Fernando Pessoanın axırıncı
üç günü
28 noyabr
1935
I
Əvvəlcə
üzümü qırxdırmalıyam, dedi, xəstəxanaya
üç günlük saqqalla getmək istəmirəm, zəhmət
olmasa bərbər Manaseşi çağırın, o, tindəki
evdə yaşayır.
Axı
vaxtımız yoxdur, cənab Pessoa, qapıçı dedi,
taksi gəlib, dostlarınız da sizi qapıda gözləyir.
Eybi yox, dedi, həmişə vaxt var.
O, balaca
kresloda oturub Sa-Karneyranın şeirlərini oxumağa
başladı.
Senyor Manaseş gəlib onunla salamlaşdı. Senyor Pessoa, dedi, səhhətinizin
yaxşı olmadığını eşitdim, ümid edirəm
ciddi bir şey yoxdur.
Dəsmalı Pessoanın boynuna dolayıb
üzünü sabunlamağa başladı.
Mənə
nəsə danışın, Pessoa dedi, siz, senyor Manaseş,
çoxlu maraqlı hadisələr bilirsiniz,
dükanınıza çox maraqlı adamlar gəlir, nəsə
danışın...
***
Pessoa təzə qara kostyumunu geyinib kəpənəyini
bağladı, eynəyini taxdı. Hava soyuq deyildi, amma
yağış yağırdı, buna görə sarı
plaşını da geyindi, sonra qələmlə bloknot
götürüb pilləkanları düşməyə
başladı.
Pilləkanda dostları Fransişka Qouvey və Armanda Teyşer
Rebel onu gözləyirdi. İkisi də həyəcanlı idi,
yaş çətirləri əllərindəydi. Biz də
səninlə gedəcəyik, ikisi də eyni vaxtda dedi. Pessoa dalğın halda gülümsədi.
Sağ tərəfindəki kəskin ağrı sərbəst
davranmağına imkan vermirdi. Dostları ona
düşməyə kömək etmək istədilər,
amma o etiraz edib məhəccərdən yapışdı.
Vestibüldə taksistlə söhbət edən
rəisi senyor Moitinyu de Almeydanı gördü. Mən də
sizinlə gedəcəyəm, senyor Pessoa, o mehribanlıqla
dedi, mən də gedəcəyəm. Sizi tək
buraxa bilmərəm.
Narahat
olmayın, senyor Moitinyu de Almeyda, Pessoa dedi, iki dostum
yanımdadır, onlar mənimlə gedəcəklər,
narahat olmayın.
Amma senyor Moitinyu de Almeyda qərarlı şəkildə
qabaq qapını açdı, Pessoa sürücünün
yanında oturdu, üç dostu isə arxa oturacağa
keçdilər.
Getdikcə Pessoa pəncərədən da İştrela
bazilikasının günbəzinə baxırdı. Uzun illər əvvəl,
bazilikayla üzbəüz bağda, yeganə məhəbbəti
olan Ofeliya Keyroşla görüş təyin edirdi. Bağdakı skamyada oturub çəkinə-çəkinə
öpüşürdülər və bir-birini əbədi
sevəcəklərinə dair söz verirdilər.
Amma mənim həyatım məndən və sevgimdən
daha güclü çıxdı, Pessoa
pıçıldadı, bağışla məni, Ofeliya, mən
yazmalı idim, ancaq yazmalı idim, başqa heç nə edə
bilməzdim, indi isə hər şey qurtarıb.
Taksi parlament binasının yanından keçib Kalsada du
Kombruya çıxdı. Uzun illər əvvəl
burda otaq kirələmişdi. Ev sahibəsinin
adı Donya Mariya daş Vertudeş idi. O, hələ də
bu altmış yaşlı, saçlarını sarı rəngləyən
iri döşlü qadını yaxşı
xatırlayırdı. Axşamlar ev sahibəsi
onu albalı likörü içməyə və spritik
seansda iştirak etməyə çağırırdı. Qadın mərhum əri marşal Pereyrayla kontakta
girirdi və onunla Afrika müharibəsindən, bibərin qiymətindən
uzun-uzadı danışırdı. Sonra
bir stəkan da likör içib albalı yeyirdilər və
Pessoa sağollaşıb Donya Mariya daş Vertudeşə
şirin yuxu arzulayandan sonra otağına qayıdırdı.
Həmin gecələrdə Pessoa Bernardu Soareşlə bir yerdə
olurdu və onun adından "Narahatlığın
kitabı"nı yazırdı. Səhərlər dan söküləndə durub
Lissabon səmasının hansı rəngdə olduğunu
müşahidə edirdi və onu anasının Cənubi
Afrikadan göndərdiyi dəri üzlüklü balaca
blaknotda təsvir edirdi.
Rua Luj Sorianodan keçəndə onları polis
saxladı.
Burdan keçə bilməyəcəksiniz, dedi, küçəni
millətçilər bağlayıb, orkestr da gətiriblər,
bu gün bayramdır.
Senyor Moitinyu de Almeyda başını pəncərədən
çıxartdı. Mən doktor Moitinyu de Almeydayam, təntənəylə
dedi, biz Sao Luiş duş Fransezeş xəstəxanasına
getməliyik, xəstəmiz var.
Polis furajkasını çıxartıb
başını qaşıdı. Qulaq asın, dövrələmə
gedə bilərsiniz, bu küçə bir tərəflidir,
amma xəstəniz olduğuna görə sizə
fırlanmağa icazə verirəm, burdan sağa dönün,
sonra sola, Bayro Altuya çıxacaqsınız. Pessoa gülümsədi, çünki polisi
tanımışdı. Bu Koelyo Paşeko
idi, Pessoanın nadir heteronimi. Paşeko cəmisi
bir dəfə şeir yazmışdı. Görəsən
o polis formasında, burda nə edirdi? Bəlkə
də onu Ustad göndərmişdi ki, yolu başa salsın.
Pessoa əlini qaldırıb ona ezoterik işarə
göstərdi. Koelyo Paşeko da ona eyni işarəylə
cavab verdi və taksi sağa döndü.
Xəstəxananın qəbul şöbəsində
tibb bacısı oturub mürgüləyirdi. Senyor Moitinyu de Almeyda ona
yaxınlaşıb növbətçi həkimi soruşdu,
dedi ki, bu çox ciddi məsələdir. Pessoa
kresloya çöküb mürgüləməyə
başladı. Yuxuda uşaqlıq xatirələrini
gördü və dəlixanada ölən nənəsi
Dionisiyanın səsini eşitdi. Fernando, nənəsi
deyirdi, sən də mənim kimi olacaqsan və mən
bütün ömrün boyu səni müşayiət edəcəyəm,
çünki həyat dəlilikdir və sən də dəlilik
içində necə yaşamaq lazım olduğunu biləcəksən.
Mənimlə gəlin, həkim bunu deyib onun əlindən
tutdu. Həkim onu kabinetinə gətirdi, içəridə
balaca çarpayı var idi. Soyunun, həkim dedi. Pessoa soyundu. Uzanın. Pessoa uzandı. Həkim onu müayinə etməyə
başladı, bədənini yoxladı. Qara ciyərinin üstündən vuranda Pessoa
zarıldadı. Halınız haçan
pisləşib, həkim soruşdu. Nahardan sonra, Pessoa
cavab verdi. Əlamətlər
nə idi? Şiddətli ağrılar və
yaşıl rəngli qusuntu.
Həkim tibb bacısını çağırıb xəstəni
dörd nömrəli palataya aparmağı
tapşırdı. Sonra jurnalı açıb xəstəlik
tarixçəsinə "qara ciyər serrozu" yazdı.
Pessoa dostlarıyla sağollaşdı. Senyor Moitinyu
de Almeyda onun yanında qalmaq istədi, amma Pessoa onu mədəni
şəkildə başından etdi. O biri dostlarıyla
tələsik qucaqlaşıb dedi, məni tək qoyun, əziz
dostlarım, yəqin ki, bu gecə və sabah
yanıma gələn olacaq, birisigün görüşərik.
Palata
balaca idi, içəridə dəmir çarpayı, ağ şkaf və balaca stol var idi. Pessoa uzanıb gecə lampasını
yandırdı, başını balışa qoyub əliylə
sağ tərəfini sığalladı. İndi
ağrısı xeyli azalmışdı. Tibb
bacısı həblə bir stəkan su gətirib dedi,
bağışlayın, indi sizə iynə vurmalıyam, həkim
tapşırıb.
Pessoa yuxu dərmanı istədi. Bernardo Soares
olanda tez-tez yata bilmirdi və yuxu dərmanı içirdi.
Tibb bacısı dərmanı gətirdi, Pessoa
alıb içdi. Mənim adım Kataronadır, tibb
bacısı dedi, nəsə lazım olsa zəngi basın, gəlim.
II
Saat neçədir, Pessoa soruşdu.
Gecə
yarısıdır, Alvaro de Kampuş cavab verdi,
səninlə görüşmək üçün ən
uyğun vaxt bu vaxtdır, ruhların vaxtı.
Nə üçün gəlmisən, Pessoa soruşdu.
Ona
görə ki, əgər getməyə
hazırlaşırsansa, onda bir-birimizə deyilməli sözlərimiz
var, Alvaro de Kampuş dedi, mən səndən çox
yaşamayacağam, səninlə bir yerdə gedəcəyəm
və qaranlıqlara qarışmamışdan qabaq, bir-birimizə deyilməli sözlərimiz var.
Pessoa başını balışdan qaldırdı, bir
neçə qurtum su içib soruşdu, yenə nə oyun
çıxartmısan?
Əzizim,
Alvaro de Kampuş dedi, mənə mühəndis demədin və
sizlə müraciət etmədin, sən dedin, bunu sevinclə
qeyd etməliyəm.
Elədir,
Pessoa dedi, sən mənim həyatıma girdin, məni əvəz
etdin, Ofeliyayla münasibətimə son qoydun.
Bunu sənin
yaxşılığın üçün etdim, Alvaro de
Kampuş cavab verdi, o müstəqil qız
sənin yaşında bir adama uyğun deyildi, bu uğursuz
nikah olacaqdı. Bundan başqa, sənin ona
yazdığın məktublar gülməlidir, məncə
bütün sevgi məktubları gülməlidir,
qısası, mən səni müdafiə etdim, səni
gülməli vəziyyətə düşməyə
qoymadım, ümid edirəm, buna görə mənə minnətdarsan.
Mən onu sevirdim, Pessoa pıçıldadı.
Gülməli
sevgiylə, Alvaro de Kampuş cavab verdi.
Hə, ola bilər, Pessoa dedi, bəs sən?
Mən,
Kampuş dedi, bilirsən ki, mən hər şeyə lağ
edirəm, bir sonetim var, heç vaxt sənə göstərməmişəm,
o sevgi haqdadır, o səni utandırar, çünki onu
İngiltərədə sevdiyim cavan oğlana yazmışam,
o da məni sevirdi, qısası, bu sonetdən sonra sənin
uğursuz sevin haqda əfsanə yaranacaq və bəzi tənqidçilər
üçün bu lap göydəndüşmə olacaq.
Sən kimisə həqiqətən sevmisən, Pessoa
soruşdu.
Mən həqiqətən
kimisə sevmişəm, Kampuş pıçıltıyla
cavab verdi.
Onda mən
səni bağışlayıram, Pessoa dedi, elə bilirdim sən
həyatın boyu ancaq teoriyaları sevmisən.
Yox,
Kampuş çarpayıya yaxınlaşıb dedi, mən həm
də həyatı sevirdim, hirsli futuristik odalarımda gülsəm
də, nihilist şeirlərimlə hər şeyi
dağıtsam da, həyatı sevdiyimi də bilirdim, bunu
ağrı ilə dərk edirdim.
Pessoa əlini qaldırıb ezoterik işarə etdi. Mən səni
bağışlayıram, Alvaro, dedi, əbədi
tanrıların yanına get, əgər həyatında sevgi
olubsa, lap bircə dənə də sevgi olubsa, onda sən
bağışlanırsan, çünki sən insansan, sənin
insanlığın səni bağışladır.
Siqaret çəkə bilərəm, Kampuş
soruşdu.
Pessoa başını tərpətdi. Kampuş
cibindən gümüşü qutu çıxartdı,
siqaret götürüb fil sümüyündən
hazırlanmış uzun müştüyə taxdı,
ağzına qoyub yandırdı.
Fernando,
inan ki, şair olduğum, şərq dənizlərində gəmi
səyahətinə çıxdığım vaxtlar
üçün darıxıram, eh, o vaxtlar, gecə göyərtədə
rəqslər təşkil olunanda aya baxıb şeir yaza
bilirdim, inan mənə, ay o qədər parlaq olurdu ki... Onu özümünkü hesab edirdim. Amma o vaxtlar mən axmaq idim, həyatı ələ
salırdım, mənə verilən həyatdan zövq ala
bilmirdim, buna görə də, yaşamaq imkanını əldən
buraxdım, həyat məndən qaçdı.
Bəs sonra, deyə Pessoa soruşdu.
Sonra həqiqətə çatmaq istədim, həqiqət
əlçatan şey deyil, ümidsizliyə qapıldım. Ümidsizliklə
bir yerdə nihilizm gəldi, hər şeyə inamımı
itirdim, hətta özümə də. İndi
isə burdayam, sənin çarpayının baş tərəfində,
özümü lazımsız əski kimi hiss edirəm,
heç yerə gütməmək üçün
çamadanımı yığmışam, ürəyim
boş vedrə kimidir.
Kampuş balaca stola yaxınlaşıb siqareti farfor qabda
söndürdü.
Yaxşı,
Fernando, dedi, bunları sənə demək üçün gəlmişdim,
çox güman ayrılacağıq, getməliyəm, o birilər
də gələcək, vaxtına az
qalıb. Əlvida.
Kampuş plaşını çiyninə saldı,
monoklu sağ gözünə taxdı, əl hərəkətiylə
tələsik sağollaşıb qapını açdı. Kandarda bir
anlıq ayaq saxlayıb təkrar etdi, Fernando, əlvida. Bəlkə də sevgi məktublarının
hamısı gülməli deyilmiş, deyə
pıçıldadı. Və dalınca
qapını örtdü.
III
Saat neçə idi? Pessoa bilmirdi. Gecə idi, yoxsa səhər
açılmışdı? Tibb
bacısı gəlib bir dənə də iynə vurdu.
Pessoa daha sağ tərəfində ağrı hiss etmirdi. İndi o, özünü qəribə rahatlıqda
hiss edirdi, elə bil duman içində üzürdü.
Qalanları da, deyə fikirləşdi, gəlməlidir. Əlbəttə,
o getməmişdən qabaq hamı ilə sağollaşmaq istəyirdi.
Amma Kaeyro ilə görüş onu narahat edirdi.
Çünki Kaeyro Ribatejudan gəlməliydi,
amma səhhəti uzun yola imkan vermir. Görəsən
Lissabona necə gələcək? Kaeyro artıq
ölmüşdü, amma yaşamağa davam edirdi, o həmişə
Ribatejuda, illərin bir-birini əvəz etməyinə,
qış yağışlarına və yay günəşinə
tamaşa etdiyi ağ evdə
yaşamağa davam edəcək.
Qapının
döyüldüyünü eşidib dedi, buyurun.
Alberto Kaeyro xəz yaxalıqlı gödəkçə
geyinmişdi.
Geyimindən də kənddə
yaşadığı bilinirdi.
Ustad,
xoş gəlmisiniz, Pessoa dedi.
Kaeyro çarpayının yanına gəlib əllərini
sinəsində çarpazladı. Əzizim Pessoa, dedi, bir şeyi sizə
deməyə gəlmişəm, icazə verin etiraf edim.
Buyurun,
Pessoa dedi.
Bilin ki,
Kaeyro dedi, gecələr sizi yuxudan oyadıb şeirlərini
diqtə edən, sizinlə candan danışan sirrli Ustad mən
idim, sizinlə Məkansızlıqdan əlaqəyə
girirdim.
Bunu təxmin
edirdim, Pessoa dedi, təxmin edirdim ki, bu sizsiniz, əziz Ustad.
Amma
yuxusuz keçirtdiyiniz bütün gecələrə görə
sizdən üzr istəməliyəm, Kaeyro dedi, trans vəziyyətinə düşüb
şeir yazdığınız gecələr
üçün, sizin ruhunuza girdiyim üçün, sizə
bu qədər narahatlıq yaşatdığım
üçün vicdanım sızıldayır.
Siz mənim
işimi asanlaşdırırdınız, Pessoa dedi, mənim əlimi
hərəkət etdirirdiniz, məni yuxudan məhrum etdiyiniz
doğrudur, amma o gecələr məhsuldar gecələr idi, mənim
ədəbi əməyim gecələr doğulurdu, mənim əməyim
gecə əməyi idi.
Kaeyro gödəkçəsini çıxartıb
çarpayının baş tərəfindən asdı.
Amma bu da hamısı deyil, deyə
pıçıldadı, ulduzlu yollar bizi
ayırmamışdan qabaq, sizə açmaq istədiyim daha
bir sirr var, amma bilmirəm necə deyim.
Elə-belə
deyin, Pessoa dedi, elə bilin ki, başqa şeydən
danışırsınız.
Yaxşı,
Kaeyro dedi, mən sizin atanızam. Bir az
pauza verib seyrək saçlarını sığalladı,
sonra davam etdi. Mən sizin atanızı əvəz
etdim. Siz hələ uşaq olanda vərəmdən
ölən əsil atanız Joakim de Seabra Pessoanın yerini mən
tutdum.
Pessoa gülümsədi. Bilirdim, dedi, həmişə sizi
öz atam hesab eləmişəm, hətta yuxularımda da həmişə
mənə atalıq etmisiniz, özünüzü
qınamayın, Ustad, sizin atalıq qayğınız mənim
daxili dünyamı zənginləşdirib.
Amma mənim
həyatım olduqca sadə keçdi, Kaeyro dedi, qısa
ömrümü xalamın kənddəki evində
keçirtdim, ancaq keçən zamandan, fəsillərdən,
bir də sürülərdən danışdım.
Hə, Pessoa təsdiqlədi, amma siz mənim
üçün göz və səs oldunuz, hər şeyi
görən göz və Sokrat və ya Milarepa kimi tələbələrini
istiqamətləndirən səs.
Mən
savadsız adamam, Kaeyro dedi, bir də təkrar edim ki, olduqca sadə
ömür sürmüşəm. Amma sizin ömrünüz,
əksinə, olduqca məhsuldar keçib, Avropa
avanqardını araşdırmısınız, ədəbiyyatda
təzə cığırlar açmısınız,
axşamlar mən kerosin lampasının
işığında kart falına baxanda, siz paytaxtın ədəbi
kafelərinə getmisiniz, necə olur ki, sizin atanız və
Ustadınız oluram?
Həyat
anlaşılmaz şeydir, Pessoa dedi, heç nə soruşma
və heç nəyə inanma, çünki hər şey
sirr içindədir.
Elədir,
Kaeyro dedi, amma bir də soruşuram, necə olur ki, sizin
atanız və Ustadınız oluram?
Pessoa yerində dikəldi. O, çətinliklə nəfəs
alırdı, otaq gözlərində
ilğımlanırdı. İndi deyərəm, əziz
Kaeyro, Pessoa cavab verdi, iş
burasındadır ki, mənə əlavə təsir lazım
idi, əks halda ömrüm parçalana bilərdi, məhz
sizin sayənizdə birləşdirici maddəni tapdım, əslində
sizi ata və Ustad olaraq mən seçmişəm.
Sizə hədiyyə
gətirmişəm, kaeyro dedi, öz yazdığım mənsur
şeirdi, onu heç vaxt çap etdirməyəcəyəm,
çünki məni qoyub gedirsiniz, amma özüm onu sizin
üçün oxumaq istəyirəm, bu şeir, sizə
sadiqliyimin sübutudur. Kaeyro zəif
görürdü, cibindən çıxartdığı
kağızı gözlərinin qabağına tutub
oxumağa başladı. Bu uzun illər ərzində
Aya baxırdım, amma nəzərlərim oğlumun və tələbəmin
üstündə idi, çalışırdım mənim nəzərim
onun nəzəri olsun, mənim üfüqümü təyin
edən təpə, onun da sadə və gözəl
üfüqü olsun.
Çox
gözəl şeirdir, Pessoa dedi, təşəkkür edirəm,
Ustad Kaeyro, bu şeiri özümlə Ora aparacağam.
Mənim
adımdan çox şeir yazmısınız, Kaeyro dedi, istədim
insan kimi borcumu yerinə yetirim, sizə necə heyran
olduğumu bildirim.
Pessoa bir
anlıq gözlərini yumdu, gözlərini açanda otaqda
artıq heç kim yox idi. Tibb
bacısını çağırmaq üçün zəngi
basdı. Bu gün neçənci
gündür, deyə soruşdu.
Min doqquz
yüz otuz beşinci ilin iyirmi səkkiz noyabr gecəsidi, tibb
bacısı cavab verdi, sizə nəsə
lazımdır?
Yox,
çox sağ olun, Pessoa dedi, dincəlmək istəyirəm.
29 noyabr
1935
I
Pessoa
qapının döyüldüyünü eşitdi, buyurun,
dedi. Qapı açıldı, amma içəri heç kim girmədi.
Gəlmək olar, kimsə titrək səslə
soruşdu.
Əlbəttə,
Pessoa dedi, buyurun.
Bir nəfər içəri girib ehtiyatla qapını
bağladı.
Pessoa gələni tanımadı.
Kimsiniz?
Mən
Rikardo Reyşəm, adam Pessoaya tərəf
gələ-gələ dedi, Braziliyaya xəyali səfərimdən
qayıtmışam.
Neçə
ildir görüşmürük, Pessoa dedi, çox vaxt
keçib, xeyli dəyişilmisiniz, tanıya bilmədim.
Rikardo Reyş stulu çarpayının yanına çəkdi. Oturduğum
üçün üzr istəyirəm, dedi, gəmiylə gəlmişəm,
məni dəniz tutub, ürəyim bulanır, özümü
yaxşı hiss etmirəm.
Harda gizlənmişdiniz, Pessoa soruşdu, sizinlə əlaqə
qura bilməyim deyə, Braziliyanın hansı guşəsinə
çəkilmişdiniz?
Rikardo Reyş boğazını arıtladı. Bir şeyi
etiraf etməliyəm, əziz Pessoa, deyə məzəldandı,
Braziliyaya getməmişdim, hamı elə bilirdi getmişəm,
amma mən burda, Portuqaliyanın kəndlərindən birindəydim.
Hansı kənddə idiniz, Pessoa balışa dirsəklənib
soruşdu.
Rikardo Reyş elə bil kiminsə eşidəcəyindən
qorxurdu. Səsini
qısıb, Azeytaoda idim, dedi.
Azeytao...
Azeytao... Pessoa fikirləşməyə
başladı. Bu ad qulağıma tanış
gəlir, hansısa pendir adına oxşayır elə bil.
Düzdür,
Rikardo Reyş dedi, Azeytao pendiri məşhurdur, kənd
özü də çox uzaq sayılmaz, Lissabondan bir az aralıdır. Reyş yenə
boğazını arıtlayıb burnunu çəkdi, sonra
öskürdü. Orda gizlənmişdim,
sözünə davam etdi, dostumun fermasında idim,
bütün bu illər ərzində orda yaşadım. Evin qabağında yüz yaşlı tut
ağacı vardı, Pindar ruhunda olan odalarımı, Horatsiy
ruhunda olan şeirlərimi o ağacın altında
yazmışam.
Bəs nə ilə dolanırdınız, Pessoa
soruşdu, harda işləyirdiniz?
Həkim
üçün dolanmaq asandır, Rikardo Reyş dedi, təki
işi tərk etməyəsən, ətraf kəndlərin
hamısı müayinə üçün yanıma gəlirdi.
Xəstələri öz adınızla qəbul
edirdiniz?
Əlbəttə,
Reyş cavab verdi, qapıdan "həkim
Rikardo Reyş" yazılan lövhə asmışdım,
bütün kənd camaatı da adımı bilirdi.
Axı siz cümhuriyyətə qarşı olduğunuz
üçün Braziliyaya mühacirət etdiyinizi
demişdiniz, Pessoa qeyd etdi.
Rikardo Reyş utana-utana gülümsədi. O zarafat idi, dedi, amma
neoklassik şair olaraq cümhuriyyətçiləri sevməməyim
təbii olardı. Şeirlərimi qiymətləndirmək
üçün Sezar, Mark Avreliy kimi imperatorlar lazım idi,
cümhuriyyətçilər arasında o səviyyədə
adam yox idi, onlar Oqüst Kont oxuyub hər
şeyi bildiklərini zənn edən avaralardı
hamısı. Horatsi və Pindar üslubuna necə
başa düşəcəkdilər?
Sizi
başa düşürəm, Pessoa köks ötürüb
dedi.
Dəhlizdən ayaq səsi gəldi, kimsə
qapının qabağından keçib getdi, amma otağa girən
olmadı.
Sonra nə oldu, Pessoa soruşdu.
Sonra
heç nə, Rikardo Reyş dedi. Güllərdən
çələng toxuyurdum.
Bu nə deməkdir, Pessoa soruşdu.
Bütün
şeirlərimdə Neera və Lidiya üçün çələng
hörmüşəm, Rikardo Reyş dedi, indi də sizin səfəriniz
üçün, buz kimi soyuq Stiksi keçəndən sonra
görüşəcəyimiz an üçün çələng
hörürəm.
Çələnginizi
qəbul edirəm, əziz Rikardo Reyş, Pessoa dedi, xahiş
edirəm, kənddə yaşamağa və oda yazmağa davam
edin, sirrinizi mənə açdığınız
üçün çox şad oldum, amma inanın ki, bunu əvvəldən
bilirdim.
Doğrudan, Rikardo Reyş təəccüblə
soruşdu.
Hə,
doğrudan, Pessoa cavab verdi, Azeytaoda sizi görməyə
gəlmədim amma, Lissabondan getmək, səfərə
çıxmaq istəmirdim, amma lap yaxında
yaşadığınızı bilirdim.
Rikardo Reyş ayağa durdu. İcazənizlə mən gedim,
dedi.
Gəldiyiniz
üçün təşəkkür edirəm, Pessoa dedi,
amma mən gedəndən sonra da yazmağa davam edin.
Amma mənim
təkbaşına yazdıqlarım səfsətə olar,
Rikardo Reyş dedi.
Eybi yox, Pessoa vurğuladı, səfsətə şeirə
ziyan verməz, əsərim o qədər genişdir ki,
içində səfsətəyə də yer var. Salamat
qalın, əziz Rikardo Reyş, haçansa yenə
görüşəcəyik.
Pessoa başını balışa qoyub yuxuya getdi. Amma bir saniyə,
yoxsa saatlar uzun yatdığını bilmədi.
II
Pessoa oyandı, gecə lampasını yandırdı,
balaca masanın üstündən saatını
götürdü. Saat üçü göstərirdi, amma
yatmışdı, əqrəbləri tərpənmirdi.
Pessoa zaman anlayışını itirdiyini
başa düşdü. Zəngi basmaq istədi,
amma qapı döyüldüyü üçün
basmadı.
Gəlmək olar, cənab Pessoa, kimsə soruşdu.
Buyurun,
Pessoa dedi.
Qapı açıldı, bir nəfər içəri
girdi, əlində sini vardı. Adam kandarda dayandı, Pessoa eynəyini
taxmamışdı deyə alaqaranlıqda gələnin kim olduğunu seçə bilmədi.
Kimsiniz, Pessoa soruşdu.
Dostunuz
Bernardo Soaresəm, xəstəxanada olduğunuzu eşidib gəldim.
Bernardo Soareş çarpayının yanına gəlib
sinini stolun üstünə qoydu. Şam yeməyinizi gətirmişəm,
dedi, həmişə görüşəndə oturduğumuz
kafedən almışam, fikirləşdim ki, etiraz etməzsiniz,
yeməyi də özüm seçmişəm.
Əslində,
çox da ac deyiləm, Pessoa dedi, amma sizin xətrinizə bir az yeyərəm, nə gətirmisiniz?
Yerinizi
rahatlayın, sinini qabağınıza qoyacağam, Bernardo
Soares dedi, xoşladığınız yeməklərdir.
Pessoa yerində dikəldi, Bernardo Soaresin
uzatdığı tərtəmiz salfeti boynuna bağladı,
yeməklərin üstündəki dəmir qapaqları
götürdü.
Bu ən
sevdiyiniz şorbadır, Bernardo Soares dedi, bu da içalat,
yadınızdadırsa, bir dəfə içalat soyuq idi, siz
də şeirlərinizdən birində, soyuq eşq kimi, deyə
yazmışdınız, amma bu istidir, isti-isti dadına
baxın.
Pessoa gülümsədi. Qara ciyərim xəstədir, dedi, bəlkə
də içalat yeməyim düz olmaz, amma sizin xətrinizə,
bir-iki tikə yeyərəm. Yeməyi soyuq gətirdikləri
gün yadımdadır, amma bilirsiniz, əziz Soares, o gün mən
yox idim, yerimi Alvaro de Kampuş tutmuşdu.
Pessoa şorbanı içib qurtardı, içalatdan bir
tikə yedi.
Çox gözəldir, dedi, xahiş edirəm, siz də yeyin,
günorta heç nə yemədiyinizə əminəm.
Düzdür,
yeməmişəm, Soares dedi, pulum ancaq bir nəfərlik yeməyə
çatdı, məmnuniyyətlə yeyərəm.
Bernardo Soares sinini qabağına çəkib qalan yeməyi
iştahla yedi.
Bilirsiniz, dedi, yeyə-yeyə Pessoa kafesində
keçirtdiyimiz axşamları xatırlayıram, mərcə
girərəm ki, sizin adınızı
daşıdığı üçün oranı
seçmişdiniz, amma qətiyyən sizin kimi adamların gəlmədiyi,
ucuz kafe idi.
Elə
deyil, pessoa dedi, həmişə elə sadə yerləri
xoşlamışam, bütün ömrümü təvazökar
şəkildə yaşamışam, amma indi bunu bir
qırağa qoyaq, deyin görüm, hələ də Səmərqəndə
getmək istəyirsiniz?
Bir az
özbək dilini öyrənmişəm, Bernardo Soares dedi, elə-belə,
əylənmək üçün, heç vaxt Səmərqəndə
getməyəcəyimi bilirəm, amma ömrüm boyu həsrətini
çəkdiyim ölkənin dilini az da olsa bilmək,
özümü ora yaxın hiss etdirir.
Bəs müdiriniz cənab Vaskes necədir, Pessoa
soruşdu.
Yaxşıdır,
Soares cavab verdi, özü də
yaxşı adamdır, sizin dediyiniz kimi, "metafizikası
olmayan" adamlardandır, amma xasiyyəti yaxşıdır,
hətta arada bir həftəlik villasını mənə
vermişdi ki, gedim dincəlim.
Villası hardadır, Pessoa soruşdu.
Kaşkaşda,
Soares dedi, Quinçoya gedən yolun üstündə.
Kaşkaş,
Pessoa dedi, Kaşkaş yaxşı yerdir, mən də bir
neçə gün olmuşam orda, ən çoxu iki həftə,
özü də yaxın dostum olduğunuz üçün
sizə bir etiraf edim, Kaşkaşda psixiatrik xəstəxanada
müayinədən keçmişəm, panteist filosof Antonio
Mora ilə orda tanış olduq, ömrümün ən
gözəl günlərini o şəhərcikdə
keçirtdim, bilirsiniz, o vaxtlar ancaq ölməyi
arzulayırdım, amma Antonio Mora ilə tanış oldum, I mənə
təbiətə güvənməyi öyrətdi.
Antonio
Mora, Bernardo Soares soruşdu, onun haqqında mənə
heç nə deməmisiniz, eşitmək istəyərdim.
Danışım,
Pessoa dedi, Antonio Mora dəlidir, ən azı kağızlarda
elə yazırlar. Amma çoxtanrılıq və
xristianlıq mövzusunda çox fikirləşən,
ağlı başında dəlidir. Romalılar kimi uzun ağ paltarda gəzir, ayağına da
romalıların səndəllərinə oxşayan başmaq
geyinir, çox az danışır, amma mənimlə
çox danışdı.
Sizə nə
dedi, Bernardo Soares soruşdu.
Ən əvvəl
tanrıların qayıdacağını dedi, dedi ki, bir ruh və
bir tanrı hekayəsi keçicidir, qısamüddətlidir,
tezliklə axıra çatacaq. Tanrılar
qayıdanda isə, bir ruhumuz olduğu nağılı sona
çatacaq və təbiətin buyurduğu kimi, ruhumuz yenə
çoxalacaq.
Bilirsiniz,
əziz Pessoa, Bernardo Soares mövzunu dəyişdirdi, keçən
il yuxusuzluqdan əziyyət çəkirdim, hər səhər
dan söküləndə pəncərə
qırağında oturub işığın
göyüzündə rəng dəyişdirməyinə
baxırdım, Lissabonun göyüzündə dan
sökülməyinin rənglərini bir neçə dəfə
yazmışam, buna görə fəxr edirəm,
işığın çalarlarını təsvir etmək
çətindir, amma məncə bunu bacarmışam, sözlərlə
tablo çəkmişəm. Qısası,
sözləri fırça kimi işlətmişəm,
tablolarım isə Lissabonun sübhləri və
qürubları idi.
Kaşkaşdakı
qürub çağları da gözəldir, Pessoa dedi.
Sözü
elə buna gətirirdim, Bernardo Soares dedi, Kaşkaşda bəzi
müşahidələr aparmışdım, hamısı
"Narahatlığın kitabı"nda yazmışam.
Onları
mənim üçün danışın, Pessoa dedi.
Bildiyiniz
kimi, Bernardo Soares dedi, müdirim Vaskas comərdlik göstərib
dəniz sahilindəki villasında bir neçə gün
qalmağıma imkan yaratdı, hətta məni ora öz
maşınıyla göndərdi, otuz dənə
otağı olan böyük villada bir həftə tək
yaşadım, çox möhtəşəm idi.
Yavaş-yavaş
hər şeyi danışın, Pessoa dedi.
Yola
düşəndə hava tərtəmizdi, Bernardo Soares
sözünə davam etdi, bir az soyuq idi,
amma çox gözəl gün idi. Bizim tində
kömür satanı tanıyırsınız, onun
tutuquşusu Sebastianı da özümlə
aparmışdım, bu tutuquşu bir neçə söz, hətta
bir neçə cümlə deyə bilir, mənə
yoldaşlıq edər deyə fikirləşmişdim. Evin okeana baxan terrası var, Sebastianın qəfəsini
ora qoydum, amma zəncirini də açdım ki, rahat uça
bilsin. O, gündüzlər parkdakı ağaclıqda
uçurdu, axşamlar isə terrasa qayıdırdı, o gələn
vaxt terrasda oturub sözlərlə rəsm çəkirdim,
eyni zamanda da onunla danışırdım, ona bəzi şeirlərimi,
"Tütün dükanı"nın əvvəlini
öyrətmişdim. "Heç nə deyiləm
mən, heç vaxt heç nə olmayacağam, heç nə
də olmaq istəmirəm". O saat öyrəndi, beləcə
danışırdıq. Mən qayalarda və
okeanda batan günəşin şüalarını izləyirdim,
Sebastiano, başla, deyirdim. Mən çəhrayı
şüaları, üfüqdəki bənövşəyi
buludları izləyəndə, o da "Tütün
dükanı"nı əzbər deyirdi.
Nə qəribədir,
Pessoa dedi, adamlar üçün yazdığım şeirləri
təkcə bir tutuquşu əzbərləyə bilir.
Elə
deməyin, Bernardo Soares etiraz etdi, vaxt gələcək,
şeirləriniz dünyanın bütün dillərinə tərcümə
olunacaq, hər yerdə sizin şeirlərinizi əzbər biləcəklər,
bir də ki, Sebastiano sadəcə bir tutuquşu deyil, onda kahin
ruhu var, onun gələcəyi hiss etdiyinə əminəm.
Bəs sonra, Pessoa soruşdu.
Sonra çox gözəl vaxt keçirtdiyimi deməliyəm. Villada
çox da rahat deyildi, qızdırıcı yox idi, qaz da gəlmirdi,
xüsusən axşamlar melanxoliyaya qapılırdım.
Amma çox gözəl bir insanla, Kaşkaşlı bank
müdiri cənab Pedro ilə tanış
oldum. Subay adamdı, onunla hər mövzuda
danışa bilərdim, bir dəfə məni Portuqaliya
öküz yarışına da apardı, əvvəlcə
getmək istəmirdim, qanlı tamaşaya baxmağı
arzulamırdım, sonra fikrim dəyişdi. Özü də bilirsiniz, cənab Pessoa, heç də
qanlı deyilmiş, öküzü öldürmürdülər,
moteador öküzü qırmızı parçayla dəli
edəndən sonra işarə edirdi, arenaya bir sürü inək
buraxırdılar, öküz də o sürüyə
qoşulub arenadan çıxırdı. On
səkkizinci əsr stilində geyinən süvarilərin
görünüşü, atların qaçmaqları,
öküzlərin ətrafında göstərdikləri oyun
baxmağa dəyərdi, açığı, unudulmaz
tamaşa idi. Amma sizi sıxmaq istəmirəm.
Yenə nəsə
danışın, Pessoa dedi.
Yaxşı,
Bernardo Soares cavab verdi, bir dəfə
axşam cənab Pedro məni yeməyə dəvət etdi. Öz maşınıyla dalımca gəldi. Alvaro de Kampuşun maşınına oxşayan qara
Şevroleti var. O axşam külək əsirdi, parkdakı
ağaclar zümzümə edirdi elə bil, mən ən
yaxşı paltarımı geyinmişdim. Cənab Pedro
da ingilis stilində tikilmiş pencək geyinmişdi, sizi
Kaşkaşın ən yaxşı restoranına aparıram,
dedi, restoranın terrasından bütün kənd ovuc
içi kimi görünür, bütün işıqları
və bütün balıqçı qayıqlarını
görə bilərsiniz. İnanın, əziz Pessoa, indiyə
qədər heç vaxt elə restoranda olmamışdım,
bizi çox gözəl qarşıladılar, köhnə
fransız şərabıyla istiridyəyə qonaq etdilər,
bilirsiniz, ona qədər heç vaxt istiridyə yeməmişdim,
amma siz yemiş olarsınız yəqin, çox gözəl
idi, elə bil dənizi udursan, mən ancaq mənzərə
haqda mətnlər yazıram, bir anlıq istiridyənin
dadı və qoxusu haqda da kiçik bir şey yazmaq gəldi
ağlıma. Sonra cənab Pedro xərçəng sifariş verdi, fransız üsulu ilə
bişirmişdilər, cənab Pedrodan necə bişirildiyini
soruşmuşam, sizə də deyərəm, sağalanda
bacınıza deyərsiniz, bişirər. Deməliyəm
ki, o vaxta qədər elə dadlı yemək yeməmişdim.
Sonra cənab Pedro şərab sifariş verdi,
terrasa çıxıb oturduq, Kaşkaşın parıldayan
işıqlarına baxmağa başladıq. Ah! Əziz
Pessoa, bilmirəm necə təsvir edim, çox gözəl
axşam keçirtdik, cənab Pedro Sevilyaya səfərlərindən
danışdı, mən də ona həmişə görməyi
arzuladığım Səmərqənddən
danışdım, özbək dili kitabını ona verə
biləcəyimi dedim. Gülümsəyib dedi ki, burdan harasa
getməyə niyyəti yoxdur, bir az ispanca
bilir, bir az da ingiliscə, ingilis dostları gələndə
onlarla bilyard oynamağa kifayət edər. Sonra
sahil boyu uzanan yol boyunca işıqlar sönməyə
başladı, elə bil kimsə bilərəkdən
hamısını söndürdü, bircə uzaqda
balıqçı qayıqlarından gələn zəif
işıqlar qaldı. Cənab Pedro məni
evə qədər ötürməyi təklif etdi. Yolda sübhdən və qürubdan
danışdım, elə həvəslənmişdim ki,
gündəliyimə coşqulu bir hissə yazmaq qərarına
gəlmişdim. Cənab Pedro qətiyyən
sözümü kəsmədi, axıracan mənə qulaq
asdı. Parkdakı ağaclığın
qabağında düşüb ona təşəkkür
etdim, cənab Pedro, dedim, həyatımın ən gözəl
axşamlarından birini keçirtdim, çox sağ
olun. Mən təşəkkür edirəm, əziz Bernardo
Soares, dedi, gündəliyinizin ilk oxucularından olsam, qürur
duyaram, bundan başqa, Fernando Pessoanın heyranı olduğumu
da yaddan çıxartmayın, zəhmət olmasa, mənim
salam və ehtiramımı ona çatdırarsınız,
adam arasına çıxmadığı üçün,
özüm deyə bilməyəcəyəm. Əziz Fernando
Pessoa, sizə cənab Pedronun salam və
ehtiramını gətirmişəm.
Təşəkkür
edirəm, Pessoa yorğun halda gülümsəyib dedi.
Bernardo
Soares Pessoanın üstünü örtəndə, qorxuram
çox danışıb sizi yordum, dedi, üzrlü
sayın.
Qətiyyən elə deyil, Pessoa yavaş səslə
dedi, sizinlə söhbət etmək çox xoş idi, amma deyəsən
bir nəfər də gələcək, axır vaxtlar onu nəzərdən
qaçırtmışam. Təşəkkür
edirəm, əziz Soares, "Narahatlığın
kitabı" münasibətilə sizi təbrik edirəm.
30 noyabr
1935
İçəri
girən adam alicənab görkəmli, uzun
ağ saqqalı qoca idi, əynində ayaqlarına qədər
uzanan, ağ rəngdə paltar vardı.
Ave,
qardaş, qoca dedi, sənin yuxularına girməyə cürət
etdim.
Pessoa masanın üstündəki lampanı
yandırdı. Qocaya nəzər saldı və Antonio
Moranı tanıdı. Əli ilə işarə elədi ki, yaxın gəlsin.
Mora əlini
qaldırıb dedi. Ey, böyük Fernando, on beş gün
qabaq dünyasını dəyişmiş finikiyalı Flebas mənə
sənin taleyin barədə söz açmaqdan ötrü
qağayıların səsini və dənizin
burulğanlarını unutdu. Bilirəm ki, səni Axeronun
suları, sonra isə hər şeyin çevrildiyi və yeni
yaranış tapdığı atomların şiddətli qasırğası
gözləyir və olsun ki, sən Lissabon
bağçalarına apreldə açan bir gül kimi, ya da
Portuqaliyanın göl və körfəzləri üzərinə
yağan yağışlar kimi qayıdacaqsan və mən, gəzişərkən,
sənin küləkləri dələn səsini eşidəcəyəm.
Pessoa dirsəklənib qalxdı. Sağ böyründəki
ağrı kəsmişdi və indi o, yalnız bərk
yorğunluq hiss edirdi. Bəs Tanrıların
qayıdışı, o soruşdu.
Kitab demək
olar ki, tamamlanıb, Antonio Mora cavab verdi,
ancaq bilmirəm çap etdirə biləcəyəm, ya yox,
çünki heç kim hansısa bir dəlinin
kitablarını çap etməyə cürət etmir.
Qulaq
asın, Pessoa dedi, deyin görüm Kaşkaşın
psixiatriya klinikasında işlər neə gedir, biz sizinlə
elə nadir hallarda görüşürdük ki.
Artıq
bildiyiniz kimi, Antonio Mora cavab verdi, mənə qoyulan diaqnoz fasiləli
psixonevrozlu paranoyadır, ancaq xoşbəxtlikdən, orada məni
dinləməyi sevən həkim Qama var, çox səmimi
insandır, o da Tanrıların qayıdışına
inanır və iddia edir ki, dəlilik, cəmiyyəti narahat edənləri təcrid etmək üçün
insanlar tərəfindən düşünülmüş bir
vəziyyətdir. Mən də katolik cəmiyyəti, Kilsəni
narahat edirəm, çünki tanrıların
qayıdacağını əvvəlcədən xəbər
verirəm, ey böyük Pessoa, mənə yalnız siz
kömək edə bilərdiniz, ancaq indi siz də Axeronu
adlamaqdasınız və mən
yenidən bu dəli yığıncağında tənha
qalacağam, heç kim də mənim kitablarımı
çap etdirə bilməyəcək.
Pessoa gülümsədi, başını balışa
qoydu və sakitləşdirici bir jest elədi. Əzizim Antonio Mora, o dedi, o
gün Kaşkaşın psixiatriya klinikasında
görüşəndə mənə verdiyiniz bütün əlyazmaları
sandıqda saxlamışam. Bu sandıq həm də müxtəlif
insanlarla doludur, çünki personajlar içəriyə
güclə sığırlar, ancaq sizin Tanrıların
qayıdışı
itib-batmayacaq, bir gün bizim ardıcıllarımız
onu yenidən açacaqlar və
mən bu gün ilahi vergiyə malik olduğumdan deyə bilərəm
ki, sizi Koelyo adında dahi tənqidçi, duyarlı və
savadlı bir insan kəşf edəcək.
Koelyo Paşeko kimi biri, deyə Antonio Mora soruşdu.
Başqası,
Pessoa cavab verdi, tamamilə başqası. Şeir yazmayan, ancaq özünü tədqiqatlara həsr
etmiş, mənim də, sizin də xəttlərimizi
deşifrə edə biləcək, bizi bütün dünyada
tanıdacaq çox dəyərli bir insan.
Dünyanın harasında, Antonio Mora soruşdu.
Bütün dünyada, Pessoa cavab verdi.
Antonio Mora bir addım qabağa gəlib təzim etdi. Əzizim
Pessoa, bəs özünüz barədə mənə nə
danışacaqsınız? Kaşkaşın
psixiatriya klinikasında qalmağınız necə keçdi?
Sizi orda bir də görməməyimə çox təəccüb
etdim, sizi
ayrı saxlayırdılar? Pessoa ah çəkdi.
Mən orda qalmadım, dedi, sizə etiraf edirəm ki, mən
orada qalmadım. Mən bir neçə həftəni Rua da
Saudadedəki buxtaya baxan evdə, mənim
qayğılarımı öz üzərinə
götürmüş bir senyoranın yanında keçirməyə
üstünlük verdim, o, dul senyoradır, iki qızı ilə,
çox nəcib qızlarla birlikdə yaşayır, o, mənə
nahar və şam hazırlayırdı, onları sizə təsvir
etməyəcəyəm, ancaq əzizim Antonio Mora, niyə də
yox, edərəm, təsəvvür edirsiniz, həmişə
nahara ya sobada bişirilmiş, ya da yağda
qızardılmış balıq, yanında da ağ
Kolareş şərabı olurdu, axşamlar isə,
doğrusu, axşamlar əsil ziyafət idi, müxtəlif nəfis
təamlar yeyirdim, mənə buxtaya açılan bir otaq
vermişdilər, bu lazım olanda yataq otağına
çevrilən, buxarısı və digər təchizatı
olan köhnə qonaq otağı idi, axşamlar
terrasda oturub Kaşkaş buxtasını, Eştorili seyr edir,
rəqs havalarını və köhnə Koimbra nəğmələrini
dinləyirdim və xoşbəxt idim.
Bəs o senyoranın adı nə idi, Antonio Mora
soruşdu.
Adının
heç bir mənası yoxdur, Pessoa dedi.
Sizə
qibtə edirəm, Antonio Mora dedi, həqiqətən qibtə
edirəm, xoşbəxt anlar yaşamısınız, deyin
görüm, sağalmısınız?
Düzü,
Pessoa dedi, o anlar qara bir dalğa başımın
üstünü kəsdirib məni boğurdu, bilirsiniz, nə
edəcəyimi tamamliə anlamırdım, bilmirdim dəli
olduğumu boynuma alım, yoxsa özümü Tejuya atım, mənim
ailəyə, mənə qulluq edəcək, məni sevib,
şəfqət göstərəcək birinə ehtiyacım
vardı və mən bu ailədə ocaq tapdım, sonra isə,
tək qalanda, çünki bəzən evdə yalnız qalırdım, orada Co adında
gözəl qara bir it vardı,
ezoterik şeirlərimi oxuduğum ağllı küçə iti, mən əminəm
ki, o it hansısa Qədim Misir tanrısının reinkarnasiyası
idi, o, döşəməni cırmaqlayaraq mənə
şeirin ölçüsünü diktə edirdi və mən
bu heyvan və Tanrı ritmi ilə
şeirlərimin vəznini səsləndirərək,
onları musiqiyə çevirirdim. Sonra gedib terrasda oturur,
buxtaya baxır, axşam toranında sahilə qayıdan
balıqçı qayıqlarını seyr edirdim, nəşə
ilə öz aralarında bir-birini
çağıran balıqçıların səsini
eşidir, qətranın, balıqçı torlarının
qoxusunu içimə çəkirdim, bu çox gözəl
idi, beləcə sağaldım və ölümü unudub
yaşamağa başladım.
Mən də
ölümü unutdum, Antonio Mora dedi, çünki
"Əşyaların təbiəti"ndə həyatın
qayıdacağını öyrədən atamız Lukresiyi
oxudum və anladım ki, bizi təşkil edən bütün
atomlar, hal-hazırda cisimlərimizdə olan bu infinitezimal hissəciklər
sonradan əbədi dövrə qayıdaraq, suya, torpağa,
münbit güllərə, bitkilərə, bizə görməyi
bəxş etmiş işığa, bizi isladan
yağışa, bizi sarsıdan yellərə, qışda
bizi bürüyən bəyaz qara çevriləcəklər.
Ey Böyük Pessoa, biz hamımız, təbiətin istədiyi
kimi saysız formalarda bura, yer üzünə yenidən
qayıdacağıq və bəlkə biz Co adlı bir it, bir
çimdik ot və ya, Lissabonun meydanlarından birinə heyrətlə
baxan gənc ingilis xanımının topuğu
olacağıq. Ancaq sizdən xahiş edirəm, getmək
üçün hələ çox tezdir, bizimlə bir az da qalın, Fernando Pessoa kimi yanımızda
olun.
Pessoa yanağını yastığa söykəyib
yorğun-yorğun gülümsədi. Əzizim Antonio Mora, dedi,
Prozerpina öz səltənətində məni gözləyir, yola düzəlməyin,
həyat adlandırdığımız bu obrazlar teatrını tərk etməyin
zamanı çatıb, əgər
ruhumun gözlükləri ilə nələr
gördüyümü bilsəydiniz, mən orda,
yuxarıdakı intəhasız fəzalarda Orionun
kontrforslarını gördüm, bu ayaqlarımla Cənub
Xaçı ilə yeridim, parlaq bir kometa kimi sonsuz gecələri,
təxəyyülün, zövq və qorxunun ulduzlararası fəzalarını
adladım, mən kişi, qadın, qoca, balaca qız oldum, Qərb
paytaxtlarının bulvarlarındakı camaat oldum, sakitliyinə
və müdrikliyinə bu qədər qibtə etdiyimiz Şərqin
Buddası oldum, özüm də oldum, başqaları da,
bütün ola biləcəklərim oldum, mən şöhrət
və rüsvayçılıq, şövq və zəiflik
yaşadım, çaylar keçdim, keçilməz
dağlar aşdım, dinc sürülər gördüm,
günəşi və yağışı dərk etdim, yolda
oynayan bir pişik oldum, günəş və ay oldum, hər
şey oldum, çünki həyat yetərli deyildir. Əzizim Antonio Mora, indi isə kifayətdir, mənim
həyatımı yaşamaq min həyat yaşamaq olub, yorulmuşam,
şamım yanıb tükənib, xahiş edirəm, eynəyimi
verin.
Antonio Mora paltarını düzəltdi. İçində
bir Prometey oyanırdı. Ehey, o qışqırdı,
ilahi göylər, quş qanadlı küləklər,
çay suları, dəniz dalğalarının saysız təbəssümləri,
yer üzü, ana kainat, sizi səsləyirəm,
və səni, ey, hər şeyi görən günəş,
dərdimin şahidi olun...
Pessoa dərindən ah çəkdi. Antonio Mora
masanın üstündəki gözlüyü
götürüb onun gözünə taxdı. Pessoa gözlərini geniş açdı, sonra əlləri
əlacsız halda döşəkağının
üstünə düşdü. Axşam
saat düz səkkiz otuz idi.
Son
Antonio TABUKKİ
Tərcümə: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.30-32.