Ruhların sevinən günü
Pəncərədən çölə, hər tərəfi ağaclarla örtülmüş bağa
baxıram. Metafizik bir tülə
bürünmüş aurada,
xəyallarım, düşüncələrim
kosmik sürətlə
yerini dəyişir.
Həmişə inanmışam:
bütün yaşantılarım,
oxuduqlarım, eşitdiklərim,
gördüklərim, gündüzlər
olduğu kimi gecənin zil qaranlığında da pəncərədən mənə
(mən baxdığım
kimi) baxırlar. "Dünya bir
pəncərədir". Elə isə bu dünyada hərənin öz pəncərəsi (baxış
bucağı) var, o pəncərədən boylanan
xatirələri...
Fəxrəddin Teyyub da öz
pəncərəsindən ("Sənə pəncərədən
baxıram indi") baxır. Mənə bağışladığı,
təzə işıq
üzü görən
şeirlər kitabından,
("Ruhların sevinən
günü". "Elm
və təhsil".
Bakı
2021) aldığım təəssürat
buna inandırır.
Bir etirafda da bulunum;
adətən əlimə
keçən şeirlər
kitabından beş-altı
şeir oxuyuram. Bu mənə müəllifi
daha yaxından tanımaq fürsəti verir. Bu dəfə
də elə, sanki aramızda yaranan məhrəm ünsiyyətindən istifadə
edib ona suallar (xəyali rabitəyə girib) verirdim. Nəfəsini
elə yaxından hiss
edirdim ki, bəyəndiyim misraların
altından xətlər
çəkə-çəkə...
Qarabağa gedən yolumuz yaman uzun çəkdi
- otuz ilə yaxın uzun bir boşlıq. Öz təcrübəmdən bilirəm:
itiklə-itki ilə insan övladı heç vaxt barışmaq istəmir, barışammır. O da ola torpaq
itkisi - məğlubiyyət!
Bu ağrını içimizdə
qara yara kimi daşıdıq...
Və
II Qarabağ savaşı!
Xalq, ordu, dövlət bir əlin beş
barmağı kimi dəmir yumruğa döndü! Böyüklü,
kiçikli hər kəs döyüşə
getmək, nədəsə
öz köməyini,
xidmətini göstərmək
istəyirdi:
Yenə
ön sırada, yenə başdayam,
Oğul
istəyirəm bir əyə məni
Nə olsun yaşlıyam, ahıl yaşdayam,
Çağırıb aparın cəbhəyə
məni.
"Çağırıb aparın
cəbhəyə məni"
Döyüşdə həlak olanlara, bu müqəddəs
yolun şəhidlərinə
həsəd aparırdıq,
o sırada və siyahıda olmadığımıza
görə:
Səngərdə duraydım, öndə
olaydım,
Dərəyə düşəydim, çəndə
olaydım.
Kaş ki, aranızda mən də olaydım...
"Kaş ki, aranızda
mən də olaydım"
Müəllif sayca dördüncü kitabına maraqlı ad seçib - "Ruhların
sevinən günü". İllərdi cənnət Qarabağın
- Şuşanın göylərində
babalarımızın, nənələrimizin
və əlbəttə
ki, şəhidlərimizin
ruhları qərib-qərib
dolaşırdı - sevinirlər
indi. Əslində II Qarabağ savaşı
Ədalətin - haqq etdiyimiz işin təntənəsi idi.
Deyirlər, göy üzündə hərənin bir ulduzu var. Xoşbəxt ulduz altındamı doğulub Fəxrəddin Teyyub?! - bilmirəm. Amma dəqiq bilirəm: ruhları muştuluqlayan, qələbə
müldəsini verən
qələm xoşbəxtdi:
Hər əsgər keçilməz
dağ aşır indi,
Tapdı öz yerini aran da, dağ
da.
Ruhun Qarabağda dolaşır indi,
Ruhun namaz qılır "Gövhər
ağa"da.
Göydən nur yağacaq ev-eşiyinə,
Ruhların sevinən günüdür
bu gün.
Zəng
edib demişəm sonbeşiyinə,
Gələr məzarına muştuluq üçün.
"Ruhların sevinən günüdür
bu gün"
Həmişə elit cəmiyyət
arasında formalaşmış
belə bir fikir yürüdürlər
- sənət mərkəzdədir!
Məncə, sənətin (ədəbiyyatın)
əyaləti, mərkəzi
olmaz, olmalı deyil. Fəqət bəndəniz də
bu düşüncəni
(bir zamanlar Parisə üz tutan rəssamları xatırlayıram) bölüşməli
olur. F.Teyyub mərkəzdə - paytaxtda
yaşasa da Şıxəkəran (Lənkəran)lıdır - kənd adamının təmizliyi, saflığı
şeirlərinə də
yansıyıb:
Səni
düşünürəm qışda, qarda mən,
Könlümdən keçəni duymadın,
neynim.
Axtardım sevgimi uzaqlarda mən,
Mənə bir gözəli qıymadın neynim.
"Şıxəkəran, ana
kəndim"
Şeirin
məndə oyatdığı
emosiya qatına bir az da aydınlıq gətirmək istəyirəm.
Adaşım kəndin, o qutsal
torpağın tozunu şalvarının balağından
çırpıb, şəhərin
neftinə, mazutuna bulaşmayıb. Onun
poeziyasını böyük
sənət müstəvisinə
qaldıran da səmimiyyətidir! Biz öz anamızla necə danışırıqsa
(necə danışırdıqsa)
elə.
Doğma ocaq, doğulub boya-başa çatdığımız,
hər daşı, hər ağacı, gülü-çiçəyi ilə nəfəs aldığımız məkan-ruhun
rahatlıq tapdığı
məkandır. Ev-yurd sevgisi F.Teyyub
yaradıcılığında ayinləşir, simvolik məna kəsb edir. Bu da
illər uzunu yaşam tərzinin və (həm də birbaşa) aldığı tərbiyənin
ona təlqin və təsir etdiyi, aşıladığı
inamdan irəli gəlir.
Topluda maraqlı
obrazlar silsiləsi
var. Ana obrazı müraciət
etdiyimiz şeirdə
"əcdad arxetipi ilə bağlıdır
(R.Kamal)".
Anam deyərdi ki, obaşdan durun,
Könül oxşamağa bir
az tələsin.
Ürəyə dəyməyin, uzaq,
yan durun,
Qayğılı kəslərin üstündə
əsin.
"Anam deyərdi ki..."
Böyük sənətin (poeziyanın)
dar-dolanbac keçidlərindən
necə keçməyimizdən
çox şey asılıdır. Sözlər dilimizdə necə
səslənir, donnan-dona
necə girir - əsas məsələ budur.
Vətən sevdasını F.Teyyub özünün tale yazısına
çevirə bilib.
Hardansa Vətənə baxmağa
nə var,
Səngərdən baxanda vətən, vətəndi.
"Vətən, torpaq"
Bu anda, elə bil müəllifin oxucunu çəkib, duyğular burulğanına
aparan səsini eşidirəm.
"Qardaşım ev
tikir təndir yerində". Elə kövrək, elə
həsrətlə deyir
ki. Məni tərpədib silkələyən
səsin arxasınca düşüb getdikcə
gedirəm: xatirələrin
ağrılı tərəflərinə...
İllərin o tayında, anamın çörək yapdığı
təndir gözlərimin
qarşısındadır. Anamdan sonra (dünyasını dəyişən analara Allahdan rəhmətlər
diləyir, qalanların
əllərindən öpürəm)
təndiri mənə
zorla sökdürdülər
- "evin, həyətin
yaraşığını pozur" deyə...
F.Teyyub hər dürlü bər-bəzəkdən
uzaq şairdir, əsl ruh adamıdır. Şeirlər
kitabını oxudum demək azdır - onunla elə "gözəl dərdləşdim"
ki: ("Ömrümdə
ilk dəfə gözəl
ağladım"),
("Biletsatan, mənə
bir bilet də ver, Anamın
həsrəti mənimlə
gedir"), ("Deyirəm,
elə bir ömür yaşayım,
Qalsın dadı, tamı xatirələrdə").
Ürəyimdən çox sözlər keçsə də, bir qəzet formatında imkan xaricindədir yazmaq. Mənə ancaq
qardaşıma yeni-yeni
yaradıcılıq uğurları
diləmək qalır.
Biz axı (İ.İsaqın
təbirincə) "sözün
süd qardaşlarıyıq".
10.03.2022
Fəxrəddin
ƏSƏD
Ədəbiyyat qəzeti.- 2022.- 19
mart.- S.29.