Çağdaş türk poeziyasında
Şuşanamələr:
milli-tarixi yaddaş və
müasirlik kontekstində
Əsrlər
boyu milli-mənəvi duyğuların mükəmməl poetik
harmoniyasını yaratmaq gücündə olan, ideya-məzmun
və forma komponentlərinə yanaşmanın universal
bütövlüyünü təmin edən türk
poeziyası hazırkı mərhələdə bir çox
ideya-bədii keyfiyyətləri ilə yanaşı, vətəndaşlıq
qayəsinin ifadə imkanları və ona xidmət
baxımından da diqqəti cəlb edir. XX əsrin əvvəllərindən
başlayaraq T.Fikrət, Z.Göyalp, M.A.Ərsoy, Ə.Hamid,
Y.K.Bayatlı və b. türk poeziya bayraqdarlarının
yaradıcılıqlarının ana xəttində dayanan vətənpərvərlik
mövzusu zaman-zaman öz aktuallığını itirməmiş,
yeni nəsil yazarlarının sənətində davam etdirilərək
özünəməxsus düşüncə və
yanaşma tipində poetik dəyər qazanmışdır. Bu
mənada Orxan Afacan, Mustafa Nihat Malkoç, Kənan
Çarboğa, Osman Akçay, Dursun Kepçeoğlu,
Ümüt Güngör və b. çağdaş türk
şairlərinin yaradıcılığındakı vətəndaşlıq
qayəsi mahiyyətinin milli-tarixi yaddaşa
bağlılıqda ifadəsini, məsələlərin
ümumtürk məfkurəsi kontekstində məna
qazanmasını ədəbi funksional rabitə hesab etmək
olar. Adları sadalanan ədəbi nəslin
nümayəndələrinin mövzu rəngarəngliyi ilə
seçilən yaradıcılıqlarında
türkçülük və turançılıq dəyərlərinin
üstünlüyünü təmin edən ədəbi rabitə
və ədəbi təsirləri inkar etmək düzgün
deyil. Önəmli odur ki, həmin şairlər
yaradıcılıqlarının bir istiqaməti kimi türk
dünyası coğrafiyasında baş vermiş ən son
tarixi hadisələrə ümumtürk kontekstində
münasibət sərgiləyir, qazanılan hərbi qələbə
və siyasi uğuru türkün ümumi qalibiyyəti
müstəvisində təqdim edirlər. Bu səbəbdən
müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,
igid əsgərlərimizin şücaəti,
xalqımızın birliyi nəticəsində 44
günlük II Qarabağ müharibəsində
qazandığımız zəfərin, təxminən 30 illik
işğal altında qalan yurd yerlərimizin düşməndən
azad olunmasının, azad olunan torpaqlarda dalğalanan
bayrağımızın və s. tərənnümü ilə
bağlı yazılmış şeirlərdə lirik
şair duyğuları ilə ciddi türk-vətəndaş
mövqeyinin üst-üstə düşməsi
çağdaş türk poeziyasında yeni keyfiyyət hadisəsinə
çevrilərək ideyanın aktuallığını dərinləşdirmiş
və "Turanın bir eli var" (Z.Göyalp) baxış
sistemində türk dünyası sevgisini gücləndirə
bilmişdir. Ən maraqlısı odur ki, bu cür yanaşma və
dəyərin ana xəttində tarixi Şuşa
qala - şəhərimizə daha çox önəm verilir,
şeirlərdəki poetik mənalandırma milli-tarixi
yaddaşa bağlılıq və müasir real şəraitə
uyğun aparılır.
Bildiyimiz
kimi, Şuşa şəhəri 270 illik
bir tarixə malik olsa da, bu ərazilərin xalqımıza məxsus
yurd yeri olmasının tarixi min illərə söykənir. Təsadüfi
deyildir ki, bir çox Avropa alimləri kimi, ingilis səyyahı
və alimi C.Morye də Şuşa ərazisinin
eradan əvvəl insan məskəni olduğu barədə
fikirlər irəli sürmüş, birmənalı olaraq bu
yerlərin türkə məxsusluğunu təsdiqləmişdir.
Şuşa xalqımız üçün tarixən
siyasi və mədəni olduğu qədər strateji
baxımdan da əhəmiyyətli mərkəzlərdən
biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin Şuşa ilə bağlı
aşağıdakı fikirləri bu baxımdan analoqu olmayan
milli-tarixi səciyyə daşıyır: "Şuşa təkcə
şuşalılar üçün yox, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir".
Bu səbəbdən
Şuşa bir paytaxt şəhər, bir gözəlliklər
diyarı, bir türk yurdu, bir mədəni-elmi mərkəz,
şairlər, alimlər, rəssamlar, qəhrəmanlar, siyasi
xadimlər vətəni və s. olaraq Azərbaycan və
türk dünyasında sevilmiş, nəinki Azərbaycan, eyni
zamanda ümumtürk ədəbiyyatımızın baş
mövzusuna çevrilmiş, milli-tarixi yurd yeri
Qarabağın - Şuşa şəhərinin lirik və bədii-fəlsəfi
obrazı canlandırılmışdır.
M.M.Bayat,
Orxan Afacan, Kənan Çarboğa, Osman Akçay, Dursun
Kepçeoğlu, Ümüt Güngör və digər
şairlərin şeirlərində Azərbaycanın qeyrət
simvolu olan, Qarabağın incisi hesab edilən Şuşa
ümumi olaraq milli-tarixi kontekstdə obrazlaşdırılsa
da, buradakı məzmunun ana xəttində əsasən son 30
ilin tarixi olayları dayanır. Ona görə də Şuşa mövzulu bu cür şeirlərdə
biz bir tərəfdən 28 illik düşmən
tapdağında olan Şuşa harayımızı eşidir,
digər tərəfdən isə düşmən üzərində
qələbə müjdəmizi bölüşür, zəfərimizin
Şuşa sevincindən qürurlanırıq. Lakin
Şuşanın hələ azad olunmadığı bir
dövrdə yazılmış bəzi poetik nümunələrdə
şair idealları ilə mövcud gerçəkliklər
arasında görünən təzadlar nə
reallığın təhrifidir, nə də romantik
düşüncələrdir, türk milli əqidəsinin
öncədən diktə etdiyi qələbə
inamının və məğrurluğunun təzahürüdür.
Məsələn, Məhəmməd Mehdi Bayatın
"Qarabağ şikəstəsi" şeiri
Qarabağın - Şuşanın işğal altında
olduğu bir zamanda yazıldığı üçün bu
şeir torpaq itkimizin acılarını əks etdirmək
baxımından xarakterikdir. Lakin işğal dövrünün
reallıqları fonunda şeirdəki türk birliyinə,
düşməndən intiqam almağa və zəfərə
çağırış ideyaları burada həm nikbinliyi, həm
də qələbəyə olan inamı artıra
bilmişdir:
Qadan
alım, dilbərim, başına da dolanım,
Gün
doğmadan dərdinə pərvanətək mən yanım
Yüz
yerdən yaralısan, ey sevgili cananım
Gün gəlir
şəfəq çökər, durnalar qatar-qatar,
O
qurumuş bağlarda bülbüllər bir də ötər.
Məhəmməd
Mehdi Bayatın Şuşanın işğal olduğu zamanda qələbə
müjdəli və qələbə ruhlu düşüncələrinin
səbəbini ilk növbədə onun türk təəssübkeşliyində,
Azərbaycanın igid oğullarının düşməni məhv
edəcəyinə olan inamında axtarmaq lazımdır:
Silkin,
silkin ər kimi, işıq saç günəş kimi,
Gir meydana
baş yüksək, kükrəyən aslan kimi,
Qəhr eylə düşmənləri, görün
xalqa xan kimi.
Yürü,
yürü durmadan, dağıt düşmən evini,
Qazan zəfərlərini, qoy dostların sevini.
"Qarabağ şikəstəsi" şeirində
Şuşanı - Qarabağı özünə vətən
bilən şairin yurd, torpaq sevgisi ən yüksək səviyyədə
nümayiş etdirilir. Bu sevgi şairdə həm qələbə inamı
formalaşdırır, həm də işğal altında
olsa belə öncədən xalqa vətən
torpaqlarının düşməndən azad olma xəbərini
verməyə sövq edir:
Bayrağı
dik göylərə, azadəlik günüdür,
Topla xalqı başına hürriyyət
düyünüdür.
Torpağında
düşmənin inşallah sonudur...
Çağdaş
türk poeziyasında özünəməxsus yeri və
üslubu olan Kənan Çarboğanın "Qarabağa
azadlıq çağrısı" və Ümüt
Güngörün "Azərbaycan, Qarabağ,
Şuşanı unutmaram" şeirlərində
ayağı Türkiyədə, könlü Azərbaycanda
olan vətənpərvər şairlərin Qarabağ, Şuşa sevgilərini görməmək
mümkün deyil. Məsələn, Qarabağı,
Şuşanı türk dünyasının bir
parçası hesab edən Kənan Çarboğa
Şuşaya hər bir türkün müqəddəs Vətəni
və qürur yeri kimi baxır. Buna görə də Şuşa itkisini Göy bayraq altında birləşən
Turan elləri üçün qəbul edilməyən dərd
səviyyəsində təqdim edir, düşmənə
sonsuz nifrətini gizlədə bilmir. Kənan Çarboğa
Şuşanın - qədim türk yurdunun düşmən
tapdağında inləməsini təkcə tariximizin deyil, həm
də şan-şöhrətimizin qara səhifəsi hesab etsə
də, aslan pəncəli, qurd ürəkli igidlərin sayəsində
Şuşanın azad olunacağına və düşməndən
intiqam alınacağına ümid bəsləyir:
Bir qotur,
quduz köpək torpağını aparmış,
Namusuna əl atmış, ürəyini qoparmış.
Bozqurdların
yurdunda qurd payını qoparmış
Qurdluğunu
xatırla, qan dəysin dişə bu gün,
Azad olsun
Qarabağ, hürr olsun Şuşa bu
gün.
Şair həmişə
türklüyü ilə qürur duyan türkləri Şuşa uğrunda savaşa səsləyir,
ulu Turan ellərini və igidlərini bir olmağa, düşmənə
dəmir güc göstərməyə
çağırış edir:
Göy
bayrağın altında birləşərək türkeli
Bu
ayıblı duruma bir anda son verməli,
Türkün
dəmir gücünü dünyaya göstərməli
Ulu Turan ərləri girsin savaşa bu gün.
Azad olsun
Qarabağ, hürr olsun Şuşa bu
gün.
Şeirdə Kənan Çarboğanın Qarabağ məsələsini
Azərbaycan çərçivəsindən
çıxarıb ümumtürk kontekstində təqdim etməsi
böyük Atatürkün "Azərbaycanın kədəri
kədərimiz, sevinci sevincimizdir" fikirlərindən
doğan ideyanın oxşar təsirini yaradır.
Kənan Çarboğanın bir türk şairi olaraq
daşıyıcısı olduğu ədəbiyyatın, mənsub
olduğu millətin ənənələrinə sədaqəti
kifayət qədər güclüdür. Onun sənəti
türk yurdunun sevincini sevinc, kədərini kədər bilən,
qanı ilə, canı ilə türk dünyasına
bağlı olan bir vətəndaş - şairin vətənpərvərlik
manifesti təsirindədir. Bu səbəbdən onun
Şuşa mövzusunu əks etdirən poetik misralarında
türkün qəhrəmanlıq taleyi ilə səsləşən
hər bir söz, poetik məna daşıyan hər bir ifadə
şərəf tariximizi, çətinliklərə sinə gərmək
əzmimizi, torpaqlarımıza qayıtma ümidlərimizi
ifadə edir və oxucuda türkəm - cəsuram, türkəm
- ədalətliyəm, türkəm - qalibəm
düşüncəsini formalaşdırır:
Oğuz
xanın ordusu boyun əyməz kimsəyə,
Dünya təslim olunca oxu dəyməz kimsəyə.
Biz izin
vermədikcə günəş doğmaz kimsəyə
Buyruğumuz
yetişsin torpağa, daşa bu gün
Azad olsun
Qarabağ, hürr olsun Şuşa bu
gün.
Ümüt
Güngörün "Azərbaycan, Qarabağ,
Şuşanı unutmaram" adlı 10 bəndlik şeiri son
30 ildə Azərbaycan torpaqlarının işğalı, 20
Yanvar hadisələri, Xocalı soyqırımı, dünya və
Avropa birliyinin Azərbaycana qarşı
haqsızlığı, biganəliyi və s. məsələlərin
poetik ifadəsi, yeri gəldikcə milli-tarixi mahiyyətdə
dəyərləndirilməsi baxımından xarakterikdir. Biz
bu şeirdə türkün özünə vətən
bildiyi Azərbaycan üçün canından belə
keçməyə hazır olduğu qətiyyətinin,
"türkə düşmən olanı öfkəm ilə
yıxaram" iradəsinin, bozqurdların - türk igidlərinin
sayəsində erməni quldurlarından intiqam
alınacağı inamının şahidi olur, şair
arzularının arxasında dayanan Azərbaycan sevgisi ilə üzbəüz
qalırıq:
Gül
olmağa hazır qönçəni qurutmaram,
Azərbaycan,
Qarabağ, Şuşanı unutmaram,
Turansız
xəyallarla könlümü ovutmaram,
Erməni qulduruna buraxmaram sizləri.
Maraqlı
odur ki, 10 bəndlik şeirin yalnız birinci bəndində
Şuşanın adı çəkilsə də və hər
bənd "erməni qulduruna buraxmaram sizləri"
misrası ilə tamamlansa da, oxucu təsəvvüründə
Azərbaycanın dünəni və bugünü ilə
bağlı əks etdirilən tarixi-siyasi və hərbi proseslərin
mərkəzində yalnız Şuşa görünür,
Şuşa canlanır. Çünki Xocalı
soyqırımı, Bakı qətliamı, körpələrə,
ana-bacılarımıza verilən dəhşətli işgəncələr
fonunda bir oxucu, bir vətəndaş olaraq Şuşa
ilə bağlı düşüncələr
Şuşanın adı çəkilməsə də belə
bir simvol olaraq xəyalımızı daha çox məşğul
edir:
Dünyaca
zülümlərin altında inlədiniz,
Qüsurunuz vardı ki, günahmı işlətdiniz?
Sadəcə, vətənim - Azərbaycan dediniz.
Erməni quldurlara buraxmaram sizləri.
Çağdaş
türk poeziyasında konkret olaraq Şuşanın azad
olunmasına həsr edilmiş şeirlər özünün
ideya-məzmun xüsusiyyətlərinə görə Şuşa ilə bağlı
yazılmış digər nümunələrindən fərqlənir.
Əgər M.M.Bayatın "Qarabağ şikəstəsi",
K.Çarboğanın "Qarabağa azadlıq
çağrısı", Ümüt Güngörün
"Azərbaycan, Qarabağ, Şuşanı unutmaram" və
s. şeirlərində işğal altında olan
Şuşanın mərdliyi, mübarizliyi, əyilməzliyi
fonunda onun azad görkəmi xəyali azadlıq və yaxud
"bəlkə yarından da yaxın" fəlsəfəsi
daxilində əksini tapırsa, Mustafa Nihat Malkoçun
"Şuşa muştusu", Osman Akçayın
"Şuşa", Orxan Afacanın "Qarabağın qəlbidir
Şuşa", "Azansız illər Şuşa",
Dursun Kepçeoğlunun "Şuşa" şeirlərində
isə ideya-məzmun konkret olaraq Şuşanın azad
olunmasından sonrakı gerçəklik və
reallıqları əhatə edir. Ona görə də
Şuşanın azad olunduğu ilk günlərdə 8-9
noyabr 2020-ci il tarixində isti-isti
yazılmış şuşanamələrdə hadisələr
keçmişi yox, bugünü əks etdirir. Mustafa
Nihat Malkoçun "Şuşa muştusu" şeirində
Şuşanın azad olunmasından qürur duyan, böyük
fərəh yaşayan şairin sevinc hisslərini görməmək
mümkün deyil. Şair bu hissləri təkcə
yaşamır, həm də onu bir təəssübkeş
türk olaraq dünyaya bəyan edir:
Düşmənə
yar olmadı torpağımız, daşımız,
Zəfərə qanad çırpdı Azəri
qardaşımız.
Bayrağın
kölgəsində göyə dəydi başımız
Torpağın
üzü güldü, rəhmət yağdı
Şuşaya,
Dağıldı qaranlıqlar, günəş doğdu
Şuşaya.
Dərincə
qazılmışdır erməninin məzarı
Ümidlərə
gəbədir hürriyyətin nəzəri,
Heç
belə görməmişdik, belə şirin Xəzəri
Minlərcə
salam olsun, salam olsun Şuşaya
Dağılsın qaranlıqlar, huzur dolsun Şuşaya.
Mustafa Nihat azad Şuşanın obrazını yaradarkən
bir qədər də irəliyə gedərək, qələbənin
real mənzərələri fonunda özünün şair
hisslərini həyat gerçəklikləri və qürurlu
insan qavrayışları səviyyəsində təqdim edə
bilir. Ona
görə də şairin təqdim etdiyi poetik tabloda Şuşa zəfərimizin səbəb və
nəticələri gerçəkliklə ideal arasında dəyər
qazanır və heyrət doğuracaq qədər marağa səbəb
olur:
Hürriyyətin
eşqinə qanlar axdı Şuşaya,
Bayrağın xatirinə canlar axdı Şuşaya.
Və
yaxud
Cəngavərlər
atıldı sel misalı Şuşaya,
Yaradan nəsib etdi bu vüsalı Şuşaya.
Orxan
Afacanın, Osman Akçayın, Dursun Kepçeoğlunun azad
Şuşa mövzusunda yazdıqları
şeirlərdəki yanaşma və ideya bir təəssübkeş
türkün keçirdiyi sevinc hisslərini və Azərbaycan
Türkiyə, Azərbaycan türk dünyası
qardaşlığını əks etdirir. Orxan Afacanın
"Qarabağın qəlbidir Şuşa",
"Azansız illər Şuşa", Osman Akçayın
"Şuşa", Dursun Kepçeoğlunun
"Şuşa" şeirlərində Azərbaycan zəfərindən
pay alan, sevinci yerə-göyə sığmayan türk
qardaşlarımızın iftixar duyğulu düşüncələri
və sanki bir şuşalı həyəcanı
yaşamaları bizdə təəccüb doğurmur, əksinə
torpaq bütövlüyünü bərpa edən Azərbaycanın
yeni siyasi-inzibati tərcümeyi-halının poetik
uvertürası təsirini yaradır və eyni amal, eyni
ideallar uğrunda yumruq kimi bir olduğumuzu nümayiş
etdirir:
İşğaldan
azad edilən qədim türk yurdu Şuşa
Qarabağın
ürəyidir
Qəlb
bizdə atarkən,
dəmir
yumruqdan qaçan itlər
Zəfər işin layiqlidir.
Və
yaxud
Açıldı
dilim, idrakım
Könül
yenə gəldi cuşa
Sancıldı
bürcə bayrağım
Qayıtdı
bağrıma Şuşa.
Qardaşımız
Azərbaycan
İki bədəndə
bir tək can.
Dursun
Kepçeoğlu
Osman Akçayın "Şuşa" şeirində
qədim türk yurdu Şuşanın azad olunmasına yönələn
fikirlərdə Azərbaycanın qürur və qüdrəti,
erməniliyin və ermənipərəstliyin isə məhvi və
ifşası əsas yer tutur. Şairin bu cür fərqli
baxışı və düşüncələri bir tərəfdə
türk ruhunun əzəmət və qüdrətinin, digər
tərəfdə isə haqq-ədalət təntənəsinin
ifadəsi baxımından xarakterikdir:
Qəhrəman
və müzəffər
can Azərbaycan
ordumuz,
Addım
atınca Şuşaya
Erməninin,
fransızın, rusun, amerikalının
Gözləri döndü şaşıya.
Səslənən
ideyanın davamı kimi Dursun Kepçeoğlunun
"Şuşa" şeirində də düşməndən
intiqam alan türkün qəhrəmanlıq
və yenilməzliyindən danışılır, gözlərimiz
önündə vətən sevgisi ilə nəfəs alan
igidlərimizin mükəmməl obrazı
canlandırılır.
Dursun
ödemiş bedeli,
Gerçəkləşmiş
bir əməli
İki
bayraq tutan əli
Qurban olum
o tutuşa
Türkü
ölçmək istəyənlər,
Kəsib
biçmək istəyənlər
Qanın
içmək istəyənlər
Əmək verməsinlər boşa.
Duyunca bir
Mehtər marşı
Türk
titrədir ərzi-ərşi
Yürür
düşməninə qarşı
Durmaz, gedər qaça-qaça.
Şuşa azad olunduqdan sonra ona həsr edilmiş
şeirlərdə "lirik mən"in hadisələrə
müdaxilə və münasibəti "azad Şuşa"
kontekstindən kənara çıxmır. Orxan Afacanın
"Qarabağın qəlbidir Şuşa" və
"Azansız illər Şuşa" şeirlərində
"lirik mən" azad Şuşanın azad vətəndaşı
görkəmində dünəndən çox bugünün
adamı təsirini bağışlayır.
"Qarabağın qəlbidir Şuşa" şeiri
Şuşa azad olunan gün, "Azansız illər
Şuşa" şeiri isə Şuşa
zəfərinin ikinci günü - 9 noyabr 2020-ci ildə
yazıldığı üçün buradakı sevinclə
həyəcanın paralelliyi baş verənlərin daxili
mahiyyətinin açılmasından çox uzun
ayrılıqdan sonra düşməndən təmizlənmiş
torpaqların görüşünə gedən insanların
emosiyalarının əks etdirilməsini zəruri edir. Ona
görə də şair məqsədli olaraq 28 illik
ayrılıqdan sonra Şuşanın ilk dəfə
görüşünə gələn bir vətəndaşın
izaha sığmayan və ya sözlə izah oluna bilməyən
duyğularını, psixoloji məqamlarını, emosional
görkəmini detalları ilə oxucuya çatdırmağa
ehtiyac duymamış, belə demək mümkünsə,
vüsala çatan insanın (Şuşa əhlinin)
keçirdiyi hissləri zahiri emosional görkəmə
uyğun təqdim etməyə üstünlük vermişdir:
Otuz il gözlədim, getmədi boşa
Doydu
sevincimdən gözlərim yaşla
Gəlirəm
bu gündən tez qaça-qaça
Mənim
Qarabağımın qəlbidir Şuşa.
Bildiyimiz
kimi 30 illik erməni işğalı zamanı Ağdam,
Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan,
Laçın, Qubadlı, Kəlbəcər, Xocavənd,
Ağdərə, Xankəndi, Xocalı kimi şəhər və
rayonlarımızda onlarca məscid və dini-mədəni abidələrimizin
ermənilər tərəfindən təhqir və məhv
edilməsi təkcə Azərbaycana qarşı deyil, bəşəri
maddi-mədəni, dini-mənəvi sivilizasiyasına
qarşı törədilmiş vandal aktı və cinayətdir.
Bu mənada, şuşanamələrə daxil
olan şeirlərdə torpaqlarımızın
azadlığı sırasında məscidlərimizin, dini
abidələrimizin də yer alması zaman-zaman bu torpaqlarda
milli-mənəvi dəyərlərimizin mövcudluğunun,
islami əxlaqın aparıcılığının təsdiqi
və milli-dini məbədlərimizə vandal
yanaşmanın, erməni vəhşiliyinin ifşası
baxımından xarakterikdir. Məsələn,
Orxan Afacanın "Azansız illər Şuşa"
şeirində Şuşanın azan həsrəti onun 28 illik
azadlıq həsrəti ilə təxminən eyniləşdirilir,
hiss və düşüncələr bu çərçivədə
təqdim edilir. Şair azan səsinə
bir tərəfdən ruhumuzun, hissiyyatımızın, qalibiyyətimizin,
həyat eşqi və mübarizə əzmimizin səsi kimi dəyər
verir, digər tərəfdən, onu dini-fəlsəfi mahiyyətdə
aşılamağa müvəffəq olur.
Doqquz
noyabr Bayraq günü müjdəsi
Şəfəqdə
yüksələn azanın səsi
Edər səcdəsinə
dəvət hər kəsi
Azansız illəri, aman, unutma.
Nəticə
etibarilə deyə bilərik ki, çağdaş türk
poeziyasının ən son örnəklərindən olan
şuşanamələr mövzu və ideya baxımından
Azərbaycan sevgisi daxilində türk birliyimizi, qəhrəmanlığımızı,
yenilməzliyimizi, yurd-torpaq həsrətimizi, düşmənə
nifrətimizi, böyük gələcəyə ümidlərimizi
parlaq bədii boyalarla əks etdirmiş, düşmənlərimizin
siyasi-mənəvi iflasını dünyaya bəyan etmiş və
Şuşa-Vətən sevgimizin poetik himninə çevrilərək
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yüksək tribunalardan səsləndirdiyi
siyasi hökmünün həqiqiliyini bir daha təsdiqləmişdir:
"Qarabağ Azərbaycandır!".
Elman QULİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.26-27.