıq. Bizi seçimlər təyin edir. Seçimlər bizik, biz seçimlərimiz...

Ancaq vərdişlərimiz köhnədir. Seçimlərimiz kimi...

Bəzən insanlar keçən əsrdəki faşizm epidemiyasından, QULAQ-lardan heyrətə gəlir. Faciənin miqyası ağıllarına sığmır.

Umberto Eko isə belə yazırdı: "XXI əsr adamın ən böyük aldanışı faşizmin nasist uniformasında gələcəyini düşünməkdir". Faşizm bu gün başqa qiyafədə yanımızdadır.

Faşizmi yaradan isə bizlərik, daha doğrusu, bizim seçimlərimiz... İşğalçıları "səninki-mənimki" deyə ayırmaq, imperialistləri "sənin-mənim" deyə bölmək...

Biri işğal deyir, o biri azadetmə. Biri azadlıq mübarizəsi deyir, o biri antiterror əməliyyatı. Biri mücahid deyir, o biri terrorçu. Biri xilaskar deyir, o biri koalisiya əsgəri. Biri şəhid deyir, o biri kamikadze. Biri müharibə deyir, o biri hərbi əməliyyat... Biri faşist deyir, o biri vətənsevər.

Ancaq kimin deməsindən asılı olmayaraq həqiqət birdir. İnsanlar həqiqəti yox  edib ona cürbəcür adlar qoyurlar.

Halbuki "uşaqları öldürmək olmaz" hökmünü hamı qəbul etsə...  Qatilin terrorçu, yoxsa mücahid olduğunun əhəmiyyəti qalmır... Biz uşaq qətllərin üstünü uydurma adlarla örtürük.

Yalnız belə olan halda faşizmin vəhşilikləri, kommunizmin cinayətləri leqallaşa bilər. Adiləşə hətta ucaldıla bilər...

Bəşəriyyətin "uşaqları öldürmək olmaz" fikri ətrafında belə birləşə bilmir. Uşaqları İŞİD öldürür, ABŞ öldürür, Rusiya öldürür.

Dünya tarixinin əhəmiyyətli bir dövrünü yaşayırıq. Bu dövrdə bəşəriyyətin axan bu qədər qandan, yaşanan bu qədər faciədən sonra kamilləşməməsi dərin təəssüf doğurur.

İnsanların bir qismi Rusiyanın BMT tərəfindən işğal kimi tanınan əməlini haqlı göstərmək üçün Qərb ölkələrinin təhrikini önə çəkir. Ya da ABŞ-ın İraq işğalını...

Cari siyasətin təfərrüatlarına varmağa gərək yoxdur. Məqsəd əxlaqi prinsipləri vurğulamaqdır.

Əxlaqi prinsip isə budur: "Özünə rəva görmədiyini başqasına da rəva görmə".  Konfutsinin bu sözünü dərk etmək üçün daha neçə min il keçməlidir?

Məhəmməd Hadi "Həyatın səsləri guşumda həp fəryad şəklində // Bu insanlar ki qardaşdır lakin yad şəklində" misraları ilə başlayan "Əlvahi-intibah" poemasını I Cahan Savaşında  Ukraynada gördüklərindən sonra yazmamışdımı?

"Yad qardaşlar" gerçəkliyini biz iki ikrah doğuran təzahürdə görürük. Bir tərəf,  Yaxın Şərqdə işğal, terror qurbanı olan ərəbləri xatırladaraq ukraynalı qurbanları adiləşdirməyə çalışır. Digər tərəf, "bunlar ərəb deyil, bizim kimi sarışındılar deyib" qurbanlara fərq qoyur.

Bu zehniyyət qana susamış incan cəlladlarından da təhlükəlidir. Çünki tiranlar bir gün ölümə məhkum olur, ancaq bu zehniyyət var olduqca tiranlıq yaşayacaqdır.

Zalımları görməyib məzlumları tərəziyə qoymaq əxlaqıdır, məntiqi. Məgər ukraynalıların qətli ərəblərin, əfqanların revanş əməliyyatıdır? "Qara" uşaqların qisası "sarı" uşaqlardan alınır?

Halbuki Konfutsinin qədim düsturunu xatırlayan hər insan orda ölənin öz uşağı olduğunu düşünsə, onun yadına Tarixi-Nadir düşməyəcəkdir. Bəşəriyyətin xilası bundadır.

Paradoksal olan əsas məqam isə insanların iki səhvin birini seçmək həvəsidir. Halbuki bir cinayət digər cinayəti leqallaşdırmır, bir qətl digər qətli adiləşdirmir, bir faciə digər faciəyə bəraət vermir.

Həqiqət isə təntənəli görkəmi ilə gözümüzün qarşısında göylərə ucalır. Həqiqət düzgünlərin, bəşəri vicdanın yanındadır. Həqiqəti axtarmağa gərək yoxdur. Gözümüzü açsaq onu görəcəyik. Uşaqların qorxudan böyümüş gözlərində, soyuqdan üşüyən əllərində, göz yaşlarındadır...

Bəşərin nicatı insaniyyətdə, ədalətdədir. Bəşərin xilası mərhəmətdədir. İnsanları insan olduğu üçün sevməkdədir. Üzünü belə görmədiyin insanlar - uşaqlar, qadınlar, qəhrəmanlar üçün ağrımaqda, onların halına yanmaqdadır.

İnsandan başqa insan yoxdur.

Fələk girdabında, dövranın çarxı fələyində mənzili İnsan olanlar əsla yollarını azmayacaqdır.

 

Qan TURALI

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.24.